| 
								 
								
								 Biz 
								hamımız nə vaxtsa uşag  olmuşuq. Uşaqlıq 
								dövründə ən çox nə ilə məşğul olmaq istəmişik? 
								Əlbəttə ki, oynamaqla! Biz hər gün müxtəlif 
								oyunlar  fikirləşirdik, tapırdıq. Özümüz də 
								bilmədən bu oyunları fikirləşib tapdıqca, 
								oynadıqca, həm də inkişaf  edirdik. Yəni biz 
								aləmi oynayaraq dərk edirdik və bu, bizim 
								xoşumuza gəlirdi. 
								
								
								Müasir təhsilin ən əsas prinsipi - hər uşağa 
								individual yanaşmaqdır. Oyun isə bu cəhətdən 
								müəllim üçün əvəzolunmaz köməkçidir. Oyunlar 
								ibtidai siniflərdə mütləqdir. Belə ki, oyun 
								çətini  asan, darıxdırıcını isə maraqlı  edir. 
								
								
								XX əsrin görkəmli dahilərindən biri  Yoxan  
								Heydinq  "oynayan insanı"  məhz "dərk edən" 
								insan adlandırırdı. Doğrudan da yerində tətbiq 
								olunan  oyun  uşaqların dərketmə qabiliyyətini 
								artırır. 
								
								
								Oynayaraq uşaqlar diqqətini, yaddaşını, məntiqi 
								düşüncələrini genişləndirirlər. Onlar  bir-birləri  
								ilə təmas qurur, digər uşaqların  fikrini  
								eşitməyi öyrənirlər. 
								
								
								Məktəbəqədər dövrdə uşaqlar və onların 
								valideynləri oyunu adi bir hal kimi qəbul 
								edirlər. Uşaq  məktəbə gedir və  ondan  təhsildə 
								nailiyyət gözləyirlər. Burada "birincilər" 
								həyatı təmiz vərəqdən başlayan insana 
								bənzəyirlər. Bu prosesi asanlaşdırmaq müəllimin 
								borcudur. Köməkçi kimi isə  oyunlardan geniş 
								istifadə etmək  olar.   
								
								
								Uşağın  mövzunu  dərk  etməsi  üçün  əsas  
								şərtlərdən  biri  odur  ki, dərs maraqlı və 
								yaddaqalan  olmalıdır. O, bu prosesə qarışmaq, 
								iştirak etmək istəməlidir. Müəllim uşağın 
								gözündə təlimçi yox, yoldaş olmalıdır.  Bunların  
								hamısını isə oyun zamanı həyata keçirmək 
								mümkündür. Belə halda uşaqlarda təhsilə maraq, 
								kollektivdə işləmək bacarığı, yoldaşlarını 
								eşitmək, özünə  güvənmək kimi  xüsusiyyətlər 
								formalaşır. 
								
								
								Lakin  müəllim  dərk etməlidir ki, oyun əsas yox, 
								köməkçi vasitədir. Oyundan yeni mövzunu  başa 
								salanda da, təkrar  edəndə  də, əldə  olunan 
								bilikləri inkişaf  etdirəndə  də  istifadə  
								etmək  olar. 
								
								
								Düzdür, oyun   zamanı  tez-tez  səs-küy  olur. 
								Mən  bu  səs-küyü çox  sevirəm. Bu səs 
								emosiyaların qaynadığını, dərketmə dərəcəsinin 
								yüksəldiyini, mövzuya  marağın  artmağını 
								göstərir. Oyun dərsi  darıxdırıcı  bir  prosesə  
								çevrilməyə   qoymur.  
								
								
								Bu prinsipdən  çıxış  edib, mən öz dərsimi 
								oyunlar üzərində qururam və hər dərsdə bir və ya 
								bir  neçə oyun həyata keçirirəm. 
								
								
								Məsələn, ana dili dərsində  biz tez-tez "Cümlə 
								qur" oyununu oynayırıq. Oyunun şərti belədir: 
								ayrı-ayrılıqda  bir  neçə  cümlələrin  əvvəli və  
								davamı  verilir. Cümlələrin  əvvəlinə  uyğun 
								olan davamını tapıb, cümləni qurmaq lazımdır. 
								Uşaqlar əvvəl səhvə yol  versələr  də, sonra 
								oyunun  şərtlərinə riayət edərək daha sərbəst 
								cümlə qururlar. 
								
								
								Yazı dərsində uşaqlar "Sözü tap" oyununda 
								sözləri tapmalıdırlar. İlk baxışda bu oyun çox 
								sadədir. Verilən sözlərdə hecaların və yaxud 
								hərflərin yerini dəyişməklə  şagirdlər sözlər 
								qururlar. Bu isə  şagirdlər tərəfindən hərfləri 
								yaxşı  tanımaq, böyük diqqət tələb  edir. 
								
								
								Riyaziyyat dərsini mən ümumiyyətlə, oyunsuz 
								təsəvvür etmirəm. İndiki  dövrdə, hər cür 
								texniki vasitələrin olduğu bir vaxtda, mən 
								elektron vəsaitlərdən geniş  istifadə  edərək 
								daha  çox  riyazi oyunlar  tərtib edir və  
								keçirirəm. 
								
								
								İşlədiyim    "Ankara məktəbi"  məktəb-liseydə   
								maraqlı  elektron dərs  qurmaq   üçün   
								müəllimlərə  lazım olan hər  cür  texniki şərait  
								yaradılıb. Bu texniki imkanlardan istifadə 
								edərək daha çox oyun tərtib etmək olar.   Hər  
								mövzuya uyğun  bir oyun var: "Şən qatarı  doldur 
								"(Sıra sayı), "Teremok", "Evcik" (ədədlərin 
								tərkibi), "Çətirlər" (toplama və çıxma 
								bacarıqları) və s. Bu oyunlar Microsoft Office 
								Power Point, Mimio Studio proqramlarında 
								yaradılmışdır. Əlbəttə, kompütersiz oyunlar da 
								var, lakin uşaqları ekrandakı hərəkətlər, 
								animasiya, səs effektlərı daha çox  cəlb edir və 
								maraqlandırır. 
								
								
								Tədrisi yeni səviyyəyə qaldırmaq üçün yeni 
								texnologiyalardan istifadə edərək yeni bir dərs  
								modeli qurmalıyıq. Və  bu prosesdə oyunun rolu 
								danılmazdır. İnternet resurslarından istifadə 
								edərək rəngarəng oyunlar vasitəsi  ilə  biz 
								müəllimlər uşaqların dərs anlayışını dəyişməli, 
								yeniləşdirməliyik. 
								
								
								Hər dəfə sabah üçün dərs hazırlayanda özüm uşaq 
								aləminə baş çəkirəm və bu, məni daha da çox 
								həvəsləndirir. Öz şagirdlərim üçün bir oyun 
								fikirləşəndə uşaqlıq dövrünü bir daha yaşayıram. 
								
								
								Uşaqlar məndən hər dəfə  yeni bir oyun 
								istəyirlər. Mən də bütün bilik və bacarığımı bu 
								istiqamətə yönəldib, müasir texnikadan istifadə 
								edərək uşaqlara bilik verməkdən həzz alıram.  
								
								
								
								Sevinc MƏHƏRRƏMOVA, 
								"Ankara məktəbi" məktəb-liseyin ibtidai sinif 
								müəllimi   |