| 
						 
						
						Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 aprel 
						2011-ci il tarixli, 552 nömrəli əmrinə əsasən 21-22 
						dekabr tarixlərində Azərbaycan Müəllimlər İnstitutunun 
						bazasında Təhsil Nazirliyinin təşkilatçılığı ilə 
						Doktorantların və gənc tədqiqatçıların XVI Respublika 
						elmi konfransı keçirilmişdir. 
						
						
						Konfransın işinə ümumi rəhbərlik Azərbaycan Respublikası 
						təhsil nazirinin sədrlik etdiyi Təşkilat Komitəsi, ayrı-ayrı 
						fənlər üzrə bölmə iclaslarının aparılması isə görkəmli 
						alimlər tərəfindən həyata keçirilmişdir. 
						
						
						Doktorantlar və gənc tədqiqatçılar tərəfindən aparılan 
						elmi araşdırmaların nəticələrinin müzakirə edilməsi və 
						nəşri məqsədilə Təhsil Nazirliyinin həyata keçirdiyi 
						tədbirlər arasında doktorantların və gənc 
						tədqiqatçıların elmi konfransının xüsusi yeri vardır. 
						Bunu nəzərə alaraq, Təhsil Nazirliyi doktorant və 
						tədqiqatçıların elmi konfransını müntəzəm olaraq keçirir. 
						Konfransın materialları Ali Attestasiya Komissiyası 
						tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin 
						dərc olunması tövsiyə edilən nəşrlərin siyahısına daxil 
						edilmişdir. Bunu nəzərə alaraq konfransa təqdim olunan 
						tezislərə tələblər ciddiləşdirilmiş, tezislərin həcmi 1 
						vərəqdən 3 vərəqə qədər artırılmış, mətnin sonunda 
						istifadə edilən ədəbiyyat  siyahısının və iki dildə 
						yazılmış xülasənin verilməsi zəruri sayılmışdır. 
						
						
						 Doktorantların və gənc tədqiqatçıların XVI Respublika 
						elmi konfransının Təşkilat Komitəsinə 19 dövlət ali 
						təhsil müəssisəsindən və AMEA-nın institutlarından 297 
						məruzə tezisi təqdim olunmuş və həmin məruzələrin adları 
						konfransın proqramına daxil edilmişdir. 
						
						
						Proqrama uyğun olaraq konfransın 19 bölməsində 243 
						məruzə dinlənilmiş və müzakirə edilmişdir. Təşkilat 
						Komitəsinin qərarına əsasən konfransda dinlənilmiş və 
						bölmə sədrləri tərəfindən nəşrə layiq görülmüş məruzə 
						tezislərinin konfransın materiallarına daxil edilməsi və 
						nəşri nəzərdə tutulmuşdur. Konfransda məruzə ilə çıxış 
						etmiş tədqiqatçılara Təhsil Nazirliyinin sertifikatları 
						verilmişdir. 
						
						
						Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi tərəfindən 
						konfransın keçirilməsi üçün müvafiq şərait yaradılmış, 
						konfransın proqramı çap edilmiş, lazımi tədbirlər 
						operativ şəkildə həyata keçirilmişdir.  
						
						
						Qeyd olunanları nəzərə alaraq  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Təhsil Nazirliyinin  təşkilatçılığı ilə doktorantlar 
						və gənc tədqiqatçılar üçün keçirilən respublika elmi 
						konfranslarının ali təhsil müəssisəsində gənc alimlərin 
						hazırlanmasına müsbət təsiri qeyd edilsin. 
						
						
						2. Doktorantların və gənc tədqiqatçıların XVI Respublika 
						elmi konfransının  Azərbaycan Müəllimlər İnstitutunda 
						keçirilməsi üçün əlverişli şərait yaradıldığına görə 
						həmin institutun rektoru, professor Aqiyə Naxçıvanlıya 
						təşəkkür elan edilsin.  
						
						
						3. Konfransın materiallarının nəşri Azərbaycan 
						Müəllimlər İnstitutunun rektoruna (A.Naxçıvanlı) 
						tapşırılsın. 
						
						
						4. Təhsil Nazirliyinin Elm şöbəsi (G.Hüseynova): 
						
						
						4.1. Doktorantların və gənc tədqiqatçıların XVII 
						Respublika elmi konfransının keçirilməsi barədə 
						təkliflər hazırlayıb 2012-ci il  5 fevral  tarixinə 
						qədər nazirliyin rəhbərliyinə təqdim etsin; 
						
						
						4.2. Əmrin "Təhsil xəbərləri" məlumat-informasiya 
						məcmuəsində dərc edilməsini təmin etsin. 
						
						
						5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan 
						müəllimi"  qəzetində dərc edilməsini və nazirliyin 
						İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.
						 
						
						
						6. Əmrin çoxaldılıb yerlərə çatdırılması Ümumi şöbəyə 
						(X.Fərəcov) tapşırılsın. 
						
						
						7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						23 yanvar 2012-ci il  |