| 
						 
						
						Bakıdakı 267 nömrəli məktəb-liseydə 31 Mart  - 
						Azərbaycanlıların soyqırımı günü  ilə əlaqədar tədbir 
						keçirilib.  
						
						
						Dövlət himninin səslənməsindən sonra soyqırımı 
						qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad 
						edilib. Soyqırımı aktını xalqımıza qarşı ermənilərin 
						törətdiyi ən qanlı cinayət kimi səciyyələndirən təhsil 
						ocağının rəhbəri Adilə Orucova bildirib ki, 1918-ci ilin 
						mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, 
						Lənkəranda və digər rayonlarda 10 minlərlə 
						azərbaycanlını  qətlə yetirib, evlərini talan edib, yurd-yuvasından 
						didərgin salıblar.  
						
						
						Tədbirin aparıcıları yuxarı sinif şagirdləri  Azad 
						Qarayev və Gülxar Qurbanova 31 mart soyqırımı haqqında 
						geniş məlumat verərək  bildiriblər ki, erməni vandalizmi, 
						azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu 
						davam etsə də, baş verənlərə lazımi qiymət verilməmiş, 
						dünyaya çatdırılmamışdı. Qanlı faciə ilə bağlı  ədalətli 
						qərar  80 il sonra qəbul edilib. Ümummilli lider Heydər 
						Əliyevin  1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların 
						soyqırımı haqqında" fərmanı ilə ilk dəfə olaraq dövlət 
						səviyyəsində 1918-ci il qırğınlarına siyasi qiymət 
						verildi. Hər il 31 martı azərbaycanlıların soyqırımı 
						günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə 
						qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən  
						soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. 
						
						
						Məktəbin tarix müəllimləri Xəyalə Nadirova və Nailə 
						Əzizova çıxış edərək bildiriblər ki,  erməni 
						faşistlərinin zaman-zaman xalqımızın başına gətirdikləri 
						müsibətləri hamı bilməli və gələcək nəslə çatdırmalıdır. 
						31 Mart - Azərbaycanlıların soyqırımı günü ərəfəsində 
						bütün siniflərdə şagirdlərə bu hadisələrin baş verdiyi 
						dövr, tarixi şərait, ermənilərin xalqımıza qarşı 
						yürütdüyü təcavüz siyasətinin ayrı-ayrı mərhələləri və 
						s. haqqında məlumat verilir.  
						
						
						Şagirdlər ədəbi-bədii kompozisiya göstəriblər. Tədbirin 
						sonunda iştirakçılar  VII "a" sinfində Anargül 
						Məmmədovanın,  VIII "a" sinfində Nailə Cəlilovanın və  
						IX "ç" sinfində Kəklik Məmmədovanın 31 Mart - 
						Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş "açıq 
						dərs"lərini dinləyiblər.  
						
						
						
						*** 
						
						
						Bakıdakı 236 nömrəli tam orta məktəbdə 31 Mart - 
						Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş  mərasim 
						keçirildi.  Əvvəlcə mərasim  iştirakçıları məktəbin 
						foyesində soyqırımına aid rəsm sərgiləri, stend və 
						guşələrlə tanış oldular.  
						
						
						Akt zalında təşkil olunan mərasimə Üzeyir Hacıbəylinin 
						qəhrəmanlığa və mübarizəyə səsləyən "Uvertüra"sının 
						sədaları altında üçrəngli Dövlət bayrağı gətirildi. 
						Torpaqlarımızın azadlığı, suverenliyi uğrunda mübarizədə 
						canından keçmiş vətən övladlarının, 20 Yanvar, Xocalı 
						və  31 Mart soyqırımılarında həlak olanların əziz 
						xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  
						
						
						Mərasimdə çıxış edən məktəbin direktoru Xanlar 
						İmaməliyev xalqımızın qəniminə çevrilmiş ermənilərin 
						1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər 
						şəhərlərdə törətdikləri qətliamın misli-bərabəri 
						olmadığını bildirdi. Qeyd etdi ki, erməni faşistləri bu  
						ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini yalnız 
						milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, 
						yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, 
						xalqımızın milli mədəniyyət abidələrini, məscidləri 
						dağıtmış və yandırmışlar.  
						
						
						Tədbirdə məktəbin tarix müəllimləri Sara Ağayeva, 
						Zülxumar Qasımova, Rövşanə İsmayılova, Sehran Məmmədov 
						və başqaları çıxış edərək 1918-ci il mart hadisələri ilə 
						bağlı tarixi faktları, həmin dövrdə və sonrakı illərdə  
						erməni qəsbkarlarının törətdikləri vəhşilikləri 
						iştirakçıların diqqətinə bir daha çatdırdılar. 
						 
						
						
						Çıxış edənlər ümummilli lider Heydər Əliyevin 
						"Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 
						mart tarixli fərmanının əhəmiyyətindən, həmçinin bu gün 
						ölkəmizin hərtərəfli inkişafı üçün aparılan  siyasətin 
						uğurlu nəticələrindən danışdılar.  
						
						
						Tədbir şagirdlərin söylədikləri şeirlər və nümayiş 
						etdirdikləri kompozisiyalarla başa çatdı.   
						
						
						
						Rəşad ZİYADOV   |