| 
								 
								
								  Dekabrın 
								29-da Təhsil Nazirliyində ötən ilin yekunlarına 
								əsasən uşaq-gənclər idman və şahmat məktəbləri, 
								idmançılar, məşqçi-müəllimlər arasında keçirilən 
								respublika müsabiqəsi qaliblərinin 
								mükafatlandırılması mərasimi olub. 
								
								
								Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü 
								ilə açaraq bədən tərbiyəsi və idmanın inkişafını 
								dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən 
								məsələlərdən biri kimi səciyyələndirib, 
								qazanılan möhtəşəm uğurların ölkəmizdə 
								idmançılara göstərilən qayğının nəticəsi 
								olduğunu bildirib. Nazir ümummilli lider Heydər 
								Əliyevin idman sahəsinin inkişafına həmişə 
								diqqət və qayğı ilə yanaşdığını, bu ənənənin 
								hazırda ölkə Prezidenti cənab İlham Əliyev 
								tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
								 
								
								
								2011-ci ilin Azərbaycanın idman həyatında bir 
								çox uğurlarla yadda qaldığını qeyd edən Misir 
								Mərdanov bu nailiyyətlərin qazanılmasında Təhsil 
								Nazirliyi sistemində fəaliyyət göstərən idman və 
								şahmat məktəbləri yetirmələrinin xüsusi rolu 
								olduğunu bildirib. Nazir idmanın şahmat və 
								futbol növlərinin daha da inkişaf etdirilməsi 
								üçün ölkə Prezidentinin sərəncamları ilə təsdiq 
								olunmuş Dövlət Proqramlarının icrası 
								istiqamətində görülmüş işlərdən söhbət açaraq 
								2011-ci ildə Ağcabədi, Quba, Xaçmaz və Ucarda 
								şahmat məktəbləri üçün yeni binaların istifadəyə 
								verildiyini nəzərə çatdırıb.  
								
								
								Cari ildə Təhsil Nazirliyi tərəfindən 
								mərkəzləşdirilmiş qaydada bütün şahmat 
								məktəblərinin müxtəlif mebel dəstləri, kompüter, 
								kompüter avadanlıqları, texniki tədris 
								vasitələri, digər zəruri avadanlıqlar və əyani 
								vəsaitlərlə təmin edildiyini söyləyən nazir 
								ümumtəhsil məktəblərində şahmatın tədris 
								olunması istiqamətində həyata keçirilən 
								tədbirlərdən söz açıb. Misir Mərdanov bildirib 
								ki, 2011-ci ildə də şahmat məktəblərinin 
								yetirmələri respublika birincilik və 
								çempionatlarında 14-ü qızıl, 11-i gümüş və 13-ü 
								bürünc olmaqla 38 medal, Avropa, dünya 
								birinciliklərində və çempionatlarında isə 5-i 
								qızıl, 3-ü gümüş, 2-i bürünc olmaqla 10 medal 
								qazanıblar.  
								
								
								Təhsil naziri respublika və beynəlxalq 
								yarışlarda yüksək nəticələr göstərən 
								idmançıların, onların təmsil etdikləri 
								məktəblərin adlarını sadalayıb və bu uğurların 
								davamlı olacağına inamını ifadə edib. Təhsil 
								sistemində fəaliyyət göstərən uşaq-gənclər idman 
								və şahmat məktəblərinin, həmin məktəblərdə 
								çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini 
								qiymətləndirmək, istedadlı idmançıları aşkar 
								etmək və onları rəğbətləndirmək məqsədilə 
								ənənəvi olaraq hər il keçirilən respublika 
								müsabiqəsində 159 idman məktəbinin iştirak 
								etdiyini nəzərə çatdıran nazir qalibləri təbrik 
								edib və onlara uğurlar arzulayıb.  
								
								
								Sonra 12 nominasiya üzrə keçirilmiş respublika 
								müsabiqəsi qaliblərinə diplom və hədiyyələr 
								təqdim olunub.  
								
								
								Mərasimdə gənclər və idman nazirinin müavini 
								İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq 
								Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini 
								Aynur Sofiyeva, Azərbaycan Şahmat 
								Federasiyasının vitse-prezidenti Faiq Həsənov, 
								millət vəkili Rauf Əliyev, millət vəkili Ülvi 
								Quliyev, təhsil sistemində fəaliyyət göstərən 
								uşaq-gənclər idman və şahmat məktəblərinin 
								rəhbərləri, məşqçi-müəllimlər və idmançılar 
								iştirak ediblər.  |