| 
						 
						
						 "İnnovativ 
						müəllimlər" müsabiqəsinin ölkə üzrə qalibləri Avropa 
						Təhsildə Əməkdaşlıq Forumunda Azərbaycanı layiqincə 
						təmsil ediblər. 
						
						
						Məlumat üçün qeyd edək ki, "Microsoft" şirkətinin  
						təşəbbüsü olan "İnnovativ müəllimlər" müsabiqəsi hazırda 
						dünyanın 100-dən artıq ölkəsində reallaşdırılır. 
						Müsabiqənin təşkilində məqsəd hər ölkədə qabaqcıl, 
						yenilikçi müəllimləri araşdırıb üzə çıxarmaq, onları 
						əvvəl yerli, sonra isə müxtəlif regional müsabiqələr 
						vasitəsi ilə bir araya gətirərək təcrübə mübadiləsinə 
						şərait yaratmaqdır. "2008-2012-ci illərdə Azərbaycan 
						Respublikasında təhsil sisteminin 
						informasiyalaşdırılması üzrə Dövlət Proqramı" 
						çərçivəsində Təhsil Nazirliyi və "Microsoft-Azərbaycan" 
						tərəfindən birgə həyata keçirilən "Təhsildə Əməkdaşlıq 
						Proqramı"nın tərkib hissəsi olan tədbirə "Ultra", "Mədəd", 
						HP və AzEduNet kimi təşkilatlar da dəstək verir. Bu 
						müsabiqə öhdəsinə Azərbaycanın təhsil sistemində çalışan 
						innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, 
						onların informasiya texnologiyalarından istifadəsini 
						təkmilləşdirmək və şagirdlərin XXI əsr vərdişlərinə 
						yiyələnməsinə şərait yaratmaq vəzifələrini götürüb. 
						Seçim və final olaraq 2 mərhələdə təşkil edilən 
						müsabiqəyə ötən ilin noyabrından start verilib. 
						
						
						"Təhsildə Əməkdaşlıq Proqramı"nın rəhbəri Emin Axundovun 
						verdiyi məlumata görə, müsabiqəyə təqdim olunan 400 
						layihədən 25-i finala vəsiqə qazanıb və onlardan 6-sı 
						qalib seçilib. Həmin layihələrin 9-u Bakıdan, digərləri 
						isə bölgələrdən  olub. 2 layihə I yerə, 2 layihə II yerə, 
						2 layihə isə III yerə layiq görülüb. Müəllimlər 
						layihələrini münsiflər heyətinə onlayn təqdim ediblər. 
						
						
						Müsabiqənin 2 əsas qalibi 19-22 mart tarixlərində 
						Portuqaliyanın Lissabon şəhərində keçirilən Avropa 
						Təhsildə Əməkdaşlıq Forumunda Azərbaycanı təmsil edib. 
						
						
						"Microsoft" korporasiyasının keçirdiyi forumda 40 
						ölkədən gələn müəllimlərin 80-dən artıq layihəsi təqdim 
						olunub. Azərbaycanlı nümayəndələr - Azərbaycan Dillər 
						Universitetinin müəllimi Gülbəniz Camalova və Bakıdakı 
						55 nömrəli tam orta məktəbin müəllimi Nailə Həsənova 
						tədbirdə ekologiya, Bakı Avropa Liseyinin müəllimi 
						Kəmalə Cəfərzadə isə millətlərarası mədəni dialoq 
						mövzusunda innovativ layihələrlə iştirak ediblər. 
						
						
						Müxtəlif ölkələrdən gəlmiş iştirakçılar 3 gün ərzində öz 
						layihələrini təqdim ediblər. Həmin günlərdə eyni zamanda 
						"Microsoft" korporasiyasının məsul əməkdaşları ilə 
						görüşlər keçirilib, müsabiqənin Avropa və dünya 
						turlarının qaliblərinin təqdimatları dinlənilib, təhsil 
						müəssisələrinə ekskursiyalar təşkil edilib. Forumda 6 
						nominasiyanın hər biri üzrə 4 layihə qalib seçilib. 
						Gülbəniz Camalova və Nailə Həsənovanın "Gəlin 
						planetimizi birlikdə qoruyaq" innovativ tədris layihəsi 
						"Sinifdənkənar tədris" nominasiyası üzrə II yerə layiq 
						görülüb. Layihənin ən önəmli xüsusiyyəti orta məktəb və 
						universitet müəllimlərinin pedaqoji fəaliyyətlərinin 
						keyfiyyətinin artırılmasına xidmət etməsidir. Layihə 
						çərçivəsində əldə edilmiş təcrübə pedaqoji fakültələri 
						olan ali məktəblərdə müvəffəqiyyətlə tətbiq edilə bilər.  
						Lissabonda keçirilən forum rəsmi və bədii hissədən 
						ibarət böyük bir tədbirlə başa çatıb. Sonda qaliblərə 
						sertifikatlar təqdim olunub. Qeyd edək ki, adıçəkilən 
						müəllimlər Ümumdünya Təhsildə Əməkdaşlıq Forumunda 
						qaliblər sırasında Avropanı təmsil edəcəklər. Forum bu 
						ilin noyabr ayında Yunanıstanın Afina şəhərində 
						keçiriləcək.  Müəllimlərimizə bu  səfərdə də böyük uğur 
						qazanmağı arzulayırıq.  
						
						
						
						Hicran ƏKBƏROVA  |