| 
						 
						
						 Yanvarın 
						27-də təhsil naziri Misir Mərdanov Alman Akademik 
						Mübadilə Xidməti (DAAD) təşkilatının nümayəndələri ilə 
						görüşüb. 
						
						
						Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov 
						Azərbaycanla Almaniya arasında təhsil və elm sahələri 
						üzrə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf 
						etdiyini bildirib. Nazir təhsil sahəsində səmərəli 
						əlaqələrin qurulmasında Alman Akademik Mübadilə 
						Xidmətinin gördüyü işlərin böyük önəm daşıdığını qeyd 
						edib. 
						
						
						DAAD-ın Rusiya Federasiyasındakı nümayəndəliyinin 
						rəhbəri Qreqor Berqxorn Azərbaycanla Almaniyanın təhsil 
						sahəsi üzrə əlaqələrinin uğurlu inkişafından razılığını 
						bildirib. Q.Berqxorn Alman Akademik Mübadilə Xidmətinin 
						ikitərəfli təhsil əlaqələrinin inkişafına bundan sonra 
						da layiqli töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb. 
						DAAD-ın təqaüd proqramları çərçivəsində bu il 
						Azərbaycana 8 yer ayrıldığını nəzərə çatdıran qonaq 
						seçim turuna 150 nəfərin qatıldığını söyləyib. 
						
						
						Müraciət edənlər arasında 1 illik elmi tədqiqatlara 
						maraq göstərən gənc alimlərin az olduğuna diqqət çəkən 
						Q.Berqxorn Azərbaycanla Almaniya arasında elmin inkişafı 
						ilə bağlı proqramın hazırlanması məsələsinə toxunub. 
						Almaniyalı mütəxəssislərin Azərbaycanın ali 
						məktəblərində çalışması məsələsindən bəhs edən qonaq, bu 
						işin təmsil etdiyi ölkədə təhsil almaq istəyən 
						tələbələrin dil öyrənməsi baxımından mühüm əhəmiyyət 
						daşıdığını bildirib. 
						
						
						Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti 
						nümayəndələrinin Azərbaycanın ali məktəblərində görüşlər 
						keçirməsinin, tələbə və gənc alimlərə təklif olunan 
						təqaüdlərlə bağlı ətraflı məlumat verilməsinin 
						vacibliyini nəzərə çatdırıb. Nazir bildirib ki, 
						Azərbaycan DAAD təqaüdləri çərçivəsində daha çox tibb, 
						riyaziyyat, kimya, fizika, mühəndislik, kompüter 
						texnologiyaları, ekologiya və turizm sahələri üzrə 
						mütəxəssislərin hazırlanmasında və ayrılan yerlərin 
						sayının artırılmasında maraqlıdır. Ölkəmizin ali 
						məktəbləri ilə Almaniya universitetləri arasında birbaşa 
						əlaqələrin yaradılmasının vacibliyinə toxunan təhsil 
						naziri elmin inkişafı ilə bağlı müvafiq proqramın 
						hazırlanması üçün birgə işçi qrupunun təşkil edilməsinin 
						mümkünlüyünü qeyd edib. 
						
						
						Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra 
						digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
						  |