| 
						 
						
						Martın  29-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
						Yenidənhazırlanma İnstitutunda 31 Mart - 
						Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş "Tarixi 
						həqiqətlər yaddaşlardan silinməyəcəkdir" mövzusunda elmi-praktik 
						konfrans keçirildi. Əvvəlcə soyqırımı qurbanlarının  
						xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
						
						
						Konfransı giriş sözü ilə BPKİYİ-nin rektoru, fizika-riyaziyyat 
						elmləri doktoru, professor Asəf Zamanov açaraq  
						soyqırımı haqqında tarixi faktlara söykənən geniş məruzə 
						ilə çıxış etdi. Bildirdi ki, son iki əsrdə ermənilərin 
						azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata 
						keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti 
						nəticəsində xalqımız ağır məhrumiyyətlərə və 
						məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ 
						gücləndirilən belə qeyri-insani siyasət nəticəsində 
						azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidə min 
						illər boyu yaşadıqları tarixi etnik torpaqlarından 
						didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz 
						qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və 
						yaşayış məskəni dağıdılıb viran edilmişdir.  
						
						
						XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan 
						adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı 
						şəhərində, Şamaxı, Quba və  Göyçay qəzalarında, 
						Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza 
						qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər 
						zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri 
						bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - 
						qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə 
						vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan 
						edərək yandırıb viran qoymuş, xalqımızın milli 
						mədəniyyət abidələrini, məscidləri dağıtmış və 
						yandırmışlar. XIX əsrin əvvəllərindən başlayaraq 
						ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi 
						şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz 
						qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, 
						onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata 
						keçirilmişdir. Tarixin hələ tam açılmamış səhifələrindən 
						biri olan bu soyqırımı hadisəsi xalqımıza qarşı 
						dəfələrlə törədilmiş qətl kimi qiymətləndirilir. Tarixi 
						faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara 
						qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırımı 
						siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan 
						torpağı olan, indi Ermənistan adlandırılan öz doğma 
						torpaqlarından didərgin salınmışlar. 
						
						
						1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində 
						ermənilərin törətdikləri qırğınlardan 94 il ötməsinə 
						baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi 
						iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq 
						ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri 
						aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci 
						illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqını yer 
						üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün 
						çılpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə 
						ermənilərin Azərbaycanda törətdikləri milli qırğın 
						haqqında bizə çatan tarixi sənədlərdəki faktlar 
						Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, 
						Qarabağda, İrəvan quberniyasında və  digər ərazilərdə 
						azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, 
						şəhər və kəndləri talan edilərək dağıdıldığını sübut 
						edir.  
						
						
						1918-ci il mart ayının son üç günündə təkcə Bakıda otuz 
						mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla 
						qətlə yetirmişlər. Mart qırğınları haqqında müstəqil 
						tədqiqatçı Kluge yazır: "Ermənilər müsəlman əhalisini 
						işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngüyə 
						keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, 
						evlərə od vurub, sakinlər qarışıq yandırır, qadınları 
						soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin 
						qundağı ilə ölüncəyə qədər döyürdülər". Kluge ermənilər 
						tərəfindən üzü divara çevrilərək itlərə gəmirdilən 
						azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar 
						erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı 
						törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir. 
						 
						
						
						1918-ci ildə erməni bandaları insanlara qarşı  
						amansızlıq etdikləri kimi mədəniyyət  və tarixi 
						abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, 
						memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. 
						Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, 
						ermənilər bir çox qədim binaları, o cümlədən Cümə 
						məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq 
						dağıtmışlar.  
						
						
						Ötən əsrdə dörd dəfə -1905-1907, 1918-1920, 1948-1953 və 
						1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı 
						törətdikləri soyqırımı və deportasiya siyasəti bu gün 
						özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə 
						verir. Bu  həm də onu göstərir ki, ermənilərin xalqımıza 
						olan tarixi münasibəti dəyişməyib. Ancaq Azərbaycanın 
						beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq 
						vəziyyət ötən əsrdən tamamilə fərqli olduğuna görə yəqin 
						ki, Ermənistan - Azərbaycan münaqişəsinin ədalətli həlli 
						nəticəsində erməni işğalçılarının torpaqlarımızdan 
						çıxarılması, daşnak ideyalarının davamçılarının yerində 
						oturdulması mümkün olacaqdır.  
						
						
						Konfransda BDU-nun kafedra müdiri, professor Anar 
						İsgəndərov "Tarixi həqiqətlər elmi tədqiqatlarda",  
						Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal 
						İsmayılov "Azərbaycanlıların soyqırımına hüquqi-siyasi 
						qiymət verilməsi",  BPKİYİ-nin dosenti Allahverdi Eminov 
						"Azərbaycanlıların soyqırımı dərsliklərdə",  BPKİYİ-nin 
						kitabxana müdiri  Güldanə Mehdiyeva "31 Mart  - bu 
						tarixi unutma" mövzularında məruzələrlə çıxış etdilər.   
						
						
						
						Rəşad ZİYADOV  |