| 
						 
						
						 Fevralın 
						9-da Bakıdakı Land Mark Hoteldə Avropa İttifaqı - 
						Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində yaradılmış 
						alt-komitənin iclası keçirildi. Tədbirdə təhsil 
						nazirinin müavini Qulu Novruzov, Azərbaycanın müxtəlif 
						qurumlarının sektor və şöbə müdirləri və ekspertlərlə 
						yanaşı, Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin, 
						Tədqiqat və İnkişaf Baş Direktorluğunun nümayəndələri, 
						Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Roland Kobiya və 
						digər ekspertlər iştirak edirdilər. Qeyd edək ki, 
						Azərbaycan Respublikası və Avropa İttifaqı arasında 
						mövcud əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 
						2009-cu ildə  Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq 
						Komitəsi çərçivəsində yaradılmış məşgulluq və sosial 
						məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, 
						mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, 
						elm və texnologiya məsələləri üzrə alt-komitənin təsis 
						edilməsi barədə qərar qəbul edilmiş və Təhsil Nazirliyi 
						alt-komitənin həmsədri, Xarici İşlər Nazirliyi isə Daimi 
						katibi təyin edilmişdir. Alt-komitənin həmsədri olaraq 
						Təhsil Nazirliyi Bakıda keçirilən iclasların təşkilati 
						işlərini həyata keçirir. 
						
						
						Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini 
						Qulu Novruzov bildirdi ki, Avropa İttifaqı ilə 
						Azərbaycan arasında kifayət qədər geniş və çoxsahəli 
						əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığı daha səmərəli etmək 
						üçün Xarici İşlər Nazirliyinin vasitəsilə müxtəlif 
						sahələr üzrə alt-komitələr yaradılmışdır. Alt-komitənin 
						tərkibinə Təhsil Nazirliyi də daxil olmaqla ümumilikdə 
						15 dövlət qurumu daxildir. Sosial məsələlər, təhsil, 
						ictimai səhiyyə və digər məsələlərdə əməkdaşlığa təkan 
						vermək məqsədilə yaradılan alt-komitənin qarşısında 
						duran əsas vəzifələr Aİ ilə ikitərəfli əməkdaşlığa töhfə 
						vermək və adıçəkilən məsələlərdə konkret nəticələrə nail 
						olmaqdır. Nazir müavini Q.Novruzov  qeyd etdi ki, 
						müzakirə olunan məsələlər Azərbaycan ilə Avropa İttifaqı 
						arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin üzə 
						çıxmasına və daha böyük nəticələr əldə edilməsinə təkan 
						verəcək. 
						
						
						Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, 
						Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin 
						nümayəndəsi Con Kiaer, Avropa İttifaqının Azərbaycandakı 
						nümayəndəliyinin rəhbəri Roland Kobiya və digər çıxış 
						edənlər müzakirələrin böyük əhəmiyyət kəsb edəcəyini və 
						ikitərəfli münasibətlərin inkişafına müsbət təsir 
						göstərəcəyini bildirdilər. İclasda qeyd olunan 
						məsələlərlə bağlı müzakirələr aparıldı. 
						
						
						İclas fevralın 10-da öz işini başa çatdıracaq.  
						
						
						Niyazi RƏHİMOV  |