| 
										 
								
								 Təhsil sistemi  
										
										
										Doqquz əyalətdən ibarət olan Cənubi 
										Afrika Respublikasının üç paytaxtı var. 
										Ölkənin icraedici, qanunvericilik və 
										hüquq-mühafizə orqanları üç paytaxtda 
										yerləşir. Paytaxtlardan Pretoriyada 
										icraedici, Blumfonteyndə hüquq-mühafizə, 
										Keyptaunda isə qanunvericilik orqanları 
										fəaliyyət göstərir. 
										
										
										1994-cü ilə qədər Cənubi Afrikanın 
										təhsil sistemi irqi ayrı-seçkilik 
										siyasəti əsasında idarə olunub. İrqi, 
										etnik və dil qruplarına görə müxtəlif 
										məktəblər, kolleclər fəaliyyət göstərib. 
										Qara dərili insanlar Bantu məktəblərində, 
										hindlilər Hind təhsil sistemi əsasında 
										təhsil alıblar. Ağ dərili insanlar isə 
										xüsusi məktəblərdə oxuyublar. Bu 
										fərqlilik məktəblərin 
										maliyyələşdirilməsində, idarə 
										olunmasında və şagirdlər üçün yaradılan 
										tədris şəraitində də özünü büruzə 
										verirdi. 
										
										
										Təhsilin hansı dildə aparılması 1996-cı 
										ildə qəbul olunmuş Cənubi Afrika 
										Respublikasının Konstitusiyası əsasında 
										tənzimlənir. Konstitusiya əsasında 11 
										dilə dövlət dili statusu verilib. Ölkə 
										təhsilinin idarə edilməsinə məsul olan 
										Əsas Təhsil Departamentinin 11 dövlət 
										dili arasından ortaq təlim dilinin 
										seçilməsi ilə bağlı maraqlı tərəflərlə 
										apardığı müzakirələr hələ də tam həllini 
										tapmayıb.  
										
										
										 1994-cü ildən etibarən ölkədə təhsil 
										islahatlarının başlanılması dövrü kimi 
										xarakterizə edilir. İslahatlarda əsas 
										prioritet məsələlərdən biri də Cənubi 
										Afrikada təhsil sistemində irqi ayrı-seçkilik 
										hallarına son qoymaq və hamı üçün 
										bərabər təhsil imkanlarının 
										yaradılmasından ibarətdir. 
										
										
										1996-cı ildə qəbul olunmuş "Məktəblər 
										haqqında" Qanuna görə, 6-15 yaşlı (I-IX 
										siniflər) uşaqlar üçün təhsil icbari 
										xarakter daşıyır. Ümumiyyətlə isə orta 
										təhsil dövrü ibtidai təhsilə hazırlıq 
										sinfindən (0-cı sinifdən) hesablanır. 
										Odur ki, tam orta təhsil 13 il (0-XII 
										siniflər) davam edir. 
										
										
										Məktəbə hazırlıq sinfinə uşaqların cəlb 
										olunması könüllülük prinsipinə əsaslanır. 
										İbtidai təhsil I-VI, icbari təhsil isə 
										I-IX sinifləri əhatə edir. XI-XII 
										siniflərdə şagirdlər universitet və ali 
										təhsilə hazırlıq məqsədilə təmayüllər 
										üzrə təhsil alırlar. İcbari xarakter 
										daşımayan XI-XII siniflərdə şagirdlər 
										texniki peşə proqramları üzrə də təhsil 
										ala bilərlər. 2006-cı ildə qəbul olunmuş 
										Təhsil Qanunu icbari təhsilin ödənişsiz 
										əsaslarla həyata keçirilməsi üçün hüquqi 
										əsas verir. Lakin bu qaydanın ölkənin 
										bütün orta məktəblərində tətbiqi 
										məsələsi hələlik uğurla yekunlaşmayıb. 
										
										
										Statistik hesablamalara görə, hazırda 
										ölkə üzrə 26292 dövlət, o cümlədən 
										qeydiyyatdan keçmiş 1098 müstəqil və 
										özəl orta məktəb fəaliyyət göstərir. 
										Həmin tədris ocaqlarında 12,3 milyon 
										şagirdin təlim-tərbiyəsi ilə 386 mindən 
										artıq müəllim məşğul olur. 
										
										
										Cənubi Afrikada digər ölkələrlə 
										müqayisədə əhalinin ümumi savadsızlıq 
										səviyyəsi daha yüksəkdir. Hesablamalara 
										görə, 15 yaşına çatmış təxminən 8 milyon 
										nəfər təhsildən kənarda qalıb. Hökumətin 
										həyata keçirdiyi bir sıra kütləvi 
										savadlılıq kampaniyalarına böyük həcmdə 
										vəsait xərclənsə də, hələlik istənilən 
										məqsədə çatmaq mümkün olmayıb. 
										2009-2010-cu tədris ilinin rəsmi 
										məlumatlarına əsasən, ümumi dövlət 
										xərclərinin təxminən 18 faizi təhsil 
										sahəsinə sərf edilib.  
										
										
										Universitet və kolleclər əsasən dövlət 
										tərəfindən maliyyələşdirilir. Dövlət 
										tərəfindən maliyyələşdirilən ali təhsil 
										müəssisələri ilə yanaşı, bütün 
										səviyyələr üzrə təhsil verən özəl 
										məktəblər də fəaliyyət göstərir. 
										
										
										Əvvəllər ölkə təhsilinin idarə olunması 
										Nazirlər Kabinetinin nəzdindəki Təhsil 
										Departamentinin üzərinə düşürdü. 2009-cu 
										ildən təhsil sisteminin idarə edilməsi 
										Əsas Təhsil Departamenti ilə yanaşı, 
										həmçinin Ali Təhsil və Təlim 
										Departamentinə həvalə olunub. Ölkədə 
										əyalətlərin hər birində yerli təhsil 
										departamenti fəaliyyət göstərir. Elmi 
										tədqiqat müəssisələrinin fəaliyyətinə 
										isə Elm və Texnologiya Nazirliyi nəzarət 
										edir. 
										
										
										Cənubi Afrikada müəllim hazırlığı 
										məsələsinə xüsusi diqqət yetirilir. 
										Müəllim Hazırlığı və Təkmilləşdirilməsi 
										üzrə Strateji Planlaşdırmanın Çərçivə 
										Sənədinin qəbul olunması ilə bu məsələ 
										daha da aktuallaşıb. Həmin sənəddə 
										nəzərdə tutulan müddəaların həyata 
										keçirilməsi 2011-2025-ci illəri əhatə 
										edir.
										  
										
										
										
										Məktəbəqədər təhsil  
										
										
										Cənubi Afrikada məktəbəqədər təhsilin 
										inkişafına, uşaqların təhsil həyatına 
										hazırlanması işinə xüsusi diqqət ayrılır. 
										Məktəbəqədər təhsil dövrü 3-6 yaşlı 
										uşaqlar üçün nəzərdə tutulur.  
										
										
										Məktəbəqədər təhsil müəssisələrində 
										əsasən, dil, riyaziyyat, həyat bilgisi, 
										texnologiya, təsviri incəsənət və 
										mədəniyyətlə bağlı dərslər tədris olunur. 
										Məktəbəqədər təhsil proqramı əsas iki 
										komponentdən ibarətdir. 4 yaşa qədər 
										olan uşaqlar üçün xüsusi tədris proqramı 
										tətbiq edilir. 5-6 yaşlı uşaqlara isə 
										ibtidai məktəbə hazırlıq proqramları 
										üzrə tədris aparılır. Uşaqlar üçün 
										hərtərəfli inkişaf imkanlarının 
										yaradılmasını nəzərdə tutan Uşaqların 
										Erkən İnkişafı Proqramları uğurla həyata 
										keçirilir və müsbət nəticələr verir. 
										
										
										Ölkədə dövlət məktəbəqədər təhsil 
										müəssisələri yerli qurumlar tərəfindən 
										maliyyələşdirilir. Özəl məktəbəqədər 
										təhsil müəssisələrinə idarəetmə 
										baxımından sərbəstlik verilsə də, tədris 
										proqramlarına ciddi nəzarət olunur. 
										
										
										Son illər hökumət tərəfindən müvafiq 
										istiqamətdə həyata keçirilən siyasət 
										uşaqların məktəbəqədər təhsil 
										müəssisələrinə cəlb olunma səviyyəsinin 
										artırılmasına yönəlib. Əsas məqsəd bütün 
										uşaqların erkən uşaqlıq dövründə qayğı 
										ilə əhatə olunmasını təmin etmək və 
										bərabər təhsil imkanlarının 
										yaradılmasından ibarətdir.  
										
										
										
										İbtidai təhsil  
										
										
										Qeyd etdiyimiz kimi, Cənubi Afrikada 
										orta təhsil dövrü hazırlıq sinfindən 
										(0-cı sinifdən) başlayır. İbtidai təhsil 
										dövrü I-VI sinifləri əhatə edir. 
										Hazırlıq sinfinə (0-cı sinif) uşaqlar 
										könüllülük prinsipi əsasında cəlb 
										edilir.  
										
										
										Qanuna görə, 9 illik icbari təhsil tam 
										ödənişsizdir. İbtidai təhsilin də daxil 
										olduğu (I-VI siniflər) icbari təhsil 
										dövrü (I-IX siniflər) aşağıdakı 
										mərhələlərə bölünür: 
										
										
										* Əsas mərhələ - hazırlıq sinfindən (0 
										sinfindən) III sinfə qədər; 
										
										
										* Əsas təhsil mərhələsinin orta dövrü - 
										IV-VI sinif; 
										
										
										* Yuxarı mərhələ - VII-IX sinif.  
										
										
										
										Orta təhsil  
										
										
										Cənubi Afrikada orta təhsil dövrü 
										hazırlıq sinfindən (0-cı sinif) 
										başlayaraq 13 il davam edir. XII sinif 
										ali məktəbə hazırlıq dövrü hesab olunur. 
										Tam orta təhsil müddəti 13 il olsa da, 
										hazırlıq sinfi (0-cı sinif) və X, XI, 
										XII siniflər (universitetlərə hazırlıq 
										sinifləri) icbari deyil. Dərs ili 
										yanvarın ortalarında başlayır və 
										noyabrın sonunda başa çatır. 
										
										
										Dövlət məktəbləri hökumət tərəfindən 
										maliyyələşdirilir. Ödənişsiz orta 
										təhsildən əhalinin kasıb təbəqələri daha 
										çox faydalanır. Özəl məktəblərdə isə 
										təhsil xərcləri ayrı-ayrı bölgələrə və 
										məktəblərə görə müxtəlifdir. 
										
										
										 İbtidai və orta məktəblərdə şagirdlər 
										vahid məktəbli geyimindən istifadə 
										edirlər. Hətta şagirdlərin saç düzümü də 
										eyni olmalıdır. Oğlanlar saçlarını qısa 
										vurdurmalı, qizlar isə saçlarını 
										uzadaraq arxadan bağlamalıdırlar. Bu 
										qaydalara riayət edilməsinə nəzarət 
										məqsədilə yuxarı siniflərdə şagirdlər 
										arasından rəhbər şagird seçilir.  
										
										
										
										Texniki peşə təhsili  
										
										
										Cənubi Afrikada texniki peşə təhsilinin 
										inkişafına və şaxələndirilməsinə xüsusi 
										diqqət yetirilir. Texniki peşə təhsilinə 
										dövlət, özəl peşə məktəblərində, o 
										cümlədən politexnik institutlarında, 
										istehsal müəssisələrində və təlim 
										mərkəzlərində yiyələnmək mümkündür. 
										
										
										Texniki peşə təhsili almaq imkanları 
										bölgədən-bölgəyə dəyişir. Məsələn, 
										ölkənin bəzi bölgələrində ənənəvi təlim 
										mərkəzləri özəl istehsal sektorunda iş 
										bacarıqlarının əldə edilməsi imkanları 
										yaradır. Bu ərazilərdə qeyri-dövlət 
										sektoru ölkədə həyata keçirilən peşə 
										təliminin 90 faizdən çox hissəsi üzrə 
										mütəxəssis hazırlığını həyata keçirir. 
										
										
										Ölkənin bəzi bölgələrində isə orta 
										məktəb dövründə də texniki peşə 
										təhsilinə yiyələnmək mümkündür. Orta 
										məktəb dövründə həyata keçirilən texniki 
										peşə təhsili proqramları 3 ildən 6 ilə 
										qədər davam edə bilər. 
										
										
										Müəyyən hallarda 9 illik icbari təhsil 
										dövrünü bitirərək yuxarı siniflərdə (X, 
										XI, XII siniflərdə) oxumayan, həmçinin 
										təhsilini ali məktəbdə davam etdirmək 
										iqtidarında olmayan şagirdlər texniki 
										peşə təhsilinə daha çox maraq 
										göstərirlər. Həmin şagirdlər bununla 
										əmək bazarında müvafiq yer tutmağı və öz 
										sahələrinin peşəkarı kimi tanınmağı 
										qarşılarına məqsəd qoyurlar.  
										
										
										
										Ali təhsil  
										
										
										Cənubi Afrikada universitetlərə qəbul 
										olunmaq üçün qəbul imtahanı vermək tələb 
										olunur. Universitetlər fəaliyyət 
										baxımından muxtariyyət hüququna 
										sahibdirlər. Belə ki, hər bir ali 
										məktəb, ilk növbədə, Universitet Şurası 
										qarşısında cavabdehlik daşıyır. 
										Universitetlər daha sonra hökumət 
										qarşısında cavabdehdirlər. Ölkə 
										universitetlərində paralel olaraq bir 
										neçə dildə tədris aparılır. 
										
										
										Ölkədə həm dövlət, həm də özəl 
										universitetlər fəaliyyət göstərir. 
										Universitetlər təhsilin keyfiyyəti və 
										maliyyə təminatı baxımından da bir-birlərindən 
										fərqlənirlər. Ölkədə fəaliyyət göstərən 
										23 dövlət, 92 özəl ali təhsil 
										müəssisəsində həm yerli, həm də əcnəbi 
										tələbələrə təhsil və tədqiqat sahəsində 
										geniş seçim imkanları verilir. 
										
										
										Savadsızlığa qarşı son illərdə aparılan 
										mübarizə öz nəticəsini verməkdədir. Belə 
										ki, 2010-cu ildə ölkə üzrə əhalinin 
										savadlılıq səviyyəsi 88 faiz təşkil 
										edib. Bu göstərici ilə Cənubi Afrika 
										dünyanın 180 ölkəsi arasında 107-ci yeri 
										tutur. 
										
										
										Tələbələrin əksəriyyəti texniki 
										universitetlərdə təhsil almağa üstünlük 
										verir. Ölkədə fəaliyyət göstərən 
										universitetlərin böyük bir qismi nüfuzlu 
										ali məktəblər hesab olunur. Həmin ali 
										məktəblərdə müxtəlif elm sahələri üzrə 
										ən müasir tədqiqat işləri aparılır. 
										
										
										2004-cü ildə ali təhsil sahəsində 
										başlanmış islahatlar nəticəsində Cənubi 
										Afrikada müəyyən universitetlər 
										birləşdirildi. Bu proses ali təhsilin 
										keyfiyyətcə yüksəlməsinə və ölkə 
										universitetlərinin nüfuzunun artmasına 
										səbəb oldu. Hazırda ali təhsil sistemi 
										əvvəlki dövrlərdən əsaslı surətdə 
										fərqlənir. 
										
										
										Ölkənin nüfuzlu ali məktəblərindən biri 
										olan Keyp Peninsula Texnologiya 
										Universitetində 25000-ə yaxın tələbə 
										təhsil alır. Universitetdə idarəetmə, 
										mühəndislik, informasiya və 
										kommunikasiya, səhiyyə və ətraf mühitlə 
										bağlı sahələr üzrə mütəxəssis hazırlığı 
										həyata keçirilir. 
										
										
										Nelson Mandela Metropolitn Universiteti 
										və Şimal-Qərb Universiteti də ali 
										məktəblər arasında xüsusi çəkisi ilə 
										fərqlənir. Nelson Mandela Metropolitn 
										Universitetində 20000-ə, Şimal-Qərb 
										Universitetində 45000-ə yaxın tələbə 
										təhsil alır. 
										
										
										Keyptaun Universiteti ölkənin ən qədim 
										universitetlərindən biri hesab olunur. 
										Bu ali məktəb 1829-cu ildə təsis olunub 
										və yüksək səviyyəli tədqiqat işləri ilə 
										məşhurdur. Tibb sahəsində ciddi uğurlara 
										imza atan bu ali məktəbin yüksək 
										səviyyəli mütəxəssisləri 1967-ci ildə 
										ilk dəfə olaraq ürək transplantasiyası 
										əməliyyatını həyata keçiriblər. Cənubi 
										Afrika Universiteti isə dünyada distant 
										təhsil verən ən böyük ali məktəb kimi 
										tanınır.  
										
										
										
										Yaşlıların təhsili və əlavə təhsil  
										
										
										Digər ölkələrlə müqayisədə savadsızlıq 
										səviyyəsinin yüksək olması Cənubi 
										Afrikada yaşlıların təhsili məsələsini 
										xüsusilə diqqət mərkəzində 
										saxlanılmasını tələb edir. 
										
										
										Ölkədə 15 yaşlı yeniyetmələrin 24 faizi 
										savadsızdır. Yaşlı əhalinin 5 milyona 
										yaxın hissəsi heç vaxt məktəbə getməyib. 
										
										
										Hökumət savadsız əhalinin daha çox 
										toplaşdığı əyalətlərdə biznes sektoru və 
										qeyri-hökumət təşkilatlarının rolunu 
										gücləndirməklə yaşlıların təhsil 
										imkanlarını artırmağa çalışır. 
										Yaşlıların təhsil ehtiyaclarını ödəmək 
										və onların əmək bazarında fəaliyyət 
										göstərmələrini təmin etmək istiqamətində 
										bir sıra proqramlar həyata keçirilir. 
										
										
										Ötən əsrin ortalarında yaşlıların 
										təhsili və təlimi istiqamətində əsasən, 
										riyazi, oxu və yazı bacarıqlarının 
										aşılanması əsas götürülür, ayrı-ayrı 
										sahələrdə çalışan işçilər müvafiq 
										proqramlara cəlb edilirdilər. Lakin 
										hazırda yaşlıların təhsili 
										proqramlarının əhatə dairəsi daha da 
										genişləndirilib, insanların təhsil 
										almasına mane olan bütün hallar, demək 
										olar ki, aradan qaldırılıb. Xüsusilə 
										1994-cü ildən sonra yaşlıların təhsili 
										və təlimi sahəsində irqi ayrı-seçkilik 
										hallarına qarşı mübarizə gücləndirilib 
										və hamı üçün bərabər təhsil imkanlarının 
										yaradılması məsələsi cəmiyyətin diqqət 
										mərkəzinə çıxarılıb. 
										
										
										1998-ci ildə qəbul edilmiş Əlavə Təhsil 
										və Təlim Aktına əsasən 1999-2001-ci 
										illərdə Əlavə Təhsil və Təlim üzrə Milli 
										Strategiya işlənilib hazırlanıb. Ali 
										Təhsil və Təlim Departamentinin işləyib 
										hazırladığı bu strategiya təhsil, iş və 
										təlimdə gənclərin sayının artırılması 
										məqsədlərinə xidmət edir. Strategiyada, 
										həmçinin gənclərin, eləcə də yaşlıların 
										icbari təhsil dövründən sonrakı 
										mərhələdə əmək bazarında öz yerlərini 
										tuta bilməsinə köməklik göstərmək 
										məsələləri əks olunub. Bu strategiyada 
										peşə, texniki peşə təhsili və akademik 
										təlim proqramları nəzərdə tutulur. Sənəd 
										universitet və texnoloji 
										universitetlərdə aparılan kurs işlərini, 
										işlə inteqrasiya edilmiş təlim 
										proqramlarını, istehsalat təcrübələrini, 
										usta yanında təlim və şagirdçilik kimi 
										məsələləri də əhatə edir. 
										
										
										Hazırda Əlavə Təhsil və Təlim sektorunda 
										50 kollec fəaliyyət göstərir. Bu 
										müəssisələrdə bacarıqların inkişaf 
										etdirilməsi istiqamətində təlimlərin 
										aparılması əsas yer tutur. Həmin 
										kolleclərdə 220 minə yaxın tələbə təhsil 
										alır.
										  
										
										
										
										Elmi tədqiqatlar  
										
										
										Elmi və Sənaye Tədqiqatları Şurası 
										Cənubi Afrikada elmi tədqiqatlar aparan 
										ən aparıcı qurumlardan biridir. Bu qurum 
										1945-ci ildə təsis edilib. Elmi və 
										Sənaye Tədqiqatları Şurası öz fəaliyyəti 
										ilə əsasən, qlobal iqtisadiyyatda milli 
										rəqabətliliyin təkmilləşdirilməsinə 
										dəstək vermək məqsədinə xidmət edir. 
										
										
										Şura əsasən, özəl sektor, kiçik, orta və 
										iri müəssisələrlə əməkdaşlığa üstünlük 
										verir. Şuranın fəaliyyətinin 
										tənzimlənməsində və ümumilikdə ölkədə 
										elm strategiyasının reallaşdırılmasında 
										Elm və Texnologiya Nazirliyi mühüm rol 
										oynayır. 
										
										
										Elmi və Sənaye Tədqiqatları Şurası ali 
										təhsil müəssisələri ilə də sıx əlaqə 
										yaradıb. Şuranın fəaliyyətində Milli 
										İnnovasiya Sisteminin inkişafı üçün elmi 
										tədqiqat işlərinin aparılması, o 
										cümlədən müasir elmi texnoloji 
										innovasiyaların tədqiq və tətbiq 
										edilməsi məsələləri aparıcı yer tutur. 
										Bu qurum, həmçinin donor və maliyyə 
										agentlikləri ilə də sıx əlaqə saxlayır, 
										birgə layihələrin reallaşdırılmasına 
										xüsusi önəm verir. 
										
										
										Şura əsasən, bioelm, ətraf mühit, 
										müdafiə, sülh, təhlükəsizlik, 
										informasiya və kommunikasiya, lazer 
										texnologiyası, mineral ehtiyatlar, fəza 
										texnologiyası, modelləşdirmə və rəqəmsal 
										elm sahələrində tədqiqat işlərini 
										dəstəkləyir. Son dövrlərdə bir sıra yeni 
										tədqiqat sahələri - nanotexnologiya, 
										sintetik biologiya, mobil 
										özünütənzimləmə sistemləri üzrə tədqiqat 
										işlərinə də diqqət yetirilir.  
										
										
										
										Beynəlxalq əməkdaşlıq  
										
										
										1983-cü ildən əsası qoyulmuş Cənubi 
										Afrika Respublikası ilə Avropa İttifaqı 
										arasındakı elmi əməkdaşlıq son illərdə 
										daha da genişlənməkdədir. Bu baxımdan 
										Cənubi Afrika-Avropa İttifaqı Müştərək 
										Elmi və Texnoloji Əməkdaşlıq 
										Komissiyasının fəaliyyəti mühüm 
										əhəmiyyət kəsb edir. 
										
										
										Onu da qeyd edək ki, Cənubi Afrika 
										Respublikası ilə Avropa İttifaqı 
										arasındakı elmi əməkdaşlığa əsaslanan 
										layihələrdə digər Afrika ölkələri də 
										fəal iştirak edir. Birgə elmi 
										konfranslar keçirilir, konkret elmi 
										tədqiqatlara bir sıra Afrika ölkələrinin 
										alimləri cəlb olunur. 
										
										
										1999-cu ildən Cənubi Afrika Respublikası 
										ilə Çin Xalq Respublikası arasında elm 
										və texnologiya sahəsində əməkdaşlığa 
										dair müqavilə imzalanıb. Müqavilənin 
										əsas məqsədi biotexnologiya, təbii 
										ehtiyatlar, informasiya və kommunikasiya 
										texnologiyaları sahələrində müxtəlif 
										layihələrin maliyyələşdirilməsindən 
										ibarətdir. 
										
										
										Hindistanla elm və texnologiya 
										sahəsindəki əməkdaşlığın əsası isə 
										1995-ci ildə imzalanmış müvafiq müqavilə 
										ilə qoyulub. Bu əlaqələr hər il 
										yenilənən birgə əməkdaşlıq proqramı ilə 
										tənzimlənir.  
										
										
										
										Bəşarət MƏMMƏDOV, 
										
										
										
										Dilrubə BAYRAMOVA  
										
										
										
										Yazının hazırlanmasında Cənubi Afrika 
										Respublikasının Əsas Təhsil 
										Departamenti, Ali Təhsil və Təlim 
										Departamenti, eləcə də Elm və 
										Texnologiya Nazirliyinin rəsmi 
										məlumatlarından istifadə olunub.  |