| 
								 
								
								 Riyaziyyat 
								aylığını yaddaqalan tədbirlərlə qeyd edən təhsil 
								müəssisələrindən biri də 42 nömrəli tam orta 
								məktəbdir. Məktəbdə keçirilən "açıq qapı" 
								günündə Təhsil Nazirliyinin, Bakı Pedaqoji 
								Kadrların İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, 
								Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
								nümayəndələri iştirak ediblər. Tədbir 
								iştirakçıları ulu öndər Heydər Əliyevin əziz 
								xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 
								Tədbirin aparıcıları ümummilli lider Heydər 
								Əliyevin müasir Azərbaycanın qurucusu kimi 
								misilsiz xidmətlərindən danışıblar. 
								
								
								Sonra qonaqlar rəsmxət, əmək təlimi fənləri ilə 
								riyaziyyatın inteqrasiyasının nümayiş 
								etdirildiyi sərgini izləyiblər. Sərgidə  
								şagirdlərin əl işlərindən ibarət  tikmələr, 
								müxtəlif riyazi füqurlar, riyaziyyata aid divar 
								qəzetləri  və rəsmlər nümayiş etdirilib. 
								 
								
								
								Sonra tədbir iştirakçıları qruplara bölünərək 
								riyaziyyat fənni üzrə VIII d sinfində Afaq 
								Bağırova, IX a  sinfində Ləman Qaytaranova, IV d 
								sinfində Nərgiz Nağıyeva, III ç sinfində Züleyxa 
								Abdullayeva, XI ç sinfində Elnarə Abdullayeva, X 
								d sinfində Gülnarə Xəlilova, II d sinfində 
								Rəfiqə Hüseynova və IV ç sinfində Zülfiyyə 
								Məmmədovanın "açıq dərs"lərini dinləyiblər. 
								Dərslərdə müasir təlim metodlarından və İKT-dən 
								geniş istifadə olunub.  "Açıq dərs"lərin 
								müzakirəsində müəllimlərin işi, şagirdlərin 
								fəallığı  yüksək qiymətləndirilib.  
								
								
								"Açıq qapı" günündə təşkil edilən gecədə 
								məktəbin direktoru Firəngiz Həmidova "Riyaziyyat 
								aylığı" çərçivəsində rəhbərlik etdiyi müəssisədə 
								görülən işlərdən danışıb.  
								
								
								Gecədə  "Sizə salam gətirmişik" mahnısı ilə 
								qonaqları salamlayan şagirdlər mahnının 
								sözlərini mövzuya uyğunlaşdıraraq riyaziyyat 
								fənninə olan sevgilərini ifadə ediblər. Elmlərin 
								şahı olan riyaziyyata həsr olunan gecə əsl bilik 
								nümayişinə, oyun yarışmasına çevrildi. Şagirdlər 
								dühaların riyazi təfəkkür aləminə səyahət edib, 
								şeirlərlə bu qədim elmin tarixi barədə 
								iştirakçılara geniş məlumat veriblər. Sonra 
								şagirdlər "Zəif bənd" oyunundan və qədim 
								Hindistanda şahmatın yaranması ilə bağlı maraqlı 
								səhnəciklər nümayiş etdirərək həmin günü 
								unudulmaz xatirəyə çeviriblər.   
								
								
								
								Rəşad ZİYADOV  |