| 
						 
						
						Bu gün böyütdüyümüz, tərbiyə etdiyimiz uşaqlar yaxın 
						gələcəkdə cəmiyyətin tamhüquqlu üzvü, aparıcı qüvvəsi 
						olacaq, bizim yaratdıqlarımızı inkişaf etdirəcəklər. 
						Qarşımızda oturub bizdən elm,  savad, bilik almaq 
						istəyən şagirdlərimizi biz sadəcə olaraq yeni biliklərlə 
						zənginləşdirməli deyilik, həm də onların məntiqi 
						təfəkkürünü, lazım olan məlumatı, bilikləri müstəqil 
						əldə etmək, seçib qiymətləndirə bilmək, onları real 
						həyatda tətbiq edə bilmək, həm sərbəst, həm də birgə 
						işləyə bilmək, ünsiyyət qurmaq, ətrafında baş verənlərə 
						obyektiv qiymət verə bilmək, problemli situasiyalarda 
						çıxış yolu tapmaq bacarıqlarıni inkişaf etdirməliyik. 
						Gələcəyimizi əmanət edəcəyimiz bu nəsli düzgün, 
						mütərəqqi fikirli, hərtərəfli və dərin biliyə malik, 
						fiziki və mənəvi cəhətdən sağlam, XXI əsrin tələblərinə 
						cavab verəcək şəxsiyyət kimi yetişdirməliyik. 
						 
						
						
						Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması 
						sahəsində xeyli iş görülüb. "2008-2012-ci illərdə 
						Azərbaycan Respublikasının təhsil sisteminin 
						informasiyalaşdırılması üzrə Dövlət Proqrami" işlənib 
						hazırlanmış, məktəblər kompüter avadanlıqları ilə, 
						sürətli İnternetlə təmin edilmiş, Milli Təhsil Portalı, 
						müasir elektron tədris vasitələri yaradılmış, "Elektron 
						məktəb" pilot layihəsi, "1 şagird - 1 kompüter" layihəsi 
						həyata keçirilməyə başlamışdır.  
						
						
						Bu silsilədən olan bir layihə də "Microsoft" 
						korporasiyası tərəfindən dünyada yayılan və müəllimlər 
						üçün nəzərdə tutulmuş "Həmkara dəstək" proqramıdır. 
						
						
						Biz şagirdlərin birgə işləmək, ünsiyyət qurmaq, 
						əməkdaşlıq etmək bacarıqlarının aşılanıb inkişaf 
						etdirilməsinin nə qədər zəruri olduğunu başa düşürük. 
						Lakin bu işdə uğurlu, gözlənilən nəticəyə çatmaq üçün bu 
						gün müəllimlərimizin də birgə işləməyə, bildiklərini 
						başqaları ilə paylaşmağa və başqalarının bacarıqlarından 
						yararlanmağa ehtiyacı var. Əlbəttə, həmkar dəstəyinə 
						əsaslanan sistemli, planlaşdırılmış bir işin icrası daha 
						asan, sürətli olar və müəllimlər dərs prosesində 
						qarşılaşdıqları problemləri çözməkdə etibar edə 
						biləcəkləri təcrübəli həmkarın yardımından daha çox 
						faydalana biləcəklər. Təlimçi müəllimlər həmkarlarının 
						ehtiyaclarını öyrənir, onlarla birgə işləyir və bu 
						əməkdaşlıq təlim prosesində müəllimlərin rastlaşdıqları 
						çətinlik və ehtiyacları aradan qaldırmağa yardım edir.
						 
						
						
						Məlumdur ki, müəllimlərin birgə əməkdaşlığı onların öz 
						işlərində irəliləyiş əldə etmələrinə təkan verir.  "Həmkara 
						dəstək" proqramı sayəsində müəllimlər işlədikləri 
						məktəbdə təlim metodlarını təkmilləşdirməyə yardım edən 
						bir sistemə malik olmuş olacaqlar.  Bu sistem tədris 
						prosesinin effektivliyini artırmağa, təlimdə 
						texnologiyanın imkanlarından daha geniş istifadə etməyə, 
						şagirdlərin texnologiya savadının artırılmasına yardım 
						edəcəkdir. Və məlumdur ki, şagirdin bu sahədəki inkişafı 
						onun araşdırıcılıq qabiliyyətini, toplamış olduğu 
						materialı sintez etmək, sistemləşdirmək, təhlil etmək, 
						nəticə çıxarmaq bacarığını da təkmilləşdirir. 
						 
						
						
						"Həmkara dəstək" layihəsi Azərbaycanda "Mədəd" 
						təşkilatının və "Microsoft Azərbaycan" şirkətinin 
						təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilməyə 
						başlamışdır. Artıq bu proqram üzrə bir sıra təhsil 
						müəssisələrində təlimlər keçirilmiş, yerlərdə fəaliyyət 
						göstərəcək təlimçilər seçilmişdir. 
						
						
						Bu gün bu təlimlər Quba şəhər Z.Cəfərov adına 3 nömrəli 
						tam orta məktəbində keçirilir. Təlimlər iştirakçıların 
						böyük marağına səbəb olmuşdur. Məktəbdə müəllimlərin və 
						şagirdlərin İKT-dən istifadəetmə səviyyəsi  müxtəlifdir. 
						Ümid edirik ki, məktəbdə sonradan həyata keçiriləcək 
						müəllim əməkdaşlığı müəllimlərimizin tədris prosesini 
						effektivləşdirməyə, İKT-nin səmərəli tətbiqinə böyük 
						yardım edəcəkdir. 
						
						
						Dərslərdə İKT-nin tətbiqi ilə şagirdlər online ünsiyyət 
						qurmaq, uzaq məsafədə olan qruplarla ideyaları bölüşmək, 
						verilən yaradıcı tapşırıqları yerinə yetirərkən təkcə öz 
						icmasının deyil, həm də digər məktəblərdən, ölkələrdən 
						olan yaşıdları ilə əməkdaşlıq etmək imkanlarına malik 
						olurlar.  
						
						
						Bu proqram  müəllimlərin öz dərslərini keyfiyyətli 
						təşkil edə bilmələrinə, ümumilikdə təhsildə müsbət 
						dəyişikliklərə stimul verəcəkdir.  
						
						
						
						Gülnarə AŞUROVA, 
						Quba şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili 
						müəllimi   |