| 
								 
								
								 Bakıdakı 
								69 nömrəli körpələr evi-uşaq bağçasında 31 
								dekabr - Dünya Azərbaycanlılarının  Həmrəylik 
								Günü və  Yeni il bayramına həsr olunan  ədəbi-bədii, 
								əyləncəli tədbir keçirildi. Bağçanın müdiri 
								Solmaz Quliyeva balaca  fidanları  əlamətdar  
								bayram münasibətilə təbrik edib onlara 
								cansağlığı, firavan həyat, ata-ana  nəvazişi ilə 
								böyüməyi arzu etdi. Sonra söz şənliyin 
								aparıcıları  Əminə və Elcana  verildi. Uşaqlar 
								da öz növbəsində ana, vətən, torpaq, məktəb və 
								Yeni  illə bağlı  öyrəndikləri şeirləri  balaca  
								dostlarına ərməğan etdilər. Aparıcılar   
								uşaqlarla birlikdə "Təzə il", "Gəl barışaq", "Bu 
								gün bayramdır" şeirlərini  söylədilər. 
								
								
								"Kirpinin alması" nağılı əsasında Ayət, İlham, 
								Əli, Mehti, Mədinə səhnəciklər nümayiş 
								etdirdilər. Balaca fidanlar al-əlvan bəzədilmiş 
								yolkanın ətrafında əl-ələ tutub dövrə vuraraq "Şaxta 
								baba", "Yeni il", "Yolkamız", "Bayramınız 
								mübarək" mahnısını  ifa etdilər. Abuzər, Asiya, 
								Rafiq, Dilarə, Nigar, Elvira, Elmar, İnci, 
								Nəcibə, Dilan, Murad, Selcan və Hüseyn  isə 
								milli və dünya  rəqslərini məharətlə  ifa 
								etməklə iştirakçıların alqışlarını qazandılar. 
								Musiqi müəllimi  Umcahan Qocayevanın hazırladığı 
								"Qar dənəcikləri", "Qış","Məzəli rəqs" və s. şən 
								mahnılar uşaqlarda xoş ovqat yaratdı. 
								
								
								Şaxta babanın və Qar qızın gəlişi  alqışlarla 
								qarşılandı. Şaxta  baba "sehrli çubuğu" ilə 
								yolkanı işıqlandırdı. Onlar Yeni il bayramı 
								münasibətilə  balaca dostlarını təbrik edib 
								hədiyyələr verdilər. Özlərini möcüzələr aləmində 
								hiss edən balaca fidanlar deyib-gülməkdən, 
								şənlənməkdən doymurdular. Uşaqların nümayiş  
								etdirdikləri kompozisiyalar,  mahnılar, rəqslər, 
								səhnəciklər, söylədikləri şeirlər, nağıllar, 
								tapmacalar və  yanıltmaclar  şənliyi daha da  
								rövnəqləndirdi. Uşaqlar Şaxta baba və Qar qızla 
								xatirə şəkli çəkdirməyi də unutmadılar. 
								
								
								Şənliyin  sonunda sevincini uşaqlarla bölüşən, 
								onların bir-birindən maraqlı çıxışlarından 
								məmnun qalan müdir Solmaz Quliyeva tərbiyə 
								ocağında pərvazlanan  balaca fidanlara xoş və 
								səmimi arzularını bildirdi. Qeyd etdi ki, 
								bağçada istedadlı və bacarıqlı  uşaqlar çoxdur. 
								Onların  bir çoxu riyaziyyat, rəsm, mahnı və 
								rəqs nominasiyaları üzrə keçirilən müsabiqələrdə 
								fəallıq  göstərərək fəxri  fərman və diplomlara 
								layiq görülüblər. Sevindirici haldır ki,  Bakı 
								şəhərinin məktəbəqədər tərbiyə müəssisələri  
								uşaqları arasında Respublika gününə həsr olunmuş 
								"Balaca  bülbüllər" adlı mahnı müsabiqəsində ifa 
								etdikləri mahnıların "Uşaq bağçalarında tərbiyə 
								və təlim proqramı"nın tələblərinə uyğun 
								seçildiyinə, ifa zamanı yüksək məharət, səhnə və 
								geyim mədəniyyəti nümayiş etdirdiyinə görə 
								bağçanın xor kollektivi  III dərəcəli diplomla 
								təltif olunub.  
								
								
								
								Sifai SƏFƏROVA   | 
								  |