| 
						 
						
						 Yanvarın 
						31-də "Hyatt" otelində Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsinin elan etdiyi "Riyaziyyat aylığı"nın yekununa 
						həsr olunmuş tədbir keçirildi. 
						
						
						"Riyaziyyat bütün elmlərin şahıdır" devizi altında 
						keçirilən aylığın yekun tədbiri Azərbaycan 
						Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. 
						
						
						Sonra çıxış üçün söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
						müdiri Nailə Rzaquliyevaya verildi. 
						
						
						İştirakçıları salamlayaraq onları burada görməsindən 
						məmnun olduğunu deyən Nailə xanım çıxışında öncə aylıqla 
						bağlı ətraflı məlumatı diqqətə çatdırdı. Bildirildi ki, 
						Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 
						2011-ci ilin dekabr ayı ümumtəhsil müəssisələrində "Riyaziyyat 
						aylığı" elan edilmişdir. Aylığın elan edilməsində məqsəd 
						ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin 
						yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək 
						rəhbərlərinin tədris prosesində və sinifdənxaric 
						tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin 
						öyrənilməsi və təbliği olmuşdur. 3 mərhələdən ibarət 
						olan aylıq çərçivəsində 7 nominasiya üzrə müsabiqə 
						keçirildiyini və şəhər mərhələsinə 80 işin təqdim 
						olunduğunu bildirən Nailə Rzaquliyeva qeyd etdi ki, ay 
						ərzində ümumtəhsil məktəblərində riyaziyyat fənni üzrə 
						1500-dən artıq "açıq dərs", 700 pedaqoji mühazirə, 
						100-dən çox şagird referatı dinlənilmiş, 250 fənn 
						kabinetinə baxış keçirilmiş, 300 fənn metodbirləşməsinin 
						fəaliyyəti öyrənilmiş, bütün məktəblərdə "Riyaziyyat 
						gecələri" və müxtəlif sinifdənxaric tədbirlər təşkil 
						olunmuşdur. 
						
						
						Şəhər mərhələsinə təqdim edilmiş 80 işin hər biri 
						ekspertlər, Təşkilat Komitəsinin üzvləri, eləcə də final 
						mərhələsinə vəsiqə qazanan müəllim və şagirdlərin 
						iştirakı ilə bir daha araşdırılaraq müzakirə edilmişdir. 
						Aydın olmuşdur ki, məktəblərimiz aylığa yüksək səviyyədə 
						hazırlaşmış, onun əsl bilik və bacarıq yarışına, təcrübə 
						mübadiləsi məktəbinə çevrilməsində kifayət qədər işlər 
						görə bilmişdir. Aylığın uğurla davam etdirilməsi, təqdim 
						olunmuş işlərin öyrənilməsi sahəsində işçi qrupları öz 
						vəzifələrinin öhdəsindən bacarıqla gəlmişlər. 
						Ümumiyyətlə, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. 
						Lakin bunun son hədd olmadığını vurğulayan Nailə xanım 
						növbəti aylarda bu aylığın davamı kimi həyata 
						keçirilməsi planlaşdırılan tədbirlərin də müəllimlərin 
						yaradıcılığı sahəsində fəaliyyətlərinin öyrənilməsi 
						baxımından əhəmiyyətli olacağına, təhsilin keyfiyyətinin 
						yüksəldilməsinə xidmət edəcəyinə ümidvar olduğunu 
						bildirdi. 
						
						
						Nailə Rzaquliyeva çıxışının sonunda aylığın yüksək 
						səviyyədə keçirilməsində əməyi olan işçi qruplarına, 
						Təşkilat Komitəsinin üzvlərinə minnətdarlığını 
						bildirərək qalibləri bir daha təbrik etdi. Təhsilimizə, 
						onun inkişafına yönəlmiş hər bir addımın təqdirəlayiq 
						olduğunu deyərək bu yolda hamıya uğurlar arzuladı.
						 
						
						
						Sonra aylıq çərçivəsində keçirilmiş 7 nominasiya - "Ən 
						yaxşı sinifdənxaric tədbir", "Şagirdlərin ən yaxşı 
						yaradıcı işi", "Riyaziyyat müəlliminin ən yaxşı pedaqoji 
						mühazirəsi", "Ən yaxşı riyaziyyat fənn metodbirləşməsi", 
						"Ən yaxşı riyaziyyat kabineti", "Digər fənn 
						müəllimlərinin dərslərində riyaziyyat fənnindən ən yaxşı 
						istifadə" və "Ən yaxşı "açıq dərs" üzrə müsabiqələrin 
						hər birinə aid ardıcıl olaraq videoçarx nümayiş 
						etdirildi və qaliblər səhnəyə dəvət olunaraq 
						mükafatlandırıldılar. 
						
						
						Tədbirdə çıxış edən tanınmış alim və ziyalılar qalibləri 
						təbrik edərək onlara daha böyük nailiyyətlər qazanmağı 
						arzuladılar və gələcək fəaliyyətləri ilə bağlı məsləhət 
						və tövsiyələrini verdilər. 
						
						
						Sonda çıxış üçün söz Təhsil Nazirliyi Aparatının rəhbəri 
						İlham Pirməmmədova verildi. Gözəl bir tədbirin şahidi 
						olduğunu deyən İ.Pirməmmədov qeyd etdi ki, bu gün burada 
						bayram əhvali-ruhiyyəsi hökm sürür, hamının üzündə 
						sevinc görünür.  
						
						
						Çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab 
						İlham Əliyevin təhsilə göstərdiyi xüsusi diqqət və 
						qayğıdan bəhs edən Aparat rəhbəri vurğuladı ki, ölkə 
						başçısı təhsil sahəsini dövlət siyasətinin strateji 
						istiqamətlərindən biri hesab edir. Bunun nəticəsi olaraq 
						son illər ölkədə 2 minə yaxın məktəb tikilib, 
						informasiya-kommunikasiya texnologiyalarının tətbiqi 
						sahəsində mühüm işlər görülüb, müəllimlər treninqlərdən 
						keçərək qabaqcıl təcrübəyə yiyələniblər və s. 
						
						
						İlham Pirməmmədov qalibləri, onların məktəblərinin 
						rəhbərlərini təbrik edərək bu aylığın keçirilməsində 
						zəhməti olan hər kəsə, Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsinin əməkdaşlarına, xüsusilə bir ay ərzində bu 
						tədbirdə həvəslə iştirak edən alimlərə təhsil naziri 
						Misir Mərdanovun adından təşəkkürünü bildirdi.  
						
						
						
						Hicran ƏKBƏROVA  |