| 
								 
								
								 Əsası 
								ümummilli lider Heydər Əliyev tərəfindən  
								qoyulmuş siyasi və iqtisadi kurs müasir 
								mərhələdə Prezident İlham Əliyev tərəfindən 
								uğurla davam etdirilir, ölkə miqyasında müxtəlif 
								sahələrdə, o cümlədən təhsil sahəsində 
								islahatlar mərhələ-mərhələ həyata keçirilir. 
								
								
								Son illərdə iqtisadiyyatın dinamik inkişafı 
								təhsilin inkişafı üçün də əlverişli şərait 
								yaratmışdır. Mütərəqqi elm və təhsil ənənələri 
								uğurla davam etdirilmiş, yeni dövrün tələbləri 
								əsasında xeyli dərəcədə zənginləşdirilmiş, 
								Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm 
								qoymuşdur. 
								
								
								Müasir mərhələdə təhsilin inkişafı məsələsi öz 
								məzmununu dəyişərək Azərbaycanın gələcək inkişaf 
								modelini formalaşdıran başlıca amil kimi gündəmə 
								gətirilmiş, insan kapitalının formalaşmasına 
								xidmət edən ümumtəhsil hərəkatı genişlənmişdir. 
								Təcrübə göstərmişdir ki, təbii sərvətlərin 
								bolluğu dövlətin inkişafının  əsas göstəricisi 
								deyil, başlıcası bu sərvətlərin cəmiyyətin 
								hərəkətverici qüvvəsi olan insan kapitalına 
								çevrilməsini təmin etməkdir. Azərbaycanın hər 
								sahədə dinamik inkişafı onun iqtisadi 
								potensialının intellekt potensialına  
								çevrilməsinə hərtərəfli zəmin yaratmışdır. 
								
								
								Ölkəmizin  müxtəlif maliyyə mənbələrindən, 
								xüsusilə yeni neft strategiyasının həyata 
								keçirilməsi nəticəsində əldə edilən gəlirlər 
								sayəsində təhsilə ayrılan vəsait hər il davamlı 
								olaraq artır. Bu gün dövlət büdcəsinin  
								maddələri arasında təhsil sahəsinə ayrılan 
								vəsait həcminə görə ikinci yer tutur. 
								
								
								Prezident İlham Əliyevin gündəlik qayğısı 
								sayəsində təhsilin ayrı-ayrı sahələri üzrə elmi 
								təhlillərə əsaslanmış inkişaf proqramları təsdiq 
								olunaraq reallaşdırılmağa başlanmış, təhsilin 
								davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər 
								həyata keçirilmiş, irimiqyaslı islahatlar 
								prosesi dönməz xarakter almışdır. Dövlətimizin 
								başçısı Bakının Xətai rayonundakı Heydər Əliyev 
								adına liseydə "Bilik günü»nə həsr olunmuş 
								mərasimdəki nitqində təhsilin ölkənin 
								inkişafında müstəsna rolunu vurğulayaraq 
								demişdir: "İndiki zamanda  yaxşı təhsil almaq 
								çox önəmlidir. Bu o deməkdir ki, gələcəkdə 
								uşaqlar, gənclər həyatda özlərinə layiq yer 
								tutacaqlar. İnkişaf etmiş ölkələrin təcrübəsinə 
								nəzər salsaq görərik ki, o ölkələr inkişaf edir 
								ki, orada təhsil yüksək səviyyədədir, yeni 
								texnologiyalar tətbiq olunur. Ümumiyyətlə, 
								dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi 
								bilikdir, savaddır. Ona görə də Azərbaycanda 
								yeni gənc nəslin yetişdirilməsi və tərbiyə 
								olunmasında təhsilin, məktəbin çox böyük 
								əhəmiyyəti var". 
								
								
								Qloballaşan dünyada insan inkişafının 
								qiymətləndirilməsində təhsil göstəriciləri 
								xüsusi əhəmiyyət daşıyır. BMT ekspertlərinin 
								insan inkişafı üzrə apardıqları araşdırmaların  
								nəticəsinə görə, Azərbaycanda əhalinin 
								savadlılıq indeksi 99 faiz təşkil edir. 
								
								
								Təhsilə göstərilən müntəzəm diqqət və qayğının 
								əyani göstəricisidir ki, Prezident İlham Əliyev 
								indiyədək təhsillə bağlı 100-dən artıq tədbirdə 
								iştirak etmiş, 130-dan artıq fərman və sərəncam 
								imzalamış, 1000 nəfərdən çox təhsil işçisini 
								təltif etmişdir. 
								
								
								Dövlətimizin başçısının sərəncamları ilə təsdiq 
								edilmiş Azərbaycan Respublikasının regionlarının 
								sosial-iqtisadı inkişafı üzrə dövlət proqramları 
								(2004-2008-ci illər və 2009-2013-cü illər)  və 
								Bakı şəhərinin ətraf qəsəbələrinin  sosial 
								iqtisadi inkişafı dövlət proqramı digər 
								sahələrlə yanaşı təhsil sektorunun inkişafına, o 
								cümlədən yeni məktəblərin tikintisinə, əsaslı 
								təmirinə və maddi-texniki bazasının daha da 
								möhkəmləndirilməsinə yönəldilmişdir. 
								
								
								Son illər orta təhsilin inkişafı istiqamətində 
								bir sıra uğurlu addımlar atılmışdır. 
								2008-2012-ci illəri əhatə edən "Təhsil 
								sisteminin informasiyalaşdırılması üzrə Dövlət 
								Proqramı"nda nəzərdə tutulan  təhsil sisteminin 
								bütün pillələrinin  şəbəkə infrastrukturunun 
								inkişafı və sürətli İnternetlə təmin olunması, 
								İKT-nin inteqrasiyasını təmin etmək üçün 
								metodiki, texniki və digər növ xidmətləri 
								göstərmək məqsədilə məlumat və resurs mərkəzləri 
								şəbəkəsinin yaradılması, pedaqoji və texniki 
								heyətə İKT-dən istifadə bacarıqlarının 
								aşılanması, innovativ və yaradıcı müəllimlər 
								üçün qiymətləndirmə və motivasiya sisteminin, 
								bütün fənlər üzrə müasir elektron  elmi-metodik 
								vəsaitlərin  və elektron tədris resursları 
								bazasının yaradılması, təhsilin idarə 
								olunmasının məlumat sistemlərinin inkişaf 
								etdirilməsi, vahid təhsil portalının 
								hazırlanması istiqamətində xeyli işlər 
								görülmüşdür. İndi elə Azərbaycan məktəbi yoxdur 
								ki, onun İnternetə çıxışı olmasın. Bu da 
								məktəblərimizin beynəlxalq əlaqələrinin 
								möhkəmlənməsinə, təhsildə yeni texnologiyalardan 
								səmərəli istifadəyə imkan yaradıb. Pedaqoji 
								işçilərin İKT üzrə biliklərinin artırılması, 
								onların kompüterlərlə təminatı da diqqətdən 
								yayınmayıb. Təkcə "Xalq kompüteri" layihəsi 
								çərçivəsində 9000 müəllim kompüterlə təmin 
								olunub. 54 min nəfər təhsil işçisi müvafiq 
								treninqlərdən keçərək İKT bacarıqlarına 
								yiyələnib. Hazırda bu proses davam edir və yaxın 
								vaxtlarda bütünlüklə təhsil sahəsi işçilərinin 
								İKT üzrə treninqlərdən keçməsi başa 
								çatdırılacaqdır. Təhsil tarixində ilk dəfə 
								olaraq fənlər üzrə elektron tədris resursları 
								hazırlanaraq məktəblərə verilib. İndi 
								məktəblərimizdə Azərbaycan tarixi, kimya, fizika 
								və biologiya dərsləri elektron dərsliklər 
								vasitəsilə tədris olunur. Hər bir məktəblinin və 
								pedaqoji işçinin www.oxuyuruq.biz saytı 
								vasitəsilə elektron dərslikləri oxumaq imkanı 
								reallaşmışdır. Bakı şəhərindəki 23 nömrəli 
								məktəbdə uğurla sınaqdan çıxan "Elektron məktəb" 
								layihəsi indi respublikanın 20-dən çox 
								məktəbində uğurla tətbiq olunur. Yaradılmış DATA 
								mərkəz, elektron tədris resursları bazası, vahid 
								təhsil portalı səmərəli idarəetməni təmin edir. 
								 
								
								
								Mövcud infrastrukturun müasir tələblər 
								səviyyəsində yeniləşdirilməsi və yeni məktəb 
								binalarının tikintisi təhsil müəssisələrinin 
								maddi-texniki bazasının möhkəmləndirilməsinə 
								xidmət edir. Son illər Azərbaycanda 2161 yeni 
								məktəb binası tikilib istifadəyə verilmişdir. 
								Təkcə 2010-2011-ci tədris ili ərəfəsində ölkədə 
								9380 yerlik 26 məktəb istifadəyə verilmiş, 
								2011-2012-ci tədris ili ərəfəsində isə 
								respublika üzrə 130 məktəb təmir edilmişdir. 
								 
								
								
								Təhsil infrastrukturunun yeniləşdirilməsi 
								sahəsində əhəmiyyətli nailiyyətlərin əldə 
								edilməsi və müasir tələblərə uyğun şəraitin 
								yaradılması məzmun islahatlarının həyata 
								keçirilməsi, milli təhsil sisteminin 
								formalaşdırılması üçün də əlverişli zəmin 
								yaratmışdır. 2006-cı ildə Nazirlər Kabineti 
								tərəfindən "Ümumi təhsilin Konsepsiyası (Milli 
								Kurikulum)" təsdiq edilib. 2008-2009-cu tədris 
								ilindən ümumtəhsil məktəblərinin I siniflərində 
								tədris yeni fənn kurikulumları əsasında həyata 
								keçirilıib. 2011-2012-ci dərs ilində ibtidai 
								siniflərdə bu proses başa çatdırılacaqdır. Artıq 
								bu istiqamətdə işləyəcək və işində yeni 
								kurikulum tələblərini tətbiq edəcək 40 mindən 
								çox müəllim xüsusi təlimlərdən keçmişdir. 
								
								
								"Kurikulum islahatı" alt-komponenti üzrə icra 
								planında nəzərdə tutulan tədbirlər ardıcıllıqla 
								həyata keçirilmiş, fənn kurikulumları 
								hazırlanmışdır. Fənn kurikulumlarının tətbiq 
								edildiyi I-IV siniflər üçün yeni nəsil dərslik 
								komplektləri- dərslik, müəllim üçün vəsait, 
								şagird üçün iş dəftəri çap edilmişdir. Təhsil 
								Sektorunun  İnkişafı üzrə İkinci Layihəyə əsasən 
								"Kurikulum islahatının davam etdirilməsi və 
								Kurikulumun tətbiqinə dəstək" alt-komponenti 
								üzrə icra planına uyğun olaraq məktəbəqədər 
								təhsilin kurikulumunun hazırlanmasını təmin 
								etmək üçün Təhsil Nazirliyinin işçi qrupu 
								fəaliyyət göstərir. İkinci Layihəyə əsasən "Beş 
								yaşlıların qısa müddətli təlim qruplarında 
								məktəbə hazırlanması üçün proqram" və 
								"Valideynlərin maarifləndirilməsi proqramı"nın 
								həyata keçirilməsi ilə bağlı ibtidai sinif 
								müəllimləri  və tərbiyəçilər üçün treninqlər 
								keçirilmişdir.  
								
								
								Yeni məzmun şagirdlərin qiymətləndirilməsi 
								sistemində  də yeniliklərin tətbiq edilməsini, 
								gündəlik qiymətləndirmədən məktəbdaxili 
								qiymətləndirmə modelinə keçilməsini zəruri 
								etmişdir. Orta təhsil kursu üzrə buraxılış 
								imtahanlarının mərkəzləşdirilmiş qaydada 
								aparılması  təhsilin keyfiyyətinin 
								yaxşılaşdırılmasına, təhsilə münasibətdə şagird 
								və müəllimlərin, məktəb rəhbərliklərinin, eləcə 
								də valideynlərin məsuliyyətinin artırılmasına, 
								bu sahədə illərdən bəri yığılıb qalan neqativ 
								halların aradan qaldırılmasına xidmət edir. 
								
								
								Ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr 
								təminatı üzrə İnkişaf Proqramının həyata 
								keçirilməsi nəticəsində  məktəblərdə kadr 
								çatışmazlığı problemi uğurla həll edilir. Cari 
								tədris ilindən məktəblərdə vakant yerlərə 
								müəllimlərin işə qəbulu Təhsil Nazirliyinin 
								təşkil etdiyi imtahanlar vasitəsilə həyata 
								keçirilir. Yaşı 65-dən yuxarı olan müəllimlərin 
								təqaüdə göndərilməsi məktəblərdə kadr 
								potensialının yenilənməsinə xidmət edir. 
								
								
								"Xüsusi istedada malik olan uşaqların 
								(gənclərin) yaradıcılıq potensialının inkişafı 
								üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" nın 
								icrası nəticəsində lisey və gimnaziyaların 
								maddi-texniki bazası möhkəmləndirilmiş, 
								istedadlı uşaqlar barədə məlumat  bankı 
								yaradılmış, yeni tipli təhsil müəssisələrinin 
								şəbəkəsi genişləndirilmış, bir sıra ümumtəhsil 
								və internat-məktəblər liseylərə çevrilmişdir.
								 
								
								
								İstedadlı şagirdlərin aşkara çıxarılmasında fənn 
								olimpiadalarının keçirilməsi müstəsna rol 
								oynayır. Məktəblərimiz həmçinin fizika, 
								riyaziyyat, kimya, biologiya və  informatika 
								fənləri üzrə beynəlxalq olimpiadalarda yüksək 
								nəticələr göstərirlər.  
								
								
								Orta məktəblərdə məzunlara qızıl və gümüş 
								medalların verilməsinin bərpası, beynəlxalq 
								olimpiadalarda yüksək yer tutan şagirdlərin 
								göstəricilərinin tələbə qəbulu imtahanlarında 
								nəzərə alınması şagirdlərin əməyinin 
								stimullaşdırılmasına xidmət edir. Müstəqil 
								Azərbaycanın 20 illik təhsil tarixində ilk dəfə 
								olaraq 2011-ci ildə təhsil aldığı müddətdə 
								xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə 
								məzunlar qızıl və gümüş medallarla təltif 
								olunmuş, 53 şagird qızıl və gümüş medallara 
								layiq görülmüşdür. Son illər dünya və beynəlxalq 
								fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 
								qızıl, 38 gümüş, 60-dan çox bürünc medal əldə 
								etmişdir. Sevindirici haldır ki, qızıl medala 
								layiq görülənlərdən  14 nəfəri, gümüş medal 
								alanlardan isə 4 nəfəri Bakı şəhəri 
								məktəblərinin  məzunlarıdır. Orta təhsili yüksək 
								səviyyədə başa çatdıran məzunlar həm də yüksək 
								nəticələrlə ali məktəblərə daxil olmuşlar. 
								
								
								Təhsil sahəsində qazanılan uğurlardan biri də 
								xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq 
								imkanları məhdud) uşaqların təhsilinin təşkili 
								ilə əlaqədar İnkişaf Proqramının icra 
								edilməsidir. Proqrama müvafiq olaraq xüsusi 
								qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 
								müəssisələrin maddi-texniki və tədris bazası 
								əsaslı şəkildə təkmilləşdirilmiş, həmin sahədə 
								təhsilin məzmunu yeniləşdirilmiş, ölkəmizdə ilk 
								dəfə olaraq inklüziv təhsil üzrə pilot 
								layihələri həyata keçirilmişdir.  
								
								
								Maddi kapitalın insan kapitalına çevrilməsinin 
								təməlinin qoyulduğu məktəbəqədər təhsilin 
								inkişafı sahəsində son illərdə bir sıra ciddi 
								addımlar atılmışdır. "Məktəbəqədər təhsilin 
								yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" 
								çərçivəsində müəssisələrin maddi-texniki 
								bazasının möhkəmləndirilməsi, idarəetmənin 
								təkmilləşdirilməsi, 5 yaşlı uşaqların icbari 
								məktəbəqədər təhsilə cəlb edilməsi kadr 
								təminatının yaxşılaşdırılması, yeni kurikulumun 
								hazırlanması sahəsində uğurlar əldə edilmişdir.
								 
								
								
								2008-2010-cu illərdə ilk dəfə olaraq ölkə üzrə 
								40 yeni uşaq bağçası tikilib istifadəyə 
								verilmiş, 44 məktəbəqədər təhsil müəssisəsi 
								əsaslı təmir edilmiş, müasir avadanlıqlarla 
								təchiz olunmuşdur. Həyata keçirilən tədbirlər 
								nəticəsində ölkə üzrə uşaqların məktəbəqədər 
								təhsillə əhatə səviyyəsi yüksəlmişdir. 2009-cu 
								ildə bu göstərici 15,8 faiz idisə, hazırda 17,6 
								faiz təşkil edir. Bakı şəhərində bu inkişaf daha 
								çox müşahidə olunmaqdadır. Belə ki, paytaxtda 
								bağçalara cəlb olunmuş uşaqların sayı 8,6 min 
								nəfər artmış, təhsilin bu pilləsi üzrə əhatə 
								səviyyəsi 26 faizi ötmüşdür. Müstəqillik 
								tarixində ilk dəfə olaraq uşaq bağçaları üçün 
								müasir tələblər səviyyəsində 151 adda təlim 
								vəsaitləri hazırlanıb müəssisələrə 
								çatdırılmışdır.    
								
								
								Ölkəmizin iqtisadi potensialı gücləndikcə 
								məktəbdənkənar təhsil müəssisələrinin 
								maddi-texniki bazası daha da zənginləşir. 
								Məktəbdənkənar təhsil şagirdlərin maraq, meyil 
								və bacarıqlarının, intellektual səviyyələrinin, 
								yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki 
								cəhətdən sağlam böyümələri üçün əlverişli şərait 
								yaradır, onların istirahətinin, asudə 
								vaxtlarının mənalı təşkilini təmin edir. 
								 
								
								
								Uşaq yaradıcılıq, texniki yaradıcılıq və 
								məktəbdənkənar tərbiyə işi, gənc turistlər və 
								diyarşünaslıq, ekoloji tərbiyə və təcrübəçilik, 
								estetik tərbiyə mərkəzlərində, bədii yaradıcılıq 
								evində, uşaq-gənclər idman və şahmat 
								məktəblərində şagirdlərin vətənpərvərlik ruhunda 
								tərbiyə olunmaları, onların fiziki tərbiyəsinin, 
								yaradıcılıq qabiliyyətlərinin inkişaf 
								etdirilməsi istiqamətində məqsədyönlü işlər 
								görülür. Bunun nəticəsidir ki, gənc 
								idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 
								1886 medal, o cümlədən Avropa, dünya birinciliyi 
								və çempionatlarında 17 medal qazanmışlar. 
								 
								
								
								Qabaqcıl pedaqoji kollektivlərin və müəllimlərin 
								əməyinin stimullaşdırılması daim diqqət 
								mərkəzindədir. Prezident İlham Əliyevin 4 
								sentyabr 2008-ci il tarixində imzaladığı "Ən 
								yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim 
								mükafatlarının təsis edilməsi haqqında" 
								sərəncamı məktəb həyatında mühüm hadisə 
								olmuşdur. Sərəncama əsasən "Ən yaxşı ümumtəhsil 
								məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin 
								keçirilməsi qaydaları təsdiq edilmişdir. 
								 
								
								
								İndiyədək innovativ təhsil proqramlarının 
								tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu 
								nəticələrə nail olan, keyfiyyət göstəricilərinə 
								görə fərqlənən 200 məktəb "Ən yaxşı ümumtəhsil 
								məktəbi" adına, müasir təlim texnologiyalarının 
								tətbiqi sahəsində uğurlu nəticələrə nail olan 
								yaradıcı müəllimlərdən 400 nəfər "Ən yaxşı 
								müəllim" adına layiq görülmüşlər. Cəmiyyətdə 
								müəllimin statusunun və nüfuzunun 
								yüksəldilməsində, dövlətin təhsil siyasətinin 
								həyata keçirilməsində müəllimin rolunun getdikcə 
								artırılmasında, yaradıcı pedaqoji kollektivlərin 
								qabaqcıl təcrübəsinin respublika miqyasında 
								geniş yayılmasında ən yaxşı müəllim 
								mükafatlarının təqdim edilməsinin uğurlu 
								nəticələri göz önündədir.  
								
								
								Təhsildə dərslik siyasətinin önəmi nəzərə 
								alınmaqla yeni dərsliklərin milli-mənəvi 
								dəyərlər əsasında və müasir tələblər nəzərə 
								alınmaqla nəşrinə ciddi diqqət yetirilib və bu 
								məzmunda  40 milyon nüsxədən çox dərslik çap 
								edilib.  Təkcə 2011-2012-ci tədris ili üçün 102 
								adda 3463170 nüsxə dərslik, metodik vəsait çap 
								olunmuşdur. 
								
								
								"Biz neft gəlirlərini  insan kapitalının 
								inkişafına çevirməliyik" deyən cənab Prezidentin 
								təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan 
								gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət 
								Proqramı" çərçivəsində həyata keçirilən 
								tədbirlər xüsusilə diqqəti cəlb edir. Həmin 
								proqram çərçivəsində ayrılmış vəsait hesabına 
								800-ə yaxın istedadlı azərbaycanlı gənc dünyanın 
								müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində 
								təhsil almağa göndərilmişdir.    
								
								
								10000-dən çox azərbaycanlı gənc  dünyanın 
								aparıcı universitetlərində təhsil alır. 
								Azərbaycanın ali təhsil müəssisələrində təhsil 
								alan əcnəbilərin sayı isə 7000-i ötmüşdür. 
								 
								
								
								19 iyun 2009-cu ildə təsdiq edilən "Təhsil 
								haqqında" Azərbaycan Respublikasının Qanunu 
								təhsil işçiləri önündə dövlət qarşısında öz 
								məsuliyyətini dərk edən, xalqının milli 
								ənənələrinə və demokratiya prinsiplərinə, insan 
								hüquqları və azadlıqlarına hörmət edən, 
								vətənpərvərlik və azərbaycançılıq ideyalarına 
								sadiq olan, müstəqil və yaradıcı düşünən 
								vətəndaş və şəxsiyyət yetişdirmək vəzifəsini 
								qoymuşdur. Bakı şəhərinin təhsil müəssisələri 
								qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün 
								bütün gücünü səfərbər etmişdir.  
								
								
								Azərbaycan Respublikasının Prezidenti cənab  
								İlham Əliyev 2011-ci il iyulun 11-də 
								"2011-2021-ci illərdə Azərbaycan təhsilinin 
								inkişafı üzrə Milli Strategiya"nın hazırlanması 
								haqqında" sərəncam imzalayıb. Həmin sərəncama 
								əsasən Milli Strategiya layihəsini hazırlamaq 
								üçün Dövlət Komissiyası yaradılıb.  Sərəncamdan 
								irəli gələn vəzifələrin yerinə yetirilməsi milli 
								təhsil sisteminin strategiyasının hazırlanması, 
								milli mənəvi dəyərlərə və bəşəri ideyalara 
								söykənən mükəmməl bir sistemin formalaşmasına və 
								cəmiyyətin bütün təbəqələrini əhatə və 
								qaneedəcək səviyyədə inkişafına imkan 
								yaradacaqdır.   
								
								
								Son illərdə təhsil sahəsində aparılan islahatlar, 
								həyata keçirilən proqramlar  əmin olmağa əsas 
								verir ki, Azərbaycan təhsili özünün zəngin 
								ənənələrinə əsaslanaraq ümummilli lider Heydər 
								Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham 
								Əliyevin uğurla davam etdirdiyi  strateji kursla  
								inkişaf edəcəkdir.  
								
								
								
								Nailə RZAQULİYEVA, 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, 
								əməkdar müəllim   |