| 
						 
						
						 Şabran 
						şəhər Roman Yusifov adına 2 nömrəli texniki fənlər 
						təmayüllü tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı 
						Roman Yusifovun büstü açılmışdır. 
						
						
						Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda  
						mücadiləsi tarixində şanlı səhifələr çox olmuşdur. 
						Xalqımızın  igid və qəhrəman oğulları bu yolda 
						canlarından keçmiş, həyatlarını qurban vermişlər. 
						
						
						Tariximizin belə  səhifələrindən biri də 1995-ci ilin 
						mart hadisələridir. O dövrdə ümummilli liderimiz Heydər 
						Əliyevin yorulmaz  fəaliyyəti nəticəsində atəşkəsə nail 
						olunması, "Əsrin müqaviləsi"nin imzalanması, 
						dövlətimizin qüdrətinin getdikcə  artmasını gözü 
						götürməyən, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq 
						istəyən qüvvələr  dövlət çevrilişinə cəhd etdilər. 
						
						
						Mart ayının əvvəllərində Qazax rayonunda baş verən 
						silahlı toqquşma daha sonra martın 15-də Bakı şəhərində 
						Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis 
						Dəstəsinin dövlət çevrilişinə göstərilən cəhdləri ilə 
						nəticələndi.Qiyamçılarla 3 gün aparılan danışıqlar heç 
						bir nəticə vermədikdə üsyan hərbi güc tətbiq etməklə 
						yatırıldı.Təəssüf ki,o günlər Azərbaycan xalqına qarşı 
						cinayət edənlərin atəşindən, gülləsindən xalqımızın mərd, 
						igid, cəsur övladları da həlak oldular. Onlardan iki 
						nəfəri Roman Yusifov və Samir Zülfüqarov şabranlı idi. 
						
						
						Ölkə Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il 
						tarixli Fərmanı ilə Azərbaycan Respublikasının 
						Konstitusiya dövlət quruluşunun müdafiəsi, onun 
						müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi 
						cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və 
						şücaət göstərdiklərinə görə  onlara Azərbaycanın Milli 
						Qəhrəmanı adı və "Qızıl ulduz" medalı verilmişdir. 
						
						
						 Roman 
						Yusifovun təhsil aldığı 2 nömrəli tam orta məktəb-lisey 
						iftixarla onun adını daşıyır. Milli Qəhrəmanın yaşadığı 
						küçəyə onun adı verilmiş, böyüyüb boya-başa çatdığı 
						evinin qarşısında barelyefi vurulmuşdur. 
						
						
						Qeyd etmək lazımdır ki, Roman Yusifovun məktəbin 
						qarşısında qoyulmuş büstü ötən illərin, 
						müstəqilliyimizin ilk dövrlərinin yadigarı idi və bu 
						abidənin müasir şəkildə yeniləşməsinə ciddi ehtiyac 
						vardı. Məktəbin Valideyn-Müəllim Assosiasiyasının 
						təşəbbüsü və rayon icra hakimiyyətinin  yaxından 
						köməkliyi ilə bu abidənin Milli Qəhrəmanın adına və 
						xatirəsinə layiq olan bir şəkildə yenidən qurulması qısa 
						bir zaman kəsiyində həyata keçirildi. Bu, məktəbin və 
						rayonun fəxri, dövlətçiliyin qorunması yolunda canından 
						keçən Vətən övladının, Azərbaycanın Milli Qəhrəmanı 
						Roman Yusifovun xatirəsinə olan hörmət və ehtiramın 
						nəticəsi idi. 
						
						
						Martın 17-də, Milli Qəhrəmanın şəhid olduğu gündə onun 
						şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçirildi. 
						Mərasimə rayon icra hakimiyyətinin, rayonun idarə, 
						müəssisə və təşkilatlarının nümayəndələri, məktəb-liseyin 
						müəllim və şagird kollektivi, Milli Qəhrəmanın və 
						məktəbin digər şəhid məzunlarının ailə üzvləri 
						toplaşmışdılar. 
						
						
						Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Rafiq 
						Hüseynov açdı, Azərbaycanın Dövlət himni səsləndirildi. 
						
						
						Sonra məktəbin sinifdənxaric və məktəbdənkənar işlər 
						üzrə təşkilatçısı G.Rzayeva Roman Yusifovun həyatı və 
						döyüş yolu barədə ətraflı məlumat verdi. Məktəb-liseyin 
						IX "b" sinfinin gənc heydərçiləri Milli Qəhrəmana həsr 
						edilmiş şeirlər söylədilər. 
						
						
						Daha sonra Roman Yusifovun sinif rəhbəri olmuş 
						riyaziyyat müəllimi Nəzifə Əliyeva öz xatirələrini 
						danışdı. Söz Milli Qəhrəmanın anası Kübra Yusifovaya 
						verildi. O, oğlunun xatirəsinin daim əziz 
						tutulduğuna,göstərilən diqqətə və qayğıya görə ölkə 
						Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə və məktəbin 
						kollektivinə öz minnətdarlığını bildirdi. 
						
						
						Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 
						15-17 mart 1995-ci ildə dövlətçiliyimizin sınağa 
						çəkildiyi tarixi şərait, ümummilli liderimiz Heydər 
						Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər və 
						xalqın nümayiş etdirdiyi həmrəylik barədə ətraflı 
						məlumat verdi. O bildirdi ki, bu silahlı toqquşmada 
						həlak olan 32 nəfər döyüşçüdən ikisinin şabranlı olması 
						bu torpağın yetişdirdiyi oğulların Vətənə və 
						dövlətçiliyimizə sədaqətinin nümunəsidir. 
						
						
						Şəmistan Əlizamanlının "İgid əsgər, möhkəm dayan" 
						mahnısının sədaları altında  Şabran Rayon İcra 
						Hakimiyyətinin başçısı Novruz Novruzov və Azərbaycanın 
						Milli Qəhrəmanı Roman Yusifovun anası Kübra Yusifova 
						büstün üzərindən ağ örtüyü  götürdülər. 
						
						
						Toplantı iştirakçıları büstün önünə gül dəstələri 
						qoydular, Milli Qəhrəmanın valideynləri ilə xatirə 
						şəkilləri çəkdirdilər.   |