| 
								 
								
								
								(Əvvəli qəzetimizin 50-ci sayında)  
								
								
								 Bəzi 
								hallarda ilk peşə-ixtisas təhsili 
								müəssisələrində genişprofilli kadr hazırlığına 
								ikili münasibət səsləndirildiyinin şahidi oluruq. 
								Bizim liseydə 6 istiqamət üzrə - inşaat, 
								kompüter texnikası, mühasibatlıq, avtomobil 
								təmiri, ictimai iaşə və ticarət sahələri üzrə 
								peşə klassifikatoruna uyğun kadr hazırlığı 
								həyata keçirilir. Bütün dünyada birmənalı qəbul 
								olunur ki, peşə ixtisas təhsili ölkənin əmək 
								bazarının tələbatının çevik şəkildə təminatçısı 
								rolunu oynamalıdır. Belə olan təqdirdə, əgər bu 
								və ya digər ixtisasa real tələbat varsa, bunun 
								üçün müvafiq baza yaradıla bilirsə, niyə də 
								həmin sahələr üzrə kadr hazırlığı həyata 
								keçirilməsin? Məgər hamı hüquqşünas və ya həkim 
								olmalıdır? Bəs kiçik səviyyədən olan əsl iş 
								icraçılarının qısamüddətli tədris proqramları 
								çərçivəsində hazırlığını kim və harada həyata 
								keçirməlidir? Diqqət yetirin: bu ilin yay 
								aylarında bizim qəbul komissiyasına 320 qəbul (onlardan 
								5 qrupda 100 nəfər ödənişli əsaslarla) yerinə 
								qarşı 814 nəfər müraciət etmişdir. Onların 
								arasında valideynlərin iştirakı ilə test 
								imtahanları keçirdik. Bilik səviyyəsinə uyğun 
								aparılmış seçimin nəticəsində 500 nəfərə yaxın 
								yeniyetmə sənədlərini geri götürmək 
								məcburiyyətində qaldı. Deməli, həmin sayda 
								gənclərimiz ilk peşə-ixtisasına yiyələnmə 
								imkanından məhrum oldu. Digər bir tərəfdən isə 
								artıq biz yeni tədris ili üçün qəbul planlarının 
								formalaşdırılması məqsədilə əmək bazarını 
								öyrənirik. Əgər bu halda tələbat istiqamətləri 
								dəyişərsə, onda təminatçı tərəf kimi biz mütləq 
								çevik qaydada tədris bazasını təkmilləşdirməli, 
								kadr potensialını formalaşdırmalı, yeni ixtisas 
								hazırlığına doğru əməli addımlar atmalıyıq. 
								Məgər dünya ölkələrinin təcrübəsi məhz elə bu 
								modelə üstünlük vermirmi?  
								
								
								Qəbul üçün bizə müraciət edənlər arasında 
								apardığımız sorğu nəticələrinin təhlili də bəzi 
								məqamlardan xəbər verir. "Bizi hansı mənbədən 
								tanıdınız" sualına müraciət edənlərin 26 faizi 
								vaxtilə bu tədris müəssisəsini bitirənlərin 
								məlumatından, 21 faizi KİV-dən, 20 faizi 
								peşəyönümü üzrə iş aparılmış ümumtəhsil 
								məktəblərindən, 18 faizi İnternetdən, 13 faizi 
								liseyin yaşayış yeri üzrə ünvanda yerləşdiyindən 
								və müasir tədris bazası olduğundan, cəmi 2 faizi 
								isə təsadüf nəticəsində bizim liseyə 
								gəldiklərini bildirmişlər. Göründüyü kimi, bu 
								təhsil pilləsindəki ixtisaslara real maraq var. 
								Həmin maraq isə təbii ki, gələcəkdə əmək 
								bazarında məhz elə konkret ixtisas üzrə iş yeri 
								tapılma faktoru ilə səciyyələnir. Digər maraqlı 
								nəticə ondan ibarətdir ki, ötən tədris ili 
								ərzində tərəfimizdən həyata keçirilən bir sıra 
								institusional tədbirlər öz obyektiv nəticəsini 
								verir, texniki peşə təhsilinə olan sosial 
								tələbat "kortəbii diplom almaq məqsədindən, 
								peşəyə-ixtisasa yiyələnməyə" doğru 
								istiqamətlənir. 
								
								
								Bu məqamda bir əsas məsələyə də toxunmaq 
								vacibdir. Artıq sübuta yetirilmişdir ki, bütün 
								hallarda ictimai statusun qaldırılması prosesi 
								yalnız "sadədən mürəkkəbə doğru" olan yüksələn 
								xətt fəlsəfi prinsipinə uyğun aparıldıqda müsbət 
								nəticə əldə edilir. Bu mənada biz, ilk növbədə, 
								bütün ictimaiyyətə çatdırırıq ki, müasir təhsil 
								sisteminin ilk peşə-ixtisas təhsili pilləsində 
								köhnə "PTU" məfhumu leksikondan belə 
								çıxarılmışdır. Uzun illərdən bəri olan "texpeşə" 
								(proftex), artıq ixtisas statusu alaraq ilk 
								peşə-ixtisas təhsilinə çevrilmiş, təhsilin 
								ixtisas verilən 3 səviyyəsinin birinci 
								pilləsində qeyd olunmuşdur. Yeni təhsil 
								qanunvericiliyində göstərildiyi kimi, 18 nömrəli 
								Bakı Peşə Liseyində də müxtəlif sənətlər və 
								peşələr üzrə ixtisaslı işçi kadrları hazırlanır, 
								fəhlə yox! Bizim müəssisədə təhsilə yiyələnən 
								gənclər tələbə təqaüdü alır, onlar da ali və 
								orta ixtisas təhsilində olduğu kimi tələbə 
								biletinə malikdirlər. Məzunlarımız işəgötürən 
								təşkilatlarda ixtisas təhsili səviyyəsi üzrə ilk 
								peşə-ixtisas təhsili pilləsinin məzunu kimi, 
								demək olar ki, kiçik səviyyəli mütəxəssis kimi 
								qəbul edilirlər. İlk baxışdan son dərəcə sadə 
								görünən belə yanaşmada ictimai statusun 
								qaldırılması prinsipinin köklü əsası durur.
								 
								
								
								Bir çoxları belə düşünür ki, əgər biz - ilk 
								peşə-ixtisas təhsilinin iş icraçıları, əsas 
								prinsip kimi inkişafetdirici tədris mühitinin 
								yaradılmasını bəyan ediriksə, belə halda tərbiyə 
								konsepsiyasının zəruri müddəaları arxa plana 
								çəkilə bilər. Bu cür fikirlərlə qəti razılaşmaq 
								olmaz. Məlum olduğu kimi, təlim və tərbiyə 
								prosesinin vəhdəti təhsil qanunvericiliyində öz 
								əksini tapmışdır. Təlimlə tərbiyəni bir zəncirin 
								əsas həlqələri kimi xarakterizə etsək heç də 
								yanılmarıq.  
								
								
								İlk peşə-ixtisas təhsili sistemində təhsil 
								alanların aşağı səviyyəsi stereotipinin aradan 
								qaldırılması məhz elə tərbiyə konsepsiyasının 
								lazımı səviyyədə reallaşdırılması ilə birbaşa 
								bağlıdır. Aydın məsələdir ki, burada hərbi 
								vətənpərvərlik, fiziki tərbiyə, psixoloji xidmət 
								strukturlarının müasir tələblər səviyyəsində 
								fəaliyyəti son dərəcə vacibdir. "Müəllim - 
								tələbə" münasibətlərinin düzgün tənzimlənməsi 
								üzrə tərəfimizdən hazırlanmış tövsiyələr daim 
								diqqət mərkəzində saxlanılır. Valideynlərlə 
								qurulan təmaslar gedən proseslərdə onların 
								birbaşa iştirakının təminatına 
								istiqamətləndirilir. Bu mənada lisey üzrə 
								yaradılmış və 30 nəfər üzvü olan "Valideyn - 
								müəllim" Birliyinin fəaliyyəti son dərəcə müsbət 
								effekt verir. Tələbələrin valideynlərinin 
								fikirləri öyrənilir, onlar "açıq dərs"lərə dəvət 
								edilir, konkret hallarda qarşılaşdığımız konkret 
								problemin həlli ilə əlaqədar yeniyetmə gənc ilə 
								birgə iş aparılır.  
								
								
								Bu gün liseydə 43 nəfər valideyn himayəsindən 
								məhrum olmuş yeniyetmə təhsil alır. Onlarla 
								aparılan iş "İnsan Hüquqları klinikası" ilə 
								əlaqələndirilir. Klinikanın mütəxəssisləri 
								mütəmadi qaydada liseyə dəvət olunur, həmin 
								tələbələrlə treninqlər keçirilir. Hər tədris 
								ilinin başlanğıcında bu kateqoriyadan olan 
								tələbələrimizə müvafiq tədris ləvazimatları, 
								zəruri geyim əşyaları, lazımi kitab və 
								dərsliklər paylanılır, onların bir hissəsi 
								yataqxana ilə təchiz olunurlar. Tam məsuliyyətlə 
								demək olar ki, əgər biz - 18 nömrəli Bakı Peşə 
								Liseyinin bütün əməkdaşları, səylərimiz və 
								gərgin əməyimizlə uşağını vaxtilə atmış anaya 
								qarşı uzun illərdən bəri ürəyində nifrət 
								hisslərini yaşadan bir yeniyetmədə ana 
								məhəbbətinə inam oyada biliriksə, anası 
								azadlıqdan məhrum olmuş bir gənci onunla 
								görüşdürməyə nail oluruqsa, ciddi xəstəlik 
								tapmış bir tələbənin tam sağaldılmasını öz 
								imkanlarımızla təmin ediriksə, bir nəfər belə 
								təhsilalanı sağlam həyata qaytarmağı bacarırıqsa, 
								deməli, müstəqil həyata yeni qədəm qoymağa 
								hazırlaşanları düzgün yola istiqamətləndiririk. 
								Bu mənada, bir müəllim kimi biz özümüzü xoşbəxt 
								sayırıq. Mətni Pedaqoji Şurada bəyənilmiş "Müəllim 
								andı" içirik. Tələbələrimiz isə mətni Tələbə 
								Parlamenti tərəfindən qəbul olunmuş "Tələbə andı" 
								içirlər. Onlar dərslərə vahid tələbə formasında 
								gəlirlər. 
								
								
								Psixoloji xidmət sahəsində atdığımız real 
								addımlar daha önəmli hesab oluna bilər. Belə ki, 
								liseyin psixoloji xidmət strukturu Azərbaycan 
								Psixoloqlar Assosiasiyası və Bakı Pedaqoji 
								Kadrların İxtisasartırma və Yenidənhazırlanma 
								İnstitutunun psixologiya şöbəsi, eləcə də 
								Azərbaycan Müəllimlər İnstitutunun psixologiya 
								kafedrasının əməkdaşları ilə əlaqəli iş aparır. 
								Əsas məqsədimiz ondan ibarətdir ki, pedaqoji 
								kadr heyətinin psixologiya elmi sahəsində 
								biliklərini daha da dərinləşdirək, tələbələr 
								üçün psixoloji xidmət lazımi səviyyədə qurulsun. 
								Bütün təhsil alanların və pedaqoji heyətin 
								temperament tipləri AYZENK sorğusunun tətbiqi 
								ilə aparılmış, nəticələr geniş təhlil olunmuşdur. 
								Uşaq hüquqları klinikası, Uşaq və gənclərin 
								sosial reabilitasiya Mərkəzi, SOS uşaq kəndləri 
								Assosiasiyasının Gənclərin güvənc şəbəkəsinin 
								liseydə həyata keçirdikləri layihədə 40 nəfərə 
								yaxın tələbəmiz iştirak etmişlər. Bu gün 15 
								nəfər tələbə, valideyn himayəsindən məhrum olmuş 
								yeniyetmələr də daxil olmaqla, GRBS MMC-nin 
								xətti ilə liderlik bacarıqları təliminə və 
								ingilis dili kurslarına cəlb edilmişlər. 
								Psixoloqlar Assosiasiyasının prezidenti xanım 
								E.Mirzəyeva tərəfindən müəllimlərimizlə xüsusi 
								treninqlər keçirilmişdir. Artıq onların hər biri 
								üçün müvafiq psixoqrammalar tərtib olunmuş, 
								nəticələr üzrə strateji fəaliyyətin 
								perspektivləri müəyyənləşdirilmişdir. 
								 
								
								
								Fikrimizcə, liseyin ən əhəmiyyətli 
								göstəricilərindən biri davamiyyətin monitorinqi 
								ilə bağlıdır. Böyük nailiyyət kimi xüsusi 
								vurğulanmalıdır ki, lisey üzrə təhsilalanların 
								gündəlik davamiyyət göstəriciləri 92 - 94 
								faizdən aşağı düşmür. Davamiyyətin monitorinqi 
								İKT-nin tətbiqi ilə iki kompüter proqramı 
								çərçivəsində aparılır. Biz hər an konkret tələbə, 
								qrup və ümumi lisey üzrə 4 kateqoriyada (dərsə 
								gəlməyənlər, dərsdən yayınanlar, dərsə 
								gecikənlər və üzrlü səbəbdən dərs buraxanlar) 
								gündəlik, həftəlik, aylıq, rüblük, yarımillik və 
								illik məlumatları əldə etmək imkanı yaratmışıq. 
								Ədalət naminə qeyd olunmalıdır ki, bu səviyyənin 
								daim saxlanılması işində valideynlərimizin də 
								rolu az deyil. Artıq bu gün valideynlər 
								birmənalı şəkildə başa düşürlər ki, bizim 
								liseydə üzrsüz səbəbdən dərs buraxma barədə 
								mövcud reqlamentlərin şərtlərinə dəqiq əməl 
								olunur. Buna sadə bir misal göstərək. Yeni dərs 
								ilində heç bir üzrlü səbəb olmadan həddindən 
								artıq dərs buraxmış müxtəlif kursların 16 nəfər 
								tələbəsi Pedaqoji Şurada müvafiq müzakirələrdən 
								sonra liseydən xaric edilmiş, onlar barəsində 
								dərhal aidiyyəti üzrə rayon hərbi 
								komissarlıqlarına məlumatlar göndərilmişdir.
								 
								
								
								Liseydə "Qaynar xətt" xidməti (əlaqə tel.: 
								408-13-90 ) fəaliyyət göstərir. Bu xidmətə 
								edilən müraciətlərin dərhal təhlili aparılır, 
								müvafiq qərarlar qəbul olunur, verilən təkliflər 
								əksər hallarda nəzərə alınır. 
								
								İnternet saytımız (www.18bpl.com, 
								E-mail: BPL.18@mail.ru) 
								açılmışdır.  
								
								
								Liseyin ən yaxın zamanda akkreditasiyadan 
								keçirilməsi üçün tərəfimizdən Təhsil Nazirliyinə 
								rəsmi xahiş məktubu göndərilmiş və buna müsbət 
								cavab almışıq. Əminik ki, növbəti ilin may ayına 
								planlaşdırılan akkreditasiya prosesinin 
								yekununda biz həm əldə etdiyimiz nəticələrin 
								layiqli qiymətini ala biləcək, həm də 
								çatışmazlıqlarımız barədə daha dəqiq 
								məlumatlanacağıq. 
								
								
								 Gördüyümüz işlər, əldə etdiyimiz nailiyyətlər 
								haqqında çox danışmaq, daha çox məlumatlar 
								vermək mümkündür. Lakin bütün sadaladıqlarımız 
								və konkret faktlara istinadən əldə olunmuş 
								nəticələrimiz, eləcə də inkişaf 
								tendensiyalarının şərhi oxucularda belə 
								təəssürat yaratmasın ki, 18 nömrəli Bakı Peşə 
								Liseyində heç bir problem yoxdur və biz artıq 
								hər şeyə nail olmuşuq. Əsla bu belə deyil! Təbii 
								ki, bizim də hələ öz müsbət həllini gözləyən 
								problemlərimiz var. Belə ki, liseyin əsas 
								korpusunda və həyətyanı sahəsində hələ də 7 
								qaçqın ailəsi yaşayır. Bu səbəbdən 400 kv. metr 
								sahədə fəaliyyət göstərə biləcək 
								auditoriyalarımız qaçqın və məcburi köçkün 
								ailələrinin istifadəsindədir. 1300 kv. metr 
								həyətyanı sahədən məqsədi üzrə istifadə etmək 
								imkanlarımız məhduddur. Lisey üçün idman 
								meydançasının qurulmasına real imkanlar hələ də 
								açılmır. İnternat-məktəbləri bitirdikdən sonra 
								təhsilini davam etdirmək üçün sənədləri liseyə 
								göndərilmiş bəzi gənclərin aylarla axtarışı 
								gözlənilən nəticəni vermir, onların bir qismi 
								daim dərslərdən yayınırlar. Mülki müdafiə və 
								yanğından mühafizə avadanlıqlarına olan real 
								tələbat hələ də tamlıqla ödənilməmişdir. 
								İstehsalat təlimi ustalarına olan kadr 
								tələbatının ödənilməsində yaranmış problemlər öz 
								həllini hələ də lazımınca tapmamışdır. "Kompüter 
								texnikasının sazlayıcısı" ixtisası üzrə 
								istehsalat təliminin keçirilmə obyektlərinin 
								müəyyənləşdirilməsində xeyli çətinliklərlə 
								üzləşirik. Bu məsələdə bir sıra müəssisələrin 
								maliyyə şərtlərini ortaya atması həmin problemin 
								həllinin uzanması ilə nəticələnir. Tam orta 
								təhsil bazasında qeyri-üzvi kimyanı yaxşı 
								mənimsəməyən, yaxud da xarici dilin ilk 
								anlayışlarını belə vaxtında öyrənməyən - 
								mənimsəməyən bir gəncə tədris planlarımızda bu 
								elm sahələrinin davamı kimi nəzərdə tutulmuş 
								üzvi kimya və ya xarici dil materiallarının 
								aşılanması xeyli dərəcədə çətinliklər yaradır. 
								Təbii ki, belə vəziyyət keyfiyyət 
								göstəricilərinə də öz mənfi təsirini göstərir. 
								Bu və ya buna bənzər problemlər var. Lakin biz 
								onların aradan qaldırılması üzrə gündəlik iş 
								aparırıq, perspektiv fəaliyyət üçün strateji 
								istiqamətləri müəyyənləşdiririk. 
								
								
								Gələcəyə nəzər baxımından perspektiv üçün bir 
								sıra əhəmiyyətli məsələlərin həllini qarşımıza 
								əsas məqsəd kimi qoymuşuq. Belə ki, ağırlıq 
								mərkəzinin təhsilalan olduğu əsas götürülməklə 
								məzmun islahatlarının davam etdirilməsi, zərurət 
								yaranan təqdirdə müvafiq korrektə planlarının 
								realizəsi ilə qiymətləndirmədə yeni 
								mexanizmlərin tətbiqi coğrafiyasının 
								genişləndirilməsi və bütün qruplarda 
								bacarıqların qiymətləndirilməsinə tamlıqla keçid, 
								milli dərsliklərin işlənib hazırlanması 
								prosesinin davam etdirilməsi, attestat alanların 
								sayının çoxaldılması, əmək bazarının tələbatı 
								öyrənilərək kadr hazırlığı prosesinin çevik 
								strukturunun yaradılması, Təhsil Nazirliyi ilə "KNAUF" 
								şirkətlər qrupu arasında imzalanmış memorandum 
								çərçivəsinin icrası, inkişafetdirici mühitlə 
								bağlı layihələrə aktiv qoşulma, işəgötürənlərlə 
								qarşılıqlı əlaqələrin daim gücləndirilməsi, 
								demokratik idarəetmə metodlarının qorunub 
								saxlanılması, kollektiv qərarçıxarma modelinə 
								daha çox üstünlük verilməsi, əlavə gəlir gətirmə 
								mənbələrinin artırılması, davamlı inkişaf üzrə 
								təminatın reallaşdırılması və sair bu səpgili 
								istiqamətlər tərəfimizdən gələcək illərdə 
								strateji fəaliyyətimizin əsası kimi qəbul 
								edilmişdir. Bütün bunlar, ilk növbədə, İnkişaf 
								Proqramının lazımınca icrasına yerlərdə, konkret 
								halda isə 18 nömrəli Bakı Peşə Liseyində nail 
								olma vəzifələrinin məsuliyyətindən irəli gəlir.
								 
								
								
								Birmənalı şəkildə aydındır ki, ilk peşə-ixtisas 
								təhsili sisteminin inkişaf etdirilməsi üzrə 
								ümumi respublika miqyasında aparılan məqsədyönlü 
								işlər bu istiqamətdə gedən proseslər, həmçinin 
								də müəssisələrarası sağlam rəqabət üçün geniş 
								şərait yaradır. Biz yaxşı başa düşürük ki, artıq 
								dövlət sifarişi üçün iddia yalnız müasir məzmunu 
								təmin edən, əmək bazarının tələbatını ödəyə 
								bilən müəssisələr tərəfindən qaldırıla bilər. O 
								tədris müəssisəsi ki, müasir tələblərə cavab 
								verəcək,   ölkə başçımız cənab İlham Əliyevin 
								sözləri ilə desək, "Təbii sərvətlərimiz insan 
								kapitalına çevriləcək", onda büdcə vəsaitləri də 
								məhz elə həmin istiqamətə yönəldiləcəkdir.  
								
								
								
								Rəhim AĞAMALIYEV, 
								18 nömrəli Bakı Peşə Liseyinin direktoru  | 
								  |