| 
						 
						
						Yanvarın 24-də Sumqayıt Özəl Türk Liseyində görkəmli 
						alim, akademik Həsən Əlirza oğlu Əliyevin əziz 
						xatirəsinə həsr olunmuş "Yer kürəsini tanıyaq, qoruyaq 
						və sevək" mövzusunda sərgi-seminar keçirilib. Tədbirdə 
						liseyin 7-ci sinif şagirdləri slayd, sərgi və maket 
						kateqoriyalarında müxtəlif mövzulara həsr olunmuş fərdi 
						işlərini nümayiş etdiriblər. Liseyin coğrafiya müəllimi 
						Namiq Ağaməmmədov tədbir iştirakçılarına sərgi-seminarın 
						keçirilməsinin əhəmiyyəti və məqsədi barəsində geniş 
						məlumat verib.   
						
						
						Sərgi-seminar şagird və müəllimlər tərəfindən böyük 
						maraqla izlənilib. Bəzi şagirdlərin öz işlərini ingilis 
						dilində təqdim etməsi xüsusi ilə təqdirəlayiq hal kimi 
						qiymətləndirilib. Tədbirdə Sumqayıt Şəhər Təhsil Şöbəsi 
						metodkabinetinin müdiri Sabir Məmmədov və Sumqayıt Şəhər 
						Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, 
						eləcə də  ictimaiyyət nümayəndələri və valideynlər 
						iştirak ediblər. Çıxış edənlər belə tədbirlərin 
						keçirilməsinin şagirdlərin intellektual səviyyələrinin 
						artırılmasında, onlarda özünə inamın aşılanmasında 
						əhəmiyyətli rol oynadığını bildiriblər. Qeyd edilib ki, 
						belə tədbirlərin silsilə şəklində liseydə keçirilməsi 
						burada təlim-tərbiyənin yüksək səviyyədə təşkil 
						olunduğunu bir daha sübut edir. Şagirdlərin əl işlərinin 
						orjinallığı, öz fikirlərini sərbəst şəkildə sərgi 
						iştirakçılarına çatdıra bilmələri isə təqdirəlayiqdir.   
						  
						
						
						
						Şakir CƏFƏROV  |