| 
						 
						
						Azərbaycan xalqının şanlı oğlu, qüdrətli dövlət xadimi, 
						dahi siyasətçi Heydər Əliyevin  2012-ci il mayın 10-da 
						anadan olmasının 89-cu ildönümü tamam olur. 
						
						
						Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev XX əsrin ən 
						parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. 
						O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə 
						hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr 
						yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. 
						Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının 
						qəlbində Ulu Öndərin ölməz işıqlı obrazı yaşayır. 
						
						
						Xilaskarlıq missiyası Ümummilli liderimizin 
						genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını 
						təşkil etmişdir. Heyrətamiz idarəçilik istedadına, mətin 
						iradəyə və misilsiz əzmkarlığa malik Ulu Öndər 
						Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi 
						tənəzzül burulğanından çıxararaq "imzalar içində imzası 
						olmayan", hətta keçmiş SSRİ məkanında belə yaxşı 
						tanınmayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və 
						nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilmişdir. 1982-87-ci 
						illərdə fövqəldövlət olan keçmiş SSRİ-nin rəhbərlərindən 
						biri kimi ən çətin və mürəkkəb sahələrə nəzarət edən 
						Ümummilli liderimiz müstəsna təşkilatçılığı, siyasi 
						uzaqgörənliyi, iti zəkası və qibtə olunası işgüzarlığı 
						ilə xalq arasında böyük hörmət və şöhrət qazanmış, 
						Heydər Əliyev fenomeni xarici dövlətlərin tanınmış 
						siyasi liderlərinin və kütləvi informasiya vasitələrinin 
						daim diqqət mərkəzində olmuşdur. 
						
						
						Ötən əsrin 90-cı illərinin əvvəlində naşı və səriştəsiz 
						rəhbərliyin nəticəsi olaraq Azərbaycanda yaranmış siyasi 
						başıpozuqluq, iqtisadi və sosial böhran, vətəndaş 
						müharibəsi və dövlət müstəqilliyinin itirilməsi 
						təhlükəsi yenə də müdrik və yenilməz şəxsiyyət Heydər 
						Əliyevin 1993-cü il iyunun 15-də ölkəmizdə siyasi  
						hakimiyyətə ikinci dəfə qayıdışı ilə aradan qaldırıldı, 
						dövlət çevrilişlərinin qarşısı alındı və Azərbaycan 
						dinamik inkişaf yoluna qədəm qoydu. 
						
						
						Bu gün ölkəmizin hüdudlarında dillər əzbəri olan "Müasir 
						Azərbaycan Heydər Əliyevin şah əsəridir" ifadəsi dövrün 
						reallığını əks etdirən danılmaz həyat həqiqətidir. 
						Dövlət müstəqilliyimizin qorunub saxlanmasında, 
						dövlətçiliyimizin möhkəmləndirilməsində, daxili və 
						xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında, 
						iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin 
						edilməsində, milli mənəvi dəyərlərin dirçəlişində, 
						azərbaycançılıq məfkurəsinin milli ideologiyaya 
						çevrilməsində  ölçüyəgəlməz xidmətləri Ulu Öndərə sonsuz 
						ehtiram, məhəbbət və əbədiyyət qazandırmışdır. 
						
						
						Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin 
						inkişafı, təhsil işçilərinə müntəzəm diqqət və qayğı 
						Ümummilli liderimizin ciddi önəm verdiyi prioritet 
						istiqamətlərdən biri olmuşdur. Təhsili millətin gələcəyi 
						adlandıran Ulu Öndər ölkəmizdə təhsil islahatlarının 
						aparılmasını ciddi vəzifə kimi qarşıya qoymaqla 1999-cu 
						il iyunun 15-də "Azərbaycanın təhsil sahəsində islahat 
						Proqramı"nı təsdiq etmiş, islahatyönümlü tədbirlərin 
						Dünya Bankının Beynəlxalq İnkişaf  Assosiasiyası ilə 
						birgə həyata  keçirilməsinin təşəbbüskarı olmuş və 
						beləliklə də ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil 
						sistemlərinə inteqrasiyası yolu ilə inkişafına möhkəm 
						zəmin yaratmışdır. 
						
						
						Böyük azərbaycanlı, dünya azərbaycanlılarının fəxri, 
						milli və mənəvi lideri Heydər Əliyevin öz həmvətənlərinə 
						müqəddəs əmanət qoyduğu müstəqil Azərbaycan onun ölməz 
						ideyalarının işığında ölkə Prezidenti cənab İlham 
						Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə  inamla 
						addımlayır. 2003-cü ildən bu günədək Azərbaycanın 
						ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi 
						möhtəşəm uğurlar Heydər Əliyev ideallarına, Ulu Öndərin 
						siyasi kursuna sadiqliyin əyani təzahürüdür. 
						
						
						Ümummilli lider Heydər Əliyevin əzəmətli şəxsiyyəti, Ulu 
						rəhbərin Azərbaycana, doğma xalqına həsr edilmiş ömür 
						yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, 
						tərbiyə məktəbidir. Təhsil işçiləri, bütövlükdə pedaqoji 
						ictimaiyyət böyüməkdə olan indiki gənc nəslin hər bir 
						nümayəndəsinin dahi Heydər Əliyev nümunəsində tərbiyə 
						olunmasına Vətən və xalq qarşısında ən başlıca vəzifə 
						kimi münasibət bəsləməli, bu işin yerinə yetirilməsində 
						yüksək qətiyyət və əzmkarlıq göstərməlidirlər. 
						
						
						Qeyd olunanları nəzərə alaraq  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) 
						təhsil şöbələri, texniki peşə, ali və orta ixtisas 
						təhsili müəssisələrinin, Təhsil Nazirliyi nəzdindəki 
						ümumi təhsil müəssisələrinin rəhbərləri 2012-ci  il 
						fevral ayından başlayaraq Ümummilli lider Heydər 
						Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə 
						xüsusi tədbirlər müəyyənləşdirib həyata keçirilməsini 
						təmin etsinlər. 
						
						
						2. Respublikanın ümumtəhsil məktəblərinin VII-XI sinif 
						şagirdlərinin və ilk peşə-ixtisas təhsili müəssisələri 
						şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 
						zəngin  həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı 
						müsabiqəsi keçirilsin. Müsabiqənin məktəb və rayon 
						(şəhər) mərhələləri aprel ayının 10-dək 
						yekunlaşdırılsın. 
						
						
						3. İnşa müsabiqəsinin yekun mərhələsi Təhsil 
						Nazirliyinin müəyyən etdiyi vaxtda Bakı şəhərində 
						keçirilsin. 
						
						
						4. Müsabiqənin yekun mərhələsinin iştirakçıları üçün 
						aşağıdakı qaydada kvota müəyyənləşdirilsin: 
						
						
						4.1. Ümumtəhsil məktəbləri üzrə  - hər rayon və şəhərdən 
						1 (bir) nəfər. 
						
						
						4.2. Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil 
						müəssisələri üzrə - 5 (beş) nəfər. 
						
						
						4.3. İlk peşə-ixtisas təhsili müəssisələri üzrə - 10 
						(on) nəfər. 
						
						
						5. Naxçıvan Muxtar Respublikasında bu əmrdə qeyd olunan 
						tədbirlərin müəyyən edilən müddətlərdə Naxçıvan MR 
						Təhsil Nazirliyi və digər aidiyyəti təhsil müəssisələri 
						tərəfindən  müstəqil yerinə yetirilib yekunlaşdırılması 
						məqsədəuyğun hesab edilsin. 
						
						
						6. İlk peşə-ixtisas təhsili müəssisələri və Təhsil 
						Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələri 
						şagirdlərinin inşa yazılarının nəzərdən keçirilərək 
						yekun mərhələdə iştirak üçün qaliblərin 
						müəyyənləşdirilməsi işinin təşkili Təhsil Nazirliyi 
						Aparatının rəhbəri İ.Pirməmmədova həvalə olunsun. 
						
						
						7. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) 
						inşa yazı müsabiqəsinin yekun mərhələsinin səmərəli 
						təşkili, başa çatdırılması, qaliblərin 
						müəyyənləşdirilməsi məqsədilə lazımi tədbirlər görsün, 
						ən yaxşı inşaların toplu şəklində nəşr olunması üçün  
						İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Dərslik və nəşriyyat 
						şöbəsi (F.Şahbazlı) ilə birgə təkliflər hazırlasın. 
						
						
						8. Ali və orta-ixtisas təhsili şöbəsi (İ.Mustafayev), 
						Elm şöbəsi (G.Hüseynova)  2012-ci ilin fevralından 
						etibarən ali və orta-ixtisas təhsili müəssisələrinin 
						rəhbərləri ilə birlikdə Ümummilli lider Heydər Əliyevin 
						elm, təhsil və iqtisadiyyatın inkişafı sahəsində 
						genişmiqyaslı fəaliyyətinə həsr olunmuş elmi-praktik 
						konfrans, "dəyirmi masa" və seminarların keçirilməsi 
						üzrə  lazımi tədbirlər görsünlər. 
						
						
						9. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) 
						2012-ci ilin fevral-aprel aylarında ümumtəhsil 
						məktəbləri şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və 
						müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsi və 
						sərgisinin, habelə müxtəlif növlər üzrə idman  
						turnirlərinin keçirilməsini təmin etsin.  
						
						
						10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan 
						müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində 
						dərc olunmasını təmin etsin. 
						
						
						11. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						17 yanvar 2012-ci il   |