| 
								 
								
								
								ABŞ-ın Montana  Universitetində "Kurikulum 
								hazırlığı" kursu üzrə təhsil alan  kurikulum 
								mütəxəssisi və kifayət qədər pedaqoji staja 
								malik  Azərbaycan dili və ədəbiyyat, fizika 
								müəllimləri kimi ölkəmizin təhsil sistemində 
								aparılan qiymətləndirmələr barədə öz 
								mülahizələrimizi  oxucularla bölüşmək istəyirik.
								
								
								  
								
								
								 Son 
								zamanlar KİV-də təhsilin keyfiyyətindən bəhs 
								edən çoxlu sayda yazılara rast gəlirik. Yazı 
								müəllifləri təhsilin keyfiyyət parametrlərini, 
								onun ölçülmə xüsusiyyətlərini təsvir edir, 
								fərqli formalı və məzmunlu məsələləri müqayisə 
								edərək nəticəyə gəlməyə çalışırlar. Qeyd edək ki, 
								təhsilin keyfiyyətinin müəyyən edilməsində 
								qiymətləndirmənin nəticələrindən istifadə etmək 
								üçün onun nə məqsədlə aparıldığını, kimin 
								qiymətləndirildiyini və qiymətləndirmənin hansı 
								meyarlarla keçirildiyini nəzərə almaq çox 
								vacibdir. Hazırda ölkəmizdə iki məqsədə görə 
								mərkəzləşdirilmiş qaydada qiymətləndirmə 
								aparılır: buraxılış və qəbul imtahanları. 
								Nədənsə, KİV-də ölkəmizin ümumi təhsil 
								sisteminin keyfiyyəti haqqında mühakimə yürütmək 
								üçün yalnız qəbul imtahanlarının  nəticələrindən 
								istifadə edilməsi faktına rast gəlirik. 
								
								
								Bildiyimiz kimi, keyfiyyət öyrənilən hədəfin 
								müəyyən olunmuş standartlara uyğunluğunu  
								bildirir. Onun parametrləri  standarta nə qədər 
								uyğun olarsa, keyfiyyətin də bir o qədər yüksək 
								olduğu müəyyən olunur. Bu baxımdan, şagirdlərin 
								təlim nəticələrinin obyektiv  qiymətləndirilməsi 
								ilə əldə edilmiş  məlumatlar da ümumi təhsilin  
								keyfiyyətini müəyyən etmək üçün əsas mənbədir 
								desək, yanılmarıq.   
								
								
								Bəs təhsilin keyfiyyətini müəyyən edən 
								qiymətləndirmə hansı  özünəməxsus xüsusiyyətlərə 
								malik olmalıdır? 
								
								
								İlk növbədə onu qeyd edək ki, cəlb edilənlər 
								eyni parametrlər üzrə eyni səviyyədə 
								qiymətləndirilməlidir. Yəni  ölkənin coğrafi 
								ərazisi, şəhər və kənd məktəbləri, şagird 
								kontingenti böyük və kiçik olan  məktəblər eyni 
								səviyyədə təmsil olunmalıdır.  
								
								
								Bu parametrləri nəzərə alsaq, qəbul 
								imtahanlarının nəticələri əsasında təhsilin 
								keyfiyyətinə qiymət verilməsinin birtərəfli 
								yanaşma olduğunu görmək mümkündür. Çünki burada 
								təhsilin keyfiyyətinə qiymət vermək üçün vacib 
								olan məsələyə kompleks yanaşma faktı kənarda 
								qalır. Belə ki, təhsilin keyfiyyəti barədə söz 
								demək üçün təhsil müəssisələrinin fəaliyyətindən 
								tutmuş  valideyn - məktəb  əlaqələrinə qədər 
								bütün məsələlər öyrənilməlidir. 
								
								
								TQDK-nın apardığı qəbul imtahanları  yalnız 
								müraciət edən abituriyentlərin bilik və 
								bacarıqlarını  qiymətləndirdiyinə görə ölkənin 
								bütün coğrafi ərazilərinin və müxtəlif tipli 
								məktəblərin təmsil olunmasından söhbət gedə 
								bilməz. Belə ki, bir ildə hər hansı bir 
								regiondan  böyük sayda müraciətlər olduğu halda,  
								bir neçə il sonra  bu nisbət dəyişə bilər. 
								
								
								Deyilənlərə TQDK-nın müxtəlif fənlər üzrə qəbul 
								imtahanları üçün hazırlanan test 
								tapşırıqlarındakı müəyyən çatışmazlıqları  və bu 
								çatışmazlıqların abituriyentlər üçün yaratdığı 
								çətinlikləri  də əlavə etsək, təsvir etmək 
								istədiyimiz mənzərə hamı üçün aydın olar. 
								
								
								İlk olaraq imtahanqabağı hazırlıq keçən  
								abituriyentlərin istifadə etdiyi ədəbiyyatlardan 
								danışmaq istərdik. Məlumdur ki, seçim və 
								müsabiqə yolu ilə keçirilən qəbul imtahanlarına 
								hazırlaşan abituriyentlər üçün  dərsliklər əsas 
								mənbə sayılsa da, onlar digər köməkçi 
								vəsaitlərdən də istifadə edirlər. Qeyd etməliyik 
								ki, abituriyentlərin müraciət etdiyi  həmin 
								vəsaitlərdə dərslikdə olmayan, həm abituriyent, 
								həm də müəllim üçün anlaşılmazlıq yaradan, elm 
								sahəsində mübahisə doğuran məsələlərin öz əksini 
								tapması təəssüf doğurmaya bilmir. Belə hallara 
								TQDK-nın hazırladığı müxtəlif fənlər üzrə 
								vəsaitlərdə rast gəlinir. Bunlardan bir neçəsini  
								diqqətə çatdırmaq istəyirik. 
								
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								07.04.2005-ci il tarixli, 227 nömrəli əmri ilə 
								təsdiq edilən və 2009-cu ildə təkrar nəşr olunan  
								ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün 
								ədəbiyyat dərsliyinin 65-ci  səhifəsində yazılır:
								 
								
								
								
								"Nəsimi Şərq şerinin məsnəvi, qəsidə, qəzəl, 
								tuyuq, müstəzad, tərcibənd, müləmmə kimi 
								şəkillərindən öz yaradıcılığında istifadə 
								etmişdir". 
								Yəni, başqa sözlə desək, Nəsiminin yalnız əruz 
								vəznində yazdığı nəzərə çatdırılır. 
								
								
								Lakin TQDK-nın "Ədəbiyyat fənni üzrə vəsait"ində 
								Nəsiminin əruz vəzni ilə yanaşı, heca vəzninin 
								varsağı janrında da yazdığı qeyd olunur: 
								
								
								
								"...Lakin Nəsiminin heca vəznli şeirləri də 
								vardır. Onun türkcə divanında təsadüf edilən 
								heca vəznli şeirləri varsağı formasındadır" 
								(TQDK, Ədəbiyyat fənni üzrə vəsait, 2010, səh.120). 
								
								
								Görəsən, abituriyent hansı faktı düzgün qəbul 
								etsin?! Axı dərslikdə olmayan, akademik 
								səviyyədə hələ də öz həllini tapmayan subyektiv 
								mühakimənin, faktın vəsaitə gətirilməsi nə 
								dərəcədə doğrudur?! 
								
								
								Eyni faktlarla TQDK-nın Azərbaycan dili fənni 
								üzrə hazırladığı vəsaitdə də qarşılaşırıq.
								 
								
								
								TQDK-nın "Azərbaycan dili fənni üzrə vəsait"ində 
								dərslikdə olmayan anlayışların işlədilməsi (dodaq 
								və damaq ahəngi, omonimlərin cinas qafiyəsi 
								yaratması, dublet, mütləq və nisbi sinonimlik 
								anlayışları, morfemika və s.), fonetika bəhsində 
								müşahidə olunan böyük bir sistemsizlik, bəzi 
								sözlərin orfoepiyasına ikili münasibət (məsələn, 
								səhifə 571-də ağac sözünün [ağaç], 
								ağacdələn sözünün [ağaçdələn] şəklində 
								yazılmasına baxmayaraq, eyni sözlər 572-ci 
								səhifədə müvafiq olaraq, [ağaş] və [ağaşdələn] 
								formasında yazılmışdır.) nəinki abituriyent, 
								eyni zamanda müəllim üçün də  çətinlik yaradır. 
								
								
								Dərslikdən məlumdur ki, əvəzlik bütün əsas nitq 
								hissələrini əvəz edir. TQDK-nın "Azərbaycan dili 
								fənni üzrə vəsait"ində isə,  subyektiv 
								mühakimənin nəticəsi kimi qeyd olunur ki, 
								əvəzlik fel istisna olmaqla, digər əsas nitq 
								hissələrini əvəz edir: 
								
								
								
								"Əsas nitq hissələrinin sualları (fel istisna 
								olmaqla) sual əvəzliklərinə daxil olur" 
								(TQDK, Azərbaycan dili fənni üzrə vəsait, 2010, 
								səh.173). 
								
								
								Tabelilik  əlaqəsi sayılan idarə əlaqəsinin 
								ancaq müstəqil leksik mənalı sözlər arasında 
								mövcud olması danılmaz elmi faktdır. TQDK-nın 
								Azərbaycan dili fənni üzrə hazırladığı vəsaitdə 
								isə qoşmaların da özlərindən əvvəlki sözü idarə 
								etdiyi, yəni həmin sözlə idarə əlaqəsində olduğu 
								yazılır: 
								
								
								"Qoşmalar da özündən əvvəlki sözləri idarə edə 
								bilir" (TQDK, Azərbaycan dili fənni üzrə vəsaiti, 
								2010, səh. 323). Bəs  qoşmanın tərifində nə 
								deyilir?!  
								
								
								"İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq 
								halında olan sözlərə qoşularaq  müəyyən məna 
								çaları yaradan köməkçi nitq hissəsinə qoşma 
								deyilir"(Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin 23.03.2008-ci il tarixli, 357 
								nömrəli əmri ilə təsdiq edilmiş  ümumtəhsil 
								məktəblərinin VII sinfi üçün "Azərbaycan dili" 
								dərsliyi, 2011, səh.114). Yəni söz hallanır, 
								sonra qoşma ona qoşulur. 
								
								
								Deməliyik ki, hər bir müəllifin istənilən bir 
								məsələyə öz baxışı ola bilər. Amma  
								abituriyentin imtahanlara hazırlaşması üçün 
								nəzərdə tutulan hər hansı bir vəsait heç bir 
								halda fikir mübadiləsi poliqonuna çevrilə bilməz! 
								
								
								Yuxarıda sadaladığımız nəzəri səhvlərlə yanaşı, 
								TQDK-nın Azərbaycan dili və ədəbiyyat fənni üzrə 
								vəsaitlərindəki  test tapşırıqlarının bəzisinin, 
								sanki tələsik yazıldığından iki düzgün cavabla 
								və ya, ümumiyyətlə, düzgün cavab qeyd olunmadan 
								tərtib olunması tələbə qəbulu kimi mühüm, 
								strateji bir prosesi həyata keçirən qurum üçün 
								mənfi hal sayılır. 
								
								
								Bu vəsaitlər qəbul imtahanlarına hazırlaşan 
								abituriyentlər üçün ədəbiyyat siyahısına 
								salındığından, onların həmin vəsaitlərdən 
								istifadə etməsi icbari xarakter daşıyır. Bu 
								mənada abituriyentlərin başqa yolu da yoxdur.
								 
								
								
								TQDK-nın qəbul imtahanları üçün hazırladığı test 
								nümunələrində də müəyyən çatışmazlıqlarla 
								qarşılaşırıq.  
								
								
								Məsələn, 03.07.2011-ci il tarixində III qruplar 
								üçün istifadə olunan test kitabçasının B 
								variantında olan, aşağıda verilmiş test 
								tapşırığını nəzərdən keçirək.  
								
								  
								
								
								Bu test tapşırığında D variantı düzgün cavab 
								kimi qəbul olunub. Həqiqətən də sözlərin hər üçü 
								feldən düzəlməmişdir və hər üçünün tərkibi kök 
								və bir leksik şəkilçidən ibarət deyil. Lakin I 
								bənddəki fikir də doğru olmayandır. Çünki sözlər 
								eyniköklü olsa da, hər üçü feldən yaranmamışdır.
								Yarıq və yarğan sözlərindən fərqli olaraq  
								yaralı sözü isimdən düzəlmiş sifətdir. Belə 
								çıxır ki, test tapşırığında verilən bəndlərdən 
								ikisi deyil, üçü səhvdir. Lakin düzgün cavab 
								kimi belə bir variant yoxdur. Əslində I bənddəki 
								fikir kökü "yar" feli olan eyniköklü 
								sözlərdir şəklində verilsə idi, doğru olardı. 
								Göründüyü kimi, bu fakt şərhsiz elmi səhv 
								olduğundan həm şagirdin çaşqınlığına, həm də 
								müəllimin şagird qarşısında çıxılmaz vəziyyətdə 
								qalmasına gətirib çıxarır.  
								
								
								Aşağıda baxılan başqa bir nümunə isə ədəbi dilin 
								normaları və onların pozulması ilə bağlı olan 
								test tapşırığıdır. (22.07.2011, II qrup test 
								kitabçası, A variantı, test 5).  
								
								
								
								Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur? 
								
								
								
								"Dəniz sevinirdi gəlişimizə, 
								
								
								
								Dalğalar dikəlib bizə baxırdı." 
								 
								
								
								
								(N.Kəsəmənli)  
								
								
								
								A) fonetik və qrammatik 
								
								
								
								B) leksik və fonetik 
								
								
								
								C) leksik və qrammatik 
								
								
								
								D) qrammatik  
								
								
								
								E) fonetik  
								
								
								Bu test tapşırığında düzgün cavab kimi D 
								variantı qəbul olunub. Yəni şeirdə inversiya baş 
								verdiyindən qrammatik norma pozulmuşdur. Lakin 
								diqqət etsək, görərik ki, ikinci misrada nöqtə 
								səhvən dırnağın içində yazıldığından fonetik 
								norma da pozulmuşdur. Deməli, doğru cavab 
								əslində A variantıdır. 
								
								
								Başqa bir nümunə (22.07.2011, II qruplar üçün 
								test kitabçası, B variantı, test10 ): 
								
								
								
								Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur? 
								
								
								
								"Axşamdır. 
								
								
								
								Titrəyir günəşin sarı telləri"  
								
								  
								
								
								
								A) fonetik və qrammatik 
								
								
								
								B) leksik və qrammatik 
								
								
								
								C) leksik və fonetik 
								
								
								
								D) fonetik 
								
								
								
								E) qrammatik  
								
								
								Verilmiş şeir nümunəsində inversiya baş 
								verdiyindən həm qrammatik norma pozulmuş, eyni 
								zamanda ikinci misranın sonunda nöqtədən 
								istifadə olunmadığı üçün fonetik norma da  
								pozulmuşdur. Lakin testin düz cavabı kimi E 
								variantı qəbul edilmişdir. Əslində, əsas durğu 
								işarəsi olan nöqtənin cümlədə işlənməməsi və ya 
								səhv yerdə istifadə olunması fonetik normanın 
								pozulması sayılmalıdır.  
								
								
								Şagirdlərin köməkçi nitq hissələri üzrə bilik 
								səviyyəsini yoxlamağa xidmət edən bir tapşırığa 
								nəzər yetirək (03.07.2011, III qruplar üzrə test 
								kitabçası, B variantı, test10): 
								
								
								
								Aşağıdakı bağlayıcının növünü və sinonimini 
								müəyyənləşdirin. 
								
								
								
								"Ya ağaclar kəsilir, ya da başqa sahə seçilirdi".  
								
								
								
								A) inkar; nə, nə də 
								
								
								
								B) aydınlaşdırma; yəni 
								
								
								
								C) qarşılaşdırma; amma 
								
								
								
								D) iştirak; həm, həm də 
								
								
								
								E) bölüşdürmə; gah, gah da  
								
								
								Yuxarıdakı test tapşırığının cavabı E 
								qəbul olunmuşdur.  
								
								
								Azərbaycan dilçilik elmindən məlumdur ki, ya, 
								ya da bağlayıcıları iştirak edən cümlədə iki 
								işdən birinin mümkünlüyü ifadə edilir. Gah, 
								gah da bağlayıcılarının işləndiyi cümlələrdə 
								isə hadisələr bir-birini əvəz edir. Bu yanaşmanı, 
								fikri əsas tutaraq həmin bağlayıcıların 
								bir-birinə  sinonim bağlayıcı kimi götürülməsi 
								nə dərəcədə doğrudur?!  Düzdür, sinonim olmaq 
								sözlərin eyni mənanı verməsi anlamına gəlmir. 
								Lakin məsələ burasındadır ki, bölüşdürmə adı 
								altında qruplaşdırılmasına baxmayaraq, ya, ya 
								da və gah, gah da bağlayıcıları heç 
								yaxın mənalı  sözlər də  sayıla bilmir. 
								
								
								Tez-tez qarşılaşdığımız mənfi məqamlardan biri 
								də orfoepiya və ya orfoqrafiyasına görə 
								mübahisəli sözlərin test tapşırıqlarında 
								istifadə olunmasıdır. 
								
								
								Ə.Əfəndizadənin 1989-cu ildə nəşr olunmuş "Orfoqrafiya-orfoepiya 
								lüğəti" 2009-cu ildə yenidən çap olunmuşdur. 
								Təzə nəşrdə bəzi sözlərin yazılışı və ya 
								tələffüzü əvvəlki nəşrdən fərqlənir. Lakin bu 
								yeniliklər və təkmilləşmə barədə yeni nəşrdə heç 
								bir məlumat verilməmişdir. Görəsən, ayrı-ayrı 
								nəşrlərdə müxtəlif cür yazılan və ya tələffüz 
								olunan sözlərlə qarşılaşan abituriyent nəyə 
								əsaslanaraq hansı variantın doğru olması 
								qənaətinə gələ bilər?! Bəlkə, bu tip testlərin 
								abituriyentlərə təqdim olunmasında hansısa bir 
								zərurət var?! 
								
								
								Tələffüz və yazılışı fərqli, müxtəlif formalarda 
								verilmiş sözlər orfoepik təhlil məqsədilə test 
								tapşırıqlarında istifadə edilməməlidir. Bu 
								priyom test sualının  çətinliyinə deyil, 
								şagirdin çaşdırılmasına və hüquqlarının 
								pozulmasına xidmət edir.  
								
								
								Məsələn, 10.07.2011-ci il tarixində I qruplar 
								üçün test kitabçasının B variantında təqdim 
								olunmuş    2 nömrəli test  tapşırığında istifadə 
								olunan "Portret" sözünün tələffüz forması 
								lüğətin 1989-cu il nəşrində [partret] , 2009 -cu 
								il nəşrində isə [partiret] şəklində yazılmışdır. 
								Görəsən, belə mübahisə doğuran testlərdən 
								istifadə olunması nə məqsəd güdür?! Çətin sual 
								anlayışını bu tipli testlərlə ifadə etmək də 
								kökündən səhvdir. Çətin səviyyəli test 
								proqramdankənar fakt əsasında deyil, daha 
								düşündürücü şəkildə, lakin abituriyentin 
								mənimsədiyi  və ya mənimsəyə biləcəyi biliklər 
								səviyyəsində tərtib olunmalıdır.  
								
								
								Ədəbiyyat  üzrə test tapşırıqlarında istifadə 
								olunan, sadəcə  hafizənin yoxlanılmasına xidmət 
								edən bir test tapşırığına diqqət edək 
								(03.07.2011, III qruplar üçün test kitabçası, A 
								variantı, test 48): 
								
								
								
								M.Füzulinin "Leyli və Məcnun" poemasından 
								verilmiş nümunə hansı epizoda aiddir? 
								
								
								
								...dedi: " Ey vəfalı yarım! 
								
								
								
								Ğəm mərhələsində ğəmgüsarım. 
								
								
								
								 Adətcə görünməz ixtilatın,  
								
								
								
								Hər günküyə bənzəməz nişatın. 
								
								
								
								Noldu sənə, söylə, zar olubsan? 
								
								
								
								Bitaqətü biqərar olubsan? 
								
								
								
								Qandan bu küdurət oldu hasil? 
								
								
								
								Noldu səbəbi məlahəti-dil?"  
								
								
								
								A) Məcnunun atasının elçilikdən qayıtması 
								
								
								
								B) İbn Səlam ərə gedəndən sonra Məcnunun Leyliyə 
								məktub göndərməsi 
								
								
								
								C) Məcnunun Novfəllə görüşməsi 
								
								
								
								D) Atasının Məcnunu səhradan evlərinə qaytarması 
								
								
								
								E) Məcnunun Leylinin İbn Səlama nikah 
								edilməsindən xəbərdar olması  
								
								
								Yuxarıdakı test çalışmasının doğru cavabını qeyd 
								etmək üçün "Leyli və Məcnun" poemasını əzbərdən 
								bilmək əsas şərtdir. Axı verilən materialı 
								əzbərdən bilmək, güclü zehnə malik olmaq savadın 
								göstəricisi olmadığından bu tipli test 
								tapşırıqları da biliyin qiymətləndirilməsi üçün 
								əsas götürülə bilməz. Deməliyik ki, haqlı olaraq,  
								bu tipli test tapşırıqları həm müəllim, həm də 
								şagirdlər tərəfindən normal qarşılanmır. Hər 
								hansı bir əsərdən müəyyən bir hissə verməklə 
								həmin nümunə əsasında ədəbiyyat nəzəriyyəsi üzrə 
								bilikləri yoxlamaq, əsəri təhlil etmək cəhətdən 
								testlər tərtib etmək daha məqsədəuyğun sayıla 
								bilər. 
								
								
								Ədəbiyyat fənninə aid bəzi test tapşırıqlarında 
								tarixi xronologiyanın  ağırlığı o qədərdir ki, 
								həmin tapşırıqlar tarix fənni üzrə testlərdən 
								heç də fərqlənmir. Bəzi test tapşırıqlarının, o 
								cümlədən yuxarıda verilmiş nümunənin təkcə 
								oxunuşuna bir dəqiqə vaxt sərf olunur. 
								Ümumilikdə 120 sualı cavablandırmaq  üçün 
								abituriyentə  180 dəqiqə vaxt verilir, bu da  
								orta hesabla hər suala  verilən maksimum 1,5  
								dəqiqə deməkdir. Nəzərə almaq lazımdır ki, sual 
								kitabçasında qeyd etdiyi nəticələri  cavab  
								kartına köçürmək də abituriyentdən müəyyən vaxt 
								tələb edir.  
								
								
								Həmçinin TQDK-nın riyaziyyatdan I qrup üzrə  
								test tapşırıqlarında da  müəyyən çatışmazlıqlara 
								rast gəlinir. 
								
								
								I qruplar üçün hazırlanmış test kitabçasının  C 
								variantında (10.07.2011-ci il) 112-ci  test 
								tapşırığının şərti  anlaşılmazdır. 
								
								
								
								112. 
								Dairənin mərkəzindən  uzunluğu 8 sm olan  
								perpendikulyar  qaldırılmışdır. Dairənin sahəsi
								
								
								225 π 
								
								sm² olarsa, perpendikulyarın  uc nöqtəsi ilə 
								çevrənin  nöqtələri arasındakı məsafəni tapın. 
								
								
								Məsələnin şərtindən  ilk anda heç nə başa 
								düşülmür. Məsələnin şərtinin  bu cür  verilməsi 
								nə məqsəd daşıyır.... 
								
								
								Məsələni bu cür vermək  daha yaxşı  olardı: 
								
								
								
								Dairənin  mərkəzindən  onun müstəvisinə uzunluğu 
								8 sm olan perpendikulyar qaldırılmışdır. 
								Dairənin sahəsi 
								
								225 π 
								
								sm²olarsa, perpendikulyarın uc nöqtəsi ilə 
								çevrənin nöqtələri  arasındakı  məsafəni tapın. 
								
								
								I qruplar üçün hazırlanmış test kitabça 
								
								
								sının  C variantında (10.07.2011-ci il)  116-cı 
								test tapşırığının  cavabında isə səhvə yol 
								verilmişdir. 
								
								
								Test tapşırığı belədir: 
								
								
								   
								
								
								Bunların hasili isə 27-yə bərabərdir. Düzgün 
								cavab yoxdur. 
								
								
								Fizika fənnindən IV qruplar üçün hazırlanmış 
								test kitabçasının  B variantında 26-cı test 
								tapşırığında (16.07.2011-ci il) deyilir: Müstəvi  
								kondensator  sabit gərginlik  mənbəyinə 
								qoşulmuşdur. Kondensatorun  lövhələri arasına 
								dielektrik  daxil etdikdə  onun elektrik  tutumu 
								(C) və yükü (q) necə dəyişir? 
								
								
								İlk baxışda  tapşırığın  mətnində  hər şeyin 
								sanki doğru təqdim edildiyi  görünsə də, 
								nəzərdən qaçırılan məqam nədən ibarətdir? 
								
								
								Bizcə, tapşırıq belə təqdim edilməli idi: 
								Hava qatı ilə ayrılmış  sabit gərginlikli 
								müstəvi kondensatoru (və ya hava kondensatorunun) 
								lövhələri arasına  dielektrik daxil etdikdə onun 
								elektrik tutumu (C) və yükü (q) necə dəyişər? 
								
								
								Bizim belə düşünməyimizin səbəbi nədir? 
								
								
								Birincisi,  hesab etsək ki,  kondensatorun  
								lövhələri arasında vakuumdur (çünki  tapşırığın  
								mətnində  bu haqda heç bir qeyd yoxdur), o halda  
								düşünmək olar ki,  dielektrik kimi  lövhələrin  
								arasına qaz da (məsələn, hava) daxil etmək olar. 
								Digər tərəfdən də məlumdur ki,  qazların 
								dielektrik  kimi  nüfuzluğu  vahidə yaxındır və 
								dərslikdə qeyd olunur ki, qazlarda elektrik 
								sahəsi  elə vakuumdakı kimidir (bax: IX sinif 
								fizika dərsliyi 2009-cu il, səh.27). Deməli,  
								testə verilən cavab da  belə ola bilər: tutum 
								və yük dəyişmir (baxmayaraq ki, cavablar  
								içərisində beləsi yoxdur, lakin bu testin 
								mətnində  buraxılan diqqətsizliyi  sığortalamır, 
								çünki abituriyent doğru cavab yoxdur fikrinə 
								gələ bilər və ya digər cavabların  doğruluğunu 
								yoxlamaq üçün əlavə vaxt itirməli də olar). 
								
								
								İkincisi,  hesab etsək ki, tapşırığın mətnində  
								qazların  dielektrik  nüfuzluğunun elə 
								vakuumdakı kimi sayılaraq dielektrik  kimi 
								qazları nəzərdə tutulmayıb (halbuki, bu, 
								kökündən səhvdir), onda da test tapşırığının  
								şərti belə olmalı idi: Müstəvi  kondensator 
								sabit gərginlik  mənbəyinə qoşulmuşdur. 
								Kondensatorun lövhələri arasına  bərk və ya maye  
								dielektrik daxil etdikdə  onun elektrik tutumu 
								(C) və yükü (q) necə dəyişər? 
								
								
								Çünki dərslikdən  məlumdur ki, qazlardan fərqli 
								olaraq  bərk və maye halda olan dielektrik  
								mühitlərin dielektrik nüfuzluğu  vahiddən xeyli  
								böyükdür. 
								
								
								Göstərilən amillərin abituriyentin nəticələrinə  
								təsiri ilə bağlı əlavə şərh vermək istəmirik. 
								Biz yalnız həlli vacib olan məsələlərə 
								münasibətimizi  bildirməyə çalışdıq. İnanırıq ki, 
								yuxarıda sadaladığımız  çatışmazlıqlar tezliklə 
								aradan qaldırılacaq və abituriyentlərin 
								nəticələrinə təsir edən ən xırda məsələlər belə 
								gələcək qiymətləndirmələrdə  nəzərə  alınacaq.  
								
								
								
								Nəzakət MEHDİYEVA, 
								Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
								 
								Milli qiymətləndirmə proqramının rəhbəri, 
								
								
								
								Nizami AĞAYEV, 
								əməkdar müəllim,  
								fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, 
								
								
								
								Sədaqət MƏMMƏDOVA, 
								Azərbaycan dili və ədəbiyyat müəllimi  |