| 
								 
								
								 Əziz 
								həmvətənlər! 
								
								
								 Hörmətli soydaşlar! 
								
								
								 Xalqımızın birlik və mütəşəkkilliyinin, milli 
								təəssübkeşlik və Vətənə sədaqətinin rəmzi olan 
								31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü münasibətilə sizi səmimi-qəlbdən 
								salamlayıram.  
								
								
								 Ümummilli liderimiz Heydər Əliyevin 20 il əvvəl 
								irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən 
								bu əziz bayram dünyadakı bütün soydaşlarımızın 
								qəlbini Vətən hərarəti ilə isidir və müstəqil 
								Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır. 
								
								
								 Həmvətənlərimizin milli birliyinə xüsusi 
								əhəmiyyət verən Azərbaycan hökuməti diaspor 
								quruculuğu işini daim diqqət mərkəzində 
								saxlayır. Bu ilin yayında Bakıda Dünya 
								Azərbaycanlılarının III Qurultayının keçirilməsi 
								xarici ölkələrdə yaşayan soydaşlarımızın 
								təşkilatlanması və Vətənlə əlaqələrinin 
								möhkəmləndirilməsi yolunda yeni mərhələnin 
								başlanğıcını qoydu. Qurultayda diaspor 
								qurumlarının fəaliyyəti qiymətləndirildi, 
								soydaşlarımızın mütəşəkkilliyinin və təşkilati 
								çevikliyinin artırılmasına təkan verən mühüm 
								qərarlar qəbul olundu. 
								
								
								 Vətənimizin hüdudlarından kənarda yaşayan 
								soydaşlarımız arasında azərbaycançılıq 
								ideyalarının və milli təəssübkeşlik duyğularının 
								günü-gündən güclənməsi olduqca fərəhləndirici 
								haldır. İndi xaricdəki həmvətənlərimiz 
								məskunlaşdıqları ölkələrin ictimai-siyasi, 
								mədəni və işgüzar həyatında getdikcə öz 
								mövqelərini genişləndirir, Azərbaycanın dünyada 
								tanıdılmasına, mədəniyyətimizin təbliğinə 
								sanballı töhfələr verirlər. Bu ilin yazında 
								keçirilmiş nüfuzlu beynəlxalq mədəniyyət 
								yarışmasında - "Eurovision - 2011" mahnı 
								müsabiqəsində təmsilçilərimizin qazandığı 
								qələbədə Avropa ölkələrində yaşayan 
								soydaşlarımızın da payı olmuşdur. Ümidvaram ki, 
								diaspor təşkilatlarımız bundan sonra da əldə 
								edilən nailiyyətlərlə kifayətlənməyəcək, 
								Diasporla İş üzrə Dövlət Komitəsi və xarici 
								ölkələrdəki diplomatik nümayəndəliklərimizlə 
								əməkdaşlığı gücləndirəcək, yeni çağırışlara daha 
								mütəşəkkil və təsirli cavab verəcəklər. 
								 
								
								
								 Əziz həmvətənlər! 
								
								
								 Biz bu il dövlət müstəqilliyimizin 20 illiyini 
								geniş qeyd etdik. Azərbaycanın 20 il ərzində 
								nail olduğu uğurlar vətəndaşlarımızın 
								əməksevərliyini, yüksək intellektual 
								qabiliyyətini və qurub-yaratmaq əzmini bütün 
								dünyaya əyani şəkildə nümayiş etdirir. 
								Müstəqilliyin ilk illərində ölkəni bürümüş 
								böhranlı vəziyyət, xalqımızın düçar olduğu 
								çətinlik və məhrumiyyətlər indi arxada qalmış, 
								yoxsulluq və işsizliyin səviyyəsi minimuma 
								enmişdir. Düşünülmüş və planlı şəkildə aparılan 
								islahatlar, müxtəlif sahələri əhatə edən dövlət 
								proqramları və genişmiqyaslı infrastruktur 
								layihələrinin həyata keçirilməsi Azərbaycanı 
								dinamik inkişaf edən güclü və demokratik bir 
								dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş 
								kimi dünyada tanıtmışdır. Bu il Birləşmiş 
								Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 
								keçirilən seçkilərdə qələbə qazanmış Azərbaycanı 
								155 dövlətin dəstəkləməsi dünya birliyinin 
								ölkəmizə olan hörmət və inamının parlaq 
								təzahürüdür.  
								
								
								 Müasir dövrdə dünyada gedən proseslərin axarı 
								sürətlə dəyişir. Qlobal, regional və lokal 
								səviyyələrdə meydana çıxan problemlər, təhlükəli 
								meyillər ağır iqtisadi böhranlara və sosial 
								təlatümlərə yol açır, beynəlxalq əlaqələrə güclü 
								təsir göstərir. Belə şəraitdə qazandığımız 
								nailiyyətlərin möhkəmləndirilməsi və ölkəmizin 
								davamlı inkişafının təmin olunması mühüm 
								əhəmiyyət kəsb edir. Bu yaxınlarda imzalanmış 
								"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf 
								Konsepsiyasının hazırlanması haqqında Prezident 
								Sərəncamı məhz həmin sahədə perspektiv 
								vəzifələrin və onların həlli yollarının aydın 
								müəyyən olunmasına yönəlib.  
								
								
								 Azərbaycan dövlətinin gücü, xalqımızın yaradıcı 
								potensialı müəyyənləşdirdiyimiz yeni məqsədlərə 
								çatacağımıza əminlik yaradır. Lakin hələ də 
								qarşımızda həllini tapmayan vəzifə - 
								Ermənistanın hərbi təcavüzü nəticəsində 
								ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası, 
								qaçqın və məcburi köçkünlərin öz doğma ocağına 
								dönməsinin təmin edilməsi dayanır. Şübhə etmirəm 
								ki, biz tezliklə bu çətin problemin də 
								öhdəsindən gələcək, dünyanın gözü qarşısında 
								törədilən işğala və haqsızlığa son qoyacağıq. 
								
								
								 Əziz bacı və qardaşlar! 
								
								
								 Qələbəyə, ədalətin təntənəsinə gedən yolu 
								qısaltmağın vacib şərtlərindən biri də bizim 
								birliyimiz və həmrəyliyimizdir. Ona görə də 
								bütün azərbaycanlıları daha sıx birliyə, dünyada 
								yaşayan soydaşlarımızın milli və vətəndaş 
								haqlarının müdafiəsi, müstəqil dövlətimizin 
								mənafelərinin ardıcıl qorunması və beynəlxalq 
								nüfuzunun artırılması işinə bundan sonra da öz 
								töhfələrini verməyə çağırıram. 
								
								
								 Bu sevimli bayram münasibətilə sizi ürəkdən 
								təbrik edir, hər birinizə cansağlığı və səadət, 
								işlərinizdə uğurlar arzulayıram!  
								
								
								
								İlham ƏLİYEV, 
								Azərbaycan Respublikasının Prezidenti 
								Bakı şəhəri, 22 dekabr 2011-ci il  |