| 
						 
						
						Katex Balakən rayonunun ən iri, yarlı-yaraşıqlı 
						kəndlərindən biridir.  
						
						
						Vaxtı ilə bu kənddə qonaq olan Qafqazın qəhrəman oğlu 
						Şeyx Şamil, dahi fransız ədibi Aleksandr Düma, məşhur 
						rus şairi Mixail Lermontov və başqa tarixi şəxsiyyətlər 
						Katex, onun mehriban insanları haqqında xoş sözlər 
						söyləmişlər.  
						
						
						Katexlilərin həyatında Katex kənd orta məktəbi  müstəsna 
						rol oynamışdır. Bu məktəbin yaranması 1914-cü ilə 
						təsadüf edir. Onun yaranmasının təşəbbüskarı Katex kənd 
						sakini, milliyyətcə oğuz-azəri türkü, ixtisasca kimyaçı 
						olan Abdulla Nəbizadə olmuşdur. O, özünün şəxsi evində 
						1914-cü ildə kənd əhalisinə savad öyrətmək üçün kurs 
						açır. Burada dərslər əsasən Katex kəndinin o zamankı 
						ziyalıları Nəcməddin Nuruzadə, Əsədil Qudabaşov, Möhmə 
						Baydarov, İslam Bayramov və başqaları tərəfindən 
						aparılırdı. Məktəbdə dərs demək üçün qonşu Şəki, Qax, 
						Zaqatala qəzalarından dünyəvi təhsil almış ziyalılar da 
						cəlb edilmişdi. Dərslər əsasən, Azərbaycan, rus, ərəb, 
						fars, avar, ləzgi, saxur dillərində aparılırdı. Burada 
						savadsızlığın ləğvi ilə yanaşı, kənd camaatının 
						balalarına elmin müxtəlif sahələrinə dair ibtidai də 
						olsa biliklərin əsasları öyrədilirdi.  
						
						
						Məktəbə əsasən, Katex kəndinə aid olan Qarahacılı, 
						Godabqara, Baretbinə, Uzuntala və başqa xırda yaşayış 
						məntəqələrində yaşayan əhalinin uşaqları cəlb olunmuşdu.
						 
						
						
						Məktəb 1924-cü ildə yerli sovet hakimiyyəti orqanları 
						tərəfindən rəsmiləşdirilərək ona dünyəvi xarakterli 
						ibtidai dövlət məktəbi statusu verildi.  Bu məktəbdə 
						təkcə Katex kəndindən deyil, eyni zamanda həmin yaşayış 
						məntəqəsinə yaxın olan Balakən və qonşu Zaqatala 
						rayonlarının kəndlərindən olan gənclər də gəlirdilər. 
						
						
						Katex kəndinin ilk maarifpərvər insanlarından biri, elm, 
						təhsil qaranquşu sayılan Abdulla Nəbizadənin kəndli 
						balalarının, gənclərin təlim-tərbiyəsindəki çoxillik 
						zəhməti və zəngin təcrübəsini nəzərə alan sovet dövləti, 
						onu o zamankı ən ali mükafatlardan sayılan Lenin ordeni 
						ilə təltif etmişdir.  
						
						
						Abdulla Nəbizadə uzun müddət yaradıcısı olduğu bu 
						məktəbin direktoru olmuşdur.  
						
						
						Katex kəndindəki 1 nömrəli orta məktəbin nəinki Balakən 
						rayonunda, habelə ölkədə tanınan yetirmələri çox 
						olmuşdur. Məzunlardan sonradan bu zəngin pedaqoji 
						təcrübəyə malik, məzunu olduğu təhsil müəssisəsində dərs 
						deyən müəllimlərdən Kərim Kərimovun, Herov Lələyevin, 
						Tacəddin Osmanovun, Hədis Qurbanovun, Səid Manafovun, 
						Əsgər və Sədulla Mollayev qardaşlarının, Şərafəddin 
						Məmmədovun, Məryəm Atayevanın, Huru Balamədovanın, 
						Nizaməddin Əhmədovun, Nizaməddin Alqayevin və 
						başqalarının adlarını iftixarla çəkmək olar.  
						
						
						Məktəbin ölkə hüdudlarından uzaqlarda da tanınan 
						məzunları vardır.  50 nəfərlik pedaqoji kollektivi olan 
						Katex məktəbində bu gün 367 şagird təhsil alır. Məktəb 
						öz təhsil uğurları ilə bu gün də öyünə bilər. Belə ki, 
						Katex məktəbinin ötənilki 32 məzunundan 28-i attestat 
						alaraq ölkəmizin müxtəlif ali məktəblərinə sənəd vermiş, 
						onlardan 16-sı respublikamızın nüfuzlu ali məktəblərinə 
						daxil olmuşdur. Məktəb həmişə maddi-texniki bazasını 
						artırmaq qayğısına qalaraq işini günün tələbləri 
						səviyyəsində qurur.  
						
						
						
						Manə HÜSEYNOVA, 
						Gəncə şəhər M.Paşayev adına  
						39 nömrəli tam orta məktəbin müəllimi    |