| 
						 
						
						 Albert 
						Eynşteynə əbədi şöhrət gətirmiş nəzəriyyə 
						
						
						  
						
						
						1999-cu ildə "Taym" jurnalı nisbilik nəzəriyyəsinin 
						banisi, Nobel mükafatı laureatı Albert Eynşteyni XX 
						əsrin adamı elan edib. Lakin dahi alimin bəşəriyyətin 
						elm məbədində xidmətləri bu günə qədər qızğın 
						mübahisələr mövzusudur. Bu əfsanəvi fizik  atom və 
						kainatın sirlərini açmağa imkan verən, zaman, məkan və 
						materiya, kainat haqqında nəzəriyyəsi ilə dünyanın ən 
						məşhur alimlərini geridə qoyub. 
						
						
						XX əsr elm və texnikanın ən sürətli inkişaf etdiyi əsr 
						kimi yadda qalıb. Bu inkişafın əsasında Eynşteynin  dahi 
						nəzəriyyəsi durur.  Onun elmi xidmətləri, xüsusən də 
						nəzəri fizika sahəsində  yaradıcılığı barədə fərqli 
						fikirlər söylənilir. Bir çoxları onu fizikada inqilab 
						etmiş böyük dahi hesab edir, digərləri isə onun elmi 
						irsinə uzun müddət skeptik yanaşıb. Həqiqətdə bu insan 
						kim olub?  
						
						
						
						Uşaqlıq illəri  
						
						
						Albert Eynşteyn 1879-cu il martın 14-də Bavariyanın Ulm 
						şəhərində anadan olub. Onun atası German Eynşteyn xırda 
						kommersant, anası Polina Kok isə ştutqartlı qarğıdalı 
						ticarətçisinin qızı idi. Alimin əleyhdarları qeyd 
						edirlər ki, o, yalnız 3 yaşında ikən danışmağa başlayıb.  
						7 yaşına qədər isə onda  hər bir ifadəni asta-asta 
						təkrar etmək aludəçiliyi olub.   Hətta 9 yaşda ikən o, 
						fikirlərini kifayət qədər cəld ifadə edə bilməyib. Uşaq 
						həddən ziyadə qeyri-təbii narahat idi,  özünə çox 
						qapılardı. Lakin bu narahatlığın fonunda bəzən onun 
						üzündə qəzəb partlayışı müşahidə olunurdı, bu zaman onun 
						üzü tabaşir kimi ağ olardı. Bu fakta diqqət yetirən 
						tədqiqatçılar qeyd edirlər ki, gənc Albert uşaqlıqdan 
						çox şıltaq və məhdud qabiliyyətli olub.   Digər 
						tədqiqatçılar isə qeyd edirlər ki, Albert uşaqlıqdan 
						özünə qapılıb, kəskin etirazları digər şəxslərin onun 
						daxili aləminə nüfuz etmək səyləri ilə, qəlbən 
						bağlanmadığı işlərə məcbur edilməsi ilə bağlı olub. 
						İbtidai məktəbdə oxuyarkən Albert uşaq səmimiyyəti və 
						sadəliyi  ilə ətrafdakıları cəlb edib. Ona "səmimi 
						sadəlövh" ləqəbi veriblər. 10 yaşında Eynşteyn 
						gimnaziyaya daxil olub, o, burada da qeyri-adiliyi ilə 
						fərqlənməyib. Sonralar o xatırlayırdı ki, gimnaziyada 
						oxuyarkən hər şeyi bilmək həvəsi və inadkarlığı ona çox 
						kömək edib. Maraqlı məqam odur ki, gənc Albert məktəb 
						proqramı ilə kifayətlənməyib, o, bir-birinin ardınca 
						elmi-populyar kitabları oxuyurdu. Atasının 
						kitabxanasında kifayət qədər elmi sanballı kitablar 
						toplanmışdı. Albert artıq 12 yaşında Evklid həndəsəsini 
						öyrənmişdi. 14 yaşında isə diferensial tənliklər və 
						inteqral hesablamaları mənimsəmişdi. "Bütün bunlar mənim 
						hədsiz, fantastik dərəcədə azadfikirliliyimin nəticəsi 
						idi", - deyə Eynşteyn sonralar yazırdı. Lakin 
						azadfikirliliyi onun özünə  problem yaratdı. Sinif 
						rəhbəri Eynşteyndən gimnaziyanı  tərk etməsini tələb 
						edib. "Mən istərdim ki, siz gimnaziyanı tərk edəsiniz. 
						Yalnız sizin sinifdə olmağınız müəllimi nüfuzdan salmaq 
						üçün kifayəfdir".  
						
						
						 1895-ci 
						ilin yazında 16 yaşlı Albert gimnaziyadan qaçıb. Onun 
						təbiət elmləri sahəsində yüksək tədris ənənələri ilə 
						məşhur olan Sürix Məktəbinə daxil olmaq səyləri uğur 
						qazanmadı. O, fransız dili və botanika imtahanlarını 
						verə bilməyib. Məktəbin direktoru atalıq qayğısı ilə 
						Alberti sakitləşdirməyə çalışırdı: "Kədərlənməyin. 
						Cüzeppe Verdi də ilk cəhddən Milan Konservatoriyasına 
						daxil ola bilməyib". O, Albertə İsveçrənin Aapau 
						şəhərində yerləşən kanton məktəbinə daxil olmağı tövsiyə 
						edib.  "Bu məktəb özünün liberal ruhu ilə, eləcə də 
						pedaqoqlarının ciddiliyi və sadəliyilə  məndə silinməz 
						təəssürat yaratdı", - deyə sonralar Eynşteyn tərcümeyi-halında 
						yazırdı. O, buradakı pedaqoji mühitin 6 il təhsil aldığı 
						və avtoritarizmin hökm sürdüyü alman gimnaziyasından 
						fərqli olaraq sərbəst düşünmə səylərini, azadfikirliliyi 
						dəstəklədiyini  qeyd edirdi. Və bu faktorlar da dahi 
						alimin bütün gələcək həyatı və elmi fəaliyyətində 
						başlıca faktora çevrilmişdi. 1896-cı ildə o, Politexnik 
						Məktəbə daxil olur. Lakin o, təhsilə yenə də əvvəlki 
						kimi yanaşırdı. "Bəzi mühazirələrə mən böyük maraqla 
						qulaq asırdım. Çox  cidd-cəhdlə nəzəri fizikanın 
						dahilərini öyrənirdim", - deyən Albert Eynşteyn bundan 
						əlavə, bəzi müəllimlərinin ünvanına tənqidi fikirlərini 
						də bildirməyə imkan tapmışdı. Bu isə onun üçün pis 
						nəticələnmişdi. 1900-cu ilin yazında 22 yaşlı Albert 
						Eynşteyn fizika  müəllimliyi ixtisası üzrə imtahan 
						verərək  diplom aldı. Lakin bütün günü elmi fikirlərinin 
						təsiri  altında  məktəb şəhərciyində gəzib dolaşan, 
						həddən artıq xəyalpərəst,  daima düşüncəli, müəllimliyə 
						o qədər də həvəs göstərməyən gənci pedaqoq kimi heç kim 
						işə qəbul etməyə tələsmirdi.   Yalnız 1902-ci ildə o, 
						dostlarının tövsiyə məktubu ilə Berndəki Federal Patent 
						bürosunda ekspert  kimi  işə başlayır. Buna qədər isə o, 
						vətəndaşlığını dəyişir və İsveçrə vətəndaşlığı alır. 
						Büroda, Eynşteyn buranı "dünyəvi monastr" adlandırırdı, 
						7 il çalışan alim bu illəri həyatının ən xoşbəxt illəri 
						hesab edirdi. Ekspert kimi  müxtəlif elmi və texniki 
						məsələlərə həsr olunmuş müzakirələrdə iştirak edirdi. 
						Bununla belə, müstəqil elmi fəaliyyəti onun qarşısında 
						geniş imkanlar açırdı. Berndə keçirdiyi sevincli 
						günlərdə yazdığı elmi məqalələr müasir fizikanın 
						simasını dəyişməklə Eynşteynə dünya şöhrəti qazandırdı. 
						  
						
						
						
						Heç kimin anlamadığı inqilabi nəzəriyyə  
						
						
						 Dahi 
						alimin elmi irsini araşdıran tədqiqatçılar qeyd edirlər 
						ki, Eynşteynin müasirlərinin anlaya bilmədiyi bir çox  
						elmi nəzəriyyələrinin bünövrəsi məhz burada, Patent 
						bürosunda qoyulmuşdu. İşdən sonra boş vaxtlarda Eynşteyn 
						dostları ilə birlikdə yaratdıqları "Olimpiya" dərnəyində 
						vaxt keçirirdi. Burada E.Max, D.Yum, Spinoza, Averaius, 
						Puankaranın elmi irsi öyrənilirdi. Onu həmişə daha vacib 
						və daha çətin məsələlər maraqlandırıb. Əvvəlcə fizik 
						məkan və zaman problemləri ilə məşğul  olub. 1905-ci 
						ildə Albert Eynşteyn bir neçə elmi məqalə dərc etdirir. 
						Məqalələrinin birində o, işığın təbiətinə dair inqilabi 
						fərziyə irəli sürüb. "Hərəkət edən cismlərin 
						elektrodinamikası" məqaləsi  isə elmi dairələrdə daha 
						böyük  səs-küyə səbəb olub. Bu məqalə Nyuton dövründən 
						qalma zaman-məkan barədə klassik təsəvvürləri alt-üst 
						edirdi. Albert Eynşteynin məqaləsinə ilk olaraq tanınmış 
						alman fiziki, işığın kvant nəzəriyyəsinin banisi Maks 
						Plank diqqət yetirib. O, xəstə yatırdı,   Eynşteynin 
						məqaləsini çarpayıda oxuyan Plank "Daha xəstələnmək 
						olmaz!" qışqıraraq tez yataqdan qalxıb. O, məqalə 
						müəllifinə məktub yazaraq onun fikirlərini Kopernikin 
						kəşfləri ilə müqayisə edib. Plank, eyni zamanda Bern 
						Universitetinə müraciət edərək ali təhsil ocağının bütün 
						professor və müəllimlərinə şəhərdə Albert Eynşteyn adlı 
						dahi bir fizikin yaşadığını xəbər verib. Universitetin 
						elmi jurnalı o dövrün bütün alimlərini  ayağa qaldırmış 
						məqaləni dərc edir və öz münasibətini belə bildirir: "Nəzəriyyə 
						necə də təəccüblüdür. Ondan çox az şeyi başa düşmək 
						mümkündür". Bir çox alimlər də eyni mövqedə idilər. Rus 
						"kosmonavtikasının atası" hesab olunan Siolkovski Albert 
						Eynşteynin nəzəriyyəsini ciddi hesab etmirdi: "Nyuton 
						mexanikasından imtina edilməsinə heç bir zərurət 
						görmürəm. Məni Eynşteyn kimi bir sıra alimlərin bu cür 
						riskli nəzəriyyələri çox  məyus edir". Digər tanınmış 
						alimlər də  Eynşteyni məzəmmət edərək bildirirdilər ki, 
						o, məqaləsində öz sələflərini, Lorents və Puankare kimi 
						məşhur fiziklərin elmi irsindən bir dənə də olsa sitat 
						gətirməyib. Bundan başqa, alimlər bir məqama da diqqət 
						yetirirdilər ki, Eynşteyn qeyri-təkmil riyazi aparatdan 
						istifadə edir. O, son iradla barışmağa hazır idi: "Tələbə 
						olarkən mən bütün sadəlövhlüyümlə hesab edirdim ki, 
						fizik üçün sadə elementar riyaziyyatı  mənimsəmək 
						kifayətdir, qalanları isə fizika üçün mənasız 
						incəliklərdir ki, mən bu səhvimi sonralar təəssüflə başa 
						düşdüm". Riyaziyyatçılar bu məqamı əldə əsas tutaraq 
						onun nəzəriyyəsini rədd etməyə qalxdılar, lakin tezliklə 
						də məyus oldular. Albert Eynşeyn isə özünəxas 
						saymazlıqla bir neçə parlaq aforizm söyləyərək 
						riyaziyyatçıları gülünc vəziyyətdə qoyub. Məşhur alimlər 
						gənc Albertin elmi nəzəriyyəsi üzərində baş sındırır, o 
						isə şəkil çəkir, o qədər də pis hesab olunmayan şeirlər 
						yazır, saatlarla skripkada çalırdı. O, dövrünün ən 
						məşhur alimlərini öz nəzəriyyəsi ilə tam məşğul etmişdi. 
						   
						
						
						
						Mən vəzifəmi yerinə yetirdim...  
						
						
						 Maks 
						Plank Eynşteynə patent bürosundan Berlin Fizika 
						İnstitutunun rəhbəri vəzifəsini tutmaqda kömək etdi. 
						1915-ci ilin dekabrında Berlində Akademiyanın iclasında 
						Eynşteyn nadir hesab olunan nisbilik nəzəriyyəsinin 
						təqdimatını keçirib. Əvvəlcə alimlər bu məsələyə şübhə 
						ilə yanaşdılar. Hətta məşhur Konrad Rentgen (rentgen 
						şüalarını kəşf etmiş məşhur alman alimi) şikayətlənirdi: 
						"Bütün bunlar nəsə beynə sığışmır". Bir sıra fiziki 
						hadisələrlə yanaşı bu nəzəriyyə işıq şüalarının 
						qravitasiya sahəsində kənaraçıxmaları da öncədən müəyyən 
						edirdi. Bu isə 5 il sonra Günəşin tam  tutulması zamanı 
						öz təsdiqini tapmışdı. Böyük Britaniya alimlərinin 
						eksperimentinin nəticələrinin  dərc olunmasından cəmi 
						bir gün sonra Eynşteyn artıq bütün dünyada ən məşhur 
						alim kimi qəbul olunurdu. 1921-ci ildə Nobel komitəsi 
						Albert Eynşteyni "Fotoelektrik effekti qanununu kəşf 
						etdiyinə və nəzəri fizika sahəsində digər işlərinə görə" 
						Nobel mükafatına layiq gördü. Eynşteyn çoxsaylı elmi 
						simpozium, konfranslara, universitetlərdə mühazirə 
						oxumağa dəvət olunurdu. Çoxları onun mühazirələrinə can 
						atır, ondan elə bir şey eşitməyi gözləyirdilər  ki, 
						sanki indi bütün aləm onun əlində cəmləşmişdi. Ondan 
						hətta barmaqhesabı bütün mürəkkəb fiziki nəzəriyyələrin 
						mahiyyətini izah etməyi xahiş edirdilər. Bir dəfə 
						amerikalı jurnalistlərdən biri Eynşteynə belə bir sualla 
						müraciət edir: "Zaman və məkan arasında fərq nədədir?". 
						Eynşteyn gülümsəyərək bildirir ki, "əgər mənim bu iki 
						anlayış arasında fərqi izah etmək üçün vaxtım olsa idi, 
						onda sizin onu anlamağınız üçün əbədi  vaxt lazım 
						gələrdi". Eynşteyn hər gün bütün dünya ölkələrindən 
						qalaq-qalaq məktub alırdı. Növbəti məktubu oxuyan alim 
						qeyd edirdi: "Yalnız iki əbədi şey var; Kainat və 
						ağılsızlıq. Birinciyə gəldikdə mən tam arxayın deyiləm". 
						O, hər bir ciddi məktuba cavab yazardı. Onu xüsusən 
						insan sivilizasiyasının gələcəyi narahat edirdi. "Necə 
						ola bilər ki, mədəniyyəti bu qədər sevən əsr qeyri-insani  
						dərəcədə mənəviyyatsız olsun? Mən getdikcə daha çox əmin 
						olmağa başlamışam ki, mərhəmət və yaxın adama sevgi 
						bütün digər qalanlardan qiymətlidir. Bizim bütün tərifli 
						texniki tərəqqi, eləcə də bütün bizim sivilizasiya  
						sanki psixi xəstə olan cinayətkarın əlindəki  baltaya 
						bənzəyir".  Albert Eynşteyn 1955-ci ilin aprelində 
						Prinstonda vəfat edib. Ölümündən bir qədər əvvəl o qeyd 
						edib: "Hər bir insan ən azından dünyadan aldığını onun 
						özünə qaytarmalıdır". Ölüm ayağında dahi fizik pıçıltı 
						ilə "mən öz vəzifəmi yerinə yetirdim", - deyib.                                        
						       
						
						
						
						"Mənim ərim dahidir! O, puldan başqa hər şeyi edə bilib!.."  
						
						
						 Bir 
						dəfə arvadından soruşurlar ki,  Eynşteynin nisbilik 
						nəzəriyyəsi  barədə nə bilir. Cavabında o deyir ki, 
						demək olar ki, heç nə. "Lakin bütün dünyada Eynşteyni 
						məndən başqa heç kim yaxşı tanımır", - deyə alimin 
						xanımı etiraf edir. Eynşteyn barədə nə bilir sualına 
						gəlincə, o deyib ki, "mənim ərim dahidir! O, puldan 
						başqa hər şeyi edə bilib!..". Mühazirələrinin birində 
						Eynşteyndən soruşurlar ki, böyük kəşflər necə baş verir. 
						O, bir qədər düşünərək cavab verir: "Deyək ki, bütün 
						ağıllı adamlar bilirlər ki, nəyisə etmək mümkün deyil. 
						Lakin bir nəfər cahil adam tapılır ki, bunu bilmir. 
						Kəşfi də elə bu adam edir". Bir dəfə jurnalistlərdən 
						biri  Eynşteynə yaxınlaşaraq ona belə bir sualla 
						müraciət edir: "Sizin öz dahi fikirlərinizi qeyd 
						etdiyiniz yazı dəftərçəsi və ya bloknotunuz varmı?". 
						Alim ona baxaraq deyir: "Cavan oğlan! Əsl, ən dahi 
						ideyalar insan beyninə nadir hallarda gəlir, buna görə 
						də onları yadda saxlamaq o qədər də çətin deyil". Bir 
						dəfə alim fikirli halda küçədən keçir və öz 
						tanışlarından birinə rast gəlir. O, tanışını evinə qonaq 
						dəvət  edir. "Axşam bizə gəlin, professor Stimson mənim 
						qonağım olacaq". Tanışı gülümsəyir: "Axı, professor 
						Stimson mən özüməm".  Eynşteyn qətiyyətlə "Fərqi yoxdur, 
						gəlin!", - deyir. Eynşteyn Çarli Çaplinin filmlərinə 
						heyranlıqla baxırdı. Bir dəfə Eynşteyn Çaplinə  məktub 
						göndərib: "Sizin "Qızıl hərisliyi" filmini bütün dünya  
						tanıyır.  Mən əminəm ki, siz bütün dünyada məşhur 
						olacaqsınız. Eynşteyn!". Çaplin isə cavab məktubunda 
						yazıb: "Mən sizə daha artıq heyranam. Sizin nisbilik 
						nəzəriyyənizi bütün dünyada heç kim başa düşmür, lakin 
						Siz artıq məşhur insan ola bildiniz! Çaplin". 
						 
						
						
						Bir dəfə onu xanımı ilə yeni astronomik teleskopun 
						açılışına dəvət edirlər. Təqdimatdan sonra qısa 
						ekskursiya təşkil  olunur. Onları müşayiət edən gid 
						teleskopu göstərərək bildirir  ki, bu teleskopun köməyi 
						ilə biz kainatın sirlərini aça biləcəyik. Lakin alimin 
						xanımı əlavə edir ki, "qəribədir, bundan ötrü mənim 
						ərimə karandaş qırıntısı və bir parça kağız kifayətdir".  
						
						
						
						Alim vicdanı  
						
						
						Albert Eynşteyn 1932-ci ildə "Mənim kredom" adlı kiçik 
						bir məqalə yazır. Burada alimin dünyaya münasibəti 
						əksini tapıb. "Mən heç vaxt şəxsi firavanlığa və rifaha 
						can atmamışam. Hətta müəyyən dərəcədə onlara  nifrət 
						bəsləmişəm. Sosial ədalətə can atmağım, eləcə də hər cür 
						əlaqə və asılılıqlara mənfi münasibətim məni çox zaman 
						insanlarla münaqişələrə girməyə məcbur edirdi". Bu 
						sözlər boşuna deyilməmişdi. Bu fikirlərinin təsdiqi 
						olaraq Albert Eynşteyn faşist Almaniyasını tərk etmişdi. 
						O, 1940-cı ildə Amerika vətəndaşlığını qəbul etmişdi. 
						 
						
						
						Onun bioqrafları xatırlayırlar ki,  Eynşteyn rəsmi 
						portretlər üçün şəkil çəkdirməyi sevməzdi, lakin əgər 
						rəssam ona deyəndə ki,  onun şəklini çəkib satmaqla 
						yaşamaq üçün pul qazanacaq, onda dahi alim rəssam 
						qarşısında saatlarla hərəkətsiz dayanmağa hazır idi.  "Fizikanın 
						təkamülü" kitabı məhz belə yazılmışdı. Bu kitabda fiziki 
						formullar yoxdur və o, yalnız Qaliley dövründən 
						başlayaraq kvantlar əsrinə qədər mövcud olan elmi 
						ideyaların izahına həsr olunub.  Hər cür zorakılığın və 
						müharibənin əleyhdarı olan Eynşteynin taleyinə Avropada 
						atom silahının qarşısını almaq kimi bir missiya düşmüşdü. 
						İkinci Dünya müharibəsi ərəfəsində Avropada vəziyyəti (uranın 
						parçalanmasının kəşfi, nüvə fizikası sahəsində aparılan 
						işlərin ictimaiyyətə məlum olması, Çexoslovakiyanın 
						Almaniya tərəfindən işğalı, uran yataqlarının tapılması) 
						dərindən təhlil edən alimlər belə bir qənaətə gəlirlər 
						ki, Almaniya atom bombasının yaradılmasına başlayır. 
						Elmi ictimaiyyətin xahişi ilə Eynşteyn Amerika 
						prezidenti Franklin Ruzveltə məktub yazaraq analoji 
						işlərin Birləşmiş Ştatlarda aparılmasını təklif edir. Bu 
						məktub öz rolunu oynayıb: baxmayaraq ki, Almaniyada atom 
						bombasının yaradılması işi dayandırıldı, Amerika atom 
						bombasını əldə etdi,  hətta Xirosima və Naqasakidə 
						sınaqdan keçirdi. Bu hadisə Eynşteyni sarsıtmışdı. O, 
						həyatının son günlərinə qədər bu faciədə özünü günahkar 
						hesab edirdi, baxmayaraq ki, atom bombasının 
						yaradılmasında bilavasitə iştirak etməmişdi.  
						
						
						
						Hazırladı: Oruc MUSTAFAYEV  |