| 
						 
						
						 Fevralın 
						6-da tanınmış ictimai-siyasi xadim, uzun illər 
						respublikamızda müxtəlif rəhbər vəzifələrdə çalışmış 
						Lidiya Rəsulova ilə vida mərasimi keçirilmişdir. 
						
						
						Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli 
						Məclisin deputatları, elm xadimləri və ictimaiyyət 
						nümayəndələri iştirak etmişlər. 
						
						
						AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Azərbaycan 
						Həmkarlar İttifaqları Konfederasiyasının konfrans 
						salonunda matəmsayağı bəzədilmiş postament üzərinə 
						qoyulmuşdur.  
						
						
						Mərhumun tabutu önünə Azərbaycan Respublikasının 
						Prezidenti adından əklil qoyulmuşdur. 
						
						
						Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif 
						kollektivlər adından da əklillər düzülmüşdür. 
						
						  
						
						
						Vida mərasimində Azərbaycan Həmkarlar İttifaqları 
						Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar 
						Mehbalıyev, təhsil naziri Misir Mərdanov, Ailə, Qadın və 
						Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran 
						Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirinin 
						müavini İlqar Rəhimov çıxış edərək Lidiya Rəsulovanın 
						əsl şərəfli ömür yolu keçməsindən, tutduğu bütün 
						vəzifələrdə əsl vətəndaşlıq mövqeyi nümayiş 
						etdirməsindən, insanlara səmimi münasibətindən 
						danışmışlar.  
						
						
						Bildirilmişdir ki, hər hansı vəzifədə çalışmasından 
						asılı olmayaraq o, həmişə insani keyfiyyətləri, bacarığı, 
						biliyi ilə ətrafındakılara nümunə göstərmiş, ehtiyacı 
						olanlardan köməyini əsirgəməmişdir.  
						
						
						Vurğulanmışdır ki, Lidiya Rəsulovanın fəaliyyəti ulu 
						öndər Heydər Əliyevin qadınların cəmiyyətin həyatında 
						fəal iştirakının təmin edilməsinə yönəlmiş siyasətinin 
						nəticələrinin parlaq nümunələrindən biridir.  
						
						
						Müstəqillik illərində təhsil naziri kimi məsuliyyətli 
						vəzifəni şərəflə yerinə yetirmiş Lidiya Rəsulova həm də 
						Azərbaycanın qadın hərəkatında fəal rol oynamışdır. Daim 
						bu hərəkatın öncüllərindən biri olan Lidiya Rəsulova 
						bütün qadınlarımızın cəmiyyətdə layiqli yerini tutmasına 
						səy göstərmişdir.  
						
						
						Lidiya Rəsulova dövlət qulluğunda çoxillik fəaliyyətini 
						tamamladıqdan sonra da xalqımıza xidmət işini davam 
						etdirmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən 
						Gender Araşdırmaları Mərkəzi bu sahədə ilk qurumlardan 
						biri kimi müstəsna rol oynamışdır. O, apardığı 
						tədqiqatlarla gender məsələlərini bir elm səviyyəsinə 
						qaldırmış, öz ətrafında güclü həmfikirlər kollektivi 
						yarada bilmişdi. Onun keçirdiyi maraqlı görüşlər, "dəyirmi 
						masa"lar, elmi-praktiki konfranslar yüksək peşəkar 
						səviyyəsi ilə seçilirdi. 
						
						
						Qeyd edilmişdir ki, dövlətimiz Lidiya Rəsulovanın 
						xidmətlərini həmişə yüksək qiymətləndirmiş, o, bir sıra 
						orden və medallarla təltif olunmuş, müstəqil Azərbaycan 
						Respublikasının "Şöhrət" ordeninə layiq görülmüşdür.
						 
						
						
						Diqqətə çatdırılmışdır ki, Azərbaycanın görkəmli 
						qadınları sırasında layiqli yer tutmuş Lidiya 
						Rəsulovanın əziz xatirəsi daim qədirbilən xalqımız 
						tərəfindən hörmət və ehtiramla anılacaqdır. 
						
						
						Mərhumun ailəsi adından çıxış edən Emin Rəhimov Lidiya 
						Rəsulovanın xatirəsinə göstərilən hörmət və ehtirama 
						görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin 
						minnətdarlığını bildirmişdir. 
						
						
						Sonra tanınmış ictimai xadimin cənazəsi son mənzilə yola 
						salınmışdır.  
						
						
						Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır. 
						 
						
						
						Allah rəhmət eləsin!  |