| 
								 
								
								 Başa 
								çatmaqda olan 2011-ci il ölkəmizin və xalqımızın 
								həyatında bir sıra əlamətdar hadisələrlə yadda 
								qalmışdır. Əsası Azərbaycan xalqının böyük oğlu, 
								ümummilli lider Heydər Əliyev tərəfindən 
								qoyulmuş balanslaşdırılmış müdrik daxili və 
								xarici siyasət, nəhəng quruculuq işləri onun 
								siyasi varisi, müasir təfəkkürlü siyasətçi və 
								dövlət xadimi, ölkəmizin Prezidenti cənab İlham 
								Əliyev tərəfindən uğurla davam etdirilmişdir. 
								Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkə 
								həyatının bütün sahələrində düşünülmüş və planlı 
								şəkildə aparılan islahatlar, müxtəlif sahələr 
								üzrə həyata keçirilən çoxsaylı dövlət 
								proqramları və genişmiqyaslı infrastruktur 
								layihələri nəticəsində Azərbaycan nəinki bölgədə, 
								habelə bütün dünyada özünün dinamik inkişaf edən 
								güclü və demokratik ölkə imicini, iqtisadi artım 
								tempinə görə lider mövqeyini qoruyub saxlamış və 
								daha da inkişaf etdirmişdir. 
								
								
								Bu il dövlət müstəqilliyinin bərpasının 20 
								illiyi yüksək səviyyədə qeyd edilmiş, zaman 
								baxımından o qədər də böyük olmayan bu müddət 
								ərzində qazanılmış böyük uğurlara, müstəqillik 
								yollarında atılmış inamlı addımlara bir daha 
								nəzər salınmışdır. Azərbaycan ölkə 
								vətəndaşlarının əzmkarlığı, yüksək intellektual 
								qabiliyyəti və qurub-yaratmaq həvəsi sayəsində 
								əldə olunmuş möhtəşəm nailiyyətlərini, 
								dövlətimizin ölkənin daha da möhkəmləndirilməsi 
								və vətəndaşların rifah halının yüksəldilməsinə 
								yönəlmiş siyasətində iqtisadi kapitalın insan 
								kapitalına çevrilməsinin prioritet istiqamət 
								təşkil etdiyini bir daha bütün dünyaya nümayiş 
								etdirmişdir. 
								
								
								2011-ci ildə keçirilmiş nüfuzlu beynəlxalq 
								mədəniyyət yarışması olan "Eurovision-2011"də 
								ölkəmizi təmsil edən nümayəndələrin qələbəsi 
								Azərbaycanın dünyada tanınmasına, dövlətimizin 
								nüfuzunun daha da yüksəlməsinə əvəzsiz töhfə 
								vermişdir. 
								
								
								2011-ci ildə xalqımız üçün böyük əhəmiyyətə 
								malik hadisələrdən biri də ölkəmizin Birləşmiş 
								Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 
								qeyri-daimi üzvü seçilməsi olmuşdur. Ölkəmizin 
								beynəlxalq aləmdəki yüksək nüfuzunu nümayiş 
								etdirən bu hadisə, həm də dünya birliyinin 
								Azərbaycana olan hörmət və inamını bir daha 
								sübuta yetirir. İnanırıq ki, bu ilin sonlarında 
								möhtərəm Prezidentimiz cənab İlham Əliyev 
								tərəfindən "Azərbaycan 2020: gələcəyə baxış" 
								İnkişaf Konsepsiyasının hazırlanması haqqında 
								imzalanmış sərəncam qloballaşan dünyada 
								ölkəmizin qazandığı nailiyyətlərin daha da 
								möhkəmləndirilməsi və davamlı inkişafının təmin 
								olunmasında mühüm rol oynayacaqdır. 
								
								
								2011-ci il, sözsüz ki, ölkəmizin təhsil tarixinə 
								də uğurlu il kimi düşəcək. Çünki məhz yola 
								salmağa hazırlaşdığımız 2011-ci ildə təhsil 
								quruculuğu sahəsində aparılan işlər 
								müvəffəqiyyətlə davam etdirilmiş, bir sıra 
								sanballı uğurlara imza atılmışdır. Xüsusən 
								məktəb infrastrukturunun yeniləşdirilməsi 
								sahəsində tədbirlər ardıcıl surətdə aparılmış, 
								il ərzində Bakı şəhərində 70-ə yaxın məktəb 
								əsaslı təmir edilmiş və yeni korpuslar tikilmiş, 
								bölgələrdə 60-a yaxın məktəb təmir edilmişdir. 
								Bütövlükdə isə son illər Azərbaycanda 2161 yeni 
								məktəb binası tikilmiş, əsaslı təmir olunmuş və 
								müasir avadanlıqlarla təchiz edilmişdir ki, bu 
								da təhsil tariximizdə ən əlamətdar 
								hadisələrdəndir. 
								
								
								Məktəb infrastrukturunun yeniləşdirilməsi 
								sahəsində Heydər Əliyev Fondunun müstəsna 
								xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Fond 
								2005-ci ildən başlayaraq bu istiqamətdəki 
								fəaliyyətini bu il də davam etdirmişdir. Fondun 
								təşəbbüsü ilə il ərzində xeyli yeni məktəb, 
								bağça binası tikilmiş, yenidən qurulmuş və təmir 
								edilmişdir. 
								
								
								Təhsildə məzmun islahatları davam etdirilmiş, 
								ibtidai təhsil pilləsinin sonuncu - IV sinfində 
								yeni fənn kurikulumlarının tətbiqinə başlanmış, 
								beləliklə təhsilin bu pilləsində məzmun 
								islahatları başa çatmışdır. V-XI siniflər üçünsə 
								eyni məzmunlu sənədlərin hazırlanması 
								istiqamətində son illər aparılan gərgin iş 
								yekunlaşmış, nəticədə həmin siniflər üzrə fənn 
								proqramları (kurikulumlar) hazırlanıb 
								müzakirədən keçirilərək 2011-ci ilin iyununda 
								təsdiq edilmişdir. 
								
								
								Bu il 102 adda 3463170 nüsxə dərslik, metodik 
								vəsait çap olunmuşdur. Tam orta təhsilin 
								təmayüllər üzrə təşkili istiqamətində mühüm 
								addımlar atılmış, Təhsil Nazirliyinin 4 iyul 
								2011-ci il tarixli 1199 nömrəli əmri ilə bu 
								məqsədlə paytaxtdakı 6 təhsil ocağı pilot 
								müəssisə kimi seçilmiş, onlarda təhsilin 
								təmayüllər üzrə təşkilinə başlanmışdır. 
								 
								
								
								Müstəqil ölkəmizin 20 illik təhsil tarixində ilk 
								dəfə olaraq 2011-ci ildə təhsildə xüsusi 
								nailiyyətlər qazanan tam orta təhsil üzrə 
								məzunlar qızıl və gümüş medallarla təltif 
								olunmuş, 53 şagird qızıl və gümüş medallara 
								layiq görülmüşdür. 
								
								
								Şagirdlərin biliyinin yoxlanılması, ölkədə 
								informatika fənninin tədrisi vəziyyətinin 
								öyrənilməsi, şagirdlərin İKT üzrə bacarıqlarının 
								müəyyən edilməsi və gələcəkdə müqayisəli 
								təhlillər üçün bazanın yaradılması məqsədi ilə 
								2011-ci ildə ölkə üzrə 200 orta məktəbin IX 
								siniflərində Azərbaycan dili, riyaziyyat və 
								informatika fənləri üzrə Milli Qiymətləndirmə 
								tədqiqatı həyata keçirilmiş və onun nəticələri 
								təhlil olunmuşdur. 
								
								
								Kadr təminatı sahəsində də aparılan işlər davam 
								etdirilmiş, 2010-cu ildən başlayaraq həyata 
								keçirilən və həmin ildə ancaq paytaxt 
								məktəblərini əhatə edən müəllimlərin işə yeni 
								qaydada - mərkəzləşdirilmiş şəkildə üç mərhələli 
								müsabiqə yolu ilə qəbulu mexanizmi daha da 
								təkmilləşdirilmiş və bütün ölkə üzrə tətbiq 
								olunmuşdur. Nəticədə 2011-ci ildə ölkənin ümumi 
								təhsil məktəblərindəki 2177 vakant yerə 1230 
								nəfərdən çox müəllim işə qəbul olunmuşdur. 
								
								
								Hər il olduğu kimi bu il də Azərbaycan təhsili, 
								çoxminli təhsil işçiləri dövlətin davamlı 
								qayğısı ilə əhatə olunmuş, təhsil işçilərinin 
								sosial rifahının yüksəldilməsi istiqamətində 
								zəruri addımlar atılmışdır. Möhtərəm 
								Prezidentimizin sərəncamları ilə xeyli sayda 
								təhsil işçisi yüksək dövlət təltiflərinə və 
								fəxri adlara layiq görülmüş, artıq dördüncü 
								ildir ki, keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" 
								müsabiqəsinin 50, "Ən yaxşı müəllim" 
								müsabiqəsinin isə 100 qalibinə müvafiq olaraq 10 
								min və 5 min manat məbləğində birdəfəlik pul 
								mükafatı verilmişdir. Möhtərəm Prezidentimizin 
								bu günlərdə imzaladığı sərəncamla isə təhsil 
								sahəsində çalışanların əməkhaqqı dekabrın 1-dən 
								orta hesabla 10 faiz artırılmışdır. 
								
								
								Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasının və biliklərə əsaslanan iqtisadiyyata 
								keçidin yeni təhsil modelinə tələbatı nəzərə 
								alınaraq möhtərəm Prezidentimiz İlham Əliyev 
								tərəfindən 2011-ci il iyulun 11-də "2011-2021-ci 
								illərdə Azərbaycan təhsilinin inkişafı üzrə 
								Milli Strategiya"nın hazırlanması haqqında" 
								sərəncam imzalanmışdır. İnanırıq ki, 
								hazırlanmaqda olan yeni proqram sənədi inkişafın 
								innovasiya mərhələsinə keçilməsini, rəqabətə 
								davamlı milli iqtisadiyyatın formalaşdırılması 
								və inkişaf dinamikasının sürətləndirilməsini, 
								başlıca olaraq insan kapitalı ilə bağlı bir çox 
								məsələlərin həllini tapmasını, o cümlədən 
								Azərbaycan təhsilinin dünya standartlarına cavab 
								verməsini təmin edəcəkdir. 
								
								
								Qarşıdan gələn bayramlar - 31 dekabr Dünya 
								Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il 
								münasibəti ilə bütün xalqımızı, çoxminli təhsil 
								işçilərini  ürəkdən  təbrik  edir, onlara  yeni  
								ildə  daha  böyük uğurlar və xoş günlər 
								arzulayıram. 
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri,  
								əməkdar elm xadimi, professor 
								 
								
								
								 31 
								dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü və Yeni il münasibətilə bütün dünya 
								azərbaycanlılarını təbrik edir, ən xoş 
								arzularımı çatdırıram. 
								
								
								Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü 
								ilə keçirilən bu əlamətdar tarix ölkəmizin dünya 
								dövlətləri arasında söz sahibinə çevrilməsinə, 
								dünya azərbaycanlıları arasında milli birliyin 
								daha da güclənməsi və təşkilatlanmasına böyük 
								təkan vermişdir. Soydaşlarımızın qarşısında 
								duran vəzifələri dəqiq və aydın müəyyənləşdirən 
								ulu öndərimiz demişdir: "Dünya 
								Azərbaycanlılarının ancaq bir müstəqil dövləti 
								var. Bu, Azərbaycan Respublikasıdır. Biz hamımız 
								onun ətrafında birləşməliyik".  
								
								
								Bu gün möhtərəm Prezidentimiz cənab İlham 
								Əliyevin diaspor quruculuğu işinə böyük 
								əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım 
								göstərməsi nəticəsində xaricdəki 
								həmvətənlərimizin birlik, həmrəylik telləri daha 
								da güclənmiş, onlar müstəqil dövlətimizin 
								təbliği işinə öz layiqli töhfələrini 
								verməkdədirlər. Möhtərəm Prezidentimizin dediyi 
								kimi, "Vətənimizin hüdudlarından kənarda yaşayan 
								soydaşlarımız arasında azərbaycançılıq 
								ideyalarının və milli təəssübkeşlik duyğularının 
								günü-gündən güclənməsi olduqca fərəhləndirici 
								haldır. İndi xaricdəki həmvətənlərimiz 
								məskunlaşdıqları ölkələrin ictimai-siyasi, 
								mədəni və işgüzar həyatında getdikcə öz 
								mövqelərini genişləndirir, Azərbaycanın dünyada 
								tanıdılmasına, mədəniyyətimizin təbliğinə 
								sanballı töhfələr verirlər". 
								
								
								Ötən ildə  respublikamız bütün sahələrdə böyük 
								uğurlar əldə etmiş, iqtisadi inkişaf 
								dinamikasına görə dünyanın aparıcı 
								dövlətlərindən birinə çevrilmiş, beynəlxalq 
								nüfuzu yüksəlmiş, elmdə, təhsildə, idmanda, 
								mədəniyyətdə möhtəşəm nailiyyətlərə imza 
								atmışdır. Bu uğurlar sırasında Avropanın ən 
								böyük mədəniyyət yarışmasında qələbə və BMT-nin 
								Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü 
								statusunun qazanılması və s. kimi nailiyyətlər 
								vardır. Şübhəsiz ki, bütün bunlar hər bir 
								azərbaycanlı vətəni ilə bağlı qürur hissi 
								doğurur. 
								
								
								31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü və Yeni il münasibətilə bütün xalqımızı və 
								dünya azərbaycanlılarını bir daha ürəkdən təbrik 
								edir, cansağlığı və səadət arzulayıram. 
								
								
								
								Abel MƏHƏRRƏMOV, 
								BDU-nun rektoru,  
								akademik,  
								Milli Məclisin deputatı  
								 
								
								
								 Artıq 
								il ayrıcındayıq: 2011-ci il sona yetir, 2012-ci 
								il öz qədəmlərini qoymaqdadır. Ötən il 
								Azərbaycan xalqının taleyində dərin izlər 
								buraxaraq, yaddaqalan və əlamətdar günlərlə 
								tarixə qovuşur. Ötən il həyatımızın bütün 
								sahələri kimi elm və təhsil sahəsində də böyük 
								uğur və nailiyyətlərin qazanılması ilə tarixə 
								çevrilməkdədir. Azərbaycan Respublikasının 
								Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi 
								mütərəqqi və şüurlu siyasət respublikamızın 
								bütün ali təhsil ocaqları kimi, AzTU-nun 
								həyatına da ciddi müsbət təsir göstərmişdir. 
								Belə ki, 2011-ci il universitetimizin 
								kollektivinin yaddaşında istər təhsil və 
								tədrisin yüksəldilməsi, istər maddi-texniki 
								bazanın gücləndirilməsi, istər müasir təlim 
								texnologiyalarının uğurlu tətbiqi, istərsə də 
								beynəlxalq əlaqələrin genişləndirilməsi 
								baxımından uğurlu və əlamətdar bir dövr kimi 
								qalacaqdır.  
								
								
								2011-ci il bizim üçün bir də ona görə əlamətdar 
								oldu ki, Azərbaycanın nüfuzlu ali təhsil 
								ocaqlarından olan, milli kadr hazırlığına, 
								cəmiyyətin elmi-intellektual ruhda inkişafına 
								əvəzsiz töhfələr verən Azərbaycan Texniki 
								Universitetinin 60 illik yubileyi təntənə ilə 
								qeyd olundu. Azərbaycan Respublikasının 
								Prezidenti sənab İlham Əliyevin sərəncamı ilə 
								universitetimizin bir qrup əməkdaşı orden və 
								medallarla, eləcə də yüksək fəxri adlarla təltif 
								olundu. Bunun üçün möhtərəm Prezidentimizə bütün 
								kollektivimiz adından təşəkkür edirik. 
								
								
								Qürur doğuran haldır ki, respublikada texniki 
								elmlərin inkişafında mühüm xidmətləri olmuş 
								görkəmli alim və ziyalıların, tanınmış 
								mütəxəssislərin, dövlət xadimlərinin bütöv bir 
								nəsli bu universitetin məzunlarıdır. Odur ki, on 
								minlərlə insanın taleyində böyük rol oynamış, 
								ayrı-ayrı dövlət qurumları, nəqliyyat, ağır 
								sənaye, energetika müəssisələri üçün layiqli 
								mütəxəssislər hazırlamış AzTU-nun 60 illik 
								yubileyi cəmiyyətdə əlamətdar hadisələrdən biri 
								kimi qarşılandı. 
								
								
								Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən 
								əsası qoyulan, milli ənənələrə və ümumbəşəri 
								dəyərlərə, dünya standartlarına cavab verən 
								təhsil sisteminin formalaşdırılması 
								istiqamətində həyata keçirilən siyasət əzmlə 
								davam etdirilir. Azərbaycanda təhsilin, elmin 
								inkişafı üçün geniş maddi-intellektual resurslar 
								mövcuddur və bundan səmərəli istifadə ölkə 
								rəhbərinin müəyyənləşdirdiyi başlıca 
								prioritetlərdən biridir. Respublikamızın 
								iqtisadi inkişaf tempi, habelə yüksək təhsil, 
								bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin 
								vacibliyi fikrinin ictimai şüurda getdikcə 
								möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi 
								ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır.
								 
								
								
								Azərbaycan Prezidenti tərəfindən elm və təhsilə 
								göstərilən yüksək diqqət və qayğı, ümumilikdə 
								bütün sahələrdə qazanılan böyük nailiyyətlər 
								respublikanın nüfuzlu ali təhsil ocağı olan 
								Azərbaycan Texniki Universitetinin professor-müəllim 
								və tələbə heyətini sevindirir və biz bu uğurları 
								rəğbətlə qarşılayırıq. AzTU eyni zamanda elm və 
								təhsil işçiləri qarşısında müəyyənləşdirilən 
								strateji vəzifələrin gerçəkləşdirilməsində 
								sözünü deyir. İnanırıq ki, dövlət başçısının 
								AzTU-ya qayğısı sayəsində 60 yaşlı universitet 
								daha da inkişaf edəcək, dünyanın yüksək 
								reytinqli ali təhsil ocaqları ilə bir sırada 
								dayanacaq, cəmiyyət üçün layiqli kadrların 
								hazırlanması prosesinə bundan sonra da öz 
								töhfəsini verəcəkdir. 
								
								
								AzTU-nun çoxsaylı professor-müəllim heyəti 
								ürəkdən inanır ki, Azərbaycan xalqını firavan 
								gələcəyə aparan bu siyasətin davamlılığı 
								qarşıdakı illərdə də təmin olunacaq, müstəqil 
								respublikamız Prezident İlham Əliyevin 
								rəhbərliyi altında inkişaf tempini 
								sürətləndirərək dünyanın qabaqcıl dövlətləri 
								sırasında layiqli yerini tutacaqdır. 
								
								
								Sonda mən, ölkə Prezidenti möhtərəm İlham Əliyev 
								cənabları başda olmaqla bütün xalqımızı 31 
								dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik 
								Günü və Yeni il münasibətilə universitetimizin 
								bütün professor-müəllim heyəti və tələbələri 
								adından və şəxsən öz adımdan səmimi-qəlbdən 
								təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, 
								səadət, xalqımıza əmin-amanlıq, firavanlıq 
								diləyirəm. Arzu edirəm ki, Yeni ildə həm təhsil 
								işçilərinin, bütövlükdə Azərbaycan xalqının ən 
								ülvi, ən səmimi, ən böyük arzuları reallığa 
								çevrilsin.   
								
								
								
								Havar MƏMMƏDOV, 
								AzTU-nun rektoru,  
								texnika elmləri doktoru, professor  
								 
								
								
								 "İl-ildən 
								gözəl gəlir" - deyimi artıq həyatımızın 
								leytmotivinə çevrilib. Bu leytmotivi 
								əsaslandıran ən tutarlı faktlardan biri ölkə 
								başçısı cənab İlham Əliyevin ölkəmizdə təhsilin, 
								elmin, intellektual sahələrin inkişafına 
								göstərdiyi dövlət  qayğısıdır. Respublika 
								Prezidentinin apardığı məqsədyönlü daxili və 
								xarici siyasət təhsilimizin və elmimizin bu 
								gününə və gələcəyinə böyük nikbinliklə yanaşmağa 
								zəmin yaradır. Prezidentimiz öz çıxışlarında 
								Azərbaycanın seçdiyi yolun düzgün istiqamətini 
								müəyyənləşdirərək deyir: "İnkişaf etmiş 
								ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, 
								o ölkələr inkişaf edir ki, orada elmi-texniki 
								tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, 
								elmə, intellektual məhsulların yaradılmasına 
								böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu 
								seçibdir. Biz gələcəyə çox böyük ümidlərlə 
								baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi 
								bugünkündən də gözəl olacaqdır". 
								
								
								Söylənilən bu məntiqi fikirlərin fonunda görülən 
								genişmiqyaslı işlərin nəticəsidir ki, 2011-ci il 
								oktyabrın 24-ü günü tarix salnaməmizə müstəqil 
								Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik 
								Şurasına qeyri-daimi üzv qəbul edilməsi günü 
								kimi daxil oldu. Bu Azərbaycan Prezidentinin, 
								Azərbaycan xalqının, Azərbaycan diplomatiyasının, 
								onun daxili və xarici siyasətinin tarixi 
								qələbəsidir. Möhtəşəm qələbədən dünya 
								azərbaycanlılarının hər birinə pay düşür. 
								 
								
								
								2011-ci il artıq ölkəmizin həyatında, o cümlədən 
								Azərbaycan Tibb Universitetinin həyatında 
								əlamətdar hadisələrlə zəngin olan bir ilə 
								çevrilərək tarixdə təsbitlənir. 2010-cu ildə 
								açılışı olan ATU-nun Tədris Terapevtik klinikası 
								2011-ci ildə geniş fəaliyyətə başladı. Bu 
								klinika ölkəmizdə tibb təhsilinin, tibb elminin 
								inkişafına güclü təkan verən bənzərsiz maddi-texniki 
								bazaya çevrildi. Klinikada tibb təhsilinin 
								tədrisi ilə yanaşı, tibb elminin hərtərəfli 
								inkişafına və müalicə-profilaktika işlərinin 
								yüksək səviyyədə aparılmasına da xüsusi diqqət 
								yetirilir. Ən müasir avadanlıqlarla təchiz 
								edilmiş dərs otaqları, mühazirə zalları, 400 
								çarpayılıq palatalar kompüterləşdirilib və dünya 
								standartları səviyyəsində fəaliyyətini davam 
								etdirir. 
								
								
								Azərbaycan Tibb Universiteti uzan illər idi ki, 
								diplomdansonrakı təhsildə, yəni tibbin dar 
								sahələri üzrə yüksək ixtisaslı tibb kadrlarının 
								hazırlanmasında rezidentura sisteminə keçidə səy 
								göstərirdi. Nəhayət, universitetimizin bu arzusu 
								da 2011-ci ildə yerinə yetirilən layihələr 
								sırasına daxil oldu. 
								
								
								Cari ilin sentyabr ayında rezidenturaya ilk 
								qəbul aparıldı. Beləliklə, ATU-nu bitirmiş 300 
								nəfərə yaxın gənc məzun imtahan müsabiqəsindən 
								keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya 
								qəbul olundu. Artıq ATU-da rezidentura 
								sistemində məşğələlər başlayıb və rezidentlər 
								böyük həvəslə diplomdansonrakı təhsillərini 
								davam etdirirlər. 
								
								
								Yola saldığımız 2011-ci ildə universitetimiz 
								üçün mühüm hadisələrdən biri də ötən tədris 
								ilində ATU-nun bütün fakültələrində Boloniya 
								prosesinin əsas tələblərindən biri olan kredit 
								sisteminə keçidin başa çatmasıdır.  
								
								
								ATU-nun professor-müəllim heyəti 2011-ci ildə 
								Azərbaycanda və bir sıra xarici ölkələrdə 
								keçirilən beynəlxalq elmi-praktik konfrans və 
								konqreslərdə iştirak edərək elmi məruzələrlə 
								çıxışlar etmiş, beynəlxalq aləmdə Azərbaycanı 
								ləyaqətlə təmsil etmişlər. 
								
								
								Azərbaycan Prezidenti cənab İlham Əliyevi, 
								qədirbilən xalqımızı və müxtəlif səbəblərdən 
								dünyanın hər yerinə səpələnərək vətəndən 
								uzaqlarda yaşayan 50 milyondan artıq dünya 
								azərbaycanlılarını 31 dekabr - Dünya 
								Azərbaycanlılarının Həmrəylik Günü və yeni 
								təqvim ili olan 2012-ci ilin mübarək qədəmli 
								gəlişi münasibətilə Azərbaycan Tibb 
								Universitetinin professor-müəllim heyəti və 
								tələbələri adından, eləcə də öz adımdan ürəkdən 
								təbrik edir, hamıya möhkəm cansağlığı, səadət, 
								aydın səma diləyir, torpaqlarımızın işğaldan 
								azad olunması naminə görülən işlərdə böyük 
								uğurlar arzulayıram. 
								
								
								
								Əhliman ƏMİRASLANOV, 
								ATU-nun rektoru,  
								akademik, SSRİ Dövlət mükafatı laureatı, 
 Milli Məclisin deputatı 
								 
								
								
								 2011-ci 
								il bütövlükdə dövlətimiz üçün uğurlu il olduğu 
								kimi, təhsil sistemimiz, o cümlədən Bakı Slavyan 
								Universiteti üçün də nailiyyətlər ili olmuşdur. 
								Bu dövrdə universitetimizin kollektivi ölkəmizdə 
								aparılan möhtəşəm islahatlara öz töhfəsini 
								verməyə çalışmışdır. Dövlətimiz, Prezidentimiz 
								tərəfindən təhsil sistemi qarşısında qoyulan 
								vəzifələrin icrası, o cümlədən cənab Prezident 
								İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş 
								"2009-2013-cü illərdə Azərbaycan Respublikasının 
								ali təhsil sistemində  islahatlar üzrə Dövlət 
								Proqramı"nın müddəalarına uyğun olaraq müxtəlif 
								istiqamətlərdə fəaliyyət göstərilmişdir. 
								 
								
								
								Kadr hazırlığının və elmi tədqiqatların 
								keyfiyyətini yüksəltmək məqsədilə maddi-texniki 
								bazanın gücləndirilməsi, informasiya-kommunikasiya 
								texnologiyalarının geniş tətbiqi sahəsində iş 
								davam etdirilmişdir. Tədrisin texniki vasitələri 
								laboratoriyası ilə yanaşı, universitet saytında 
								Açıq Təhsil Resursları yaradılmışdır. Hazırda 
								ştrix-kodlaşma texnologiyasından istifadə 
								etməklə kitabxananın tam elektron kataloqu və 
								elektron dərsliklər hazırlanır.  Kafedralar, ETL-lər, 
								kitabxana, oxu zalları, tədris-mədəniyyət 
								mərkəzləri müasir informasiya texnologiyaları 
								ilə təchiz olunmuş və sürətli İnternet xəttinə 
								qoşularaq tələbələrin və müəllimlərin 
								istifadəsinə verilmişdir. 
								
								
								Kadr hazırlığı strukturunun Azərbaycan 
								Respublikasının sosial-iqtisadi inkişafının 
								perspektiv tələblərinə və regionların inkişafına 
								dair Dövlət Proqramına uyğunlaşdırılması 
								məqsədilə qəbul planına yenidən baxılmış, 
								2010-2011-ci tədris ilində "Turizm və otelçilik" 
								adlı yeni ixtisas açılmışdır.   
								
								
								Bununla yanaşı, yeni fakültə - Jurnalistika 
								fakültəsi, bu fakültə nəzdində jurnalistika 
								nəzəriyyəsi və təcrübəsi, Yeni media və 
								kommunikasiya texnologiyaları kimi yeni 
								kafedralar, "Təhsildə innovasiyalar və yeni 
								təlim texnologiyaları" mərkəzi, Fotolaboratoriya 
								- Muzey yaradılmışdır.  
								
								
								Ötən tədris ilindən BSU Humanitar liseyi və 15 
								nömrəli məktəbin bazasında yaradılmış BSU Məktəb-lisey 
								kompleksi - ali təhsil sistemimizdə ilk bu tip 
								qurum fəaliyyətə başlamış, 2011-ci ildə MLK-da 
								kafedra sistemi tətbiq olunmuşdur. 
								
								
								Bu il də əsas məsələlərdən biri tələbələrin 
								mənəvi tərbiyəsi, vətəndaş kimi formalaşması, 
								ictimaiyyətin universitet həyatına cəlb edilməsi 
								olmuşdur. Bu məqsədlə "Heydər Əliyev məktəbi" 
								tələbə teleradio studiyasının imkanlarından və 
								materiallarından təlim-tərbiyədə geniş istifadə 
								olunmuşdur. Bütün il ərzində, xüsusən, imtahan 
								sessiyaları dövründə Valideynlər Şurası aktiv 
								fəaliyyət göstərmişdir. Universitetin idarə 
								edilməsində tələbələrin geniş iştirakına şərait 
								yaradılmış, bu məqsədlə bir gün ərzində bütün 
								idarəçiliyi tələbələrin icra etdiyi "Bir günlük 
								xəlifə" tədbiri keçirilmiş, il ərzində isə digər 
								tələbə özünüidarə qurumları ilə yanaşı, 
								tələbələrdən ibarət "Kölgə Kabineti" fəaliyyət 
								göstərmişdir. Tələbələrimiz öz vətəndaşlıq 
								missiyalarını - qaçqın məktəblərində pedaqoji 
								təcrübələrini ləyaqətlə davam etdirmişlər. 
								
								
								BSU-nun beynəlxalq əlaqələri bu il də inkişaf 
								etmişdir. Keçən tədris ilindən bu günə kimi 
								xarici ölkələrin universitetləri ilə 13 yeni 
								müqavilə bağlamışıq. Universitetimiz MAPRYAL 
								(Rus dili və ədəbiyyatı müəllimləri Beynəlxalq 
								Assosiasiyası, Rusiya, Moskva) və Maqna Karta 
								Universitatiumun (İtaliya, Boloniya) üzvü kimi 
								fəaliyyət göstərmiş, TEMPUS-4 layihəsi 
								çərçivəsində proqramda iştirak etmiş, Avropa 
								Şurası və BBC ilə birlikdə Azərbaycanda 
								jurnalistika tədrisinin inkişafına dəstək 
								layihəsi uğurla icra olunmuşdur.  
								
								
								BSU tərəfindən Moskva Dövlət Pedaqoji 
								Unversitetində yaradılmış Azərbaycan dili və 
								mədəniyyəti mərkəzi fəaliyyətini uğurla davam 
								etdirir, bu universitetdə artıq 
								azərbaycanşünaslıq üzrə təhsil alan ikinci qrup 
								formalaşmışdır. Keçən tədris ilində 
								universitetimiz tərəfindən Belarus Dövlət 
								Pedaqoji Universitetində və Ukraynanın Poltava 
								Universitetində də Azərbaycan dili və 
								mədəniyyəti mərkəzləri açılmış və 
								azərbaycanşünaslığın tədrisinə başlanmışdır. BSU-da 
								da yeni mərkəzlər - çex və Belarus tədris-mədəniyyət 
								mərkəzləri açılmışdır. Tədris etdiyimiz xarici 
								dillər sırasına belarus dili də əlavə olunmuşdur. 
								
								
								Bütün bunlar 2011-ci ildəki fəaliyyətimizin 
								yalnız bir qismidir - keçirdiyimiz beynəlxalq 
								konfranslar, qəbul etdiyimiz nüfuzlu ictimai, 
								mədəniyyət və elm xadimləri, tələbələrimizin 
								bilik və idman yarışlarındakı nailiyyətləri, 
								müəllimlərimizin dərc etdirdiyi yeni elmi 
								əsərlər və dərsliklər, nəhayət, magistrantımız 
								və əməkdaşımız Eldar Qasımovun "Eurovision-2011" 
								mahnı müsabiqəsində qələbəsi də bu ili bizim 
								üçün yaddaqalan edəcək.   
								
								
								
								Kamal ABDULLAYEV, 
								SU-nun rektoru, 
								AMEA-nın müxbir üzvü, 
 əməkdar elm xadimi, professor  
								 
								
								
								 Yola 
								salmağa hazırlaşdığımız 2011-ci il, sözün həqiqi 
								mənasında, Azərbaycan xalqının və dövlətinin 
								həyatında çox uğurlu və əlamətdar bir dövr oldu. 
								Mən bu dövrlə bağlı böyük əhəmiyyət kəsb edən 
								bir neçə hadisəni xüsusi  vurğulamaq istəyirəm.
								 
								
								
								İlk  olaraq onu qeyd edim ki, bu il öz dövlət 
								müstəqilliyinin bərpasının 20-ci ildönümünü 
								təntənə ilə qeyd edən xalqımız ictimai-siyasi, 
								sosial-iqtisadi və elmi-mədəni sahədə böyük uğur 
								və nailiyyətlər qazandı. Onu da qeyd etmək 
								yerinə düşər ki, il ərzində dövlət 
								müstəqilliyimizin bərpasının 20-ci ildönümü 
								münasibətilə ölkəmizdə və xaricdə bir çox  
								möhtəşəm tədbirlər həyata keçirildi. Həmin 
								tədbirlərdə  xalqımızın həm  ulu öndər Heydər 
								Əliyevin, həm də onun müdrik dövlətçilik 
								konsepsiyasının  ən layiqli davamçısı, 
								Azərbaycan Respublikasının Prezidenti möhtərəm 
								cənab İlham Əliyevin rəhbərliyi altında bu qısa 
								müddət ərzində qazandığı böyük uğur və 
								nailiyyətlərə yüksək qiymət verildi, eyni 
								zamanda müstəqil ölkəmizin parlaq gələcəyinə 
								olan dərin inam və ümidlər  ifadə edildi. 
								 
								
								
								Azərbaycanın 2011-ci ildə  qazandığı sosial-iqtisadi, 
								siyasi uğurlar fonunda belə, may ayında Avropada 
								mötəbər beynəlxalq musiqi tədbiri sayılan 
								"Eurovision-2011" mahnı müsabiqəsində parlaq 
								qələbəmiz xüsusi diqqətə layiqdir və hər 
								birimizin qəlbini və vətəndaşlıq duyğusunu 
								riqqətə gətirdi.  Bu möhtəşəm qələbə xalqımızın 
								dünya miqyasında böyük mədəni uğuru olmaqla 
								yanaşı, həm də çox ciddi siyasi  nailiyyətidir. 
								
								
								Ölkəmizin 2011-ci ildə imza atdığı ən böyük uğur 
								hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı 
								Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü 
								seçilməsi oldu. Bu, dövlətimizin böyük siyasi 
								uğuru, ciddi və vacib diplomatik  qələbəsidir.
								 
								
								
								Azərbaycan əvvəlki illərdə olduğu kimi, 2011-ci 
								ildə də iqtisadi cəhətdən yüksələn xətlə 
								inkişafını uğurla davam etdirdi. Fərəh doğuran 
								bir haldır ki, hazırda Azərbaycanın Cənubi 
								Qafqaz iqtisadiyyatındakı payı 83 faizə 
								çatmışdır. Azərbaycanın dinamik iqtisadi 
								inkişafına uyğun olaraq ölkəmizin müdafiə 
								qabiliyyəti və hərbi-sənaye potensialı daha da 
								güclənmişdir. Bununla yanaşı, qeyri-neft 
								sektorunun - informasiya-kommunikasiya 
								texnologiyalarının, kənd təsərrüfatının, 
								turizmin və s. inkişafında sanballı nəticələr 
								əldə edildi. Eyni zamanda, ölkə vətəndaşlarının 
								sosial müdafiəsinin gücləndirilməsi və rifah 
								halının yüksəldilməsi üçün dövlət səviyyəsində 
								həyata keçirilən əməli tədbirlər də  
								müvəffəqiyyətlə davam etdirildi.  Bu il 
								Azərbaycan həm də elm, təhsil, səhiyyə, 
								mədəniyyət, incəsənət, idman, bir sözlə, 
								həyatımızın bütün sahələrində ciddi uğurlara 
								nail oldu. Təbii ki, sadaladığımız bu böyük uğur 
								və müvəffəqiyyətlərin qazanılmasında ölkənin 
								birinci xanımı, Heydər Əliyev Fondunun 
								prezidenti Mehriban Əliyevanın da mühüm 
								xidmətləri var və xalqımız, millətimiz onun bu 
								xidmətlərini çox yüksək qiymətləndirir. 
								
								
								Vidalaşmağa hazırlaşdığımız 2011-ci il rəhbərlik 
								etdiyim Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinin kollektivi üçün də əlamətdar bir  
								dövr oldu. Bu il ölkəmizdə ali elmi-pedaqoji 
								fikrin beşiyi və mərkəzi sayılan ADPU-nun 
								fəaliyyətə başlamasının 90 ili tamam oldu. 
								Pedaqoji Universitet zəngin tarixi inkişaf yolu 
								keçərək hazırda respublikamızın çox nüfuzlu və 
								qabaqcıl elm və təhsil mərkəzlərindən birinə 
								çevrilmişdir.  
								
								
								Mən qarşıdan gələn 31 dekabr - Dünya 
								Azərbaycanlılarının Həmrəylik Günü və yeni - 
								2012-ci il münasibəti ilə xalqımızı başda 
								möhtərəm Prezidentimiz cənab İlham Əliyev 
								olmaqla səmimi-qəlbdən təbrik edir, ölkə 
								Prezidentinə möhkəm cansağlığı, uzun ömür, ali 
								dövləti fəaliyyətində yeni-yeni uğurlar, 
								nailiyyətlər, xalqımıza isə əmin-amanlıq, yüksək 
								rifah, xoşbəxt  və firavan həyat arzu edirəm.  
								
								
								
								Yusif MƏMMƏDOV, 
								ADPU-nun rektoru,  
								AMEA-nın müxbir üzvü,  
								əməkdar elm xadimi, professor 
								
								  
								 
								
								
								Hörmətli həmkarlar! 
								
								
								 Sizi 
								qarşıdan gələn 31 dekabr - Dünya 
								Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il 
								münasibətilə təbrik edir, sizə cansağlığı, uzun 
								ömür, peşə və şəxsi fəaliyyətinizdə uğurlar 
								arzulayıram. 
								
								
								Sona çatmaqda olan 2011-ci il də respublikamız 
								və xalqımız üçün əlamətdar olmuşdur. Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyevin 
								yürütdüyü uğurlu daxili və xarici siyasət 
								nəticəsində ölkəmizin nüfuzu bu il daha da 
								artmışdır. Prezidentin bütün sahələrə ayırdığı 
								diqqət və qayğı, ölkə vətəndaşlarının sosial 
								rifahını gücləndirmək yolunda göstərdiyi 
								yorulmaz fəaliyyət ölkəmizi inkişaf etmiş 
								ölkələr sırasına daxil etmişdir. Nüfuzlu 
								beynəlxalq təşkilatların Azərbaycanla bağlı 
								hesabatlarında ölkəmiz yüksək mövqelərdə qərar 
								tutmuşdur. Bu amil hər bir Azərbaycan 
								vətəndaşını sevindirir. 
								
								
								Azərbaycanın öndə gedən ali təhsil 
								müəssisələrindən olan Azərbaycan Dillər 
								Universitetində 2011-ci ildə bir sıra yeniliklər 
								olmuşdur. Belə ki, bu ildən başlayaraq ADU-nun 
								tələbələri buraxılış işləri yazmaqdan və dövlət 
								imtahanlarını verməkdən azad edilmişlər. Bundan 
								əlavə, universitetimizdə ərəbşünaslıq, 
								yaponşünaslıq kimi bir sıra yeni ixtisaslar 
								açılmışdır. Tələbələrimiz respublika səviyyəli 
								olimpiada və müsabiqələrdə ilk yerləri tutmuşlar. 
								Universitetimizin beynəlxalq əlaqələri bu il də 
								inkişaf etmişdir. Universitetimiz TEMPUS, 
								Erasmus Mundus kimi əhəmiyyətli proqramlar 
								çərçivəsində yeni layihələrə qoşulmuşdur. Bu bir 
								daha dövlətimizin təhsilə ayırdığı diqqətin 
								bariz nümunəsi hesab edilə bilər. Bundan əlavə, 
								ayrı-ayrı bölgələrdə orta ümumtəhsil 
								məktəblərinin tikilib istifadəyə verilməsi, 
								pedaqoji kadrların yüksək səviyyədə hazırlanması, 
								xarici ali təhsil müəssisələri ilə tələbə 
								mübadilələrinin yerinə yetirilməsi təhsilimizə 
								xüsusi diqqətin nəticəsidir.   
								
								
								Hörmətli həmkarlar! 
								
								
								Sizi bir daha təbrik edir, işlərinizdə uğurlar 
								arzulayıram. Əminəm ki, qarşıdan gələn 2012-ci 
								il hər biriniz üçün düşərli olacaqdır. 
								Bayramınız mübarək!  
								
								
								
								Səməd SEYİDOV,  
								ADU-nun rektoru,  
								professor,  
								Milli Məclisin deputatı  
								 
								
								
								Əziz həmvətənlərimiz!  
								
								
								 Azərbaycan  
								xalqının  milli mənəvi  bütövlüyünü, əzmini 
								təcəssüm etdirən günlərdən biri də 31 dekabr - 
								Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 
								Ümummilli lider Heydər Əliyevin əbədiyaşar 
								ideyalarına əsaslanan müstəqil dövlətimiz bu gün 
								dünyanın dörd qitəsinə səpələnmiş 
								azərbaycanlıların həmrəyliyinə  nail olmaq üçün 
								böyük bir tarixi missiyanı  layiqincə yerinə 
								yetirir. Vətəndən uzaqda yaşayan soydaşlarımızın 
								həyatın müxtəlif sahələri üzrə münasibətlərini 
								qurmaq, milli özünəməxsusluğunu, kökə 
								bağlılığını qoruyub saxlamaq dövlətimizin xarici 
								siyasətində mühüm istiqamətlərdən biridir.
								 
								
								
								Bu gün dünyada cərəyan edən qlobal proseslər və  
								dayanıqlı inkişaf konsepsiyası hər bir millətin 
								tarix səhnəsində öz rolunu göstərmək üçün geniş 
								imkanlar açır. Bəşər sivilizasiyasına dəyərli 
								töhfələr verən Azərbaycan xalqının yüksəlişinin 
								yolu məhz on milyonlarla yurddaşımızın 
								birləşməsindən keçir.  Bu mənada Heydər Əliyev 
								fenomeni hər bir azərbaycanlı üçün fəxr, qürur 
								və iftixar simvoludur. Məhz ulu öndərin 
								təşəbbüsü ilə qeyd olunan azərbaycanlıların 
								həmrəylik günü ümumxalq, ümummilli bayrama 
								çevrilmişdir. "Bizim vəzifəmiz, Azərbaycan 
								dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün 
								ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan 
								qayğını, diqqəti göstərsin, onların həyatı ilə 
								maraqlansın və dövlətimiz ilə ayrı-ayrı 
								ölkələrdə olan Azərbaycan icmaları arasında 
								əlaqələri daha da inkişaf etdirsin.  
								Azərbaycanın xaricində yaşayan azərbaycanlılar 
								isə gərək indi müstəqil Azərbaycan ilə daha sıx 
								əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan 
								bütün azərbaycanlıların birliyinin, 
								həmrəyliyinin təmin olunması üçün əsas 
								şərtlərdir" -  deyən ümummilli liderin kursunu 
								möhtərəm Prezidentimiz İlham Əliyev bu gün 
								uğurla davam etdirir. 
								
								
								 Ölkə rəhbəri dövlətçiliyimizin 
								möhkəmləndirilməsində sosial-iqtisadi inkişafla 
								yanaşı, elmi-mədəni potensialın, maddi-mənəvi 
								dəyərlərin qorunmasına xüsusi qayğı ilə yanaşır, 
								insan hüquq və azadlıqlarının müdafiəsi, bir 
								milyondan çox qaçqın və köçkünümüzün taleyüklü 
								problemlərinin həllinə  uzaqgörən siyasəti ilə 
								dəstək olur. 
								
								
								Ölkə rəhbərinin xüsusilə elmin, təhsilin 
								inkişafına qayğısı, bu sahədə aparılan 
								islahatlar elm və təhsil adamlarına yüksək 
								qiymət və  diqqətin təzahürüdür. Humanizm, 
								demokratiya, tədrisin şəxsiyyətyönümlülüyü, 
								milli dəyərlərə hörmət, şəxsiyyətin azad 
								inkişafı və s. bu kimi konseptual prinsiplərə 
								əsaslanan milli təhsil sistemimizin  qurulması   
								Azərbaycanın  təhsil siyasətinin əsasını təşkil 
								edir. Təhsilin keyfiyyətinin təmin edilməsi, 
								idarəetmənin modernləşdirilməsi, bütün təhsil 
								pillələri üzrə yeni kurikulumların hazırlanması, 
								müəllim hazırlığı və ixtisasartırmanın  
								təkmilləşdirilməsi, milli təhsilin beynəlxalq 
								standartlara uyğunlaşdırılması və dünya 
								təhsilinə inteqrasiya,  gənclərin xarici 
								ölkələrdə təhsilinə dair dövlət proqramının 
								imzalanması, ali təhsil müəssisələrində 
								akkreditasiya mexanizminin tətbiqi bu gün 
								Azərbaycan təhsilinin ümumavropa təhsil 
								məkanında tanınmasına xidmət edir.  
								
								
								Ölkənin digər ali təhsil müəssisələri kimi, 
								Azərbaycan Müəllimlər İnstitutu da dövlətin 
								təhsil siyasətini öz fəaliyyəti ilə dəstəkləyir, 
								müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması, 
								kadr hazırlığının təkmilləşdirilməsi sahəsində 
								atılan hər bir addımı yüksək qiymətləndirir. 
								Azərbaycan müəllimi əmindir ki, xalqın varlığı 
								və gələcəyi, milli dövlətçiliyimizin əbədi 
								olaraq davam etməsi dünya azərbaycanlılarının  
								həmrəyliyi və birliyindən asılıdır. 
								
								
								Əziz  həmvətənlərim! Hörmətli elmi elita və 
								dəyərli müəllimlər! 
								
								
								Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü 
								münasibətilə təbrik edir,  əmin-amanlıq, ailə 
								səadəti, xoşbəxtlik arzulayıram. Gözünüzün nuru, 
								qələminizin mürəkkəbi, ağlınızın ziyası dogma 
								Azərbaycanımıza   uğur, qələbə və işıqlı gələcək 
								bəxş etsin!  
								
								
								
								Aqiyə NAXÇIVANLI, 
								AMİ-nin rektoru, 
								professor,  
								Milli Məclisin deputatı  
								 
								
								
								 2011-ci 
								il Azərbaycan üçün uğurlu illərdən biri oldu. 
								Ölkəmizdə analoqu olmayan iqtisadi inkişaf, 
								demokratikləşmə prosesinin dərinləşməsi, 
								xalqımızın maddi rifah halının yaxşılaşması, bir 
								çox sahələrdə mühüm layihələrin icrası  
								istiqamətində xüsusi əhəmiyyətə malik oldu. 
								Siyasi çevrələrdə  Azərbaycanın nüfuzu artdı,  
								ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi 
								üzv seçildi. 
								
								
								Qlobal iqtisadi böhranın bütün dünya 
								iqtisadiyyatına təsir göstərdiyi bir zamanda 
								sona çatmaqda olan ilin yekunlarına görə 
								Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin 
								liderlik səviyyəsində olması və bu faktın 
								dünyanın aparıcı iqtisadi qurumları tərəfindən 
								vurğulanması ölkə başçısı cənab İlham Əliyevin  
								yürütdüyü sosial-iqtisadi siyasətin uğurlu 
								nəticəsini sübut edir.  
								
								
								Respublika Prezidenti cənab İlham Əliyevin 
								imzaladığı 16 proqramın uğurla həyata 
								keçirilməsi təhsilin keyfiyyət və kəmiyyət 
								baxımından inkişafı üçün imkan yaradıb. 
								 
								
								
								Təhsil müəssisələri infrastrukturunun 
								yeniləşdirilməsi, maddi-texniki bazanın 
								möhkəmləndirilməsi sahəsində görülən işlər də 
								ürəkaçan oldu. 2011-ci ildə  dövlət vəsaiti 
								hesabına 65 uşaq bağçasında, 54  məktəbdə və 2 
								məktəbdənkənar təhsil müəssisəsində əsaslı, 23 
								uşaq bağçasında isə cari   təmir işləri uğurla 
								başa çatdı.  
								
								
								Həmişə olduğu kimi, ötən ildə də dövlətin gənc 
								nəslə diqqət və qayğısı konkret rəqəmlərdə, 
								maddi və mənəvi dəstək formasında əksini tapdı. 
								Nəticədə uşaqlar üçün daha yaxşı təhsil, səhiyyə 
								şəraiti yaradılmaqla, onların sağlam böyüməsi, 
								yüksək təhsil alması imkanları bir qədər də 
								genişləndi. 
								
								
								Azərbaycan Respublikasının birinci xanımı, 
								Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun 
								və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin 
								deputatı Mehriban Əliyevanın  təhsil işçilərinə 
								diqqət və qayğısı, məktəbin problem və 
								qayğılarına həssas münasibəti bir çox 
								məsələlərin həllində mühüm vasitə oldu. 
								
								
								İndi Azərbaycan  təhsili sürətlə dünya təhsil 
								sisteminə inteqrasiya edir. Azərbaycan 
								Respublikasının  Prezidenti  cənab İlham 
								Əliyevin  müvafiq  sərəncamına  uyğun  olaraq  
								keçirilən "Ən yaxşı  ümumtəhsil məktəbi" 
								müsabiqəsində qalib gələn 50 məktəbdən  29-u 
								Bakı şəhərinin məktəbləridir.  "Ən yaxşı müəllim"  
								müsabiqəsində  isə  Bakı  şəhəri məktəblərinin  
								49  müəllimi  bu  şərəfli  ada  layiq  görülüb. 
								 
								
								
								İl ərzində ölkə Prezidenti İlham Əliyevin 
								sərəncamları ilə "Əməkdar müəllim" fəxri adına 
								və "Tərəqqi" medalına layiq görülən təhsil 
								işçiləri arasında paytaxt məktəblərinin çoxlu 
								sayda müəlliminin də yer alması əməyimizə 
								verilən qiymətin təzahürüdür.  
								
								
								İlk dəfə 2007 - ci ildə  Bakı Şəhəri üzrə Təhsil  
								İdarəsi tərəfindən irəli sürülən və Təhsil 
								Nazirliyi tərəfindən dəstəklənən məktəbli 
								formasına keçid 2011-ci ildə başa çatdı. İlkin 
								mərhələdə  ümumtəhsil məktəblərinin ibtidai  
								siniflərində tətbiq olunan vahid formaya 5-11-ci 
								sinif şagirdlərinin keçməsi təmin edildi. 
								
								
								2011-ci ildə ali məktəblərə tələbə qəbulunda 
								Bakı məktəblərinin xüsusi çəkisi artıb, 
								məzunlarımızın 47,43 faizi tələbə adını qazanıb. 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarandığı ildə,  
								2006-cı ildə bu rəqəm  34,79 faiz, 2009-cu ildə 
								isə bu rəqəm 41,99 faiz olub.  Bu isə 5 ildə 
								Bakı  məktəbləri üzrə qəbulun  13 faizdən çox 
								artması  deməkdir. Məzunlarımızdan 545 nəfəri  
								600-dən, 1899 nəfəri 500-dən yuxarı balla ali 
								məktəblərə daxil olub, 4 nəfər məzunumuz 
								maksimum 700 bal toplayıb.  
								
								
								Müstəqil Azərbaycanın 20 illik təhsil tarixində 
								ilk dəfə olaraq 2011-ci ildə təhsil aldığı 
								müddətdə xüsusi nailiyyətlər qazanan tam orta 
								təhsil üzrə məzunlar qızıl və gümüş medallarla 
								təltif olunub, 53 şagird qızıl və gümüş 
								medallara layiq görülüb. Sevindirici haldır ki, 
								qızıl medala layiq görülənlərdən  14 nəfəri, 
								gümüş medal alanlardan isə 4 nəfəri Bakı şəhəri 
								məktəblərinin  məzunlarıdır.  
								
								
								Sevindirici məqamlardan  biri də paytaxt 
								məktəblərinin şagirdlərinin fənn 
								olimpiadalarında qazandığı uğurların ildən-ilə 
								artmasıdır.  2006-cı ildə qaliblərin sayı 48 
								nəfər olduğu halda, 2011-ci ildə bu rəqəm 108-ə 
								yüksəlmişdir. 
								
								
								Yaddaqalan hadisələrdən biri də məktəblərimizin 
								İKT sahəsində əldə etdiyi nailiyyətləri təqdim 
								etmək məqsədilə 2011-ci ildə   "İKT-nin tətbiqi 
								- bilik, təcrübə və texnologiya" adlı  təhsil 
								sərgisinin keçirilməsidir ki, bu da ictimaiyyət 
								tərəfindən maraqla qarşılanıb.   
								
								
								30 iyun 2011-ci ildə paytaxtın möhtəşəm 
								saraylarından biri sayılan "Buta"da tam orta 
								təhsili yüksək qiymətlərlə başa vuran, ictimai 
								fəallığı ilə seçilən, həmçinin yüksək təhsil 
								göstəricilərinə görə qızıl və gümüş medallarla 
								təltif olunan 2010-2011-ci dərs ilinin məzunları 
								ilə  keçirilən "Məzun-2011" tədbiri ciddi 
								ictimai marağa səbəb olmaqla yanaşı, gənclərin 
								milli vətənpərvərlik tərbiyəsində mühüm 
								əhəmiyyətə malik oldu. 
								
								
								Əldə olunan uğurlar 2011-ci illə bərabər artıq 
								tarixin bir səhifəsinə çevrildi. İnanırıq ki, 
								2012 - ci il Azərbaycan həqiqətlərinin dünyaya 
								çatdırılması, işğal edilmiş torpaqlarımızın azad 
								edilməsi, həyatımızın ən müxtəlif sahələrində 
								qazanılacaq uğurlar ilə daha yaddaqalan 
								olacaqdır. 
								
								
								Xalqımızı  31 dekabr - Dünya Azərbaycanlılarının 
								Həmrəylik Günü və qarşıdan gələn Yeni il 
								münasibəti ilə Bakı şəhərinin pedaqoji 
								ictimaiyyəti adından təbrik edir, doğma 
								respublikamızın daha da inkişafı, çiçəklənməsi 
								yolunda hər birimizə əzmkarlıq, hər bir ailəyə 
								firavanlıq və xoş gələcək arzulayıram.  
								
								
								
								Nailə RZAQULİYEVA, 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri,  
								əməkdar müəllim  
								 
								
								
								 Bir 
								neçə gündən sonra tarixə qovuşacaq 2011-ci il 
								ölkəmizin həyatında daha bir uğurlu il oldu. 
								Müstəqilliyimizin bərpa olunmasının 20-ci 
								ildönümünü qeyd etdiyimiz bu ildə beynəlxalq 
								aləmdə Azərbaycanın böyük nüfuzunu, sosial-iqtisadi 
								inkişafımızın yüksək sürətini, həyatımızın bütün 
								sferalarının yeniləşməsini nümayiş etdirən bir 
								çox hadisələrin şahidi olduq. İli başa vuraraq 
								biz bir daha ölməz ümummilli liderimiz Heydər 
								Əliyevi xatırlayır, onun xatirəsi qarşısında baş 
								əyirik. Ölkəmizin bütün uğurlarını təmin etmiş 
								müdrik siyasi strategiyanı həyata keçirən 
								Prezident İlham Əliyevin böyük xidmətlərini qeyd 
								edirik. 
								
								
								Yola salmağa hazırlaşdığımız 2011-ci il 
								universitetimizin kollektivi üçün də uğurlu 
								olmuşdur. Mütəxəssis hazırlığının müasirləşməsi 
								və keyfiyyətinin artırılmasında, tədrisin 
								təkmilləşdirilməsində, universitetimizin 
								beynəlxalq əlaqələrinin genişləndirilməsində, 
								kadr hazırlığının məzmununun yeniləşməsində, 
								habelə informasiya-kommunikasiya 
								texnologiyalarının geniş tətbiqində yaxşı 
								göstəricilərə nail olmuşuq. Universitetimiz bir 
								neçə respublika və beynəlxalq səviyyəli 
								konfransa ev sahibliyi etmişdir. Alimlərimiz 
								tərəfindən memarlığa və tikintiyə aid onlarla 
								dərslik, dərs vəsaiti, monoqrafiya yazılıb çap 
								edilmişdir. Avropa Memarlıq Məktəbləri Birliyinə 
								daxil olan universitetimizin tələbə memarlarının 
								layihələri beynəlxalq sərgilərdə nümayiş olunmuş 
								və yüksək diplomlara layiq görülmüşdür. 
								
								
								2011-ci il daha bir mühüm hadisə ilə də bizim 
								universitet üçün əlamətdardır. Möhtərəm 
								Prezidentimiz cənab İlham Əliyevin "Azərbaycan 
								Memarlıq və İnşaat Universitetinin maddi-texniki 
								bazasının yaxşılaşdırılması haqqında" 
								Sərəncamına əsasən universitetimizdə əsaslı 
								təmir və yenidənqurma işləri aparılmışdır. Bu 
								isə tələbə gənclərimizə yaxşı oxumaq, professor-müəllim 
								heyətinə daha yaxşı işləmək, habelə təhsildə 
								daha sürətli modernləşmə və islahatlar aparmaq 
								üçün şərait yaratmışdır. 
								
								
								Qarşıdan yeni il - 2012-ci il gəlir. Bu əziz 
								gündə bütün təhsil işçilərinə, xalqımıza xoş 
								günlər, səadət, əmin-amanlıq arzulayıram! Qoy 
								2012-ci il bütün xalqımız üçün yeni uğurlar, 
								qələbələr ili olsun!  
								
								
								
								Gülçöhrə MƏMMƏDOVA, 
								AMİU-nun rektoru,  
								memarlıq doktoru, professor,  
								Milli Məclisin deputatı  |