| 
						 
						
						 Bir 
						əsrə yaxındır erməni ideoloqları və onların havadarları 
						dünyanı inandırmaq istəyirlər ki, 1915-ci ildə Osmanlı 
						ərazisində "zavallı" erməni xalqına qarşı dövlət 
						səviyyəsində qırğın törədilmişdir. SSRİ dağılana qədər 
						bu təbliğat bilavasitə Türkiyə Respublikasına qarşı 
						yönəlmiş, dolayı yolla bu məsələdə bütün türk- müsəlman 
						dünyası günahlandırılırdı. Çar Rusiyasının Osmanlı 
						dövlətinə nifrəti SSRİ dövlətinin siyasətində və 
						təbliğatında davam etdirilməyə başladı. Beləliklə, XX 
						əsrin 60-cı illərində bu yalançı təbliğat ayaq tutaraq 
						yeriməyə başladı. 
						
						
						Əslində soyqırımına məruz qalan kimlər olmuşdur? 
						 
						
						
						Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 
						3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni 
						liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər 
						müharibə başlanacaq təqdirdə Osmanlı dövlətini müdafiə 
						etməyəcəklər. Çünki çar Rusiyası gələcəkdə müharibənin 
						nəticəsindən asılı olaraq osmanlı ərazisində erməni 
						muxtar dövlətinin yaradılmasına təminat verməklə, 
						Osmanlı dövlətinin tərkibində olan erməniləri Türkiyəyə 
						qarşı müharibəyə cəlb edə bilmişdi. Birinci Dünya 
						müharibəsi ərəfəsində II Nikolayın Qafqaza gəlişi və 
						ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi 
						məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki nitqini: 
						"Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və 
						Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni 
						xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz 
						müstəqil dövlətini qura bilsin!" kəlmələri ilə bitirdi. 
						Beləliklə, II Nikolayın bu qərəzli və təhrikedici çıxışı 
						ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə 
						iştirak etməsini təmin etdi. Türk torpaqlarının işğalına 
						və əhalisinin məhv edilməsinə hazırlaşan erməni 
						ideoloqları erməni kilsəsindən xeyir-dua aldılar. 
						
						
						 Məlum 
						olduğu kimi, 1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz 
						istiqamətində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan 
						və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki 
						verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir 
						tərəfdən sərt qış, o biri tərəfdən rus ordusunun daha 
						güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir 
						alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya 
						daxil olması ermənilərin türklərə qarşı qırğın törətməsi 
						üçün şərait yaratdı. Rus ordusunun tərkibində xidmət 
						edən ermənilərlə yerli ermənilər birləşərək heç bir 
						günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir 
						və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. 
						Erməni ideoloqlarının uzun illər boyu təbliğ etdikləri "Böyük 
						Ermənistan" planının reallaşması üçün şərait yaranmışdı. 
						Ermənilərin yerli əhaliyə qarşı bu münasibəti Osmanlı 
						dövlətini müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. 
						Belə ki, 1915-ci il mayın ortalarında Van, Bitlis və 
						Ərzurumdan erməni əhalisi döyüş meydanından 
						uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə 
						qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. 
						Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi 
						türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər 
						hansı zorakılıq törətməyi  qadağan edən göstəriş verdi.
						 
						
						
						Antantanın təbliğat maşını və erməni millətçiləri sübut 
						etmək istəyirlər ki, Birinci Dünya müharibəsi illərində 
						Osmanlı ərazisində bir milyondan artıq erməni 
						öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər 
						Osmanlı ərazisində ermənilərin 2,5 milyon nəfər olduğu 
						göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi 
						məlumatına görə müharibəyə qədər bu ərazidə 1.300 min 
						erməni yaşayırdı. Göstərilən əhalinin yalnız yarısı 
						döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Müharibə 
						dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa 
						yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a 
						mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin 
						sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin içində 
						təkcə köçürmə nəticəsində ölənlər yox, aclıqdan, 
						soyuqdan ölənlər və itkin düşənlər də vardır. "Tayms" 
						qəzeti yazır: "Bu bir danılmaz həqiqətdir ki, müharibə 
						illərində osmanlı ərazisində iki milyon türkün 
						həyatına son qoyulmuşdur". 
						
						
						Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 
						1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa 
						erməni əhalisinin dövlət səviyyəsində qırılması haqda 
						yazılı göstəriş vermişdir. Bu günə qədər erməni 
						ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə 
						göstərə bilmirlər. Ona görə ki, belə sənəd ümumiyyətlə 
						yoxdur. 
						
						
						1919-cu il Paris sülh konfransı dövründə Osmanlı 
						rəhbərlərinin gizli yazışmaları diqqətlə yoxlanıldıqdan 
						sonra ermənilərin kütləvi surətdə öldürülməsi haqqında 
						heç bir sənəd və əmr tapılmadı. Əksinə, Avropadan gələn 
						məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni 
						əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı 
						dövləti tərəfindən onlarla əmr və göstəriş verilmişdir. 
						
						
						Osmanlı ərazisində müsəlman əhalisinə qarşı ilk 
						soyqırımı 1915-ci il martın 14-də Van şəhərində erməni 
						dəstələri tərəfindən törədildi. İki gün ərzində şəhərin 
						müsəlman əhalisi qılıncdan keçirilərək onlara olmazın 
						əzablar verildi. Osmanlı ərazisini işğal edən rus 
						ordusunun himayəsi altında "Erməni Van dövləti" 
						yaradıldı. Van soyqırımından sonra erməni və rus 
						birləşmələrinin Bitlis vilayətinə hücumları başladı. 
						Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin 
						işğalı altına düşdü. 1915-ci il iyulun ortalarına qədər 
						Van ərazisinə 250 min erməni köçürüldü. Halbuki, bu 
						ərazidə 50 mindən artıq erməni yaşamamışdı. 
						
						
						1915-ci il iyulun ortalarından etibarən ermənilərin bu 
						ərazilərdə törətdikləri cinayətlərin sayı-hesabı yox idi. 
						İyulun ortalarından sonra Osmanlı ordusunun əks hücumu 
						nəticəsində geri çəkilən rus-erməni ordusu ilə birlikdə 
						erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 
						minlik erməni əhalisi rus ordusunun müşayiəti ilə Cənubi 
						Qafqaz istiqamətinə üz tutdu. Düzdür, bir çox yerlərdə 
						bu əhali kürdlərin hücumlarına məruz qaldı. Çünki 
						kürdlər də erməni soyqırımına məruz qalanlardan idilər. 
						
						
						Birinci Dünya müharibəsi illərində erməni-osmanlı 
						münasibətlərinə dair həm obyektiv baxımdan, həm də 
						sənədlərin əksəriyyəti qeyri-müsəlman müəlliflərinə 
						məxsus olduğuna görə ABŞ Konqresi kitabxanasında 
						saxlanılan "Bristolun sənədləri" diqqəti cəlb edir. Bu 
						külliyyatda qeyd olunur ki, "dəqiq statistik mənbələrdən 
						məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın 
						erməni həlak olmuşdur. 1,5-2 milyon erməninin ölümü ilə 
						bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. 
						Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi 
						adi bir haldır". Bristolun sənədlərində göstərilir ki, 
						qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına son 
						qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərin 
						ölümündən daha faciəli olmuşdur. 
						
						
						Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək olar ki, I 
						Dünya müharibəsi illərində Osmanlı ərazisində 
						soyqırımına məruz qalan ermənilər yox, yerli türk 
						əhalisi olmuşdur. 
						
						
						Erməni daşnaklarının həyata keçirdiyi soyqırımı siyasəti 
						təkcə Osmanlı ərazisində deyil, Azərbaycan ərazisində də 
						mərhələli şəkildə geniş miqyas almışdır. Bakıda 
						soyqırımı planı hələ 1917-ci ildən "Daşnaksütyun" 
						partiyası və Erməni Milli Komitəsi tərəfindən 
						hazırlanırdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə 
						qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər. 
						Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman 
						əhalisini cismən məhv etmək idi. Adamların qətlə 
						yetirilməsi və müsəlman məhəllələrinin darmadağın 
						edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi 
						hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan 
						müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi.
						 
						
						
						Təhqiqat Komissiyası tərəfindən şahid kimi dindirilmiş 
						Bakı şəhərinin sakini A.N.Kvasnikin ifadəsində deyilir: 
						"Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə 
						onun ətraflarında cismən məhv edilməsi, onların 
						əmlakının və bütün var-dövlətlərinin qarət olunması və 
						siyasi üstünlüyün ermənilərin əlinə keçməsi ermənilərin 
						müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi."". 
						(ARDA, f.1061, siy.1, iş 95, vər.2). Azğınlaşmış və 
						vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini 
						qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. 
						Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge bu 
						komissiyanın sədrinə yazırdı: "Yaxşı silahlanmış, təlim 
						keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların 
						müşayiəti ilə hücum edirdilər... ermənilər müsəlmanların 
						evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları 
						qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə 
						deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə 
						atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, 
						öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, 
						hamısını öldürürdülər" (ARDSPİHA, f.277, siy.2, iş 16, 
						vər.20). 
						
						
						Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur 
						ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 
						11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. 
						Onların çoxunun meyitləri tapılmamışdır. Çünki 
						şahidlərin dediklərinə görə, ermənilər meyitləri 
						od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar 
						ki, cinayətin izini itirsinlər. (ARDSPİHA, f.277, siy.2, 
						iş 16, vər.18). Sənədlərdən məlum olur ki, Bakının şəhər 
						camaatından 400 milyon manatlıq daş-qaş və əmlak 
						müsadirə olunmuşdur. Xalqın bir çox  ziyarətgahları və 
						tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. 
						Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir. 
						Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan 
						"İsmailiyyə" binasına od vurub yandırmışdılar (ARDSPİHA, 
						f.277, siy.2, iş 13-16, vər.25-26). 
						
						
						Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə 
						yanaşı erməni ziyalıları, gəncləri də iştirak edirdilər. 
						Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, 
						"erməni əhalisinin bütün siniflərini təmsil edən 
						nümayəndələr bu "müharibə"də iştirak etməyi özlərinə 
						borc bilirdilər. Burada neftxudalar, mühəndislər, 
						həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni 
						əhalisinin bütün təbəqələri öz "vətəndaş borcu"nu yerinə 
						yetirirdi" (ARDA, f.100, siy.2, iş 791, vər.791). 
						
						
						"Nikolay Buniatov" paroxodu komandirinin köməkçisi Kazım 
						Axundov yazır: Martın 25-dən Nikolayev küçəsindəki 
						meyitlərin yığışdırılmasına başladıq. Onların arasında 
						süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə 
						doğranmış 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı 
						qızın, 1 rus qadının, 3-5 yaşlarında 3 müsəlman oğlan 
						uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman 
						qadınının və müxtəlif peşə sahibləri olan 67 
						azərbaycanlının meyitləri var idi. Bundan başqa, 
						"Vulkan" cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman 
						kişilərin, qadın və uşaqların 6748 meyiti 
						gətirilmişdi. Axundov öz tanışı texnik Vladimir Sokolovu 
						"Kərpicxana" deyilən yerə aparmışdı. Burada o, 3 
						fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə 
						yarası, bədənində beş süngü yarası olan və sağ körpücük 
						sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir 
						olunmuşdur. Onun sağ döşü üstündə hələ sağ olan körpə 
						uzanmışdır. Anasının döşünü əmən bu körpənin ayağında 
						süngü yarası vardır.  
						
						
						İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq 
						təsvir edilmişdir. Mismarın başından aydın görünür ki, 
						onu divara daşla vurmuşlar. Daş elə oradaca idi. 
						
						
						Üçüncü şəkildə 13-14 yaşlı qızın meyitidir. Biçarənin 
						bədənindən görünür ki, onu bir dəstə kişi (əgər bu 
						alçaqlara "kişi" demək mümkündürsə) zorlamışdır. 
						 
						
						
						Axundovla Sokolov 4-cü evə daxil olduqda onlar dəhşətli 
						bir mənzərə görmüşdülər: geniş bir otağın döşəməsi 
						üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı 
						qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri var 
						idi. Körpənin əl-ayağını itlər gəmirib yemişdi. Təsvir 
						olunan mənzərə Sokolova elə ağır təsir göstərmişdi ki, o 
						daha fotoşəkil çəkə bilməmişdi. 
						
						
						Qədim Azərbaycan şəhəri Şamaxı dəhşətli talan və 
						vəhşiliklərə məruz qalmışdır. Şamaxı şəhəri və Şamaxı 
						qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər 
						haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat 
						materialları toplanmışdı. Burada bədnam S.Lalayevin 
						başçılıq etdiyi əsgərlər və T.Əmirovun dəstəsi 
						azğınlaşaraq müsəlmanları soyub-talayır və qırırdılar. 
						Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od 
						vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - 
						Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm 
						bir qibləgah,  həm də qədim abidə kimi əziz idi. Erməni 
						quldurlar minlərlə dinc adamı qətlə yetirmişdi (ARDA, 
						f.1061, siy.1, iş 108, vər.8-10). 
						
						
						Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya 
						olmazın işgəncələr verilmişdi. Ermənilər ona axund 
						olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu allah 
						bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, 
						dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu 
						kəsmişdilər. Ermənilər axunda pənah gətirmiş 
						saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Hacı 
						axundun tamamilə yandırılmış evinin həyətində sonralar 
						Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu 
						miqdarda insan sümükləri aşkar edilmişdi. Qafqaz-İslam 
						ordusu 1918-ci ilin iyulunda Şamaxını ermənilərdən azad 
						edərkən meyitlərin iri sümüklərini yığıb basdırmışdılar. 
						Komissiya üzvləri 1918-ci ilin oktyabr və noyabrında bu 
						barədə hazırladığı məruzədə qeyd edirdilər ki, həyətdə 
						hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır 
						(ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18). Şamaxı 
						qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin 
						taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi 
						vəhşiliklərin hədd-hüdudu yox idi.  
						
						
						1919-cu il martın 30-da "Azərbaycan" qəzetində Fövqəladə 
						Təhqiqat Komissiyasının "Çağırış"ı dərc edilmişdir. 
						Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə 
						deyilirdi: "Şamaxının yalnız xarabalıqları qalmışdır. 
						Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda 
						məscidlərin ən qədimi 800 ildən çox tarixi olan Cümə 
						məscidinin ancaq yanıb qaralmış minarələri görünür, 
						şəhərin on beş minlik müsəlman əhalisindən sağ 
						qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində 
						qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb 
						dilənirlər ki, acından ölməsinlər. Adlarını "bolşevik" 
						qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb can 
						qurtaran əhalinin qalan hissəsi türk qoşunları 
						Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtmışdır. 
						Onlar qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları 
						ocaqlarını yandırılmış və yerlə-yeksan edilmiş halda 
						görmüşlər".  
						
						
						Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının 
						ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatlarının - şahid 
						ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi 
						idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında 
						məlumatları, ölən və yaralananların siyahısı və s. 
						əsasında 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında 
						ayrı-ayrı kəndlər üzrə öldürülənlərin sayı və hər bir 
						kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu 
						aktlarda olan rəqəmlərə əsasən Şamaxı qəzasının 53 
						kəndində ermənilər 8027 azərbaycanlını qətlə 
						yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri 
						qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə 
						dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 
						milyon manat, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə 
						vurulmuş ziyan orta hesabla bir milyard manatdan 
						çox olmuşdur (ARDA, f.1061, siy.2, iş 85, 87,100). 
						
						
						Əvvəlcədən qurulmuş plana görə, daşnak-bolşevik qoşunu 
						Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil 
						olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə 
						xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat 
						göndərilmişdi. Quba qəzasında qırğınlar əvvəlcədən 
						düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü.
						 
						
						
						Bakıdan böyük bir silahlı dəstə ilə Qubaya gələn Amazasp 
						və onun əlaltıları küçədə qarşılarına çıxan bütün 
						adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış 
						yaralıların bədənlərini tüfənglərin süngüləri ilə 
						deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı 
						meşəyə qaça bilməyənlər evlərinə girib qapıları 
						bağlamışdılar. Onları evlərindən zorla çıxarır, 
						yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana 
						aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan 
						qətlə yetirildi.  
						
						
						Amazasp Quba camaatını meydana yığıb bildirdi: "Mən 
						minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 
						200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun 
						müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini 
						müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər 
						müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi 
						qıracağam". Şahidlərdən biri yazır: "Amazasp daşnak 
						dəstəsinə bələdçilik edən qubalı erməni Harun 
						Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun 
						cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin 
						siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. 
						Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən 
						bir neçə nəfərini göndərdi. Silahlı əsgərlər həmin 
						ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri 
						daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si 
						yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin 
						başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə 
						məcbur etdilər. Onlar şivən qoparıb daşnakların 
						üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra 
						qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. 
						Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə 
						düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı onlara 
						əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, 
						insan-insana qarşı bu qədər vəhşilik törətsin". "Mən 
						sizin qanınızı içəcəyəm"-deyən Amazasp siyahıda adları 
						çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün 
						əmr verdi. Bütün bu hərəkətləri ilə o, son dərəcə qəddar 
						və qaniçən olduğunu sübuta yetirirdi. 
						
						
						Amazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir 
						tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları 
						qırıb məhv etmək, onların yaşayış məntəqələrini 
						dağıtmaq, sonra isə bu qırğını sünni və şiə məzhəbləri 
						arasında toqquşma kimi qələmə vermək. 
						
						
						Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il 
						mayın 1-də Qubaya girən   daşnak-bolşevik 
						birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə 
						də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta 
						bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək 
						üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək 
						müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu 
						rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi. 
						
						
						Qırğının canlı şahidlərindən biri yazır: Ermənilər 
						dindarları Qubanın mərkəzinə gətirdilər. Bu döyülən 
						insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. 
						Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. 
						Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi 
						bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də 
						durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng 
						gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. 
						Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. 
						Sünnilər və şiələr növbə ilə bir-birilərinə güllə atsın. 
						Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri 
						irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi 
						Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi 
						Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə 
						almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəng 
						götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb 
						bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. 
						Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda 
						geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan 
						istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. 
						Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. 
						Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə 
						Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını 
						kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı 
						qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, 
						qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün 
						daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də 
						şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər". 
						A.Novatski məsələni dəqiqləşdirmək üçün qeyd edir ki, 
						müsəlmanların dini heysiyyətınə toxunaraq, məscidlərə od 
						vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz 
						ərazisində 26 məscidi yandırmışdılar. 
						
						
						Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş 
						ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox 
						insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və 
						şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək 
						ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi 
						öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı 
						daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi 
						dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud 
						deyildir. 
						
						
						
						Lənkəranda 
						olan "Dikaya diviziya"nı tərksilah etmək üçün dəniz 
						vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların 
						hamısı Erməni Milli Şurasının göstərişi ilə edilirdi. 
						Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman 
						kəndlərini dağıdıb talayırdılar. Astara bolşevik 
						əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, 
						əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə 
						məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə 
						Lənkəran arasındakı müsəlman kəndləri "Aleksandr Candar" 
						paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda 
						başlanan bu qırğınlar martda daha da şiddət etdi. 
						
						
						Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl 
						Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli 
						əhaliyə divan tutmağa başladı. Ermənilər bu bölgədə 
						yüzlərlə ev dağıtdılar və minlərlə günahsız insanın 
						həyatına son qoydular. 1918-ci ilin yanvarından 1919-cu 
						ilin avqustunda "Molokan qiyamı" yatırılana qədər bu 
						bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min 
						insanın həyatına son qoyulmuşdu. 
						
						
						1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox 
						ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur 
						qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü 
						nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, 
						Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman 
						əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, 
						erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı 
						bu qəzada general Andranikin erməni əsgərlərindən ibarət 
						yaxşı təşkil olunmuş nizami qoşunları da var idi. 
						Andranik erməni hökumətinin tapşırığı ilə Azərbaycan 
						ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi 
						ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da 
						qəzanın ərazisini tərk etsinlər. Guya bu ərazi 
						Ermənistan Respublikasına daxildir. Qəzanın çox zəif 
						silahlanmış müsəlman  əhalisi Andranikin bu tələblərini 
						rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarşı 
						görünməmiş vəhşiliklər törətdilər.  
						
						
						Fövqəladə Təhqiqat  Komissiyasının məruzəsində 
						Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər 
						tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd 
						olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə 
						sadalanır. 
						
						
						Dağıdılan bu 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 
						2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq 
						yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında 
						komissiyanın məruzəsi hazırlanana qədər 10068 
						nəfər azərbaycanlı öldürülüb və ya şikəsi edilmişdir.
						 
						
						
						 Erməni millətçilərinin azərbaycanlılara qarşı 
						Zəngəzurdakı vəhşiliklləri 1920-ci ilin əvvələrində 
						daha amansız bir şəkil aldı. 1920-ci ilin yanvarından 
						Zəngəzurda baş verən bütün hadisələrin bilavasitə 
						təşkilatçısı məhz Ararat Respublikasının özü idi. Burada 
						da əsas məqsəd Zəngəzur qəzasını tamamilə müsəlmanlardan 
						təmizələyərək Paris sülh konfransı dövlətlərinin əli ilə 
						buranı Ermənistanın tərkibinə daxil etmək idi. Bu 
						təmizləmə əməliyyatlarında erməni quldur dəstələri ilə 
						yanaşı Ararat Respublikasının on mindən yuxarı nizami 
						qoşun dəstələri iştirak edirdi. 
						
						
						Ermənilərin irimiqyaslı hücumları ilə əlaqədar 1920-ci 
						il yanvarından Azərbaycan Respublikasının Parlamentinə, 
						hökumətinə müxtəlif partiya fraksiyalarının rəhbərlərinə 
						Zəngəzurdan çoxlu həyəcanlı xəbərlər daxil olurdu.
						 
						
						
						Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri 
						və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali 
						arasında ümidsizlik doğururdu. 1920-ci il yanvar ayının 
						23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadənin vurduğu 
						təkrar teleqramda deyilirdi: "Zəngəzur müsəlmanları 
						tərəfindən başınız sağ olsun. Nə qədər zəngəzurlular 
						ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və 
						obalarından kənara çıxmadı. Qarı arvadların namusu 
						təhqir olunmuş, məsum balaların başsız bədənləri qırmızı 
						qanlarına bulaşmış çöllərdə qalıblar. Qızlar və gəlinlər 
						ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz 
						edilmişdir. Zəngəzurda düşmənə müqavimət göstərən çox az 
						kişi qalıb. Lakin onlar da tam ümidsiz vəziyyətdədirlər. 
						Üzümüzü Azərbaycan dindarlarına çevirir, onları 
						Zəngəzurdakı qardaşlarımızın, bacılarımızın, məsum 
						balaların məlumanə şəkildə şəhid olmalarına qarşı kömək, 
						kömək deyə yalvarışlarına cavab verməyə çağırırıq". 
						(ARDA: f. 895, siy. 1, iş 299, vər. 8-12 ). 
						
						
						1918-ci ilin avqustunda İğdır və Eçmiədzin qəzalarında 
						azərbaycanlıların qırğını Dronun rəhbərliyi altında 
						həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda 
						azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, 
						yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər 
						görülmüşdü.  
						
						
						Çəmbərəkənd (Krasnoselo) rayonunun Ağbulaq, Ardanış, 
						Bəriyabad, Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Gölkənd 
						(Qaraqoyunlu), Toğluca, Çaykənd, Cıvıxlı, Cil, Şorca və 
						başqa kəndlərə hücum etmiş Andranikin quldur dəstəsi 
						əhalini qırmış, kəndi dağıtmış, xalqın var-dövlətini 
						talan edib aparmış, əhalinin bir qisminə ağır işgəncələr 
						vermiş, qaça bilməyənləri, qocaları, qadın və uşaqları 
						vəhşicəsinə qılıncdan keçirmişdir. Eçmiədzin rayonunda 
						1918-ci ildə azərbaycanlılar sayca üstünlük təşkil 
						etsələr də, bu rayonun əksər kəndləri ermənilərin 
						vəhşiliyinə, işgəncələrinə məruz qalmışdılar. 
						 
						
						
						1918-ci ilin martına qədər İrəvan qəzasının 
						199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına 
						qədər isə Eçmiədzin qəzasına məxsus  62 azərbaycanlı 
						kəndi bütünlüklə yerlə-yeksan edilmişdir. 1919-cu 
						ilin axırında isə Zəngibasarın bir neçə kəndi istisna 
						olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın 
						bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə 
						öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa 
						yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana 
						pənah gətirmişlər.  
						
						
						Quqark rayonunun Vartanlı kəndində isə faciə belə 
						başlandı: Aprel ayının ortalarında iclas keçirmək adı 
						altında azərbaycanlıları bir komaya yığırlar. Təxminən 
						1200-1500 adam bu komaya toplaşır. Keşiş Vahan iclası 
						açır, bir neçə kəlmə ilə bu iki xalqın bir kənddə 
						mehriban yaşaması haqqında fikir söyləyir. Bir qədər 
						sonra silahlı ermənilər içəri daxıl olub keşişi bayıra 
						çıxarır, komanın qapısına bağlayaraq damından içəriyə 
						saman qarışıq neft töküb camaatı yandırmağa başlayırlar. 
						Uşaq, qoca, qadın qışqırtısı ərşə dayanır, tüstüdən 
						boğulanlar, özlərini itirənlər qapıya hücum çəkirlər. 
						Əliyalın xalqın müqaviməti nəticəsiz qalır. 
						
						
						Yerevan şəhərinin şimal-şərqində yerləşən Kotayk rayonu 
						ərazisində də 1918-ci ildə erməni quldur dəstələri 
						azərbaycanlılara qarşı geniş soyqırımı həyata keçirdilər. 
						1918-ci ilin məlum hadisələrinə qədər bu rayonda yaşayan 
						əhali arasında azərbaycanlılar üstünlük təşkil edirdi. 
						Lakin həmin dövrdə rayonun Avdallar, Artiz, Aşağı Qaxt, 
						Başkənd, Bozkosa, Qayaxaraba, Qaraçala, Qaraçörək, 
						Qızqala, Qurbağalı, Damagirməz, Dəlləkli, Əkərək, Zər, 
						Yelqovan, Yellicə, Kamal, Kənxan, Kərpicli, Küzəcik, 
						Göykilsə, Güllücə, Nurnus, Oxçu qalası, Təzəxarab, 
						Çobangörükməz və s. kəndlərindən azərbaycanlı əhali 
						böyük işgəncələrlə qovulmuşdur. Onların əksəriyyəti 
						Andranikin və daşnak hökumətinin silahlı erməni 
						dəstələri tərəfindən öldürülmüşdür. Andranikin quldur 
						qoşununun və daşnakların 1918-1920-ci illərdə 
						azərbaycanlılara qarşı apardıqları soyqırımı nəticəsində 
						indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan 
						torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, 
						təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz 
						dədə-baba torpaqlarından qovulmuş, didərgin 
						salınmışdır. Erməni müəllifləri özləri bu faktı təsdiq 
						edirlər. Tarixçi Z.Korkodyan "Sovet Ermənistanının 
						əhalisi 1831-1931-ci illər" kitabında göstərir ki, 
						1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu 
						ərazidə 10 min nəfərdən bir qədər çox türk  azərbaycanlı 
						qalmışdı. 1918-ci ildə "İrəvan quberniyasında 211, 
						Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, 
						yandırılmış və talan edilmişdi. İrəvan 
						azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində 
						göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan 
						şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 
						1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv 
						edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri 
						vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz 
						Ermənistan" siyasəti nəticəsində İrəvan 
						quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 
						375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. 
						1920-ci il aprelin 27-də XI Qırmızı Ordunun Bakını, 
						sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi 
						Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün 
						Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa 
						çatdırmağa imkan vermədi. Ermənistan sovetləşən Zəngəzur 
						qəzası daxil olmaqla həmin ərazilər Sovet Ermənistanına 
						bağışlandı. Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman 
						əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi 
						insan qırğını təsadüfi hadisə deyil, "Daşnaksütyun" 
						partiyasının "Böyük Ermənistan" yaratmaq planını 
						reallaşdırmaq yolunda atılan addım və soyqırımı siyasəti 
						olmuşdur. 
						
						
						Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı 
						kimi faciəli bir tariximizin saxtalaşdırılması və ört-basdır 
						edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul 
						etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması 
						xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni 
						xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr 
						tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına 
						gətirib çıxardı ki, bunlardan aşağıdakılara diqqəti cəlb 
						etmək yerinə düşər:  
						
						
						- 1920-ci ilin aprel işğalı ilə Azərbaycan Milli 
						hökuməti devrildi, bolşevik bayrağı altında ermənilər 
						Azərbaycanda faktiki olaraq ikinci dəfə hakimiyyəti ələ 
						keçirdilər. Nəticədə respublikada nəinki ziyalılara, 
						hətta milli baxışlı kommunistlərə də divan tutuldu, 
						milli adət-ənənələrimiz ayaq altına atıldı, bütün bu 
						işlərin icraçıları ermənilər oldu. 
						
						
						- bu gün müstəqil Azərbaycanın ən ağır probleminə və 
						xalqın ən ağır dərdinə çevrilən Qarabağ məsələsinin 
						əsası 20-ci illərdə qoyuldu. 
						
						
						- bolşevik cildinə girən daşnaklar Zəngəzur torpaqlarını 
						zorla Azərbaycandan qoparmağa nail oldular. 
						
						
						- otuzuncu illərin repressiyalarında erməni xisləti üçün 
						yaranmış fürsətdən məharətlə istifadə edildi. 
						
						
						- 1947-53-cü illərdə yüz minlərlə soydaşımız öz ata-baba 
						torpaqlarından (Qərbi Azərbaycan) didərgin salındı. 
						
						
						- 1990-cı ilin yanvar faciəsi, 1992-ci ilin fevralında 
						Xocalı soyqırımı, 1992-ci ildən başlayaraq Şuşa, Laçın, 
						Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, 
						ümumiyyətlə, 20 faiz torpaq itkisi erməni məkrinin, ən 
						əsası isə mart soyqırımının unudulmasının bilavasitə 
						nəticəsidir. 
						
						
						- 1918-ci ilin martında erməni vəhşiliyindən canını 
						qurtarıb Bakını tərk edən soydaşlarımızın qaçqın həyatı 
						qan yaddaşımıza həkk olunsaydı, fikrimizcə, bu gün biz 
						bir milyon insanı qaçqınlıq taleyini yaşamağa məcbur 
						edən erməni məkri qarşısında aciz qalmazdıq. 
						
						
						
						Nəhayət, 
						Ü.Hacıbəyovun 1919-cu ildə mart soyqırımının ildönümü 
						ilə əlaqədar yazdığı "31 mart" adlı məqaləsindən bu gün 
						üçün də aktuallığını saxlayan bir fikri xatırlamaq 
						yerinə düşər: "Bugünkü vəzifəmiz o qara günləri yaddan 
						çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə 
						hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür 
						təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa 
						çalışmaqdır".  
						
						
						
						Anar İSGƏNDƏROV, 
						BDU-nun  kafedra müdiri,  
						tarix elmləri doktoru, professor  |