| 
						 
						
						 Boloniya 
						prosesinin mühüm prinsip və şərtlərindən olan ali 
						təhsildə keyfiyyətin idarə olunması ölkəmizin bu prosesə 
						qoşulmuş bütün ali təhsil müəssisələri üçün hazırda ən 
						aktual və həllivacib məsələlərdən biridir. Son illər ali 
						təhsildə keyfiyyətin idarə olunması, bununla bağlı dünya 
						standartlarının tətbiqi istiqamətində bir sıra addımlar 
						atılmış, bəzi ali təhsil müəssisələrində, xüsusən də 
						Qafqaz Universitetində keyfiyyətə nəzarət sahəsində 
						müsbət təcrübə toplanmışdır. Həmin təcrübə ilə tanış 
						olmaq, eləcə də Beynəlxalq Keyfiyyəti İdarəetmə 
						Sisteminin tətbiqi ilə bağlı fikir mübadiləsi aparmaq 
						məqsədilə yanvarın 26-da Qafqaz Universitetində "dəyirmi 
						masa" keçirildi. Tədbirdə Təhsil Nazirliyinin Ali və 
						orta ixtisas təhsili şöbəsindən, ölkənin bir sıra ali 
						təhsil müəssisələrindən nümayəndələr iştirak edirdilər.
						 
						
						
						"Dəyirmi masa"nı giriş sözü ilə açan Qafqaz 
						Universitetinin Keyfiyyətə Nəzarət Komissiyasının sədri 
						Ədalət İbadov məsələnin aktuallığını qeyd edib tədbirin 
						məqsəd və proqramı haqqında məlumat verdi. Sonra Türkiyə 
						Standartları İnstitutunun Azərbaycan təmsilçisi Həsən 
						Dəmirtaş İSO - 9001-2008 Beynəlxalq Keyfiyyəti İdarəetmə 
						Sisteminin ali təhsildə tətbiqi ilə bağlı təqdimat etdi. 
						Məruzəçi öncə təmsil etdiyi qurumun yaranma tarixi, 
						quruluşu və fəaliyyət istiqamətləri haqqında məlumat 
						verərək bildirdi ki, Türk Standartları İnstitutu 1960-cı 
						ildə yaradılmışdır. Könüllülük əsasında xidmət göstərən 
						institutun fəaliyyət sahələrinə sistem haqqında 
						məlumatların verilməsi, personalın təlimləndirilməsi, 
						məhsul və xidmət yeri haqqında məlumatlandırma, standart 
						hazırlama və s. təşkil edir. İnstitut 2010-cu ildə 
						müxtəlif təhsil proqramları üzrə 30 min nəfərə təhsil 
						verib. Fəaliyyətə başladığı vaxtdan bəri isə ölkə 
						xaricində fəaliyyət də daxil olmaqla 250 min nəfər bu 
						qurumun təşkil etdiyi müxtəlif təlim kurslarında iştirak 
						edib. İnstitutun Azərbaycan təmsilçiliyi 1970-ci ildə 
						Azərbaycan Standartlar Təşkilatı ilə əməkdaşlıq 
						məqsədilə yaradılıb.  
						
						
						H.Dəmirtaş sonra təqdimatında İSO - 9001 Beynəlxalq 
						Keyfiyyəti İdarəetmə Sistemindən, onun tətbiqi yönündə 
						universitetlərində görülmüş işlərdən danışdı. Digər 
						universitetlər üçün hazırlanmış keyfiyyəti idarəetmə 
						sisteminin fəaliyyətinə dair "yol xəritəsi"ni 
						iştirakçıların diqqətinə çatdırdı.  
						
						
						Sonra Qafqaz Universiteti Keyfiyyətə Nəzarət 
						Komissiyasının sədri Ədalət İbadov təqdimat edərək 
						universitetlərində İSO - 9001-2008 Beynəlxaq Keyfiyyəti 
						İdarəetmə Sisteminin tətbiqi istiqamətində görülmüş 
						işləri və toplanmış təcrübəni iştirakçılarla paylaşdı. 
						Bildirdi ki, bu sistem Qafqaz Universitetində 2004-cü 
						ildən tətbiq olunur. İSO - 9001 standartlar sistemi 
						tipindən və böyüklüyündən asılı olmayaraq hər bir 
						qurumun effektli bir keyfiyyətin idarəetmə sistemi qura 
						və bunu uğurla tətbiq edə bilməsi məqsədilə 
						yaradılmışdır. Adıçəkilən standart keyfiyyəti idarəetmə 
						sistemlərinin əsaslarını müəyyənləşdirir və keyfiyyətin 
						idarə olunması sistemi ilə bağlı anlayışları izah edir. 
						Qafqaz Universiteti Keyfiyyətin İdarə olunması ilə bağlı 
						əsas prinsipləri "Keyfiyyət əl kitabi" toplusunda bir 
						araya gətirmişdir. Bu istiqamətdə fəaliyyətlər 
						Keyfiyyətə Nəzarət Komissiyası tərəfindən həyata 
						keçirilir və nəticələri izlənilir. Komissiyanın tərkibi 
						rektor tərəfindən təyin olunan sədrdən, hər fakültədən 
						bir nümayəndə və bir nəfər də komissiya katibindən 
						ibarətdir. 
						
						
						Təqdimatlar başa çatdıqdan sonra mövzu ilə bağlı 
						müzakirələr aparıldı, təqdimatçılar onlara ünvanlanmış 
						sualları cavablandırdılar. "Dəyirmi masa"nı 
						yekunlaşdıran Qafqaz Universitetinin prorektoru, 
						professor Cihan Bulut müzakirələrin faydalı olduğunu 
						vurğuladı, iştirakçılara minnətdarlığını bildirdi.  
						
						
						
						Yusif ƏLİYEV   |