| 
								 
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qərarına 
								əsasən dekabr ayı Bakı məktəblərində "Riyaziyyat 
								aylığı" kimi qeyd olunur. Təhsil müəssisələrində 
								bu qəbildən olan maraqlı tədbirlərdən biri də 
								183 nömrəli orta məktəbdə keçirilib. Məktəb 
								Mərdəkan qəsəbəsindəki başqa bir təhsil 
								müəssisəsi - 123 nömrəli orta məktəblə dostluq 
								körpüsü yaradaraq İKT-dən istifadə imkanlarını 
								sərgiləyib. Ümumi tanışlıqdan sonra telekörpü 
								183 nömrəli orta məktəbin veb saytının təqdimatı 
								ilə davam edib. Məktəbin XI a sinif şagirdləri 
								Fərid Hətəmli "Texnologiyanın yüksək inkişafının 
								zərərli tərəfləri", Mirzəağa Səlimov "İKT-dən 
								riyaziyyat dərslərində istifadə" mövzusunda 
								təqdimatla çıxış ediblər. 123 nömrəli orta 
								məktəbin şagirdləri Məhəmməd Əsgərov, Ruqiyyə 
								Əlizadə, Aysel Ağamirova və Xəyalə Məmmədovanın 
								çıxışları dinlənildikdən sonra İKT-nin tətbiqi 
								ilə bağlı Dövlət Proqramları barədə məlumat 
								verilib.   
								
								
								Şagirdlər telekörpünü krossvord həlli, dünya 
								şöhrətli riyaziyyatçılar Lütfi Zadə və Stiven 
								haqqında məlumatlarla davam etdiriblər. Yüksək 
								səviyyədə təşkil edilən telekörpüdə çıxış edən 
								183 nömrəli orta məktəbin direktoru Rəhilə 
								Abbasova müəssisədə hər ayın bir fənnə həsr 
								edilməsi təcrübəsinin yayıldığını bildirib: 
								"Noyabr ayı məktəb daxilində "riyaziyyat ayı" 
								elan edilmişdi. BŞTİ-nin dekabrın "Riyaziyyat 
								ayı" elan edilməsi ilə bağlı qərarı bu fənnin 
								tədrisinin daha da təkmilləşdirilməsi işinə 
								müsbət təsirini göstərdi". Bu il Təhsil 
								Nazirliyi tərəfindən əsaslı təmir edilən 
								məktəbin məhz telekörpü keçirmək istəyini isə 
								direktor belə açıqlayıb: "Körpü salmaq xeyirxah 
								işdir. Araz çayı üzərində Azərbaycanı 
								bir-birindən ayıran bir körpü var, amma bizim 
								saldığımız körpü ayrılıq körpüsü deyil, bu körpü 
								bizi birləşdirir". İşğal olunmuş Azərbaycan 
								torpaqlarındakı məktəblərlə telekörpü yaratmaq 
								arzusunu dilə gətirən R.Abbasova məktəbin 
								uğurları barədə də məlumat verib. Onun sözlərinə 
								görə, əgər 3 il əvvəl ali məktəblərə qəbul faizi 
								28 idisə, hazırda bu rəqəm 46-ya çatdırılb.
								 
								
								
								123 nömrəli orta məktəbin direktor müavini 
								Gülnarə Əzimova layihə iştirakçısı kimi məhz 
								təmsil etdiyi müəssisəni seçdiklərinə görə 
								təşəkkürünü bildirib. 
								
								
								183 nömrəli orta məktəbdə "Riyaziyyat aylığı" 
								çərçivəsində həmçinin fizika gecəsi keçirilib. 
								Fənlərarası inteqrasiyaya yer ayrılan gecədə 
								şagirdlərin əyləncəli çıxışları alqışlarla 
								qarşılanıb. Tədbirdə çıxış edən Xəzər rayonu 
								üzrə işçi qrupunun üzvləri, məktəb direktorları 
								telekörpü layihəsinin uğurlu icrasına görə 
								müəssisənin rəhbərliyinə, tədbirin 
								təşkilatçıları Elminur Hacıyeva, Səadət Qasımova 
								və Təranə Süleymanovaya təşəkkürlərini 
								bildirərək bu təcrübənin yayılmasının 
								vacibliyini vurğulayıblar.  
								
								
								Qeyd edək ki, tədbir çərçivəsində VIII a 
								sinfində Həyatxanım Babayevanın "İxtiyari 
								qabarıq çoxbucaqlının sahəsinin tapılması" 
								mövzusunda "açıq dərs"i də dinlənilib.   |