| 
						 
						
						Türkiyə Cümhuriyyətinin dövlət və akademik qurumlarının 
						nəşriyyatları tərəfindən çap olunmuş kitablar dəsti 
						Naxçıvan Dövlət Universitetinin kitabxanasına və 
						universitetdəki Atatürk Mərkəzinə hədiyyə edilmişdir. Bu 
						kitablar arasında ensiklopedik nəşrlər üstünlük təşkil 
						edir. Türk dünyası ədəbiyyatları, ədəbiyyatçıları 
						ensiklopediyası, Ədəbiyyat mətnləri antologiyası, Türk 
						dünyası ədəbiyyat və mədəniyyət xadimləri 
						ensiklopediyası, İstanbul ensiklopediyası kimi nəşrlər 
						zəngin informasiya bazası olan əhəmiyyətli kitablardır. 
						Məşhur  səyyah Övliya Çələbinin "Səyahətnamə" əsərinin 
						səkkiz cildliyi, Dədə Qorqud dastanlarına, Kudatku bilik 
						abidəsinə həsr edilmiş kitablar nadir nəşrlər seriyasına 
						daxildir.  
						
						
						Təqdim olunan kitablar arasında Azərbaycana aid nəşrlər 
						də mühüm yer tutur. Türkiyə Cümhuriyyəti Başbakanlıq 
						Dövlət Arxivlər Baş İdarəsinin 2011-ci ildə çap 
						etdirdiyi "Osmanlı arxiv bəlgələrində Naxçıvan" kitabı 
						Naxçıvan tarixini öyrənmək istəyənlər üçün faydalı 
						mənbədir. Bundan başqa, Azərbaycan şeir və hekayə 
						antologiyaları, xalq yazıçısı Anar haqqında monoqrafiya, 
						görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin "Azərbaycan 
						ədəbiyyatına dair tədqiqlər" əsəri və sair kitablarda 
						milli ədəbiyyatımızın və mədəniyyətimizin tarixi 
						ənənələri öz əksini tapmışdır.  
						
						
						Naxçıvan Dövlət Universitetinə hədiyyə olunmuş 
						kitablardan lüğətlər və turizm üzrə tanıtma kitabları da 
						müəllimlər və tələbələr üçün maraqlı olacaqdır. 
						 
						
						
						Kitabları Naxçıvan Dövlət Universitetinə Türkiyə 
						Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Denk Ünal 
						təqdim etmişdir.   
						
						
						Mehriban SULTAN  |