| 
								 
								
								
								İqtisadi vəziyyət, təhsilə dövlət qayğısı  
								
								
								 Qeyd 
								etməliyik ki, 2011-ci hesabat ili dünya 
								iqtisadiyyatında qlobal maliyyə böhranının mənfi 
								nəticələrinin aradan qaldırılması istiqamətində 
								tədbirlərin davam etdirilməsi, əksər ölkələrdə 
								iqtisadi geriləmənin, əhalinin maddi 
								gəlirlərinin azalması, sosial sahədə vəziyyətin 
								pisləşməsi, işsizlik səviyyəsinin yüksəlməsinin 
								davam etməsi fonunda yeni böhran dalğası 
								riskinin getdikcə artması ilə yadda qaldı. Lakin 
								əvvəlki illərdə olduğu kimi dünya 
								iqtisadiyyatında baş verən böhran dövründə 
								iqtisadi inkişaf tempini qoruyub saxlaya bilən, 
								son illərdə ümumi daxili məhsulun əhəmiyyətli 
								həcmdə artımını təmin edən, əhalisinin maddi 
								gəlirlərinin artımına və beləliklə də ümumi 
								rifah halının yüksəlməsinə nail olmuş  
								ölkələrdən biri olan Azərbaycan Respublikası 
								2011-ci ildə də iqtisadi inkişaf tempinə görə 
								dünyada qabaqcıl ölkələrin sırasında olmuşdur. 
								Bu da ölkəmizdə əsası vaxtilə ulu öndərimiz 
								Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda 
								möhtərəm Prezidentimiz cənab İlham Əliyev 
								tərəfindən uğurla davam etdirilən  iqtisadi 
								kursun  kifayət qədər düzgün və  uzaqgörənliklə 
								həyata keçirildiyini bir daha göstərir. Belə ki, 
								iqtisadi sferada ölkə rəhbərliyi tərəfindən 
								həyata keçirilən son dərəcə dəqiqliklə 
								düşünülmüş siyasətin nəticəsidir ki, hətta 
								inkişaf etmiş bir sıra dünya ölkələrində belə, 
								təsirləri hələ də ciddi şəkildə davam edən 
								qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatı 
								üçün demək olar ki, fəsadsız  ötüşmüşdür. 
								 
								
								
								Beləliklə, son illərdə dünya iqtisadiyyatında 
								mənfi təsirləri ilə yadda qalan  maliyyə böhranı 
								dövründə və  dünya iqtisadiyyatında yeni böhran 
								dalğasının başlanma riskinin getdikcə artdığı 
								bir şəraitdə ölkəmiz iqtisadi inkişaf 
								meyillərinin və makroiqtisadi sabitliyin qorunub 
								saxlanılması, əsas makroiqtisadi göstəricilər 
								üzrə müsbət nəticələrin əldə olunması, Ümumi 
								Daxili Məhsulun (ÜDM-in) istehsalı üzrə artımın 
								təmin edilməsi, milli iqtisadiyyatın rəqabət 
								qabiliyyətliliyinin yüksəldilməsi, qeyri-neft 
								sektorunun daha intensiv inkişaf etdirilməsi, 
								investisiya mühitinin yaxşılaşdırılması, 
								regionların sosial-iqtisadi inkişafı, 
								sahibkarlığın inkişafına dövlət dəstəyinin 
								artırılması, real sektorun istehsal 
								potensialının artırılması, yeni iş yerlərinin 
								yaradılması, yoxsulluğun səviyyəsinin 
								azaldılması və əhalinin aztəminatlı təbəqəsinin 
								sosial müdafiəsinin, o cümlədən əhalinin pensiya 
								təminatının gücləndirilməsi, ölkənin müdafiə 
								potensialının və hərbi qüdrətinin artırılması, 
								enerji, ərzaq təhlükəsizliyinin 
								möhkəmləndirilməsi və s. istiqamətlərdə 
								əhəmiyyətli nəticələr əldə edə bilmişdir. 
								
								
								Ölkə başçısı möhtərəm Prezident cənab İlham 
								Əliyev bununla bağlı demişdir: "İldən-ilə büdcə 
								xərclərimiz də artır. Gələn il dövlət büdcəmizin 
								xərcləri təqribən 22 milyard dollar həcmində 
								olmalıdır. İcmal büdcə isə 25 milyard dollar 
								səviyyəsində olacaqdır. Bu, çox böyük rəqəmdir, 
								böyük məbləğdir. Əgər biz adambaşına düşən büdcə 
								xərclərini hesablasaq, görərik ki, bu göstərici 
								üzrə Azərbaycan dünya miqyasında ön sıralardadır. 
								Növbəti aylarda, xüsusilə 2012-2013-cü illərdə 
								biz çalışmalıyıq ki, ölkə qarşısında duran əsas 
								infrastruktur layihələrini icra edək...". 
								Ölkəmizin iqtisadi sferasında həyata keçirilən 
								siyasət, onun mahiyyət və istiqamətləri, əldə 
								olunan nəticələr beynəlxalq miqyasda da müsbət 
								şəkildə qiymətləndirilir. Belə ki, son illərdə 
								ölkəmizdə əldə olunan iqtisadi uğurlar dünyanın 
								nüfuzlu beynəlxalq iqtisadi və reytinq 
								təşkilatlarının, o cümlədən Dünya İqtisadi 
								Forumu, "Moody`s İnvestors Services" beynəlxalq 
								reytinq agentliyi, "Fitch Ratings" agentliyinin 
								hesabat və reytinq cədvəllərində yüksək 
								qiymətləndirilmiş və Dünya İqtisadi Forumunun 
								hesabatlarına görə rəqabət qabiliyyətinə görə 
								Azərbaycan MDB məkanında birinci yeri tutmuşdur.          
								 
								
								
								Böyük fəxr hissi ilə qeyd etməliyik ki, hazırda 
								ən prioritet sahə hesab edilən təhsilə 
								dövlətimiz tərəfindən yüksək diqqət və qayğı 
								göstərilir və ölkəmizin iqtisadi qüdrətinin 
								artması fonunda  bu sferaya ayrılan xərclər 
								ildən-ilə vaxtaşırı olaraq əhəmiyyətli dərəcədə 
								artırılır. Bütün bunlar isə möhtərəm 
								Prezidentimizin səsləndirdiyi "Biz maddi 
								dəyərlərimizi, iqtisadi potensialımızı insan 
								kapitalına çevirməliyik" devizinin real həyatda 
								öz əksini tapmasına bariz nümunədir.  
								
								
								  
								
								
								
								Büdcədən təhsilə ayrılan xərclərin artım tempi 
								
								
								  
								
								
								Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən 
								qoyulmuş iqtisadi və sosial inkişaf 
								strategiyasının möhtərəm Prezidentimiz İlham 
								Əliyev tərəfindən uğurla  davam etdirilməsi və 
								ölkə iqtisadiyyatının inkişaf tempinə görə və 
								keyfiyyətcə yeni mərhələyə qədəm qoyması 
								nəticəsində dövlət büdcəsinin, həmçinin dövlət 
								büdcəsindən təhsilə ayrılan xərclərin həcmi 
								dinamik şəkildə artır. Bu dinamik inkişafı 
								aşağıdakı diaqramdan və cədvəldən  daha aydın 
								görmək olar:    
								
								
								
								Dövlət büdcəsinin xərcləri və təhsilə ayrılan 
								xərclər, milyon manatla 
								
								  
								
								   
								
								
								Cədvəldən göründüyü kimi, son 9 il ərzində 
								dövlət büdcəsindən təhsilə ayrılan xərclər 6 
								dəfə artmışdır. Qeyd olunan artım təhsilin bütün 
								pillə və səviyyələrini əhatə etmişdir. Belə ki, 
								təhsil işçilərinin əməkhaqları, tələbə və 
								şagirdlərin təqaüdləri artırılmış, təhsil 
								müəssisələrinin maddi-texniki bazası 
								möhkəmləndirilmiş və təhsilin məzmununda mühüm 
								irəliləyişlər əldə edilmişdir.  
								
								
								Təhsil işçilərinin orta aylıq nominal əməkhaqqı 
								son 9 ildə 6.4 dəfədən çox artmışdır. Bu isə 
								təhsil işçilərinin sosial vəziyyətinin 
								yaxşılaşdırılmasına dövlətin daim yüksək diqqət 
								və qayğı göstərməsinin təzahürüdür. Belə ki, 
								qeyd olunan diqqət və qayğının nəticəsi olaraq 
								bu günlərdə ölkə Prezidentinin müvafiq 
								sərəncamlarına əsasən minimum aylıq əməkhaqqı və 
								təhsil işçilərinin (ali təhsil istisna olmaqla) 
								əməkhaqqı, eləcə də doktorantlara, ali təhsil, 
								orta ixtisas və ilk peşə-ixtisas təhsili 
								müəssisələrinin tələbələrinə və şagirdlərinə 
								verilən təqaüdlərin məbləğləri 10% artırılmışdır.
								 
								
								
								Son 9 il ərzində təhsil işçilərinin orta aylıq 
								nominal  əməkhaqlarının artım tempini və 
								məbləğlərini aşağıdakı diaqram və cədvəldən daha 
								əyani şəkildə  görmək olar:   
								
								
								
								Təhsil işçilərinin orta aylıq nominal 
								əməkhaqlarının artım tempi, manatla 
								
								  
								
								
								Təhsilə ayrılan vəsaitlərin artımı həmçinin 
								təhsilin bütün səviyyələrində bir təhsilalana 
								düşən illik xərclərin də artmasına birbaşa 
								təsirini göstərmişdir. Bu artım son  4 ilin 
								timsalında aşağıdakı kimi olmuşdur:  
								
								
								
								Təhsilin pillələri üzrə bir təhsilalana düşən 
								illik xərclərin 2008-2011-ci illər üzrə artım 
								tempi 
								
								  
								
								
								
								Birbaşa Təhsil Nazirliyinə  ayrılan vəsaitlər  
								
								
								Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin 
								artmasına rəğmən birbaşa Təhsil Nazirliyinə 
								ayrılan vəsaitlərin də həcmi aşağıdakı 
								diaqramdan göründüyü kimi son 9 ildə 16.6 dəfə 
								artmışdır.      
								
								
								
								Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin 
								tərkibində birbaşa Təhsil Nazirliyinə ayrılan 
								vəsaitlərin artım tempi, min manatla 
								
								
								
								  
								
								
								Birbaşa Təhsil Nazirliyinə ayrılan vəsaitlərin 
								həcminin artması həmçinin son illərdə təhsil 
								sahəsində həyata keçirilən dövlət proqramları 
								ilə də əlaqədardır. 
								
								
								Qeyd etməliyik ki, möhtərəm Prezident İlham 
								Əliyevin  rəhbərliyi ilə hazırda Azərbaycanda 
								iqtisadiyyatın müxtəlif sahələrində əldə olunan 
								uğurlarda dövlət proqramlarının rolu mühüm və 
								danılmazdır. Sirr deyil ki, məhz təhsildə son 
								illərdə əldə olunan uğurların əsas hissəsi bu 
								sahədə həyata keçirilən müxtəlif dövlət 
								proqramlarının icrasının nəticəsidir. Belə ki, 
								hazırda təhsil sahəsində dövlətin maliyyə 
								təminatı sayəsində  16-dan çox dövlət proqramı 
								uğurla icra edilir.         
								
								
								Təhsil sahəsində icra edilən dövlət proqramları 
								sayəsində bütövlükdə təhsil infrastrukturunun və 
								təhsilin məzmununun  yeniləşdirilməsi 
								istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, 
								təhsil müəssisələrinin maddi-texniki bazası 
								möhkəmləndirilmiş, məktəblərin informasiya-kommunikasiya 
								texnologiyaları ilə təminatının əhatə dairəsi 
								genişləndirilmiş, ali təhsildə yeni maliyyələşmə 
								mexanizminin tətbiqinə başlanılmış və ölkəmizin 
								təhsil tarixində digər yeniliklərə imza 
								atılmışdır.   
								
								
								
								2012-ci ilə dövlət büdcəsi və təhsil xərcləri  
								
								
								Məlum olduğu kimi, "Azərbaycan Respublikasının 
								2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan 
								Respublikasının 2011-ci il 06 dekabr tarixli 
								257-İVQ nömrəli Qanunu qüvvəyə minmişdir. Qeyd 
								olunan Qanuna əsasən Azərbaycan   
								Respublikasının   2012-ci    il   dövlət   
								büdcəsinin gəlirləri 16438000,0  min   manat,   
								xərcləri   17072000,0   min manat (o cümlədən, 
								mərkəzləşdirilmiş gəlirləri 15938610,5 min 
								manat, yerli gəlirləri 499389,5  min manat və 
								mərkəzləşdirilmiş xərcləri 15779160,0 min manat, 
								yerli xərcləri 1292840,0 min  manat) məbləğində 
								təsdiq edilmişdir. 
								
								
								Beləliklə, 2012-ci ildə dövlət büdcəsinin 
								xərcləri 17.072,0 milyon manat 
								proqnozlaşdırılmışdır ki, bu da 2011-ci ilin 
								müvafiq göstəricisindən 1.130,7 milyon manat və 
								ya 7.1 % çoxdur. 
								
								
								2012-ci ildə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 
								43.454,8 milyon manat proqnozlaşdırılır ki, bu 
								da 2011-ci il üzrə gözlənilən müvafiq 
								göstəricidən 1.051,6 milyon manat və ya 2.5 % 
								çoxdur.    
								
								
								2012-ci ilin dövlət büdcəsinin gəlirlərinin 
								hesablanmasında 1 barrel neftin qiyməti 80 ABŞ 
								dolları ilə nəzərə alınmışdır. 2012-ci ildə 
								inflyasiyanın orta illik səviyyəsinin isə 6% 
								olacağı proqnozlaşdırılır.  
								
								
								Ümumiyyətlə, ölkəmizin 2012-ci il və sonrakı üç 
								il üzrə iqtisadi və sosial-iqtisadi inkişaf 
								konsepsiyasına görə növbəti illərdə həyata 
								keçiriləcək büdcə siyasətinin əsas məqsədləri 
								maliyyə intizamının gücləndirilməsinə, 
								şəffaflığın daha da artırılmasına, qeyri-neft 
								sektorunun dayanıqlı inkişafına, makroiqtisadi 
								vəziyyətin sabit saxlanılmasına, ölkə 
								iqtisadiyyatının dinamik inkişafının 
								stimullaşdırılmasına nail olmaqdan ibarət 
								olacaqdır.  
								
								
								Növbəti ilin  dövlət büdcəsində xərclərin 
								istiqamətləri və bu xərclərin dövlət büdcəsinin 
								ümumi xərclərində xüsusi payı aşağıdakı kimi 
								proqnozlaşdırılır:   
								
								
								
								2012-ci ilin dövlət büdcəsində xərclərin 
								istiqamətləri və bu xərclərin dövlət büdcəsinin 
								ümumi xərclərində xüsusi payı, %-lə 
								
								  
								
								
								Növbəti ildə iqtisadi təyinatına görə ümumi 
								büdcə xərclərinin 15,3%-nin əməyin ödənişinə, 
								13,7%-nin malların (iş və xidmətlərin) 
								satınalınmasına, 10,1%-nin təqaüd və sosial 
								müavinətlərin ödənilməsinə, 41,7%-nin qeyri-maliyyə 
								aktivlərinin alınmasına, 1,7%-nin subsidiya və 
								cari transferlərə, 1,2%-nin öhdəliklər üzrə 
								əməliyyatlara, 1%-nin qrantlar və digər 
								ödənişlərə, 0,9%-nin faizlər üzrə ödənişlərə və 
								14,4%-nin digər ödənişlərə sərf ediləcəyi 
								proqnozlaşdırılır. 
								
								
								2012-ci dövlət büdcəsində təhsil xərclərinin 
								xüsusi payı 9,3% olmaqla  1582937,2 min manat 
								nəzərdə tutulmuşdur ki, bu da 2011-ci illə 
								müqayisədə 183137,2 min manat və ya 13,1% çoxdur.
								 
								
								
								Qeyd edək ki, 2012-ci il və sonrakı üç il üzrə 
								iqtisadi və sosial iqtisadi inkişaf 
								konsepsiyasına görə təhsilin bütün pillələrində 
								maddi-texniki bazanın gücləndirilməsi, tədris 
								şəraitinin yaxşılaşdırılması, təhsil sahəsində 
								informasiya texnologiyalarının tətbiqinin 
								genişləndirilməsi, məktəb kitabxanalarının 
								fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, 
								Boloniya prosesindən irəli gələn tədbirlərin 
								həyata keçirilməsi, bu sahədə qanunvericiliyin 
								təkmilləşdirilməsi, yüksək ixtisaslı kadrların 
								hazırlanması, o cümlədən neft və qaz gəlirləri 
								hesabına xarici ölkələrdə təhsil almaq 
								imkanlarının genişləndirilməsi növbəti illərdə 
								əsas prioritetləri təşkil edəcəkdir.  
								
								
								2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 
								təhsil xərclərinin strukturu aşağıdakı kimidir: 
								
								  
								
								
								Qeyd etmək lazımdır ki, növbəti ilin büdcəsində 
								nəzərdə tutulan təhsil xərclərinin əsas hissəsi 
								əvvəlki illərdə olduğu kimi əməyin ödənişi ilə 
								bağlı olacaqdır. Bunu aşağıdakı diaqramdan daha 
								aydın görmək olar.  
								
								
								
								2012-ci ilin dövlət büdcəsində iqtisadi təsnifat 
								üzrə xərclərin strukturu 
								
								  
								
								
								2012-ci idə dövlət büdcəsindən təhsil sektoruna 
								424,8 milyon manat investisiya xərclərinin (əsaslı 
								vəsait qoyuluşunun) yönəldiləcəyi 
								proqnozlaşdırılır. 
								
								
								Növbəti ildə birbaşa  Təhsil Nazirliyinə "Təhsil" 
								bölməsi üzrə 396.089,0 min manat  vəsaitin 
								ayrılması nəzərdə tutulmuşdur ki, bu da  təhsil 
								xərclərinin 25%-ni təşkil edir. 
								
								
								Tabelikdə olan və mərkəzləşmiş xərclərdən 
								maliyyələşən təşkilatların saxlanılması,  
								həmçinin dövlət proqramlarının icrası və s. ilə 
								bağlı Təhsil Nazirliyinə 2011-ci ildə ayrılması 
								nəzərdə tutulmuş 396.089,0 min manat vəsaitin: 
								
								
								- 208.816,8 min manatını və ya 52,7%-ni təhsil 
								işçilərinin əməkhaqqı, əməkhaqqına üstəliklər və 
								əməyin ödənişi ilə bağlı digər xərclər; 
								
								
								-  4.065,0  min manatını və ya  1,0%-ni cari və 
								əsaslı təmir xərcləri; 
								
								
								- 103.751,9 min manatını və ya 26,2%-ni təhsil 
								müəssisələrinin maddi-texniki bazasının 
								möhkəmləndirilməsi və digər malların (iş və 
								xidmətlərin) satınalınması ilə bağlı xərclər; 
								
								
								-   24441,6 min manatını və ya 6,2%-ni ali 
								təhsil müəssisələrində dövlət sifarişi üzrə kadr 
								hazırlığının həyata keçirilməsi ilə bağlı 
								xərclər; 
								
								
								-  12.704,1 min manatını və ya 3,2%-ni kommunal 
								və kommunikasiya xidmətləri üzrə xərclər; 
								
								
								-  21.690,9 min manatını və ya 5,5%-ni təqaüd 
								xərcləri  və digər sosial müavinətlər; 
								
								
								-  10.330, 3 min manatını və ya 2,6%-ni  ərzaq 
								məhsullarının alınması xərcləri;   
								
								
								- 10.288,4 min manatını və ya 2,6%-ni  sair cari 
								xərclər  (dərmanların, sarğı ləvazimatlarının, 
								dəftərxana və təsərrüfat mallarının   alınması,  
								mətbəə, mühafizə,  ezamiyyə, yanacaq, nəqliyyat 
								xidməti, bank xərcləri və sair xərclər) təşkil 
								edir. 
								
								
								Təhsil sahəsində həyata keçirilən bir sıra 
								dövlət proqramlarının və xüsusi əhəmiyyətli 
								tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin 
								2012-ci ilə proqnozlaşdırılan büdcəsinin 11,8 
								%-i həcmində və yaxud  46.753,1 min manat 
								məbləğində  vəsait  nəzərdə tutulmuşdur. 
								
								
								Həmin proqramların icrası və tədbirlərin həyata 
								keçirilməsi ilə bağlı 2012-ci ilə nəzərdə 
								tutulan vəsaitlər üzrə proqnoz göstəriciləri 
								aşağıdakı kimidir: 
								
								
								- 8.100,0 min manat respublikanın ümumi təhsil 
								məktəblərində oxuyan şagirdlərin pulsuz 
								dərsliklərlə təmin olunması üçün; 
								
								
								- 16.435,6 min manat Azərbaycan Respublikası 
								Prezidentinin 10 iyun 2008-ci il tarixli 2856 
								nömrəli Sərəncamı ilə təsdiq edilmiş 
								"2008-2012-ci illərdə Azərbaycan Respublikasında 
								təhsil sisteminin informasiyalaşdırılması üzrə 
								Dövlət Proqramı"nın icrası üçün; 
								
								
								- 257,0 min  manat Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 
								20 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan 
								Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq 
								imkanları məhdud) uşaqların təhsilinin təşkili 
								üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)"na 
								əsasən nəzərdə tutulan tədbirlər üçün; 
								
								
								- 748,5 "SOS Uşaq Kəndləri - Azərbaycan" 
								Assosiasiyası üzrə tədbirlərin icrası üçün; 
								
								
								- 1.364,0 min manat Azərbaycan Respublikası 
								Prezidentinin 29 mart 2006-cı il tarixli 1386 
								nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 
								Respublikasında dövlət uşaq müəssisələrindən 
								uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) 
								və alternativ qayğı Dövlət Proqramı 
								(2006-2015-ci illər)"nın icrası  üçün; 
								
								
								- 300,0 min manat iqtisadi maarifləndirmə ilə 
								bağlı xərclər üçün; 
								
								
								-8.474,0 min manat  "Azərbaycan Respublikasında 
								məktəbəqədər təhsilin yeniləşdirilməsi 
								Proqramı"nın icrası üçün; 
								
								
								-2.150,0 min manat məktəb kitabxanalarının maddi-texniki 
								bazasının möhkəmləndirilməsi və müasir 
								informasiya texnologiyaları ilə təchizatına dair 
								tədbirlər üçün; 
								
								
								- 1.698,0 min manat Azərbaycan Respublikası 
								Prezidentinin 03 iyul 2007-ci il tarixli 2282 
								nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Texniki 
								peşə təhsilinin İnkişaf Proqramı (2007-2012-ci 
								illər)"nın icrası üçün;  
								
								
								- 266,0 min manat Respublika Prezidentinin 
								müvafiq sərəncam və fərmanlarına əsasən gənc 
								istedadlara xüsusi təqaüdlərin ödənilməsi üçün; 
								
								
								- 1.000,0 min manat ilin ən yaxşı ümumi təhsil 
								məktəbi və ən yaxşı müəllim mükafatlarının 
								ödənilməsi üçün;  
								
								
								- 2.500,0 min manat ümumi təhsil məktəblərinə 
								tədris laboratoriya (fizika, kimya, biologiya) 
								avadanlıqlarının alınması üçün; 
								
								
								- 1.560,0 min manat "2009-2014-cü illərdə 
								Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət 
								Proqramı"nın icrası üçün; 
								
								
								- 1.900,0 min manat "2010-2013-cü illərdə 
								Azərbaycan Respublikasının orta ixtisas təhsili 
								sistemində islahatlar üzrə Tədbirlər 
								Proqramı"nın icrası üçün.  
								
								
								
								Ali təhsildə aparılan maliyyə islahatının mövcud 
								vəziyyəti  
								
								
								Məlum olduğu kimi, ölkə Prezidentinin "Ali 
								təhsil müəssisələrində yeni maliyyələşmə 
								mexanizminin tətbiq edilməsi barədə " 10 fevral 
								2010-cu il tarixli Fərmanına  əsasən 
								2010-2011-ci tədris ilindən başlayaraq 
								Azərbaycan Respublikası ərazisində fəaliyyət 
								göstərən ali təhsil müəssisələrində dövlət 
								büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin 
								dövlət sifarişi əsasında adambaşına 
								maliyyələşdirmə prinsipi əsasında həyata 
								keçirilir.  
								
								
								Qeyd etməliyik ki, yeni maliyyələşmə 
								mexanizminin tətbiq edilməsi Azərbaycanın ali 
								təhsil sistemində yeni bir mərhələnin 
								başlanmasına təkan vermişdir. 
								
								
								Yeni mexanizmin tətbiqi ilə əlaqədar olaraq 
								Respublika Maliyyə Nazirliyinin müvafiq əmri ilə 
								təsdiq edilmiş bölgülərə əsasən müvafiq ali 
								təhsil müəssisələrində dövlət sifarişi üzrə kadr 
								hazırlığının həyata keçirilməsi məqsədilə 2010-cu 
								ildə 6081933 manat, 2011-ci ildə isə 24 574 033 
								manat vəsait dövlət sifarişi üzrə tələbə qəbul 
								etmiş  ali məktəblərin hesabına köçürülmüş və bu 
								vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə 
								əlaqədar həmin ali məktəblərə tapşırıqlar 
								verilmişdir.  
								
								
								Ali təhsildə yeni maliyyələşmə mexanizminin 
								tətbiqinə başlanılmasından keçən qısa müddət 
								ərzində bu istiqamətdə bir sıra ilkin müsbət 
								nəticələr əldə olunmuşdur. Belə ki, mülkiyyət 
								formasından və tabeçiliyindən asılı olmayaraq 
								bütün ali   məktəblərin dövlət sifarişi üzrə 
								kadr hazırlığında iştirakı üçün bərabər imkanlar 
								yaradılmış, abituriyentlərin, həmçinin dövlət 
								sifarişi üzrə qəbul olmuş tələbələrin seçim 
								imkanları artırılmış, dövlət ali məktəblərinin 
								maliyyə müstəqilliyi və səlahiyyətləri 
								artırılmış, dövlət sifarişi üzrə kadr 
								hazırlığının yerinə yetirilməsi üçün dövlət ali 
								təhsil müəssisələrinə ayrılan büdcə 
								vəsaitlərinin ilin sonunda dövlət büdcəsinə 
								silinməməsinə nail olunmuş və digər bir sıra 
								müsbət nəticələr əldə edilmişdir. 
								
								
								Ali təhsildə yeni maliyyələşmə mexanizminin 
								tətbiqi ilə bağlı əldə olunan mühüm nəticələrdən 
								biri də dövlət ali təhsil müəssisələrində 
								ödənişli formada təhsil alan və ödənişdən azad 
								olunan məcburi köçkün statuslu tələbələrin 
								təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti 
								hesabına ödənilməsidir. 
								
								
								Belə ki, Azərbaycan Respublikasının Prezidenti 
								cənab İlham Əliyevin "Azərbaycan Respublikasının 
								dövlət ali təhsil müəssisələrində ödənişli 
								əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil 
								xərclərinin ödənilməsi haqqında" cari ilin 
								sentyabr ayında imzaladığı Sərəncama əsasən 
								2011-2012-ci tədris ilindən etibarən dövlət ali 
								təhsil müəssisələrinin bakalavriat və 
								magistratura təhsil səviyyələrinə yeni qəbul 
								olunmuş və ödənişli əsaslarla təhsil alan 
								məcburi köçkün statusu olan Azərbaycan 
								Respublikası vətəndaşlarının təhsil müddəti 
								ərzində təhsil haqqı Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 
								120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil 
								xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti 
								hesabına ödənilir. Qeyd olunan Sərəncamın icrası 
								olaraq 2011-2012-ci tədris ilində dövlət ali 
								təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul 
								olmuş 1676 məcburi köçkün statuslu tələbənin 
								təhsil xərclərinin ödənilməsi məqsədilə 37 
								dövlət ali təhsil müəssisəsinə  ümumilikdə  
								2750200 manat vəsait ayrılmışdır.  
								
								
								Lakin qeyd olunan müsbət nəticələrlə yanaşı yeni 
								maliyyələşmə mexanizminin tətbiqinin ilkin 
								mərhələsində ortaya çıxmış bir sıra problemlərin 
								həllinə ciddi zərurət yaranmışdır. Bununla 
								əlaqədar olaraq, ilk növbədə, dövlət sifarişi 
								üzrə hər bir təhsilalana düşən illik  xərclərin 
								məbləğlərinin artırılması, bundan əlavə, oxşar 
								və eynitipli ixtisaslar üzrə bir təhsilalana 
								düşən təhsil xərclərinin miqdarının da yenidən 
								baxılaraq uyğunlaşdırılması, ali məktəblər üzrə 
								bəzi ixtisaslara olan inhisarçılığın aradan 
								qaldırılması, ali məktəblərin büdcədənkənar 
								vəsaitlərin idarə olunmasında səlahiyyətlərinin 
								artırılması, bu baxımdan  büdcədənkənar 
								vəsaitlər üzrə gəlir və xərclər smetalarının 
								təsdiq edilməsi və il ərzində büdcədənkənar 
								vəsaitlər üzrə gəlir və xərclərin 
								dürüstləşdirilməsi prosedurlarının 
								sadələşdirilməsi, bu səlahiyyətlərin ali 
								məktəblərə verilməsi və ilin sonunda 
								büdcədənkənar vəsaitlər üzrə gəlirlərin dövlət 
								büdcəsinə silinməməsi və bu vəsaitin növbəti ilə 
								keçirilməsi ilə bağlı tədbirlərin görülməsi, 
								özəl ali təhsil müəssisələrinin dövlət 
								sifarişində iştirakının stimullaşdırılması, 
								eləcə də özəl ali təhsil müəssisələrinə dövlət 
								sifarişi üzrə kadr hazırlığının yerinə 
								yetirilməsi ilə bağlı ayrılan büdcə 
								vəsaitlərinin vergiyə cəlb edilməməsinin təmin 
								edilməsi kimi tədbirlərin reallaşdırılması 
								zəruri əhəmiyyət kəsb edir. 
								
								
								Ali təhsildə yeni maliyyələşmə mexanizminin 
								tətbiqi ilə bağlı qarşıya çıxan problemlərin 
								aradan qaldırılması məqsədilə Təhsil, Maliyyə və 
								İqtisadi İnkişaf  nazirliklərinin birgə 
								əməkdaşlığı əsasında vaxtaşırı olaraq təkliflər 
								hazırlanır. Hazırda beynəlxalq və yerli 
								ekspertlərin iştirakı ilə bu istiqamətdə 
								əhəmiyyətli işlər aparılır.   
								
								
								Ümumiyyətlə, ölkəmizdə son illərdə əldə olunan 
								sürətli və davamlı sosial-iqtisadi inkişaf tempi 
								Azərbaycanın seçdiyi və əsası ümummilli 
								liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş  
								iqtisadi inkişaf modelinin kifayət qədər 
								mükəmməl olduğunu və bu inkişaf yolunun möhtərəm 
								Prezidentimiz İlham Əliyev tərəfindən layiqli 
								şəkildə davam etdirildiyini bir daha təsdiq edir 
								və qarşıdakı dövr ərzində də ölkəmizin həm 
								təhsil, həm də digər sahələrdə yeni uğurlar 
								qazanacağına əsaslı zəmin yaradır.  
								
								
								
								Şahrza ƏLİYEV, 
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								İqtisadiyyat şöbəsinin müdiri,  
								iqtisad elmləri üzrə fəlsəfə doktoru  |