| 
								 
								
								
								Təhsil sistemi  
								
								
								 Şimal-qərbi 
								Avropada yerləşən və federal dövlət quruluşuna 
								malik Belçika Krallığında əsasən üç dildə-holland, 
								fransız və alman dillərində təhsil verilir. 
								İnzibati baxımdan 3 regiona bölünən ölkədə 
								təhsilin idarə olunması regional təhsil 
								nazirlikləri tərəfindən həyata keçirilir. 
								
								
								Belçikada 2-6 yaşlı uşaqlar məktəbəqədər təhsil 
								müəssisələrinə cəlb olunur. 6 yaşından 18 yaşına 
								qədər bütün uşaqlar üçün təhsil icbari xarakter 
								daşıyır.  
								
								
								6-12 yaşlı uşaqlar ibtidai təhsil, 12-18 yaşlı 
								uşaqlar orta təhsil pilləsində oxuyurlar. Ali 
								təhsilə isə universitetlərdə, politexnik və 
								texniki peşə təhsili məktəblərində yiyələnmək 
								olar. 
								
								
								Ölkə 2004-cü ildə Boloniya prosesinə qoşulduqdan 
								sonra ali məktəblərdə verilən ixtisasların 
								Avropa İttifaqı məkanında tanınması daha da 
								asanlaşıb. Boloniya prosesinə qoşulmazdan əvvəl 
								ölkədə 3 il davam edən qısamüddətli ixtisas 
								proqramları mövcud olub. Elmi  dərəcə almaq üçün 
								2 il müddətinə universitetdə təhsil almaq tələb 
								olunurdu. Bakalavr və magistr dərəcəsi arasında 
								mövcud olan təhsil pilləsini başa vuranlara 
								lisenziyalı diplom verilirdi. 
								
								
								 Federal 
								idarəetmə qurumlarının ali məktəbləri təşkil 
								etmək və diplomların tanınması ilə məşğul olmaq 
								səlahiyyəti var. 
								
								
								Belçikanın ali məktəbləri arasında Antverpen 
								Universiteti, Brüssel Hoqeskul Müstəqil Katolik 
								Universiteti, Gent Universiteti,  Hassel 
								Universiteti, Brüssel Müstəqil Universiteti, 
								Lyöven Katolik Universiteti, Limburq Beynəlxalq 
								Universiteti, Lyoj Universiteti daha 
								nüfuzludurlar. 
								
								
								Magistr dərəcəsinə yiyələndikdən sonra istedadlı 
								tələbələr doktoranturaya qəbul oluna bilərlər. 
								Bu təhsil pilləsində müstəqil elmi tədqiqat işi 
								aparmaq əsas  şərtlərdəndir.  
								
								
								 Belçika üç müxtəlif dildə (holland, fransız və 
								alman dillərində) danışan  regionlardan ibarət 
								olduğuna görə, həmin bölgələrin təhsil 
								sistemləri də müxtəlifdir. Odur ki, təhsil 
								siyasətini 3 regional Təhsil  Nazirliyi yerinə 
								yetirir.  
								
								
								
								Məktəbəqədər təhsil  
								
								
								 Qeyd 
								etdiyimiz kimi, Belçikada 2-6 yaşlı uşaqların 
								təlim-tərbiyəsi üçün bağçalar fəaliyyət göstərir. 
								Məktəbəqədər təhsil müəssisələrinin əsas məqsədi  
								təlimyönümlü oyun vasitəsilə uşaqların idrakının, 
								onların özlərini ifadə etmə və ünsiyyət qurma 
								bacarıqlarının, yaradıcılıq təfəkkürlərinin 
								inkişaf etdirilməsindən ibarətdir. 
								
								
								Məktəbəqədər təhsil müəssisələrində rəsmi 
								qaydada dərs keçilmir və qiymətləndirilmə 
								aparılmır. Məktəbəqədər təhsil icbari xarakter 
								daşımasa da, ölkə üzrə 2-6 yaşlı uşaqların  90 
								faizindən çoxu müvafiq təhsil müəssisələrinə 
								cəlb olunur. 
								
								
								Bir sıra məktəbəqədər təhsil müəssisələri 
								ibtidai məktəblərlə birgə fəaliyyət göstərir. 
								Belə tədris ocaqlarında məktəbəqədər təhsil 
								müəssisələri və ibtidai məktəblər eyni binalarda 
								yerləşir. 
								
								
								Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi 
								məsələsinə ciddi önəm verilən Belçikada xüsusi 
								məktəblər də fəaliyyət göstərir. Belə təhsil 
								müəssisələrində əsasən, sağlamlıq imkanları 
								məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar 
								təhsil alırlar.  
								
								
								
								İbtidai təhsil  
								
								
								Belçikada ibtidai təhsil 6 il davam edir. Bu 
								təhsil mərhələsini başa vuran şagirdlərə ibtidai 
								təhsil haqqında sertifikat təqdim edilir. 
								
								
								İbtidai təhsilə əsasən 6 yaşlı uşaqlar cəlb 
								edilsə də, müəyyən hallarda 5 yaşlı uşaqlar 
								hazırlıqlı hesab edildikdə, I sinfə qəbul 
								edilirlər. İbtidai təhsil hamı üçün ödənişsiz 
								əsaslarla həyata keçirilir. 
								
								
								İbtidai məktəbdə müxtəlif fənlər və dillər 
								öyrədilir. Belçikada hələ ibtidai məktəblərdə 
								dil bacarıqlarına daha çox diqqət yetirilir. 
								Məsələn, I və II sinifdən almanların üstünlük 
								təşkil etdiyi ibtidai məktəblərdə fransız dili, 
								holland məktəblərində fransız dili, fransız 
								məktəblərində isə holland dilinin tədrisinə 
								xüsusi önəm verilir. İbtidai təhsil 3 mərhələdən 
								ibarətdir. İlkin mərhələ I-II, ikinci mərhələ 
								III-IV, üçüncü mərhələ isə V-VI sinifləri əhatə 
								edir.   
								
								
								İbtidai siniflərdə uşaqlara ev tapşırıqları 
								verilir ki, bu da valideynlərin uşaqların 
								təhsili ilə daha yaxından məşğul olmasına xidmət 
								edir. V sinifdə oxuyan uşaqların hamısı fransız 
								dilini ikinci xarici dil kimi öyrənməyə 
								başlayırlar. 
								
								
								12 yaşda ibtidai təhsili başa vuran şagirdlər 
								orta təhsil mərhələsinə qədəm qoyurlar. İbtidai 
								təhsil mərhələsində əsasən oxu, yazı və riyazi 
								bacarıqlara daha çox diqqət yetirilir. Həmçinin 
								biologiya, musiqi, din, tarix kimi fənlər də 
								tədris olunur. Oxu, yazı və əsas riyazi 
								bacarıqlar kimi fənlərin tədrisi səhər 
								saatlarında aparılır. Günorta saatlarında isə 
								biologiya, musiqi, din, tarix fənlərindən və 
								uşaqların müstəqil işləmələri üçün "özün həll 
								et" adlı tapşırıqlar verilir.  
								
								
								
								Orta təhsil  
								
								
								Belçikada 12-18 yaşlı uşaqlar icbari orta 
								təhsilə cəlb olunur. Şagirdlərə ümumi, texniki 
								peşə, incəsənət və peşə təhsili istiqamətləri 
								üzrə orta təhsil verilir. Orta təhsil ödənişsiz 
								əsaslarla aparılır.  Şagirdlər texniki peşə 
								təmayüllü orta məktəblərdə təhsillərini 16 
								yaşında başa vura bilərlər. 
								
								
								Milli icmaların üstünlük təşkil etdiyi 
								ərazilərdəki məktəblərdə orta təhsilin ilk 
								illərindən müvafiq olaraq fransız, holland və 
								yaxud da alman dili tədris olunur. Həmin 
								məktəblərdən asılı olaraq holland, fransız və ya 
								ingilis dili xarici dil kimi keçilir. 
								
								
								Orta təhsil dövründə şagirdlərin mütəmadi 
								qiymətləndirilməsi aparılır və məzunlara 
								attestat təqdim edilir. Müəyyən hallarda 
								dərsliklərin alınması valideynlər tərəfindən 
								maliyyələşdirilir. 
								
								
								Texniki peşə təmayüllü məktəblərdə təhsil alan 
								şagirdlər universitet və kolleclərə qəbul 
								olunmaq imkanına malikdirlər. Həmin orta 
								məktəblərdə oxuyan şagirdlər təhsillərini 16 
								yaşında bitirərlərsə, iş həyatına başlaya 
								bilərlər. 
								
								
								Hər tədris ilinin sonunda şagirdlərin yekun 
								qiymətləndirilməsi aparılır. Belçikanın orta 
								təhsil pilləsində əsas fənlər icbari xarakter 
								daşıyır, digər fənlər isə könüllülük əsasında 
								seçilir. 
								
								
								NATO və Avropa İttifaqının 27 üzvündən biri olan 
								Belçikada Avropa İttifaqının müxtəlif 
								qurumlarında, NATO-nun strukturuna aid 
								təşkilatlarda işləyənlərin və diplomatlarının 
								uşaqları üçün xüsusi məktəblər fəaliyyət 
								göstərir.  
								
								
								
								Ali təhsil  
								
								
								Belçikada ali təhsilin Boloniya prosesinin 
								prinsiplərinə uyğunlaşdırılması məqsədilə 
								aparılan islahatlar bu sahədə ciddi 
								dəyişikliklərə səbəb olub. Ölkənin 2003-cü ildə 
								qəbul olunmuş Ali Təhsil Aktına əsasən ali 
								təhsilin dərəcələri müəyyənləşdirilib. 
								2004-2005-ci tədris ilindən etibarən ali 
								təhsildə bakalavriat, magistratura və 
								doktorantura pillələri tətbiq edilməyə başlayıb. 
								
								
								Bakalavr dərəcəsinə yiyələnmək üçün 180 Avropa 
								Kredit Transferi (AKT) əldə etmək tələb olunur. 
								Magistr dərəcəsi üçün isə ən azından 60 AKT 
								qazanmaq lazımdır. Bu tələbləri ödəyən 
								məzunların diplomları Avropa ali təhsil 
								məkanının 46 ölkəsində tanınır.  
								
								
								Ali təhsilin kifayət qədər inkişaf etdiyi 
								Belçikanın ən böyük ali məktəbi Levren 
								Universiteti hesab olunur. Bu universitet 14 
								fakültədən ibarətdir. Təhsil müəssisəsində 
								humanitar fənlər, təbiət elmləri, texnologiya, 
								bio-elm və tibb ixtisasları üzrə mütəxəssislər 
								hazırlanır. Tədris proqramlarının holland və 
								ingilis dillərində aparıldığı universitetdə 
								26000-dən çox tələbə təhsil alır. Onların 2300 
								nəfəri dünyanın 100 müxtəlif ölkəsindən olan 
								əcnəbi tələbələrdir. Zəngin maddi-texniki bazası 
								olan ali məktəbin dünya şöhrətli kitabxanasında 
								dörd milyondan çox kitab və 15000-ə yaxın dövri 
								nəşr var. 
								
								
								Belçikada universitetlərlə yanaşı, universitet 
								kolleci də fəaliyyət göstərir. Universitet və 
								universitet kollecində eyni ixtisaslar üzrə 
								tədris proqramları fərqlidir. Yalnız 
								universitetlərdə doktorluq dərəcəsi verilir. 
								Universitet kollecində  isə müəyyən peşə 
								istiqaməti üzrə bakalavr proqramı təklif edilir.
								 
								
								
								Universitetlər və universitet kollecləri bir-biri 
								ilə yaxından əməkdaşlıq edirlər. Bu əməkdaşlıq 
								elmi tədqiqat sahəsində  daha çox özünü büruzə 
								verir. 
								
								
								Ölkənin ali təhsil müəssisələrinin fəaliyyəti 
								əsasən hökumət tərəfindən tənzimlənir və onların 
								inkişafı üçün lazım olan tədbirlər həyata 
								keçirilir. Odur ki, ali təhsil müəssisələri daha 
								çox təşkilati müstəqilliyə malikdirlər. Bu 
								müstəqillik  maliyyə məsələlərində də özünü 
								göstərir.  
								
								
								
								Texniki peşə təhsili  
								
								
								Belçikada texniki peşə təhsili ümumi təhsil 
								sisteminin tərkibində yer alıb. Qeyd olunduğu 
								kimi, texniki peşə təmayüllü məktəblərdə təhsil 
								alan şagirdlər universitet və kolleclərə qəbul 
								oluna, həmçinin müxtəlif sahələrdə çalışa 
								bilərlər. 
								
								
								İlk texniki və peşə təhsili müəssisələri 1867-ci 
								ildə yaradılıb. 1953-cü ildən sonra isə yeni 
								təhsil sistemi formalaşmağa başladı. Ayrıca 
								fəaliyyət göstərən iki sistemin inteqrasiyasının 
								nəticəsi kimi yaranan orta təhsil və peşə 
								təhsili məktəb şagirdlərinin qarşısında yeni 
								perspektivlər açıb. Bununla da şagirdlərin orta 
								məktəbdən texniki məktəbə, texniki məktəbdən isə 
								peşə təhsilinə keçməsi rəsmiləşdirildi. 
								
								
								1971-ci ildə texniki peşə təhsili sahəsində 
								hökumətlərarası əməkdaşlığa imkan yaradan Elmi 
								Texniki və Tədqiqat Şurası (COST) yaradıldı. Bu 
								qurum peşə bacarıqlarının və Avropa səviyyəsində 
								maliyyələşən tədqiqat işlərinin 
								əlaqələndirilməsinə imkan yaradır.  
								
								
								
								Yaşlıların təhsili  
								
								
								Belçikada yaşlıların təhsilinin üç növü var: 
								sosial stimullaşdırma təhsili, müstəqil öyrənmə 
								və ya distant təhsil, həmçinin yaşlıların əsas 
								təhsili. 
								
								
								Sosial stimullaşdırma nəticəsində alınan təhsil 
								zamanı dinləyicilərə rəsmi sertifikat və ya 
								diplom verilir. Yaşlıların təhsil imkanlarından 
								yararlanan hər kəs lazımi bilikləri əldə edir, 
								əlavə təhsil alır və ya hər hansı bir xarici 
								dili öyrənir. 
								
								
								Sosial stimullaşdırma məqsədilə təhsil verən 
								məktəblər əmək bazarında yaşlıların iş tapma 
								imkanlarını öyrənir, günün tələblərinə uyğun 
								biliklərin tədrisinə üstünlük verir. 
								
								
								Müstəqil öyrənmə təhsilində distant təlim 
								üsulundan da istifadə edilir. Bu təlim üsuluna 
								artan maraq gələcəkdə distant təlimin daha da 
								inkişaf etdiriləcəyini söyləməyə imkan verir. 
								
								
								Yaşlıların əsas təhsilindən də sosial 
								inteqrasiyanın bir növü kimi geniş surətdə 
								istifadə olunur. Bu, hər kəs üçün bərabər təhsil 
								imkanlarının yaradılması və işçi qüvvəsinin 
								bacarıqlarının əmək bazarının tələblərinə 
								uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət 
								kəsb edir.  
								
								
								
								Elmi tədqiqatlar  
								
								
								Belçika hökuməti elm və innovasiya siyasətinin 
								həyata keçirilməsinə xüsusi diqqət yetirir. 
								1991-ci ildən etibarən elm və innovasiya 
								siyasəti Belçikanın regional hökumətlərinin 
								fəaliyyətində də aparıcı yer tutur. 
								
								
								2002-ci ildə "Elm və innovasiya" proqramı qəbul 
								olunub. Bununla da elmi tədqiqatlar daha geniş 
								vüsət alıb, bu sahəyə maraq artıb. 
								
								
								Ölkədə fəaliyyət göstərən strateji tədqiqat 
								mərkəzləri müxtəlif istiqamətlərdə tədqiqatların 
								aparılmasını təmin edirlər. Hökumət tərəfindən 
								həmin tədqiqat mərkəzlərinə hər il 25-40 milyon 
								avro yardım olunur. 
								
								
								1928-ci ildə yaradılmış Elmi Tədqiqat Fondu (FNRS) 
								əsasən fransız dilində danışan icma 
								nümayəndələrinin tədqiqat işlərinə təkan verir. 
								Bu təşkilatın dörd  birləşmiş şurası var: Tibbi 
								Tədqiqat, Nüvə Elmi, Kollektiv Əsas Tədqiqat və 
								Aqro-Sənaye Tədqiqatları şuraları. 
								
								
								Onu da qeyd edək ki, tədqiqat təşkilatları 
								əsasən fərdi tədqiqatçılara dəstək verir. Bu 
								qurumlar ixtisaslı elmi işçilər və tədqiqat 
								menecerləri, doktorluq işi müdafiə edən 
								tələbələr üçün qrantlar verir. Qrant üçün ərizə 
								təqdim edən iddiaçılar ekspertlərin rəyi 
								əsasında seçilirlər. İddiaçıların 
								qiymətləndirilməsi milli və əcnəbi elm 
								adamlarından ibarət olan 32 elmi komitə 
								tərəfindən aparılır. 
								
								
								Müxtəlif tədqiqat şuralarının olmasına 
								baxmayaraq, tədqiqat işlərinin böyük əksəriyyəti 
								universitetlərdə aparılır.  
								
								
								
								Beynəlxalq əməkdaşlıq  
								
								
								Belçikada fəaliyyət göstərən çoxsaylı beynəlxalq 
								ali məktəblərdə tədris müxtəlif kurikulumlar 
								əsasında aparılır. Onların əksəriyyəti özəl 
								məktəblər olduğu üçün ödənişlidir. Bu 
								məktəblərin əksəriyyətinin nəzdində məktəbəqədər 
								və ibtidai təhsil müəssisələri də fəaliyyət 
								göstərir. 
								
								
								Təhsil sahəsində beynəlxalq əlaqələrə xüsusi 
								önəm verən Belçika bir çox ölkələrlə ikitərəfli 
								əməkdaşlıq münasibətlərinin inkişafını daim 
								diqqət mərkəzində saxlayır. İlbəil tələbə və 
								müəllim mübadiləsi istiqamətində, elmi 
								əməkdaşlıq sahəsində digər ölkələrlə əlaqələr 
								genişlənir, xüsusilə yüksək intellekt 
								sahiblərinə əlverişli şərait yaradılır. Bütün 
								bunlar ölkənin elmi, sosial-iqtisadi inkişaf 
								dinamikasına olduqca müsbət təsir göstərir, 
								təhsil sahəsinin müasir tələblər səviyyəsinə 
								yüksəlməsini stimullaşdırır.  
								
								
								
								Bəşarət MƏMMƏDOV, 
								
								
								
								Dilrubə BAYRAMOVA  
								
								
								
								Yazının hazırlanmasında Belçika Krallığının üç 
								regional  Təhsil Nazirliyinin rəsmi 
								materiallarından istifadə olunub. 
								  |