| 
						 
						
						 Beynəlxalq 
						Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Təhsil 
						Şurasının təşəbbüsü və təşkilatçılığı  ilə  ADPU-nun 
						pedaqoji fakültəsinin dekanı,  pedaqoji elmlər doktoru, 
						professor  Fərrux Rüstəmovun 50 illik yubileyinə həsr 
						olunmuş "Professor Fərrux Rüstəmov-50" adlı kitabının 
						təqdimat mərasimi keçirildi. Tədbirdə alimin həyat və 
						yaradıcılığı haqqında geniş məlumat verildi. 
						
						
						Təqdimat mərasimində professor Əjdər Ağayev çıxış edərək 
						qeyd etdi  ki, bu  kitabda tanınmış pedaqoq-alim, ADPU-nun 
						pedaqoji fakültəsinin dekanı, ibtidai təhsilin 
						pedaqogikası kafedrasının və "Pedaqoji təhsilin 
						problemləri" elmi- tədqiqat laboratoriyasının müdiri, 
						akademik M.Mehdizadə və "Gənc alimlər" mükafatları 
						laureatı, pedaqoji elmlər doktoru, professor, Beynəlxalq 
						Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial 
						Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmovun 50 
						illik ömür yolundan, elmi- pedaqoji fəaliyyətindən bəhs 
						olunur, onun haqqında həmkarlarının, iş yoldaşlarının, 
						dostlarının, əzizlərinin düşüncələri və  arzuları 
						verilib. 
						
						
						Kitaba həmçinin professor Fərrux Rüstəmovun həyatı və 
						elmi-pedaqoji fəaliyyətinin xronologiyası və  
						əsərlərinin biblioqrafiyası da daxil edilmişdir. 
						
						
						Professor Əjdər Ağayev onu da əlavə etdi ki, "Professor 
						Fərrux Rüstəmov-50" kitabının müəllifi Fərrux Rüstəmov 
						mükəmməl pedaqogika tarixçisidir. O, Əhməd Seyidov, 
						Mehdi Mehdizadə, Mərdan Muradxanov, Hüseyn Əhmədov 
						məktəbinin ənənələrini yaşadaraq və müasirlik düşüncəsi 
						ilə onları inkişaf etdirərək, məzmununu, elmi əhatə 
						dairəsini genişləndirərək sanballı bir mövqeyə nail 
						olmuşdur. Alimin pedaqogika tarixi üzrə tədris 
						kompleksini - proqram, dərslik, dərs vəsaiti, metodik 
						vəsaitlər hazırlaması da praktikyönümlü dəyərli 
						xidmətlərindəndir.    
						
						  
						
						
						Təqdimat mərasimində  ADPU-nun professorlarından Malik 
						Cəbrayılov, Əmrulla Paşayev, Oktay Sultanov və digər 
						çıxış edənlər də "Professor Fərrux Rüstəmov-50" 
						kitabında verilən  müəllifin 50 illik ömür yolundan, 
						elmi-pedaqoji yaradıcılığından söz açaraq ona uğurlar 
						arzuladılar.    
						
						
						
						Şakir CƏFƏROV   |