| 
						 
						
						Müasir Azərbaycan cəmiyyətinin və  dövlət 
						quruculuğumuzun formalaşmasında təhsil sisteminin və 
						burada çalışan çoxsaylı dəyərli ziyalılarımızın xüsusi 
						əməyi danılmazdır. Bu sahədə çalışan insanların əməyini, 
						onların elmi-pedaqoji fəaliyyətini və ictimai fikir 
						tariximizdəki yerini yüksək qiymətləndirən ümummilli 
						liderimiz Heydər Əliyev demişdir: "Təhsil sisteminin nə 
						qədər dəyərli olduğunu ondan görmək olar ki, 
						Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək 
						elmə malik insanlar var və onlar cəmiyyətin çox 
						hissəsini təşkil edir. Əgər onlar olmasaydı, 
						Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə 
						bilməzdi. Onlar olmasaydı, biz indi Azərbaycanı müstəqil 
						dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək 
						lazımdır".  
						
						
						Ömrünün 35 ilini şərəfli müəllimlik peşəsinə bağlayaraq 
						gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş müəllimlərdən 
						biri də Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi 
						filialının ümumi elmi fənlər kafedrasının müdiri, 
						pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Tahir 
						Mehdixan oğlu Kərimlidir. 1952-ci il iyul ayının 29-da 
						qədim Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində anadan 
						olmuş Tahir Kərimli səkkizillik təhsilini 1959-1967-ci 
						illərdə 1-ci Aşıqlı kəndində almış və təhsilini Beyləqan 
						şəhər 1 nömrəli orta məktəbdə davam etdirərək 1969-cu 
						ildə həmin məktəbin X sinfini bitirmişdir. Bir il 
						istehsalatda çalışdıqdan sonra 1971-1973-cü illərdə 
						həqiqi  hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən 
						qayıtdıqdan sonra 1973-cü ildə Azərbaycan Pedaqoji 
						İnstitutunun (indiki ADPU)  ibtidai təhsilin 
						pedaqogikası və metodikası ixtisası üzrə əyani şöbəsinin 
						1-ci kursuna daxil olmuşdur. 1973-1977-ci illərdə bu 
						fakültəni "əla" qiymətlərlə oxuyan Tahir Kərimli nəinki 
						fakültənin, eyni zamanda universitetin ictimai-siyasi 
						həyatında həmişə fəallıq göstərmiş, tələbə elmi  
						cəmiyyətində və həmkarlar təşkilatlarında üzv olmaqla 
						mühüm ictimai vəzifələr icra etmişdir. Təhsilini başa 
						vurduqdan sonra təyinatla işləmək üçün  Şuşa Pedaqoji 
						Texnikumuna göndərilən Tahir Kərimli gələcək həyatını 
						birdəfəlik Şuşa şəhəri ilə bağlamışdır. 1977-1988-ci 
						illərdə Şuşa Pedaqoji Texnikumunda pedaqogika və 
						psixologiya fənlərini tədris etmiş, 1980-1981-ci illərdə 
						Şuşa Mədəni-Maarif Texnikumunda müəllim vəzifəsində 
						çalışmış və eyni zamanda qədim Şuşa şəhərinin 
						ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 
						Bilik, bacarıq və təşkilatçılıq qabiliyyətini başqa 
						sahələrdə də göstərmiş Tahir Kərimli 1991-ci ildən 
						pedaqoji universitetin Şuşa fakültəsinə (sonralar Şuşa 
						filialı adlandırıldı)  dərs deməyə dəvət olunur. Bir 
						ildən sonra, yəni 1992-ci ildə Şuşa şəhəri erməni-rus 
						hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra 
						ADPU Şuşa filialı Ağcabədi rayonunda məskunlaşır. 
						2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti,  
						ümummilli lider  Heydər Əliyev "Azərbaycan 
						Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi 
						haqqında" sərəncam imzalayır və sərəncama əsasən  Şuşa 
						filialının maddi-texniki bazasının əsasında AMİ-nin 
						Ağcabədi filialı yaradılır. Həmin vaxtdan Tahir müəllim 
						əvvəlcə pedaqogika və psixologiya, hazırda isə ümumi 
						elmi fənlər kafedrasına rəhbərlik edir.  
						
						
						AMİ-nin Ağcabədi filialında müəllim və kafedra müdiri 
						kimi çalışdığı illərdə ömrünü gənc nəslin 
						təlim-tərbiyəsinə həsr edən Tahir müəllim bu illər təkcə 
						pedaqoji fəaliyyətlə məşğul olmur, həm də 1990-cı 
						illərdən başlayaraq pedaqogikanın tarixinə, 
						nəzəriyyəsinə, təlim və tərbiyə məsələlərinə, pedaqoji 
						işin tədqiqinə, məktəbin ailə və ictimaiyyətlə 
						əlaqəsinə, məktəbşünaslığa, həmçinin Milli Kurikulumun 
						tətbiqinə və icrasına aid çoxsaylı monoqrafiyalar, 
						dərsliklər, dərs və metodik vəsaitlər, proqramlar və 
						məqalələr nəşr etdirir.  
						
						
						Hələ tələbəlik illərində tələbə elmi cəmiyyəti xətti ilə 
						bir sıra maraqlı tədqiqat işlərinə imza atmış Tahir 
						müəllimin professor M.Muradxanovun rəhbərliyi ilə 
						işləmiş olduğu "A.S.Makarenkonun pedaqoji irsinin 
						Azərbaycanda nəşri və tədqiqi" adlı diplom işi gənc 
						tədqiqatçının ən uğurlu işi sayılmış, akademik H.Əhmədov 
						və professor X.Fətəliyev tərəfindən yüksək 
						qiymətləndirilmişdir. 1976-cı ildə professor N.Sadıqovun 
						rəhbərliyi ilə işlədiyi "İbtidai siniflərdə hərfi 
						simvolikanın öyrənilməsi metodikası" adlı tədqiqat işi 
						ali məktəb tələbələrinin 1976-cı ildə keçirilmiş III 
						Respublika konfransında III dərəcəli diploma layiq 
						görülmüşdür.  
						
						
						Bu əsərlər içərisində "Mir Mövsüm Nəvvab Qarabağinin 
						pedaqoji görüşləri", "M.M.Nəvvabın əsərlərinin nəşri və 
						tədqiqi tarixindən" və yenə də "M.M.Nəvvabın 
						təlim-tərbiyəyə aid fikirlərindən pedaqoji prosesdə 
						istifadə imkanları"  adlı monoqrafiya, dərslik və 
						metodik vəsaitlər respublikanın pedaqoji ictimaiyyətinin 
						rəğbətini qazanmış əsərlərdir. Tahir Kərimli 30-dan çox 
						elmi məqalənin müəllifidir. Bundan başqa "N.Gəncəvinin 
						yaradıcılığında tərbiyə məsələləri", "M.M.Nəvvabın 
						əsərlərində sadəlik və təvazökarlıq haqqında", 
						"M.M.Nəvvabın islam dini və islam əxlaqı"  haqqında 
						fikirləri, "Heydər Əliyev və Azərbaycan milli mənəvi 
						dəyərlərin inkişafı", "Müasir Azərbaycan gənclərinin 
						vətənpərvərlik tərbiyəsi məsələləri" adlı irihəcmli 
						əsərləri də Azərbaycanda maarifçilik fikrinin 
						inkişafına, gənclərin təlim-tərbiyəsinə və milli mənəvi 
						dəyərlərin inkişafına həsr olunmuşdur.  
						
						
						Tahir müəllimin çoxillik, səmərəli, elmi pedaqoji 
						fəaliyyəti onun 2005-ci ildə "M.M.Nəvvab Qarabağinin  
						pedaqoji görüşləri" mövzusunda namizədlik dissertasiyası 
						müdafiə edərək alimlik dərəcəsi alması ilə yeni 
						mərhələyə keçir və bundan sonra o, daha irihəcmli 
						əsərlər nəşr etdirməyə başlayır.  
						
						
						O, yaxşı pedaqoq, zəhmətkeş  alim, səmimi insan olmaqla 
						yanaşı, həm də kamil xarakterə malik bir şəxsiyyətdir. 
						O,  işlədiyi kollektivlərdə xüsusi nüfuz sahibi olub və 
						yaxşı mənada ictimai rəy yarada bilən insanlardan biri 
						kimi həmişə seçilib. Onun  xeyirxah əməllərindən ətrafı 
						bəhrələnib, tələbələri və yaxınları bu sadə insanla 
						həmişə fəxr ediblər. Tahir müəllim üçün  vətən, xalq, 
						bütöv və müstəqil Azərbaycanın bu günü və gələcəyindən 
						əziz və müqəddəs olan heç nə yoxdur. 
						
						
						İşlədiyi pedaqoji kollektiv, dostları və tələbələri 
						yaxşı bilirlər ki, tələbələri Tahir müəllimin hər 
						dərsini böyük maraq və həvəslə gözləyirlər. Çünki Tahir 
						müəllim öz borcunu təkcə təlimata uyğun olaraq proqram 
						materiallarını tələbələrə çatdırmaqla kifayətlənməmiş, 
						vaxtilə keçmiş sovet rejiminin ideoloji tələblərinə zidd 
						olsa da, xalqımızın tarixi və taleyi ilə bağlı ciddi 
						problemlərə toxunmuş, gənclərin öyrənməsi qadağan 
						edilmiş ciddi məsələlərə aydınlıq gətirmiş, onların əsl 
						vətəndaş kimi mənəvi cəhətdən formalaşmalarına çalışmış, 
						onlarda milli şüur, milli düşüncə və bütövlükdə 
						azərbaycançılıq ideyasının təşəkkül tapmasında müstəsna 
						rolu olmuşdur.  
						
						
						Hələ keçən əsrin 90-cı illərində Tahir müəllim 
						ermənilərin Qarabağda qeyri leqal fəaliyyət göstərən "Daşnaksütyun" 
						və "Krunq" təşkilatlarının fəaliyyətlərinə qarşı ciddi 
						mübarizə aparmış və məsələyə bütün yaxınlarını, 
						sədaqətinə inandığı və güvəndiyi tələbələrini də cəlb 
						edə bilmişdir.  
						
						
						 Tahir müəllim sözü ilə əməli, peşəsi ilə şəxsiyyəti  
						üst-üstə düşən  insanlardan biridir. Onun ictimai-siyasi 
						fəaliyyəti də, mədəni-maarif işi və pedaqoji sahədəki 
						fəaliyyəti də bitkin olub. Həmişə Qarabağdan, gözəl 
						Şuşadan danışanda da, yazanda da ağlaya-ağlaya,  yana-yana 
						söhbət açıb. Tahir müəllim vətənimizin nadir incisi 
						Şuşanın qəriblikdə, düşmənin tapdağı altında göz yaşı 
						axıtdığını, hələ ki qisası alınmamış, Qarabağın 
						müdafiəsi uğrunda gedən döyüşlərdə qanı tökülən 
						igidlərin narahat ruhlarının bizi son döyüşə səslədiyini 
						deyir. Milli ruhumuzu və yaddaşımızı korşalmaqdan və 
						mürgüləməkdən oyadır, qeyrət qılıncımızı təzələyir. 
						Tezliklə könlümüzün keçdiyi Qarabağa  özümüzün 
						gedəcəyimizdən xəbər verir.  
						
						
						Dostları və həmkarları bu insanda bütün müsbət 
						keyfiyyətləri içərisində əsas üç sahənin birləşdiyini 
						xüsusi qeyd edirlər: Yaxşı tədris təşkilatçısı, geniş 
						ümumi və dərin ixtisas biliyinə malik olan ictimaiyyətçi 
						müəllim və yorulmaz tədqiqatçı-alim.  
						
						
						Müxtəlif illərdə Tahir müəllimin əməyi xalqımız və 
						dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. 
						Özünün dediyi kimi, bu mükafatların içərisində ona 
						verilmiş Azərbaycan Respublikasının "Qabaqcıl təhsil 
						işçisi" döş nişanı Tahir müəllim üçün onun sadə 
						müəllimlik peşəsinə verilmiş ən yüksək qiymətdir. 
						 
						
						
						Yuxarıda qeyd etdiyimiz kimi, Tahir müəllim 1992-ci 
						ildən məcburi Şuşa köçkünü kimi Ağcabədi rayonunda 
						məskunlaşıb. Onun rayon ictimaiyyəti və ziyalıları 
						arasında və bütövlükdə Qarabağ regionunda çox böyük 
						hörməti var. Bu da onun daim əhali arasında olmasından 
						və bütün ictimai-siyasi və mədəni-kütləvi tədbirlərdə 
						fəal iştirakı ilə bağlıdır. O, YAP-ın üzvüdür və AMİ-nin 
						Ağcabədi filialının həmkarlar təşkilatına rəhbərlik edir. 
						Bu istiqamətdə də əməkdaşların və tələbələrin asudə 
						vaxtlarının səmərəli təşkili istiqamətində yadda qalan 
						tədbirlər hazırlayıb həyata keçirir.  
						
						
						Şərəfli dövlətçilik tariximiz, ana dilimiz, milli mənəvi 
						dəyərlərimiz, islam dininə qarşı məhəbbət və sevgi Tahir 
						müəllim üçün tükənməz yaradıcılıq mənbəyi, müqəddəs 
						inanc yeri olmaqla, həm də onun ilham mənbəyidir. Ona 
						görə də pedaqoq alim kimi də, filialın ağsaqqallar 
						şurasının sədri kimi də, hər cəhətdən öz müasirlərinə və 
						gələcək nəsillərə nümunə ola biləcək bir insandır. 
						
						
						Hər mənalı insan  ömrü bir salnamədir desək yanılmarıq. 
						Bu baxımdan ömrünün 60-cı baharına qədəm qoyan Tahir 
						müəllimin həyatı  bütün cəhətləri ilə aydın, şəffaf və 
						büllur kimi təmiz, saf və durudur. Ömrünün bu müdrik 
						çağında ona cansağlığı, rahat ailə xoşbəxtliyi və yeni-yeni 
						yaradıcılıq uğurları arzulayırıq.  
						
						
						
						Əlizadə NƏCƏFOV,  
						fəlsəfə doktoru, Ağcabədi Rayon Ağsaqqallar Şurasının 
						sədri,   
						
						
						
						Şəhla MƏMMƏDOVA, 
						AMİ-nin Ağcabədi filialının  metodisti  |