| 
						 
						
						 Yanvarın 
						30-da Təhsil Nazirliyində Avropa İttifaqının (Aİ) TAİEX 
						proqramı çərçivəsində "Azərbaycanın ali təhsil 
						sisteminin tənzimlənməsi üzrə mövcud qanunvericiliyin 
						qiymətləndirilməsi" mövzusunda seminarın açılış mərasimi 
						keçirildi.  
						
						
						Təhsil Nazirliyi, Avropa İttifaqı, Bakı Dövlət 
						Universitetinin təşkilatçılığı ilə keçirilən seminarın 
						açılış mərasimində təhsil naziri Misir Mərdanov, Təhsil 
						Nazirliyinin Ali Attestasiya Komissiyasının, Azərbaycan 
						Milli Elmlər Akademiyasının, ali məktəblərin 
						nümayəndələri və Aİ-nin ekspertləri iştirak edirdilər. 
						
						
						Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov 
						bildirdi ki, seminarın məqsədi Azərbaycanın ali təhsil 
						sisteminin Boloniya sistemi standartlarına 
						uyğunlaşdırılması baxımından normativ-hüquqi sənədlərin 
						monitorinqinin aparılması və qiymətləndirilməsindən 
						ibarətdir. Avropa İttifaqı ekspertlərinin Avropa 
						ölkələrinin qabaqcıl təcrübəsi əsasında müvafiq 
						istiqamətlərdə Azərbaycandakı mövcud vəziyyətin 
						müqayisəli təhlilini aparacaqlarını nəzərə çatdıran 
						nazir seminarın ölkəmizdə ali təhsilin inkişafına mühüm 
						töhfələr verəcəyinə əmin olduğunu söylədi. 
						
						
						Avropa İttifaqı ekspertlərinin Azərbaycanın təhsil 
						qanunvericiliyi ilə yaxından tanış olduğunu bildirən 
						Misir Mərdanov ölkəmizdə olan ekspertlərin yüksək 
						səviyyəli mütəxəssislər olduğunu və onların 
						imkanlarından maksimum yararlanmağın vacibliyini qeyd 
						etdi. 
						
						
						Seminarda çıxış edən Avropa İttifaqının ekspertləri - 
						Təhsil Hüququ və Siyasəti üzrə Avropa Assosiasiyasının 
						prezidenti Jan De Groof, Ali təhsil üzrə İsveç Milli 
						Agentliyinin nümayəndəsi Lennart Stahle, Finlandiyanın 
						Ali Təhsilin Qiymətləndirilməsi Şurasının baş eksperti 
						Karl Holm, təhsil nazirinin müavini Qulu Novruzov və 
						Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı 
						beynəlxalq və Avropa təhsil sisteminə inteqrasiyanın 
						əsas prinsipləri, təhsil müəssisələrinin akkreditasiyası 
						qaydaları, ali təhsil sahəsində təcrübə mübadiləsinin 
						genişləndirilməsinin vacibliyi, universitetlər üçün 
						reytinqlərin müəyyən edilməsi sisteminin yaradılması, 
						tələbələrin biliklərinin qiymətləndirilməsi və digər 
						məsələlər barədə fikirlərini bildirdilər.  
						
						
						
						Niyazi RƏHİMOV   |