| 
								 
								
								Ali və orta ixtisas təhsili müəssisələrində 
								2011-2012-ci tədris ilinin qış imtahan 
								sessiyasında tələbələrin biliyinin 
								qiymətləndirilməsində şəffaflığı və obyektivliyi 
								təmin etmək, yarana biləcək neqativ halları 
								aradan qaldırmaq və digər müvafiq tədbirləri 
								həyata keçirmək məqsədilə  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								
								1. Təhsil Nazirliyində "Qaynar  xətt"in  
								fəaliyyət  göstərdiyi nəzərə alınsın  (Tel.:  
								496-34-82,  faks:  496-37-61, e-mail:
								
								qaynar-xett@edu.gov.az ). 
								
								
								2. Ali və orta ixtisas təhsili müəssisələrinin 
								rəhbərlərinə tapşırılsın: 
								
								
								- 2011-2012-ci tədris ilinin qış imtahan 
								sessiyasının mövcud normativ sənədlər əsasında 
								təşkil olunmasını təmin etsinlər; 
								
								
								- rəhbərlik etdikləri təhsil müəssisələrində 
								imtahan qərargahı yaratsınlar; 
								
								
								- qərargaha daxil olan hər bir şikayət barədə 
								nazirliyin "Qaynar xətt"inə operativ məlumat 
								verilməsini təmin etsinlər; 
								
								
								- imtahan sessiyasında şəffaflığı və ictimai 
								nəzarətin gücləndirilməsini təmin etsinlər; 
								
								
								- imtahanların gedişində nöqsanlara, neqativ 
								hallara yol vermiş şəxslərə qarşı mövcud 
								qanunvericiliyə uyğun tədbirlər görsünlər; 
								
								
								- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil 
								müəssisəsində baş verə biləcək hər bir neqativ 
								hala görə məsuliyyət daşıyırlar; 
								
								
								- qış imtahan sessiyasının təşkili, keçirilməsi 
								və nəticələri barədə sessiya bitdikdən sonra 10 
								gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat 
								versinlər. 
								
								
								3. Təhsil Nazirliyinin Aparatının rəhbərinə (İ.Pirməmmədov), 
								Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) 
								tapşırılsın: 
								
								
								- Təhsil Nazirliyinin əməkdaşlarının, nazirliyin 
								Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna 
								daxil olan qeyri-hökumət təşkilatlarının və 
								ictimaiyyət nümayəndələrinin iştirakı ilə ali və 
								orta ixtisas təhsili müəssisələrində  qış 
								imtahan sessiyasının monitorinqinin 
								keçirilməsini təmin etsinlər; 
								
								
								- ali və orta ixtisas təhsili müəssisələrində 
								qış imtahan sessiyası zamanı korrupsiya 
								hallarının müəyyənləşdirilməsi üçün tələbələr 
								arasında anket sorğularını təşkil etsinlər; 
								
								
								- qış imtahan sessiyasına hazırlıq dövründə və 
								sessiya müddətində təhsil müəssisələrində baş 
								vermiş neqativ hallarla bağlı daxil olan 
								məlumatları operativ araşdırsınlar və həmin 
								halların baş verməsində günahı olan şəxslər 
								barədə tədbir görmək üçün təkliflər 
								hazırlasınlar; 
								
								
								- sessiyanın nəticələrini təhlil edib müvafiq 
								hesabatı müzakirəyə təqdim etsinlər. 
								
								
								4. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								imtahan sessiyasının gedişi barədə kütləvi 
								informasiya vasitələrinə müntəzəm olaraq məlumat 
								verilməsini təmin etsin. 
								
								
								5. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc 
								edilsin və nazirliyin İnternet saytında 
								yerləşdirilsin. 
								
								
								6. Əmrin icrasına nəzarəti öz üzərimə 
								götürürəm.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								22 dekabr 2011-ci il  |