| 
						 
						
						 Yanvarın 
						28-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
						Yenidənhazırlanma İnstitutunda Heydər Əliyev 
						Muzey-Lektoriyasının açılışı, institutun 
						professor-müəllim heyəti tərəfindən son 4 il ərzində 
						nəşr edilmiş elmi əsərlərin (monoqrafiya, dərslik, dərs 
						vəsaiti, metodik vəsait, elmi məqalə və s.) sərgisi, 
						həmçinin Britaniya Şurası ilə Anlaşma Memorandumunun 
						imzalanma mərasimi keçirildi. 
						
						
						Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri, 
						professor Misir Mərdanov, Britaniya Şurasının rəhbəri 
						cənab Pol Klementson, Milli Məclisin üzvü, AMEA-nın 
						müxbir üzvü Bəxtiyar Əliyev, Azərbaycan Təhsil İşçiləri 
						Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr 
						müavini Şaiq Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti 
						başçısının müavini Vüsal İsmayılov, KİV nümayəndələri, 
						institutun professor-müəllim heyəti iştirak ediblər. 
						
						
						Heydər Əliyev Muzey-Lektoriyasını təhsil naziri Misir 
						Mərdanov və institutun rektoru Asəf Zamanov qırmızı 
						lenti kəsərək açdılar. 
						
						
						Muzey-Lektoriyanın açılışından sonra mərasim 
						iştirakçıları Heydər Əliyevin xatirəsinin 
						əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan 
						lektoriyada ulu öndərin həyatının və çoxşaxəli 
						dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks 
						etdirən materiallar, fotoşəkillər və eksponatları seyr 
						etdilər.  
						
						
						Mərasim iştirakçıları Muzey-Lektoriyada ölkəmizdə təhsil 
						sahəsində həyata keçirilən islahatlara həsr olunmuş 
						filmə baxdılar. 
						
						
						Təhsil ocağı barədə tədbir iştirakçılarına ətraflı 
						məlumat verən institutun rektoru Asəf Zamanov bildirdi 
						ki, institut tərəfindən son 4 ildə 4 beynəlxalq elmi 
						konfrans keçirilib. Həmin beynəlxalq konfranslardan 
						ikisi Azərbaycanda, bizim institutda keçirilıb və həmin 
						iki elmi konfransların təşkilat komitəsinin sədri də 
						hörmətli təhsil nazirimiz Misir Mərdanov olub. Daha 
						sonra Asəf Zamanov qeyd etdi ki, institutda yarandığı 
						gündən 2007-ci il də daxil olmaqla 112 elmi əsər çap 
						edilmişdisə, son dörd ildə bu elmi əsərlərin sayını 
						600-ə çatdırmışıq. 2011-2012-ci tədris ilini "Keyfiyyət 
						ili" elan etmişik,  - deyən rektor onu da diqqətə 
						çatdırdı ki, çalışacağıq  təhsilə, elmə, məktəbə, 
						müəllimə, ölkədə aparılan təhsil islahatına layiqli 
						töhfəmizi verək. 
						
						
						Sonra Britaniya Şurası ilə  institut arasında Anlaşma 
						Memorandumu imzalandı. 
						
						
						Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov Bakı 
						Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma 
						İnstitutunun ölkənin yüksək səviyyəli elm, mədəniyyət və 
						təhsil mərkəzinə çevrilməsi sahəsində görülən işlərin 
						bundan sonra da uğurla davam etdiriləcəyini dedi. Nazir 
						bildirdi ki, elə burada institut üçün yeni gözəl bir 
						bina tikdirməyi nəzərdə tutmuşuq. Son 4 ildə institutun 
						əməkdaşları tərəfindən hazırlanmış dərsliklər, dərs 
						vəsaitləri, elmi əsərlərin bu təhsil müəssisəsində  kadr 
						potensialının inkişafında çox böyük rol oynadığını  
						vurğulayan nazir burada açılan Heydər Əliyev Muzey- 
						Lektoriyasının və Britaniya Şurası ilə imzalanan Anlaşma 
						Memorandumunun böyük əhəmiyyəti olduğunu bildirdi. Sonra 
						nazir "British Council"in bu gün Azərbaycanda fəaliyyət 
						göstərən çoxsaylı beynəlxalq təşkilatların içərisində 
						Təhsil Nazirliyi ilə ən yaxın əlaqə saxlayan qurum 
						olduğunu dedi və ona görə də həm Britaniya Şurasının 
						rəhbəri Pol Klementsona, həm də institutun rəhbərliyinə 
						təşəkkürünü bildirdi. Təhsil naziri əmin olduğunu 
						bildirdi ki, bu gün imzalanan sənədin bütövlükdə 
						Azərbaycanin təhsil sisteminin, o cümlədən Azərbaycanda 
						ingilis dilinin öyrənilməsində, bu institutun 
						inkişafında çox böyük əhəmiyyəti olacaqdır. 
						
						
						Tədbirdə çıxış edən Milli Məclisin üzvü Bəxtiyar Əliyev, 
						Britaniya Şurasının rəhbəri Pol  Klementson və 
						digərləri  son illər institutda aparılan işlərin 
						səviyyəsini yüksək qiymətləndirdilər  və bu ali məktəbin 
						ölkənin müxtəlif təhsil ocaqları üçün kadr 
						potensialının, xüsusilə ingilis dili kadrlarının 
						hazırlanmasında əhəmiyyətli rolundan danışdılar. Yerli 
						və beynəlxalq təşkilatlarla yaradılan əməkdaşlığın 
						müsbət nəticələr verəcəyinə əminliklərini ifadə etdilər. 
						
						
						Sonra təhsil ocağının akt zalında yaradılmış sərgini 
						seyr edən mərasim iştirakçıları son 4 ildə institutun 
						professor-müəllim heyəti tərəfindən nəşr edilmiş elmi 
						əsərlər, monoqrafiya, dərslik, metodik vəsait, elmi 
						məqalələrlə tanış oldular.   
						
						
						
						Ədalət DAŞDƏMİRLİ   |