| 
								 
								 Dekabrın 
								13-də Bakıdakı 264 nömrəli tam orta məktəbdə 
								Azərbaycanın çağdaş riyaziyyat məktəbinin 
								tanınmış nümayəndəsi, fizika-riyaziyyat elmləri 
								doktoru, professor, ölkəmizdə ilk ingilisdilli 
								Xəzər Universitetinin təsisçisi, istedadlı şair 
								Hamlet İsaxanlı ilə görüş keçirilmişdir. İlk 
								baxışdan  bir-biri ilə o qədər də  uyuşmayan iki 
								fəaliyyət sahəsini - riyaziyyat və poeziyanı 
								özünə həyat yolu seçmiş, hər iki sahə üzrə kamil 
								yaradıcılıq nümunələri ortaya qoymuş alim-şairlə 
								canlı təmasdan faydalanmaq üçün tədbirdə 
								məktəbin müəllim və şagirdləri ilə yanaşı, çoxlu 
								qonaq, o cümlədən Xəzər Universitetinin rektoru 
								Con Rayder, İctimai Əlaqələr üzrə 
								Departamentinin rəhbəri Əlövsət Əmirbəyli, Xətai 
								Rayon İcra Hakimiyyətinin şöbə müdirləri Pənah 
								İmanov, Əbülfət Piriyev, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsi müdirinin müavini Məhəmməd Bayramov, 
								idarənin metodmərkəzinin Xətai-Suraxanı metodik 
								bölməsinin müdiri Firduz Əhmədov, Xətai 
								rayonunda yerləşən bir sıra ümumtəhsil 
								müəssisələrinin rəhbərləri və b. iştirak 
								edirdilər. 
								
								
								Görüş məktəbin Azərbaycan dili və ədəbiyyat 
								müəllimi Kəmalə Cabbarovanın, H.İsaxanlının 
								fəlsəfi-lirik bir şeirini ifa etməsi ilə başladı. 
								Məktəbin direktoru Sevda Qocayeva qonaqları 
								salamlayıb onları öz təhsil ocaqlarında 
								görməsindən məmnunluq duyduğunu bildirdi və 
								tədbirin məramı, proqramı haqqında məlumat 
								verdi. Qeyd etdi ki, cari ilin dekabr ayı Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın 
								ümumtəhsil müəssisələrində "riyaziyyat aylığı" 
								elan olunub. Aylıq çərçivəsində digər təhsil 
								ocaqlarında olduğu kimi, 264 nömrəli tam orta 
								məktəbdə də indiyədək çoxlu "açıq dərs", 
								müxtəlif mövzularda tədbirlər 
								keçirilib. İdarənin təklifi ilə aylıq ərzində 
								təşkil olunacaq tədbirlərin sırasına 
								riyaziyyatçı alimlərlə görüşlərin də daxil 
								edildiyini vurğulayan direktor, riyazi və poetik 
								təfəkkürünün işığına yığışdıqları Hamlet 
								İsaxanlının Azərbaycan riyaziyyat elminə böyük 
								töhfələr vermiş alim, incə rübablı şair və ilk 
								özəl ali məktəblərdən birinin yaradıcısı kimi 
								tanındığını bildirdi. S.Qocayeva alim-şairlə 
								görüşün hər bir iştirakçının yaddaşına 
								yazılacağına, şagirdlərin tərbiyəsinə güclü 
								təsir edəcək bir hadisəyə çevriləcəyinə əmin 
								olduğunu söylədi. 
								
								 Xətai 
								Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah 
								İmanov da qonaqları rayon rəhbərliyi adından 
								salamlayıb belə görüşlərin böyük tərbiyəvi 
								əhəmiyyət daşıdığını dedi və tədbirin 
								təşkilatçılarına minnətdarlığını çatdırdı.
								 
								
								
								P.İmanov çıxışında Azərbaycan dövlətinin təhsilə 
								göstərdiyi qayğıdan, rayonda təhsil sahəsində 
								əldə olunan uğurlardan danışaraq bildirdi ki, 
								məzunların ali məktəblərə qəbulolma faizinə və 
								bir sıra digər göstəricilərə görə Xətai rayonu 
								nəinki paytaxt, habelə ölkə üzrə ən öndə gedən 
								rayonlardan biridir. Ali məktəblərə qəbul 
								imtahanlarında topladıqları yüksək ballara görə 
								bu il Prezident təqaüdünə layiq görülən 102 
								gəncdən 10-u Xətai rayonundandır. Builki qəbul 
								imtahanlarında ən yüksək - 700 bal toplamış 4 
								abituriyentdən 2-si bu rayonun orta məktəblərini 
								bitirib.  
								
								
								Sonra görüşdə Hamlet İsaxanlının həyat və 
								fəaliyyətindən bəhs edən "Bizim Hamlet" adlı 
								qısametrajlı film nümayiş olundu. Filmdə 
								H.İsaxanlının həm riyaziyyatçı alim, həm şair, 
								həm də təhsil təşkilatçısı kimi fəaliyyətindən 
								söz açıldı. Bildirildi ki, H.İsaxanlı 1965-ci 
								ildə orta məktəbi qızıl medalla bitirib, 1970-ci 
								ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat 
								fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 
								1970-73-cü illərdə MDU-nun aspiranturasında 
								oxuyub, riyaziyyatın ən müasir sahələri, xüsusən 
								də çoxparametrli spektral nəzəriyyə üzrə 
								tədqiqatlar aparıb, riyaziyyata dair çoxlu sayda 
								elmi əsərin müəllifidir. 
								
								
								Görüşün ən maraqlı anları isə təbii ki, Hamlet 
								İsaxanlının çıxışı oldu. Öncə dəvət üçün 
								məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə 
								təşəkkür edən H.İsaxanlı həyat yolundan, 
								çoxşaxəli elmi, bədii yaradıcılığının bəzi 
								məqamlarından, Xəzər Universitetinin yaradılması 
								yönündəki fəaliyyətindən, riyaziyyat sahəsində 
								apardığı tədqiqat işlərindən, bədii 
								yaradıcılığın xüsusiyyətlərindən danışdı, 
								qloballaşan dünyada riyaziyyatın yeri və rolu, 
								riyaziyyatın tətbiq sahələri, riyaziyyatla 
								poeziyanın əlaqəsi, yaradıcılıq prosesinin bəzi 
								mühüm məqamları, yaradıcılıq sevinci və s. kimi 
								məsələlər barədə öz fikir və qənaətlərini görüş 
								iştirakçıları ilə bölüşdü. 
								
								
								Görüşdə məktəbin istedadlı şagirdləri 
								H.İsaxanlının şeirlərindən ibarət kompozisiya 
								nümayiş etdirdilər. 
								
								
								Sonra professor Hamlet İsaxanlı görüş 
								iştirakçılarını maraqlandıran çoxsaylı sualları 
								cavablandırdı. 
								
								
								Görüşdə daha sonra Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsi müdirinin müavini Məhəmməd Bayramov 
								çıxış edərək məktəbin çağırışına sayğı ilə 
								yanaşıb görüşə gəldiyinə görə Hamlet İsaxanlıya 
								təşəkkürünü bildirdi. Tədbirin maraqlı olduğunu 
								söyləyərək onu hazırlayanlara minnətdarlıq etdi, 
								belə görüşlərin məktəblilərin tərbiyəsində dərin 
								iz buraxdığını vurğuladı. 
								
								
								Hamlet İsaxanlı görüşün sonunda öz şeirlərini 
								oxudu.  
								
								
								
								Yusif ƏLİYEV   | 
								  |