| 
								 
								
								 Dekabrın 
								28-də Təhsil Nazirliyində Akkreditasiya 
								Şurasının növbəti iclası keçirilib.  
								
								
								İclasda Xaçmaz Peşə Liseyi, Gədəbəy Peşə Liseyi, 
								Salyan Peşə Liseyi və 1 nömrəli Sumqayıt Peşə 
								Liseyinin akkreditasiyasının nəticələri müzakirə 
								olunub.   
								
								
								Təhsil naziri Misir Mərdanov iclası giriş sözü 
								ilə açaraq təhsil müəssisələrinin 
								akkreditasiyadan keçirilməsinin əhəmiyyətini 
								qeyd edib və təhsilin keyfiyyətinin 
								yüksəldilməsi baxımından bu istiqamətdə 
								reallaşdırılan tədbirlərin mühüm rol oynadığını 
								nəzərə çatdırıb. 
								
								
								Xaçmaz Peşə Liseyində aparılmış akkreditasiyanın 
								nəticələri barədə məlumat verən həmin müəssisə 
								üzrə Akkreditasiya Komissiyasının sədri, 14 
								nömrəli Bakı Peşə Liseyinin direktoru Vidadi 
								Quliyev bu təhsil müəssisəsinin ümumi fəaliyyəti 
								barədə fikirlərini bildirib. V.Quliyev Xaçmaz 
								Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr 
								hazırlığının aparılması, liseyin şagird 
								kontingenti, məzunların işlə təminatı, 
								akkreditasiya zamanı keçirilmiş sorğunun 
								nəticələri və digər bu kimi məsələlərdən söz 
								açıb.  
								
								
								Gədəbəy Peşə Liseyi üzrə Akkreditasiya 
								Komissiyasının sədri, İlkin Peşə Təhsilinin 
								İnkişaf Mərkəzinin koordinatoru Elxan Cəfərov 
								qeyd olunan müəssisədə aparılmış araşdırma 
								barədə məlumatı nəzərə çatdırıb. E.Cəfərov 
								Gədəbəy Peşə Liseyinin fəaliyyət istiqamətləri, 
								mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji 
								heyəti, maddi-texniki bazası haqqında danışıb, 
								habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu 
								göstəricilərini qeyd edib. 
								
								
								Daha sonra Salyan Peşə Liseyi üzrə Akkreditasiya 
								Komissiyasının sədri, 17 nömrəli Bakı Peşə 
								Liseyinin direktor müavini Azad Qədirov çıxış 
								edib. A.Qədirov təqdimat-məruzəsində liseyin 
								fəaliyyətindən, test sorğusu üzrə 
								göstəricilərdən, ümumilikdə akkreditasiyanın 
								nəticələrindən bəhs edib. 
								
								
								1 nömrəli Sumqayıt Peşə Liseyində aparılmış 
								araşdırmaya dair geniş məlumat verən həmin 
								müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri, 
								Azərbaycan Müəllimlər İnstitutunun təhsilin 
								idarə edilməsi və peşə təlimi kafedrasının 
								müəllimi  Şahrza Ağayev  akkreditasiyaya təqdim 
								olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin 
								məzunlarının son 5 ildə işlə təminatı və digər 
								məsələlərdən danışıb. 
								
								
								Sonra qeyd olunan peşə məktəbləri üzrə aparılmış 
								akkreditasiyanın nəticələri barədə iclas 
								iştirakçılarını maraqlandıran suallar 
								cavablandırılıb, bir sıra təklif və tövsiyələr 
								səsləndirilib. 
								
								
								Təhsil naziri Misir Mərdanov peşə təhsili 
								müəssisələrində aparılmış akkreditasiya ilə 
								bağlı fikirlərini bildirib, öz tövsiyə və 
								tapşırıqlarını verib. 
								
								
								İclasda Xaçmaz Peşə Liseyi, Gədəbəy Peşə Liseyi, 
								Salyan Peşə Liseyi və 1 nömrəli Sumqayıt Peşə 
								Liseyinin fəaliyyətinin "kafi" 
								qiymətləndirilməsi və müvafiq ixtisaslarının 
								akkreditə olunması barədə qərar qəbul edilib.
								  |