| 
								 
								
								Son illər məktəblərdə tədris prosesinin 
								təşkilinə yeni yanaşmaların məhsulu olan fəal 
								təlim geniş tətbiq olunur, müəllimlər müasir 
								dərsə verilən tələbləri öz təcrübələrində 
								yaradıcılıqla nəzərə alaraq bir-birindən maraqlı 
								dərs nümunələrindən istifadə edirlər. Bakı 
								şəhərindəki 23 nömrəli tam orta məktəbin rus 
								bölməsi üzrə Azərbaycan dili müəllimi Təranə 
								Mikayılova III sinifdə apardığı belə bir dərsin 
								nümunəsini redaksiyamıza təqdim edib. Digər 
								müəllimlər üçün də maraqlı olacağını nəzərə alıb 
								həmin dərs nümunəsini dərc edirik:  
								
								
								
								Fənn: Azərbaycan dili, III sinif. 
								
								
								
								Mövzu: "Bizim qəhrəmanlarımız" mətni.  
								
								
								
								Məzmun standartları: 
								
								
								1.1.3. Dinlədiyi mətni hissələrə ayırır. 
								
								
								2.2.2. Müşahidə etdiyi əşya və hadisələri üçüncü 
								şəxsin dili ilə təsvir edir. 
								
								
								3.1.2. Oxuduğu kiçikhəcmli mətnin məzmunu barədə 
								məlumat verir. 
								
								
								4.1.1. Eşitdiyi sözləri və sadə cümlələri düzgün 
								yazır. 
								
								
								
								Məqsəd: 
								
								
								- Sözləri cümlələrdən fərqləndirir. 
								
								
								- Mətnin məzmununu çatdırmağı bacarır. 
								
								
								- Sözləri düzgün tələffüz edir, oxuyur və yazır. 
								
								
								- Müzakirə aparmağı bacarır. 
								
								
								- Vətənə məhəbbəti, sevgisi barədə danışır. 
								
								
								
								Dərsin tipi: 
								İnduktiv. Yeni bilik verən dərs. 
								
								
								
								İş forması:  
								Bütün  siniflə  iş,  kiçik  qruplarla iş. 
								
								
								
								İş üsulu: 
								Əqli hücum, müşahidə. 
								
								
								
								Resurslar: 
								Dərslik, DVD, şəkillər, iş vərəqləri. 
								
								
								
								Dərsin gedişi: 
								Sinfin fəallaşdırılması: Uşaqlar Vətənlə bağlı 
								şeir, atalar sözləri söyləyirlər. Kim daha çox 
								məlumatlıdırsa, o, qalib hesab olunur. 
								
								
								
								Motivasiya: 
								Lövhədə "Azərbaycan qəhrəmanlar ölkəsidir" 
								ifadəsi yazılır, şagirdlərdən ifadə haqqında  
								fikir söyləmələri xahiş edilir. Cavablar 
								dinlənildikdən sonra şagirdlərin çox yaxşı 
								tanıdığı Azərbaycanın Milli Qəhrəmanı Tahir 
								Həsənovun şəkli lövhədən asılır (Məktəbimiz 
								Milli Qəhrəman Tahir Həsənovun adını daşıyır).
								 
								
								
								
								Yardımçı sual: 
								Vətəni kim qorumalıdır? 
								
								
								
								Tədqiqat sualı. 
								Milli Qəhrəman adını kimlərə verirlər? Milli 
								Qəhrəman adını necə qazanmaq olar? 
								
								
								Şagirdlərin cavablarını dinlədikdən sonra onlara 
								Məsum İbrahimovun ifasında "Qarabağ" şikəstəsi 
								səsləndirilir, şagirdlər mahnını dinlədikdən 
								sonra Azərbaycan, Qarabağ, işğal olunmuş 
								torpaqlarımız haqqında bildiklərini söyləyirlər.
								 
								
								
								
								Tədqiqatın aparılması. 
								Kiçik qruplarla iş. Qrupları Vətənimizin işğal 
								olunmuş bölgələrinin adları ilə adlandırıram. 
								"Laçın", "Xocalı", "Ağdam", "Qubadlı". Həmin 
								adları 4 dəfə təkrarlamaqla kağız zolaqlarda 
								yazılır, şagirdlərə paylanır. Eyni qrup üzvləri 
								müəyyənləşdirilir. Hər qrupa iş vərəqi təqdim 
								olunur. Qruplarla işləmək, əməkdaşlıq qaydaları 
								xatırladılır. Verilən vaxt dəqiqləşdirilir.
								 
								
								
								
								I qrup. 
								
								
								"Biz Vətəni nə üçün qoruyuruq?" 
								
								
								
								II qrup. 
								
								
								"Vətəni qorumaq azdır, onu candan əziz sevmək 
								lazımdır"    
								
								
								
								III qrup. 
								
								
								"Siz Vətəni necə qoruyardınız?" 
								
								
								
								IV qrup. 
								
								
								"Vətən sənin üçün nə deməkdir?", "Vətən" 
								sözündən hansı yeni sözləri düzəltmək olar? 
								
								
								Məlumat mübadiləsi. Müzakirə. 
								
								
								Qrupların liderləri öz işlərini təqdim edirlər. 
								İş vərəqləri lövhədən asılır. O biri qruplardakı 
								şagirdlər onları dinləyir və əlavə suallar 
								verirlər.  
								
								
								Qrupların işi meyarlar cədvəlində 
								qiymətləndirilir. 
								
								
								Qiymətləndirmədən sonra "Bizim qəhrəmanlarımız" 
								mətnini uşaqlar üzündən oxuyurlar. Mətn 
								şagirdlər tərəfindən oxunduqdan sonra onlara 
								aşağıdakı suallar verilir:  
								
								
								- "Yurdumuz qəhrəmanlar yurdudur" dedikdə nə 
								başa düşürsünüz? 
								
								
								
								- "Torpağına, daşına 
								
								
								
								Qurbandır canım mənim"  
								
								
								ifadəsini necə izah edərdiniz? 
								
								
								Nəticə və ümumiləşdirmə. Vətən müqəddəsdir. 
								Vətən doğmadır. Vətəni ana qədər sevmək 
								lazımdır. Vətəni sevmək azdır, onu göz bəbəyi 
								kimi qorumaq gərəkdir. Yurdumuz qəhrəmanlar 
								vətənidir. Qəhrəmanlarımız vətəni qorumaq üçün 
								canlarını qurban veriblər. Vətən yolunda ölənlər 
								heç vaxt ölmürlər, onlar daim bizim qəlbimizdə 
								yaşayırlar.  
								
								
								
								Qiymətləndirmə. 
								Dərsdə fərqlənən şagirdlər qiymətləndirilir.
								 
								
								
								
								Ev tapşırığı. 
								Mətni oxuyub öyrənmək. "Qəhrəmanlar unudulmur" 
								mövzusunda fikirlərinizi yazın.    
								
								
								
								Təranə MİKAYILOVA, 
								Bakı şəhər Tahir Həsənov adına  
								23 nömrəli tam orta məktəbin  
								Azərbaycan dili müəllimi  |