| 
						 
						
						 "Ən 
						böyük arzum  tarixin yaddaşında şəxsiyyət kimi qalmaqdır. 
						Bunun üçünsə daim irəli can atmaq, "Mən dövlətim üçün, 
						xalqım üçün nə etdim" sualına cavab tapacaq işlər görmək 
						əzmindəyəm. Ötən hər günü, açılan  hər sabahı  mənalı və 
						məzmunlu yaşamaq məqsədilə  yorulmadan nəsə etmək, 
						fərqli işlərlə yadda qalmaq  istəyirəm", - deyən 
						müsahibim  Yasinin  fəxarət gətirən  fikirləri ilə tanış 
						olduqda istər-istəməz  qürur hissi keçirir, Vətən 
						torpağının belə övladlar yetişdirdiyindən  fəxr duyursan. 
						İlk baxışdan adama elə gəlir ki, bu dolğun fikirlər  
						yaşlı, yetkin bir insanın  fikridir. Müqəddəs amalları 
						ilə  yaşını qabaqlayan  paytaxt məktəblisi Yasin Etibar 
						oğlu Həsənov  isə  Heydər Əliyev adına  liseyin VI sinif 
						şagirdidir. Dərs əlaçısı olan yeniyetmə  2007-ci ildən 
						Tofiq Quliyev adına 12 nömrəli  onbirillik musiqi 
						məktəbinin  vokal sinfində təhsil alır. Vaxtilə 
						istedadlı uşaqların təmsil olunduğu  "Bəri bax" qrupunun 
						solisti olan Yasin xalq artisti  Rauf Babayevin və  gənc 
						vokalçı Ramil Qasımovun tələbəsidir.  Yasinin yüksək 
						məharətlə ifa etdiyi  "Vətənim", "Dostuma məktub", 
						"Ana", "Bakım", "Azərbaycanım", "Mənim dünyam", "Sülh 
						mesajı", "Bakı", "Dostlar"  mahnılarını həyəcansız 
						dinləmək olmur.  Artıq onun  20 mahnıdan ibarət olan 2 
						albomu və "Vətənim" adlı  iki klipi   işıq üzü görüb.
						 
						
						
						Bu illər ərzində musiqi sahəsində bir çox uğurlara imza 
						atan  Yasin  məktəb, şəhər, respublika miqyaslı 
						tədbirlərdə  yuksək göstəricilər  nümayiş etdirib. 2010-cu 
						ildə  "V&V Company" tərəfindən keçirilən tədbirdə "Gənc 
						istedadlar" nominasiyasında  "Qran Pri" mükafatına layiq 
						görülərək ilin "Ən gənc müğənnisi" adına layiq görülüb, 
						elə həmin  il Rəşid Behbudov adına Mahnı Teatrında  
						keçirilən "Zirvədəkilər" müsabiqəsində  diploma, "AS 
						produksion" və "Oskar" mədəniyyət qəzetinin dəstəyi ilə 
						keçirilən müsabiqədə isə "Qızıl  mikrofon" mükafatına 
						layiq görülərək  fəxri diplomla təltif olunub. O, 
						2011-ci ildə  Rusiyanın Sankt-Peterburq şəhərində  
						keçirilən XII  "Prazdnik detstva" beynəlxalq uşaq 
						müsabiqəsində  27 ölkədən 700 iştirakçı arasında  "Qran 
						Pri" mükafatına  layiq görülərək  Azərbaycan bayrağını 
						ucaldıb. Belarusun  Mozır şəhərində keçirilən  VII   
						beynəlxalq vokal müsabiqəsində  25 ölkədən  600 
						iştirakçı arasında  "Qran Pri" mükafatına, Rumıniyanın  
						Oneşti şəhərində keçirilən  XVI  beynəlxalq  pop  
						müsabiqəsində 13 ölkədən  50-60 iştirakçı arasında  11 
						nəfərdən ibarət müxtəlif ölkələrin  nümayəndələri olan  
						münsiflər heyətinin rəyi ilə "Qran Pri"yə, xüsusi 
						diploma və III yerə, Belarusun  Klimov  şəhərində 
						keçirilən  beynəlxalq  uşaq müsabiqəsində  17 ölkədən 
						1000 iştirakçı arasında  xüsusi diploma  və II yerə, 
						Belarusun Vitebsk şəhərində keçirilən  IX  beynəlxalq 
						uşaq müsabiqəsində səsi  və səhnə mədəniyyəti ilə 
						tamaşaçıların və münsiflər heyətinin rəğbətini qazanaraq   
						laureat adına və II yerə, Almaniyanın  Berlin şəhərində  
						keçirilən ənənəvi  beynəlxalq musiqi müsabiqəsində isə I 
						yerə layiq görülməklə ən yüksək mükafata sahib olmuşdur. 
						
						
						Azərbaycan Respublikasının  Prezidenti   İlham Əliyevin  
						19 dekabr 2011-ci il tarixdə imzaladığı  "Gənc 
						istedadların  xüsusi təqaüdə layiq görülməsi haqqında" 
						sərəncamı ilə  Yasin Həsənovun adı  Azərbaycanın gənc 
						istedadlarının "Qızıl kitabı"na daxil olunmaqla  o, 
						xüsusi aylıq təqaüdə layiq görülüb.  
						
						
						
						Sifai SƏFƏROVA  |