| 
						 
						
						Fevralın 1-də Azərbaycan Müəllimlər İnstitutunda  
						Gənclər günü münasibətilə filologiya və təhsildə sosial 
						psixologiya  fakültəsinin III kurs tələbəsi, gənc rəssam 
						Nərmin Əliyevanın ilk fərdi yaradıcılıq sərgisi təşkil 
						olundu.  
						
						
						Sərgini institutun rektoru, millət vəkili, professor 
						Aqiyə Naxçıvanlı açaraq bildirdi ki, ulu öndərimiz 
						Heydər Əliyevin ölkəmizdə vətənpərvər, istedadlı gənc 
						nəslin yetişdirilməsi sahəsində çox böyük xidmətləri 
						olmuşdur.  Prezident Heydər Əliyevin  1997-ci  il  
						fevralın  1-də  "2 fevral - Azərbaycan Gəncləri günü 
						elan edilməsi haqqında" sərəncamı imzalaması da gənclərə 
						dövlət qayğısının  bariz nümunələrindən biridir. Həmin 
						vaxtdan etibarən hər il 2 fevral günü Azərbaycan 
						gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 
						Rektor bu bayram münasibətilə institutun, eləcə də 
						Azərbaycanın bütün gənclərini ürəkdən təbrik etdi və 
						onlara sağlam həyat, doğma vətənimizin inkişafı naminə  
						yeni-yeni uğurlar arzuladı. 
						
						
						Bugünkü tədbirin bu bayram münasibətilə keçirilən 
						silsilə tədbirlərdən biri olduğunu deyən Aqiyə 
						Naxçıvanlı qeyd etdi ki, bəşəriyyətin ən mühüm 
						nailiyyətlərindən sayılan incəsənət, onun ayrı-ayrı növ 
						və janrları hər bir xalqın ən dəyərli estetik sərvətidir. 
						Bu sərvəti yaradanlar, onu layiqincə qiymətləndirənlər, 
						həyat və məişətin, təlim-tərbiyə prosesinin  hər anında 
						ondan bacarıqla istifadə edənlər şəxsiyyət səviyyəsinə 
						yüksələ bilir, cəmiyyətdə fəal mövqe tuturlar. Bu 
						baxımdan gənc rəssam Nərmin Əliyevanın bugünkü sərgisi 
						mühüm əhəmiyyətə malikdir.  
						
						
						Sərgiyə baxış keçirilərkən rəssamın təsviri incəsənətin 
						rəngkarlıq və qrafika növlərində, portret, mənzərə, 
						natürmort, tematik janrlarda çəkdiyi rəsmlər 
						iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Gənc 
						qızın həyat eşqini, ətraf aləmə baxışlarını, yaradıcılıq 
						duyğularını özündə əks etdirən bu rəsm əsərləri onun 
						fitri istedadından, gələcək arzu və istəklərindən xəbər 
						verirdi. Hiss olunurdu ki, rəssam hər bir əsərində 
						müşahidə etdiyi obrazın daxili aləmini, onun xarakterik 
						xüsusiyyətlərini əks etdirərək tamaşaçılara təqdim 
						etməyə çalışmışdır. Mənzərə janrında yaradılmış rəsm 
						əsərlərində Nərminin yurdumuzun təbiətinə, onun müxtəlif 
						bölgələrinin gözəlliklərinə olan böyük məhəbbəti 
						duyulurdu. Sərgi iştirakçıları gənc rəssamın 
						yaradıcılığında portret janrında çəkilmiş əsərləri 
						xüsusilə bəyənərək bu rəsmlərdə təsvir olunan obrazların 
						müxtəlifliyini,  müəllifin  özünəməxsus realist üslubunu, 
						seçdiyi  bədii ifadə vasitələrini xüsusilə vurğuladılar.
						 
						
						
						Tədbirdə çıxış edənlər - professorlar Ramiz Məmmədzadə,  
						Mircəfər Həsənov, tarix elmləri doktoru Qafar Cəbiyev,  
						dosent Razim Məmmədov, təhsil müəssisəsinin baş 
						müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Məhsəti 
						Məmmədova gənc rəssamın yaradıcılığını, onun istedadını 
						çox yüksək dəyərləndirdilər. Bu sahədə böyük uğurlar 
						qazanaraq gələcəkdə  çox gözəl  rəssam  olacağına ümid 
						etdiklərini bildirdilər və ona yaradıcılığında  
						yeni-yeni nailiyyətlər arzuladılar. 
						
						
						Qeyd edək ki, Nərmin Əliyeva 2011-ci ildə  Təhsil 
						Nazirliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri 
						arasında keçirilən Azərbaycan Respublikasının dövlət 
						müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş 
						"Azərbaycan - çiçəklənən diyar" mövzusunda respublika 
						rəsm sərgisində I yerə layiq görülmüşdür. 
						
						
						 Tədbirin sonunda çıxış edən Nərmin Əliyeva institutda 
						hər bir tələbənin öz elmi və yaradıcılıq potensialını 
						üzə çıxarması üçün yaradılan şəraitə və sərginin 
						təşkilinə görə təhsil ocağının rəhbərliyinə, şəxsən 
						Aqiyə xanıma dərin təşəkkürünü bildirdi.   
						
						
						
						Hicran ƏKBƏROVA  |