| 
						 
						
						 Təhsil 
						Nazirliyindən aldığımız məlumata görə, ötən il 
						"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil 
						sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" 
						çərçivəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət həyata 
						keçirilmişdir. Belə ki, təhsil sistemində İKT 
						infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə 
						ötən il respublikanın təhsil müəssisələrinə və Təhsil 
						Nazirliyinin tabeliyində olan şəhər və rayon təhsil 
						şöbələrinə 2 min ədəd stolüstü kompüter dəsti, 500 
						noutbuk, 500 proyektor və s. informasiya-kommunikasiya 
						texnologiyaları avadanlığı verilmişdir. Həmçinin 
						respublika üzrə şəhər və rayon təhsil müəssisələri, o 
						cümlədən məktəblər ADSL və simsiz genişzolaqlı İnternetə 
						qoşulma üçün zəruri avadanlıqlarla təmin  olunmuşdur. 
						 
						
						
						Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant 
						təhsilinin inkişafı ilə əlaqədar yaradılmış distant 
						tədris mərkəzi, eləcə də mərkəzdəki müəllim və 
						şagirdlər  üçün kompüter dəstləri və zəruri şəbəkə 
						avadanlığı təqdim olunmuşdur. Bundan əlavə "Elektron 
						təlimləndirən sistemlər" layihəsi çərçivəsində müəllim, 
						şagird və valideynlərin təhsil prosesinə cəlb olunması 
						üçün təhsil portalının hazırlanması işlərinə 
						başlanmışdır. 
						
						
						Ötən il texniki dəstək xidmətlərinin göstərilməsi 
						istiqamətində də işlər davam etdirilmişdir. 146 nömrəli 
						"qaynar xətt" xidmətində il ərzində 3000-dən çox zəng 
						qəbul edilmiş və müvafiq texniki dəstək xidmətləri 
						göstərilmişdir. Beləliklə, 2009-cu ildən indiyədək qəbul 
						olunmuş zənglərin sayı 7000-ə çatmışdır.  
						
						
						Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrində İKT 
						avadanlığına texniki nəzarət və dəstək sisteminin 
						təkmilləşdirilməsi prosesi də həyata keçirilmişdir. 
						Respublika üzrə şəhər və rayonlarda 32000 kompüterə 
						texniki xidmət göstərilmişdir. Azərbaycan Təhsil 
						Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 2011-ci 
						ilin sonuna qədər 1200-ə çatdırılmışdır.  
						
						
						Görülmüş işlərin bir istiqaməti də Məlumat və Resurs 
						Mərkəzində "Elektron sənəd dövriyyəsi"nin dəstəklənməsi 
						və məsləhət xidmətlərinin göstərilməsidir. 
						
						
						Elektron təhsil texnologiyalarının tətbiqinin 
						genişləndirilməsi istiqaməti çərçivəsində ötən il Milli 
						Təhsil Portalına əlavə funksiyalar tətbiq edilmiş, 
						müəllimlərin elektron işə qəbulu proqramı hazırlanmış, 
						təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət 
						Proqramının İnternet saytı (www.ict.edu.az) 
						istifadəyə verilmişdir.  
						
						
						Müasir texnologiyalar əsasında qurulan interaktiv 
						"Məktəb xəritəsi" proqramı artıq Bakı şəhərində 
						fəaliyyətə başlamış və şəhərdə yerləşən təhsil 
						müəssisələri burada öz əksini tapmışdır. Xəritədə Bakı 
						şəhərində yerləşən təhsil müəssisələri, məktəblərarası 
						məsafə, təhsil müəssisələrinin təsvirləri, məktəb barədə 
						informasiya və sair kimi məlumatları əldə etmək 
						mümkündür.  
						
						
						Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması 
						və kadr potensialının gücləndirilməsi istiqamətləri üzrə 
						də ciddi addımlar atılmışdır. Belə ki, il ərzində 
						Təhsilin İdarəolunması Məlumat Sistemlərinin (TİMS) 
						bazası və Milli Təhsil Məlumat (MTM) bazası arasında 
						məlumat mübadiləsi təmin olunmaqla yanaşı, əlavə 
						funksionallar da tətbiq edilmişdir. Təhsil 
						müəssisələrinə verilən kompüter avadanlığında 32 min 
						Microsoft Windows XP Pro və Office XP Pro 
						lisenziyalarının, antivirusların və digər istifadədə 
						olan antivirusların lisenziyalarının müddəti 
						uzadılmışdır.  
						
						
						Təhsil sistemi üzrə 3,7 min nəfər inzibati-idarəetmə 
						heyəti, 21,3 min nəfər pedaqoji heyət və 355 nəfər 
						texniki heyət İKT savadlılığın artırılmasına yönəldilmiş 
						kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə 
						iştirak etmişdir. "Elektron məktəb" pilot layihəsində 
						iştirak edən məktəblərin 250 müəllimi üçün əlavə olaraq 
						daha genişformatlı təlimlər keçirilmişdir. Azərbaycan 
						Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot 
						məktəblərin 300 nəfər pedaqoji heyəti üçün "1 şagird-1 
						kompüter" layihəsi, 300 nəfər üçün "Həmkara dəstək" 
						layihəsi, 350 nəfər pedaqoji heyəti üçün isə "Fənlər 
						üzrə elektron təhsil resurslarının hazırlanması" 
						layihəsi üzrə treninqlər təşkil edilmişdir.   
						
						
						
						Y.ƏLİYEV  |