| 
						 
						
						 Tanrının 
						ona ilk hədiyyəsi Səməd Vurğun torpağında dünyaya göz 
						açması oldu. 1937-ci ilin 1 aprelində Qazax rayonunun 
						Çaylı kəndində, mayası halallıqla yoğrulmuş, zəhmətkeş, 
						saf mənəviyyatlı, sadə bir ailədə  doğulan Mirzəli 
						İsmayıl oğlu Murquzov saz və söz aləmində, pedaqoji 
						fikrin günü-gündən sürətlə təşəkkül tapdığı bir yerdə 
						böyüdü, yetişdi və püxtələşdi. Nağıllarda olduğu kimi 
						ailədə yeddi qardaş, bir bacı idilər. Görünür buna görə 
						də yeddi rəqəmi həftənin yeddi günü, işığın yeddi rəngi, 
						səsin yeddi ahəngi, "göyün yeddi qatı", kristalların 
						yeddi sistemi kimi onun həyatına daxil oldu. Həyatında 
						baş verən bir sıra hadisələr yeddi rəqəmi ilə bağlı oldu. 
						Yeddi qardaşın yaşca ən kiçiyi idi. Atası İsmayıl 
						kişinin qucağına alıb, əzizlədiyi yeganə oğlan uşağı da 
						o idi. Dünyaya böyük şəxsiyyətlər verən Qazağın 
						havasından udub, suyundan içərək böyüdü. Uşaqkən xəlvəti 
						şeirlər də yazmağa başladı. Tanıyanlar əsl söz-sənət 
						bulağından bəhrələnən gənc Mirzəlinin  ədəbiyyatçı 
						olacağını düşünürdü. Lakin necə deyərlər "sən saydığını 
						say, gör fələk nə sayır", o, tamam başqa peşəni seçdi. 
						Həmin seçim onu ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) 
						fizika-riyaziyyat fakültəsinə gətirib çıxardı. Bu 
						seçimin əsas səbəbkarı isə onun böyük qardaşı, Gəncə 
						Pedaqoji İnstitutunun riyaziyyat və onun tədrisi 
						metodikası kafedrasının müdiri, mərhum professor Nəcəf 
						Murquzov olmuşdu. Nəcəf müəllimi bir ideal kimi  qəbul  
						edən  gənc  Mirzəli  onun  kimi  alim-pedaqoq  olmağı  
						qarşıya məqsəd qoymuşdu. 
						
						
						1962-ci ildə ADPU-nu uğurla bitirdikdən sonra o, Ukrayna 
						EA-nın Materialşünaslıq İnstitutunun aspiranturasına 
						daxil oldu. Akademik B.V.Samsonovun rəhbərliyi altında 
						müxtəlif kristal maddələrin fiziki xassələri ilə atom 
						quruluşu arasında əlaqəni tədqiq etməyə başladı. O, ilk 
						dəfə olaraq öz elmi rəhbərinin konfiqurasiya modelinə 
						əsaslanaraq mürəkkəb yarımkeçirici maddələrdə fiziki və 
						fiziki-kimyəvi xassələrin formalaşmasında lokallaşma 
						effektinin rolunu müəyyənləşdirdi. Gərgin əməyin 
						nəticəsi olaraq M.Murquzovun maddənin xassəsi ilə 
						elektron quruluşu arasındakı  əlaqəyə həsr olunmuş elmi-tədqiqat 
						işi onun elmi rəhbəri tərəfindən ilin ən yaxşı işi hesab 
						edildi və bu barədə Ukraynanın mərkəzi qəzeti olan "Radianskaya 
						Ukrayna" geniş informasiya verdi. Yeri gəlmişkən qeyd 
						edək ki, çox sonralar kafedranın seminarında 
						Q.Səfərəliyev GaSb-da mənşəyi məlum olmayan p-tip 
						keçiricilikdən məruzə etdikdən sonra elmi mübahisələr 
						nəticəsində məhz M.Murquzov elektron konfiqurasiyası 
						modeli ilə bu mənşəyin düzgün izahını  verdi. Sonradan 
						həmin iş Moskvada keçirilən beynəlxalq simpoziumun 
						gündəliyinə daxil edildi və mütəxəssislər tərəfindən 
						yüksək qiymətləndirildi.  
						
						
						Vətənə qayıtdıqdan sonra aktuallığı ilə seçilən elmi 
						işlərini davam etdirir. Onun təkidi ilə Azərbaycanda ilk 
						dəfə Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya 
						İnstitutunda lantanoidli materialların tədqiqinə 
						başlanır. Bu institutda sırf həmin sahənin tədqiqi ilə 
						məşğul olan xüsusi laboratoriyanın yaradılması təklifini 
						irəli sürür. İndi belə materialların tədqiqi ilə MEA-nın 
						Fizika, Radiasiya Problemləri institutlarında, aparıcı 
						təhsil müəssisələrindən olan BDU, ADPU, AzTU, SDU və 
						digərlərində intensiv tədqiqat işləri aparılır. 
						Lantanoidlərin oxşar  elektron quruluşlarına görə 
						onların fərdi xüsusiyyətlərinin dəqiq araşdırılaraq 
						sistemləşdirilməsi problemlərinin həllində onun müstəsna 
						xidmətləri vardır. Aldığı elmi nəticələrlə bir sıra 
						xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda 
						iştirak edərək ixtisasçı alimlərin böyük marağına səbəb 
						olmuşdur. Məhz Mirzəli müəllim lantanoidlərin iştirak 
						etdiyi çoxkomponentli mürəkkəb birləşmə və bərk 
						məhlulların tədqiqilə məşğul olan, özünün məktəbi olan, 
						respublikamızda və ondan kənarda öz dəst-xətti ilə dünya 
						elmi ictimaiyyəti tərəfindən tanınan və qəbul edilən 
						görkəmli alimlərimizdəndir. Onun işlərində istifadə 
						olunan istinadlar dediklərimizə parlaq misaldır. 
						
						
						Elmi tədqiqat işi ilə yanaşı, öz biliyini gənclərə 
						vermək, gənc nəslin təlim-tərbiyəsində yaxından iştirak 
						etmək arzusu onu rahat buraxmırdı. Məhz bu arzu 1969-cu 
						ildə onu təhsil aldığı ali məktəbə - ADPU-ya gətirib 
						çıxardı. Müsabiqə yolu ilə institutun ümumi fizika və 
						astronomiya kafedrasına baş müəllim vəzifəsinə seçildi. 
						Kafedraya gəldiyi ilk gündən o, kollektivin həyatında 
						fəal iştirak etməyə başladı, müəllim və tələbə heyətinin 
						böyük məhəbbətini və rəğbətini qazandı.  
						
						
						M.Murquzov 1981-ci ildə V.Kansukas adına Vilnüs Dövlət 
						Universitetinin ixtisaslaşmış müdafiə şurasında  "Lantanoidlərin 
						iştirakı ilə mürəkkəb yarımkeçiricilərdə valent 
						elektronların vəziyyəti" mövzusunda doktorluq 
						dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi və 1982-ci 
						ildə elektrik və optika kafedrasının müdiri vəzifəsinə 
						seçildi. Kafedra müdiri kimi o, kafedrada tədris 
						laboratoriyalarının yenidən qurulması və yeni cihazlarla 
						təchiz olunması, yeni laboratoriya işlərinin qurulması 
						və elmi tədqiqat işlərinin genişləndirilməsi sahəsində 
						xüsusi fəaliyyət göstərdi. Yeni elmi tədqiqat 
						laboratoriyaları yaradılır, kafedranın bütün əməkdaşları 
						elmi tədqiqat işinə cəlb olunur. Məhz bu tədbirlərin 
						nəticəsində Mirzəli müəllimin kafedra müdiri olduğu 
						dövrdə 4 nəfər elmlər doktoru, 15 nəfər elmlər namizədi 
						alimlik dərəcəsi almışdır. 1996-cı ildə universitetin 
						fizika fakültəsinin dekanı vəzifəsinə seçildikdən sonra 
						Mirzəli müəllimin pedaqoji fəaliyyət dairəsi bir az da 
						genişləndi. O, bütün kafedraların fəaliyyətinin 
						gücləndirilməsində, tələbə kollektivinin dərslərə 
						müntəzəm davamiyyətinin təşkilində xüsusi səy göstərməyə 
						başladı.   
						
						
						Professor M.Murquzovun əmək fəaliyyətini elmi, pedaqoji 
						və ictimai kimi üç qrupa ayırmaq olar. Səmərəli elmi 
						axtarışları ilə yanaşı, kadr hazırlığı sahəsindəki 
						fəaliyyəti də təqdirəlayiqdir. O, bir alim kimi müxtəlif 
						ölkələrin elmi jurnallarında və məcmuələrində nəşr 
						olunmuş 250-dən artıq elmi əsərin müəllifi, on bir  
						aspirantın rəhbəri, iki doktorantın məsləhətçisi olmuş, 
						çoxsaylı dissertasiya və avtoreferatlara rəylər 
						vermişdir. O, eyni zamanda kafedranın nəzdindəki elmi-tədqiqat 
						laboratoriyasının rəhbəri kimi yarımkeçirici 
						kristalların alınması və tədqiqi sahəsində xüsusi 
						fəaliyyət göstərmişdir. AIVBVI  
						tipli binar birləşmələr əsasında nadir torpaq 
						metallarının iştirakı ilə alınmış sistem ərinti və 
						birləşmələrində defektlərin təbiətinin,  elektron-fonon 
						proseslərinin öyrənilməsi professor M.Murquzovun elmi 
						yaradıcılığında xüsusi yer tutur. Onun rəhbərliyi 
						altında IV qrup halkogenidləri ilə lantanoid 
						halkogenidləri sistemlərinin qarşılıqlı təsirləri 
						öyrənilmiş, kompleks fiziki-kimyəvi analizlərinin 
						nəticələri əsasında bu sistemlərin hal diaqramları 
						qurulmuş, tədqiqat nümunələri sintez edilmiş, 
						monokristalları yetişdirilmişdir.  Alınan nümunələrdə 
						daşınma hadisələri, fotoelektrik və optik xassələri 
						geniş temperatur intervalında tədqiq olunmuş, onlara 
						müxtəlif mənşəli şüaların təsiri öyrənilmiş, alınan 
						nəticələr təhlil edilmiş, onların fiziki xassələrinin 
						formalaşmasına lantanoidlərin tam dolmamış daxili 4f  
						təbəqə elektronlarının dolma ardıcıllığının  təsiri 
						araşdırılmış, fərdi xüsusiyyətləri təhlil edilmiş və 
						onlar əsasında müxtəlif elektron cihazların hazırlanması 
						mümkünlüyü, tətbiq olunma imkanları dəyərləndirilmişdir. 
						Onun 10-dan artıq elmi işi keçmiş SSRİ  Dövlət 
						Komitəsinin "Müəlliflik şəhadətnaməsi"nə  layiq 
						görülmüşdür. 
						
						
						Mirzəli müəllimin əmək fəaliyyətində ikinci istiqamət 
						onun pedaqoji fəaliyyətidir. Bu fəaliyyəti də iki 
						hissəyə ayırmaq olar. Birincisi, ali məktəbdə pedaqoji 
						fəaliyyətidir. Bu barədə irəlidə qısaca qeyd etdik. 
						Əlavə edək ki, yeni təhsil sisteminə keçilməsi müasir 
						dövrdə təhsilin səmərəli təşkilində dərsliklərin əvəzsiz 
						rolunu, yeni əlifbaya keçidi nəzərə alsaq, tələbələrin 
						latın qrafikası və yeni proqram əsasında yazılmış çətin 
						qrafikalı yeni dərslik və dərs vəsaitlərinə ehtiyacı 
						yaranmışdır. Məhz bu məqamda M.Murquzov ali məktəb 
						tələbələri üçün  8 dərslik və dərs vəsaiti yazıb onların 
						istifadəsinə verdi. Bu kitabların arasında onun "Atom 
						fizikası" kitabını xüsusi qeyd etmək istəyirik. Ali 
						məktəblərin bakalavr təhsil pilləsi üçün nəzərdə tutulan 
						bu vəsait istər sisteminə, istərsə də məzmununa görə 
						ənənəvi dərsliklərdən əsaslı şəkildə fərqlənir. 
						Prosesləri mikroaləmdən makroaləmə doğru öyrənməklə 
						kursun məzmununu xeyli sadələşdirmiş, yeniləşdirmiş və 
						ümumiləşdirmişdir. Özünəməxsus çətinlikləri olan bu yolu 
						seçməklə Mirzəli müəllim uzunçuluğun və təkrarçılığın 
						qarşısını almış və tədris prosesində vaxta qənaətə nail 
						olmuşdur. Vəsaitdə obyektlərin əlaqəli sistemləri 
						müqayisəli şəkildə verilmiş, onların ümumi əlamətləri 
						göstərilmişdir. Müxtəlif uğurlu ümumiləşdirmələr aparan 
						müəllif, maddənin fiziki xassələrinin kimyəvi rabitənin 
						təbiətindən asılı olmasını və maddənin fiziki 
						xassələrinin formalaşmasında onu təşkil edən atomların 
						fərdi xüsusiyyətlərinin roluna xüsusi diqqət ayırmışdır. 
						Bu kitab on ildən artıqdır ki, tələbələrin stolüstü 
						kitabına çevrilmişdır. O, kafedra əməkdaşlarının 
						pedaqoji fəaliyyətini gücləndirmək məqsədilə dərslik və 
						dərs vəsaitlərinin yazılmasına onları   da həmişə cəlb 
						etmişdir. Böyük məmnuniyyət hissi ilə qeyd edək ki, bu 
						sətirlərin müəllifləri də onunla bəzi kitablarında 
						həmmüəllif olmuşlar. 
						
						
						M.Murquzovun pedaqoji fəaliyyətinin ikinci hissəsi orta 
						məktəblə bağlıdır. Respublikamız müstəqillik qazandıqdan 
						sonra professor  M.İ.Murquzov təhsil sahəsində  aparılan 
						islahatların həyata keçirilməsində  fəal iştirak edir. 
						Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə tam 
						inteqrasiya olunmasının təmin edilməsində əlindən gələni 
						əsirgəməyən   Mirzəli müəllim  yaratdığı işçi qrupu 
						tərəfindən orta ümumi təhsil məktəblərində "Fizika"  və  
						"Astronomiya"  fənlərinin dövlət standartları 
						müəyyənləşdirilmiş, proqramları tərtib olunmuş, müasir  
						konsepsiyaları hazırlanmışdır.  Mirzəli müəllimin  
						rəhbərliyi ilə tərtub olunmuş yeni proqram  ona qədər 
						mövcud olan fizika və astronomiya proqramlarından əsaslı 
						şəkildə fərqlənir. Aparılan təhsil islahatlarının 
						tələblərinə uyğun olaraq proqramın quruluş və məzmunu 
						əsaslı şəkildə yeniləşdirilmiş, təkmilləşdirilmiş və 
						elmi səviyyəsi yüksəldilərək inkişaf etmiş ölkələrin 
						tədris proqramlarına uyğunlaşdırılmışdır.  
						
						
						Qəbul olumuş proqram əsasında VII-XI siniflər üçün 
						"Fizika",  XI siniflər üçün "Astronomiya" milli 
						dərsliklərinin qısa müddət ərzində yüksək səviyyədə 
						hazırlanması Mirzəli müəllimin dərin zəkası, gərgin 
						əməyi və yüksək təşkilatçılıq bacarığı sayəsində mümkün 
						olmuşdur. Onun müəllifi olduğu dərsliklər yetişməkdə 
						olan gənc nəslin fizika elminin əsaslarına 
						yiyələnməsində böyük rol oynayır.  
						
						
						Məlumdur  ki, məktəblilər üçün dərslik yazmaq zəngin 
						bilik, yüksək analiz və sintez qabiliyyəti, böyük 
						pedaqoji ustalıq tələb edir. Dərslik müəllifi yaxşı 
						alim, pedaqoq olmaqla yanaşı, həm də həssas psixoloq 
						olmalıdır. Mirzəli müəllim bütün bu xüsusiyyətləri 
						özündə ehtiva edən  görkəmli maarif xadimlərimizdəndir. 
						Bu fənlərin tədrisinin səviyyəsinin yüksəldilməsi və 
						dərsliklərin təkmilləşdirilməsi məqsədi ilə 
						respublikamızın müxtəlif guşələrində qabaqcıl fizika 
						müəllimləri ilə görüşlər təşkil etməklə pedaqoji 
						ictimaiyyət qarşısında çıxışlar etmiş, köməkçi tədris 
						vasitələri kimi dərsliklərə uyğun "İş dəftərləri"nin, 
						"Fizikadan məsələlər, VII-IX siniflər üçün", "Fizikadan 
						laboratoriya praktikumu", "Astronomik təqvim",  təhsildə 
						İKT-nin geniş tətbiq olunması ilə əlaqədar "Elektron 
						dərsliklər"in, multimediaların hazırlanmasına rəhbərlik 
						etmişdir.  
						
						
						Mirzəli müəllimin əmək fəaliyyətinin üçüncü istiqaməti 
						onun ictimai fəaliyyəti ilə bağlıdır. O, həm universitet 
						və həm də respublika miqyasında ictimaiyyətçidir. 
						Respublika Təhsil Şurası sədrinin müavini, respublika 
						Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika" 
						bölməsinin sədri, respublika TQDK-da fizika fənni üzrə 
						ekspert şurasının sədri, Təhsil Sektorunun İnkişafı 
						Layihəsi çərçivəsində ümumtəhsil məktəbləri üçün fizika 
						fənninin kurikulumunu hazırlayan işçi qrupun sədri, 
						ADPU-nun nəzdində fəaliyyət göstərən Ümumi pedaqogika, 
						pedaqogika və təhsilin tarixi ixtisası üzrə Dissertasiya 
						Şurasının üzvü - bütün bunlar Mirzəli müəllimin daşıdığı 
						ictimai vəzifələrdir. Onun respublika miqyaslı bir 
						ictimai vəzifəsi də vardır ki, onu xüsusi qeyd etmək 
						istəyirik: məktəblilərin fizika fənni üzrə Respublika 
						Olimpiadasının münsiflər heyətinin sədri. 
						Şagirdlərimizin beynəlxalq olimpiadalarda uğurları məhz 
						bu olimpiadanın təşkilindən, olimpiada tapşırıqlarının 
						səviyyəsindən, habelə iştirakçıların obyektiv 
						qiymətləndirilməsindən asılıdır. Məhz onun gərgin əməyi 
						sayəsində uzun illər keçmiş sovetlər birliyində 
						keçirilən Ümumittifaq fizika olimpiadalarında  uğur 
						qazana bilməyən Azərbaycan komandası beynəlxalq 
						olimpiadalarda yüksək  nəticələr göstərdi. 2002-ci ildə 
						İndoneziyada keçirilən XXXIII Beynəlxalq Fizika 
						Olimpiadasında komandamız 3 qızıl və 1 gümüş medal 
						qazandı. 2005-ci ildə İspaniyanın Kasamalanka şəhərində 
						keçirilən XXXVI Beynəlxalq Fizika Olimpiadasında 
						komandamızın üzvü Azər Eyvazov nəzəri turda ən yüksək 
						nəticə göstərərək "Birincilərin birincisi" fəxri 
						mükafatına layiq görüldü. Ümumiyyətlə bu günə qədər 
						şagirdlərimiz  beynəlxalq olimpiadalarda  5 qızıl,  8 
						gümüş, 9 bürünc medal qazanmışlar,  6 həvəsləndirici 
						yerə layiq görülmüşlər. Fərəhləndirici haldır ki,  
						beynəlxalq olimpiadalarda  fərqlənən şagirdlərimizi 
						dünyanın qabaqcıl  universitetləri öz tələbə  heyətinə 
						qəbul edir. Hazırda beynəlxalq fizika olimpiadalarında 
						uğur qazanmış onlarla həmvətənimiz Oksford,  Massaçusets 
						Texnologiya,  Sinqapur, Leyster  Universiteti və s.  
						kimi yüksək reytinqli təhsil müəssisələrində ödənişsiz 
						təhsil alırlar. Şübhəsiz ki, bütün  bunlar günümüzün 
						"qara qızıl kapitalını intellektual insan kapitalına 
						çevirək" şüarının həyata keçirilməsinə Mirzəli müəllimin 
						verdiyi töhfələrdən biridir.  
						
						
						Bütün mənalı ömrünü şərəflə xalqının elm və təhsilinə 
						həsr edən Mirzəli müəllim Pedaqoji Universitetin 
						professor-müəllim heyəti və tələbə kollektivinin, 
						həmçinin respublika pedaqoji ictimaiyyətinin dərin 
						hörmət və rəğbətini qazanıb. O, elm və təhsil sahəsində 
						sanballı uğurları ilə seçilən, özünü təsdiq edən 
						görkəmli bir alim, böyük nüfuz sahibi olan 
						ziyalılarımızdandır. 
						
						
						Uzun müddətdir ki, ADPU-nun elektrik və optika 
						kafedrasının müdiri, fizika fakültəsinin dekanı kimi 
						fəaliyyət göstərən M.İ.Murquzov  "fizika müəllimliyi" (bakalavr)  
						və "yarımkeçiricilər və dielektriklər fizikası" (magistr) 
						sahəsində  kadr hazırlığında, ümumiyyətlə fizikanın 
						təbliğində  fədakarlıqla çalışır. Onun rəhbərlik etdiyi 
						fakültə və kafedrada əməkdaşlarına, tələbə və 
						magistrlərinə səmimi və mehriban davranışı, yüksək 
						həssaslıqla, bir valideyn qayğısı ilə yanaşması bütün 
						təhsil işçiləri üçün layiqli bir örnəkdir. İndi 
						respublikamızda fəaliyyət göstərən tədris ocaqlarının 
						əksəriyyətində onun tələbələri çalışır və tədrisi onun 
						ərsəyə gətirdiyi dərslik, köməkçi vasitələr  əsasında 
						qururlar. 
						
						
						Böyük bir nəslin ağsaqqalı, hamının düzgün yol göstərəni, 
						xırda uğuruna belə sevinən, qayğısını çəkən, dərdinə 
						şərik  olan Mirzəli müəllim həm də gözəl ailə başçısıdır. 
						Böyük nüfuz və uğur qazanmasında yüksək intellektual 
						səviyyəyə malik, əsl Azərbaycan qadınına xas olan bütün 
						keyfiyyətləri özündə əks etdirən həyat yoldaşı Rəna 
						xanımın müstəsna rolu olmuşdur. Milli və vətənpərvər 
						ruhda böyüyən oğlu Şahin BDU-nu beynəlxalq hüquq 
						ixtisası üzrə bitirmiş, ABŞ-ın Harvard Universitetində 
						təhsil almış, bir neçə əcnəbi dili mükəmməl bilən, 
						zəngin dünyagörüşü və ensiklopedik savada malik yetkin 
						mütəxəssisdir. 
						
						
						Deyirlər insan ömrü dağ cığırlarına bənzəyir. Bəziləri 
						dağın ətəklərində itib batır, bəziləri isə sərt 
						yoxuşları dolanaraq dağın zirvəsinə kimi yüksəlir. 
						Zəngin elmi pedaqoji fəaliyyəti sahəsində şərəfli bir 
						ömür yolu keçən Mirzəli müəllimin saldığı izlər elə bir 
						zirvəyə çatır ki, bu zirvə Azərbaycanımızın hər bir 
						yaşayış məskənindən aydın görünür.  
						
						
						Tələbkar və ciddi rəhbər, təcrübəli elm təşkilatçısı, 
						mahir pedaqoq kimi tanınan professor M.Murquzovun əmək 
						fəaliyyəti respublika Prezidenti tərəfindən yüksək 
						qiymətləndirilmiş, ona "Əməkdar müəllim" fəxri adı 
						verilmiş, "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 
						
						
						Aydın təfəkkürə, dərin məntiqə, zəngin dünyagörüşünə, 
						sağlam düşüncəyə, iti hafizəyə, möhkəm iradəyə, 
						qətiyyətli mövqeyə, hüdudsuz təmkinə  malik olan, 
						həyatda həmişə səliqə-sahmanı sevən, lakin təntənələrdən, 
						dəbdəbələrdən qaçan Mirzəli müəllimin 75 illik yubileyi 
						yaxınlaşır. Bu münasibətlə biz onu təbrik edirik! Biz - 
						dostları, həmkarları və tələbələri Mirzəli müəllimə uzun 
						və sağlam ömür, ailə səadəti, elmi işlərində yeni-yeni 
						uğurlar arzulayırıq. Və arzu edirik ki, od-alovlu ürəyi 
						onun həyatını  həmişə səhmana salsın, zaman qatarında 
						səfərini uğurla davam etdirsin.   
						
						
						
						Vaqif NƏSİR, 
						fizika-riyaziyyat elmləri doktoru, professor,  
						
						
						
						Cahangir HÜSEYNOV, 
						fizika-riyaziyyat elmləri namizədi, dosent  |