| 
						 
						
						"Elektron məktəb" layihəsi çərçivəsində tədris 
						müəssisələrində tətbiq olunan texnologiyalar 
						Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarına 
						əsaslanan Milli Təhsil Modelini formalaşdırmağa xidmət 
						edir. Bu haqda Təhsil Nazirliyinin Təhsil Sisteminin 
						İnformasiyalaşdırılması İdarəsindən aldığımız məlumatda 
						bildirilir. Qeyd olunur ki, bu pilot layihə çərçivəsində 
						əldə edilən təcrübə əsasında Azərbaycanın bütün 
						məktəblərində "Elektron məktəb" konsepsiyasını tətbiq 
						etmək mümkündür. Bu isə Azərbaycanda aparıcı ölkələr 
						səviyyəsinə uyğun Milli Təhsil Modelinin tam bərqərar 
						olması deməkdir.    
						
						
						"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil 
						sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" 
						çərçivəsində həyata keçirilən "Elektron məktəb" pilot 
						layihəsinə indiyədək 39 təhsil müəssisəsi cəlb 
						olunmuşdur. Onlardan 32-si ümumtəhsil məktəbidir. 
						Hazırda layihədə Bakının, Sumqayıtın, Lənkəranın, 
						Gəncənin, Şamaxının, İsmayıllının, Şirvanın, Qubanın və 
						Ağdaşın məktəbləri iştirak edir.     
						
						
						"Elektron məktəb" layihəsinin əsas məqsədi seçilmiş 
						təhsil müəssisələrində informasiya texnologiyalarını 
						müasir tələblərə uyğun tətbiq edərək tədrisin səmərəli 
						təşkilini və idarə olunmasını təmin etməkdir.  
						 
						
						
						"Elektron məktəb" layihəsində iştirak edən məktəblər 
						Azərbaycan təhsil şəbəkəsinə optik kabellər vasitəsilə 
						qoşulmuş, onlarda zəruri şəbəkə avadanlığı və proqram 
						təminatı istifadə edilmişdir. Layihədə iştirak edən 
						məktəblərdə "elektron məktəb idarəetmə proqramı", 
						"elektron dərslər idarəetmə proqramı" və valideyn 
						nəzarət səhifəsi kimi tətbiq olunan komponentlər geniş 
						istifadə olunmaqdadır. Tətbiq edilən həllər nəticəsində 
						həmin məktəblərdə elektron jurnalların, elektron 
						cədvəllərin, elektron gündəliklərın və SMS vasitəsilə 
						şagirdlərin davamiyyəti və dərslərdə iştirakı haqda 
						valideynlərin məlumatlandırılması, elektron tərdis 
						resurslarının istifadəsi mümkün olmuşdur. Pilot 
						məktəblər həmçinin Milli Təhsil Portalının 
						funksionallarından da geniş istifadə edirlər. 
						 
						
						
						Bununla yanaşı, pilot məktəblərdə "bir şagird - bir 
						kompüter" layihəsi də tətbiq edilir. Təhsil Nazirliyinin 
						və "İntel" şirkətinin birgə təşəbbüsü olan "bir şagird - 
						bir kompüter" layihəsi çərçivəsində məktəblilərə həm 
						dərsdə, həm də evdə istifadə üçün netbuklar verilmişdir. 
						Bu, tədrisdə informasiya texnologiyalarının tətbiqini 
						daha da səmərəli edir.  
						
						
						Məlumatda o da qeyd olunur ki, informasiya 
						texnologiyalarının təhsildə sistemli tətbiqi yaxşı 
						nəticələr əldə etməyə imkan verir. Əldə edilən nəticələr 
						göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti 
						tam dəyişdirir. Ölkə miqyasında buna nail olmaq üçün bir 
						sıra mühüm addımların atılması zəruridir. Məsələn, 
						elektron jurnalın tətbiqi üçün hər bir sinifdə İnternetə 
						qoşulmuş noutbukun və ya kompüterin olması vacibdir.
						 
						
						
						Orta təhsil sistemində elektron dərsliklərə keçidin də 
						tədricən təmin olunması məqsədəuyğundur. Artıq bir sıra 
						aparıcı dövlətlərdə bu keçid müşahidə olunmaqdadır - 
						təhsil sistemində "ağıllı" kitabların, şagirdlərin 
						iştirakını və araşdırmacılığını sövq edən elektron 
						təhsil resursların istifadəsi genişlənməkdədir. Şagirdin 
						yaradıcılığına imkan verən interaktiv elektron 
						vasitələrin yaradılması, saxlanılması və yayılması Bulud 
						(Cloud) texnologiyaları vasitəsilə daha səmərəli və 
						əlçatımlı olur. Bununla da fərdiləşmiş tədris üçün 
						zəruri şərait yaranır və fərdi təhsil alət-cihazına - 
						netbuk və planşet kompüterə ehtiyac artır. Azərbaycanda 
						da tədricən fərdi kompüterlər vasitəsilə elektron 
						dərsliklərdən istifadə ölkə miqyasında Bulud 
						texnologiyalara keçidi tezləşdirəcəkdir. Belə ki, 
						şagirdlər tədris üçün zəruri materialları və dərslikləri 
						Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni Təhsil 
						Buludundan istifadə etməklə fərdi təhsil alətinə yükləyə 
						və təhsil nəticələrini keyfiyyətli dərəcədə 
						təkmilləşdirə biləcəklər. Burada "ağıllı" məzmunun 
						yaradılması və ya yerliləşdirilməsi üçün lazım olan 
						infrastrukturun - Data Mərkəzin, elektron resurs üzrə 
						mütəxəssisləşmiş yerli şirkətlər, yerli ekspertlərin və 
						sürətli İnternet bağlantısının mövcudluğu həlledicidir.  
						
						
						
						Yusif ƏLİYEV  |