| 
						 
						
						 Martın 
						16-da "Park  İNN" otelinin "Nəsimi" zalında "Azərbaycan 
						Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların 
						ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ 
						qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində 
						"Himayədar qayğı, kiçik qrup evi və müvəqqəti qayğı kimi 
						ailə əsaslı alternativ sosial xidmətlər" mövzusunda "dəyirmi 
						masa" keçirilib. Azərbaycan Respublikası Təhsil 
						Nazirliyi, Avropa Birliyi, "Hilfsverk Avstriya" 
						beynəlxalq və "Ümidli Gələcək Gənclər" təşkilatlarının 
						təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti 
						qurumların nümayəndələri ilə yanaşı, paytaxtın bir sıra 
						rayonlarının icra hakimiyyətlərinin məsul işçiləri də 
						iştirak ediblər.  
						
						
						"Dəyirmi masa"nı Təhsil Nazirliyi De-institutlaşma və 
						Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva 
						açaraq Təhsil Nazirliyi və "Hilfsverk Avstriya" 
						beynəlxalq təşkilatı ilə birgə həyata keçirilən layihə 
						barədə ətraflı məlumat verib. Qeyd edib ki, "Yerli 
						hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları 
						arasında himayədar (foster) qayğı və ailə əsaslı 
						xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" 
						layihəsi Avropa Komissiyası və "Hilfsverk Avstriya" 
						beynəlxalq təşkilatının maliyyə dəstəyi ilə həyata 
						keçirilir. Verilən məlumatdan aydın olub ki, layihə 
						çərçivəsində Xəzər rayonundakı internat-məktəblərdə 
						yaşayan  və övladlığa verilməsi mümkün olmayan, 50 
						himayədar ailəyə veriləcək 50 uşaq artıq seçilib. Bundan 
						başqa layihəyə əsasən övladlığa, qəyyumluğa və ya 
						himayədar ailələrə verilməsi  qeyri-mümkün olan, daim 
						müəssisədə yaşayan 10 uşağın yaşayacağı ailə əsaslı 
						kiçik qrup evinin binası tikilib və yaxınlarda 
						istifadəyə verilməsi nəzərdə tutulub. Evin saxlanma 
						xərcləri layihəyə ayrılmış vəsait hesabına həyata 
						keçiriləcəkdir. 
						
						
						Çıxış üçün söz alan Avropa İttifaqının Azərbaycandakı 
						nümayəndəliyinin əməkdaşı, layihə rəhbəri Mikolaj 
						Bekasiak, Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının 
						idarə heyətinin sədri Nazir Quliyev, YUNİSEF-in 
						Azərbaycandakı nümayəndəliyinin məsul əməkdaşı Munir 
						Məmmədzadə, "Ümidli Gələcək Gənclər" təşkilatının 
						proqram rəhbəri Elxan Mərdanlı, Azərbaycan Respublikası 
						Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə 
						müdiri Vüqar Salmanov, "Hilfsverk Avstriya" beynəlxalq 
						təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Aytəkin 
						Hüseyinli  belə bir mövzuda "dəyirmi masa"nın 
						keçirilməsinin əhəmiyyətini  xüsusi vurğulayaraq "Uşaq 
						qayğı sistemi və ailədə yaşamaq hüququ", "Valideyn 
						himayəsindən məhrum olmuş, valideynlərini itirmiş 
						uşaqların müdafiəsində alternativ xidmətlər", "Himayədar 
						ailə, kiçik qrup evi və müvəqqəti qayğı xidmətlərlə 
						bağlı beynəlxalq təcrübə", "Himayədar qayğı, kiçik qrup 
						evi və müvəqqəti qayğı xidmətlərinin təşkili mexanizmi" 
						mövzularında təqdimatlar ediblər.  
						
						
						Geniş fikir mübadiləsi və diskussiya şəraitində keçən "dəyirmi 
						masa"da həmçinin layihə çərçivəsində pilot seçilmiş 
						Xəzər və Suraxanı rayonlarında fəaliyyət göstərən dövlət 
						uşaq müəssisələrində görülmüş işlər haqqında məlumatlar 
						verilib, təqdimatlar ətrafında müzakirələr aparılıb, 
						daha sonra layihə çərçivəsində hazırlanmış və təsdiq 
						üçün Nazirlər Kabinetinə təqdim olunan "Himayədar (foster) 
						qayğı xidmətlərinin standart və qaydaları", "Ailə tipli 
						kiçik qrup evinin standart və qaydaları", "Himayədar (foster) 
						ailə haqqında Əsasnamə" və "Ailə tipli kiçik qrup evi 
						haqqında Nümunəvi Əsasnamə" sənəd layihələrinin məzmunu 
						geniş şərh edilib. 
						
						
						Sonda De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin 
						rəisi Məlahət Hacıyeva tədbir iştirakçılarını və KİV 
						nümayəndələrini maraqlandıran sualları cavablandırıb.  
						
						
						
						Samirə KƏRİMOVA  |