| 
						 
						
						Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Salyan 
						filialında "Dayaq məntəqələri"nə həsr olunmuş seminar-müşavirə 
						keçirilib. Seminar-müşavirəyə Salyan rayonu üzrə 
						ümumtəhsil müəssisələrində yaradılmış dayaq məntəqə 
						sədrləri, rayon təhsil şöbəsinin metodistləri dəvət 
						olunub. 
						
						
						Tədbiri filialın əlavə təhsil üzrə direktor müavini 
						N.Zeynalov açaraq qeyd edib ki, pedaqoji kadrların 
						ixtisasartırma təhsili və müəllimlərin 
						təkmilləşdirilməsi hazırda ən aktual məsələdir. 
						Müəllimlər təhsildə, pedaqoji və metodiki sahələrdə ən 
						qabaqcıl yenilikləri məhz ixtisasartırma təhsili və 
						dayaq məntəqələri vasitəsilə öyrənir və tədris 
						prosesində tətbiq edirlər. 
						
						
						Filialın "Müasir təlim metodları və dayaq məntəqələri 
						ilə iş" kabinetinin müdiri S.Həsənovun "Dayaq 
						məntəqələrinin fəaliyyətinin səmərəli qurulmasında 
						pedaqoji və metodiki işin təşkili", əlavə təhsil 
						kabinetinin müdiri B.Həsənovun "Əlavə təhsilə verilən 
						tələblər" mövzularında məruzələri dinlənilib. 
						
						
						Sonra rayon təhsil şöbəsinin metodisti Tinatin Həsənova, 
						texniki təmayüllü şəhər 7 nömrəli məktəb-liseyin 
						riyaziyyat müəllimi, dayaq məntəqə sədri Allahverdi 
						Piriyev, Qızılağac kənd tam orta məktəbində dayaq 
						məntəqə sədri Xəlil Nəcəfov, internat-məktəbdə dayaq 
						məntəqə sədri Ülviyyə Ağayeva, şəhər 4 nömrəli tam orta 
						məktəbin dayaq məntəqə sədri Sevinc Axundova mövzular 
						ətrafında çıxış ediblər. 
						
						
						Seminar-müşavirədə səslənən suallar və təkliflər 
						diskussiya və debat şəklində müzakirə edilib. 
						
						
						Sonda tədbir iştirakçılarına metodik vəsaitlər 
						paylanılıb.  
						
						
						
						ƏDALƏT   |