| 
						 
						
						
						Amerikalı tələbələrin banklara 1 trilyon dollar borcu 
						var  
						
						
						Amerikalı tələbələr bu il ali təhsil üçün banklardan 
						götürdükləri 1 trilyon dollardan çox  vəsaiti geri 
						qaytarmalıdırlar. Amerikanın  maliyyə xidmətləri  üzrə 
						istehlakçıların hüquqlarını müdafiə Agentliyinin 
						məlumatına əsasən, tələbələrin borcları Federal Ehtiyat 
						Fondunun proqnozlarından daha artıqdır - təxminən 16 
						faiz. The Wall Street Journal dərgisinin yazdığına görə, 
						gənc amerikalıların kredit borclarının artması bir neçə 
						faktorla izah olunur.  Agentlik qeyd edir ki, bu, ilk 
						növbədə, gənclərin bazar qarşısında keçirdikləri 
						narahatlıqla bağlıdır. Ölkədə işsizlik səviyyəsi 8 
						faizdir. Xarici tələbələr hesab edir ki, ali təhsil 
						almaqla onlar asanlıqla yüksək maaşlı iş tapa biləcəklər. 
						Universitet diplomuna olan tələbatı görən Amerika ali 
						məktəbləri təhsil haqlarını qaldırmaqdan çəkinmirlər. 
						Üçüncü səbəb isə bununla bağlıdır ki, bir çox tələbələr 
						köhnə borcları silmək üçün yeni kreditlər alırlar. 
						Agentlik qeyd edir ki, təhsil borclarına görə vaxt 
						uzanır. Və ali təhsil almış, artıq işə düzəlmiş gənclər 
						öz şəxsi həyatlarını qurmaq üçün (ev, avtomobil, ev 
						şəraiti və s.) yeni kreditlər götürə bilərlər.  
						Hesablamalara görə, orta hesabla hər bir universitet 
						məzununa  24 min dollar təhsil borcu düşür.    
						
						
						
						Rusiyada tələbələrə güzəştli kreditlər veriləcək  
						
						
						Rusiyada tələbələr təkcə təhsil xidmətləri üzrə deyil, 
						həm də  yaşayış, ərzaq, nəqliyyat və digər ehtiyaclara 
						görə güzəştli kreditlər ala biləcəklər. Təhsil və Elm 
						Nazirliyi tələbələrə bu cür kreditlər təqdim edəcək ali 
						məktəblərin siyahısını müəyyənləşdirəcək. "İzvestiya" 
						qəzetinin yazdığına görə, nazirliyin seçdiyi fəal 
						tələbələr təhsil haqlarını ödəmək üçün borc ala 
						biləcəklər. Borclar tələbələrə faizsiz veriləcək. Təhsil 
						alandan borcödəmə qabiliyyətinin təsdiq olunması tələb 
						olunmayacaq.   Borcun ödənməsi təhsilalanın ali məktəbi 
						bitirməsindən sonra 10 il müddəti əhatə edəcək. Müvafiq 
						sənədlərin toplanmasından sonra hökumətə təhsil 
						kreditlərinin dövlət tərəfindən dəstəklənməsi qaydaları 
						və şərtləri, borcun həcmi müəyyənləşdiriləcək.   Təhsil 
						və elm naziri Andrey Fursenko hesab edir ki, əlavə 
						kreditlər təhsilin özünə verilən borclardan daha 
						aktualdır. "Digər şəhərlərə təhsil almağa gedən 
						gənclərin necə yaşamaq kimi  problemləri yaranır. Onlar 
						işləyərək pul qazanmalıdırlar, bu halda onlar təhsildə 
						axsayacaqlar. Yaxud yaşadıqları evin yaxınlığında oxumaq 
						üçün daha maraqsız ixtisas seçməli olacaqlar",-deyə 
						nazir bildirib.   Nazir qeyd edib ki, bu vəsaitlər 
						təhsil prosesində gənclərin məsrəflərini kompensasiya 
						etməyə imkan verəcək və ən uğurlu tələbələrə veriləcək.  
						
						
						
						Dərsdən yayınma hallarına qarşı mübarizənin orijinal 
						yolu  
						
						
						Braziliyada şagirdlərin dərslərdən yayınma hallarına 
						qarşı mübarizənin orijinal yolu tətbiq olunur. 
						Şagirdlərin məktəbli formalarında onların gün ərzində 
						harada olmasını müəyyən etməyə kömək edən xüsusi 
						mikroçiplər yerləşdirilib. Təhsil ictimaiyyəti birmənalı 
						şəkildə bu yeniliyin dərsdən yayınma hallarına qarşı 
						səmərəli təklif olduğunu düşünür. Hələlik mikroçiplər 
						ölkənin şərqində Baiya ştatındakı Vitoriya-da-Konkista 
						şəhərində 20 min şagirdin məktəbli paltarında 
						quraşdırılıb. Şəhər təhsil departamentinin direktoru 
						Koriolano Moraeşin sözlərinə görə, bir çox ailələr öz 
						övladlarının dərslərdən yayınmasından heç şübhələnmirlər. 
						"Biz müşahidə etmişik ki, uşaqlarını məktəbə gətirən 
						valideynlər onların doğrudan da məktəbə daxil olduğunu 
						görmürlər. Valideynlər daim işə tələsirlər", - deyə 
						Moraeş bildirib. Mikroçiplər məktəbli formasının 
						qollarına və yaxud məktəbin simvolunun altında 
						yerləşdirilib. Uşaqlar məktəbin giriş qapısından daxil 
						olarkən mikroçiplər onların valideynlərinə SMS-xəbər 
						göndərir. Əgər uşaq dərsə 20 dəqiqədən artıq geciksə, 
						valideynlər belə bir məzmunda xəbər alırlar: "Sizin uşaq 
						bu vaxta kimi məktəbə gəlməyib". Məmurlar deyirlər ki, 
						mikroçiplər valideynlər və məktəb arasında qarşılıqlı 
						anlaşmanı yaxşılaşdıracaq. Şəhər hakimiyyət orqanları 
						artıq mikroçipli məktəbli  paltarlarını "ağıllı məktəbli 
						forması" adlandırıblar.  Gələn ildən 4 yaşdan 14 yaşa 
						kimi bütün məktəblilər bu cür sistemdən istifadə edəcək. 
						  
						
						
						
						Hazırladı: Oruc MUSTAFAYEV  |