| 
						 
						
						Bu yaxınlarda kimya müəllimlərinin dərslərinin səmərəli 
						təşkilində çox böyük əhəmiyyətə malik  olan  metodik 
						vəsait Təhsil Nazirliyinin  2057 nömrəli əmri ilə "Mütərcim" 
						TM-də çapdan çıxmışdır. Vəsaitdən səmərəli istifadə 
						etmək  müəllimin təlim işini yüngülləşdirir, şagirdlərin 
						bilik və bacarıqlarını nümayiş etdirə bilmələrini təmin 
						edir. 
						
						
						Metodik vəsait "Kimyadan  universal sorğu cədvəli" 
						adlanır. Cədvəlin əsas hissəsini  riyazi ədədlər, bunun 
						yuxarısında və sol tərəfində verilən qeyri-üzvi və üzvi 
						maddələrin mühüm siniflərinin adları təşkil edir. 
						Cədvəldə verilən 662 ədədin hər birindən istifadə 
						etməklə həm qeyri-üzvi kimyanın, həm üzvi kimyanın və 
						həmçinin  kimya fənninin  təkrarlanması məqsədi ilə 
						təşkil olunan dərslərin gedişində istifadə etmək olar. 
						Kimya müəllimlərinin ixtisasartırma kursunda metodik 
						vəsaitin müəllifi TPİ-nin Kurikulum Mərkəzinin aparıcı 
						elmi işçisi,  pedaqogika üzrə fəlsəfə doktoru Mürşüd 
						Fərəcov kimyanın tədrisində fəal təlimin metodlarından 
						və bunun təlim prosesində əhəmiyyətindən danışmaqla 
						yanaşı, cədvəlin quruluşundan və ondan istifadə 
						qaydaları haqqında məlumat vermişdir. Müəllimlərin hər 
						bir sualını çox böyük səbr və təmkinlə cavablandıran  
						müəllif cədvəldən necə istifadə edilməsini nümunələrlə 
						qeyd etmişdir. Məsələn, vəsaitdə göstərilən 132-ci 
						ədədin yuxarısında turşu, sol tərəfində metal oksidi (MeOk) 
						yazılmışdır. Deməli, şagird istənilən turşu və istənilən 
						metal oksidi arasında gedən reaksiyanın tənliyini yaza 
						bilər. 489-cu ədədə əsasən şagird istənilən əsas və hər 
						hansı spirt arasında gedən reaksiyanın tənliyini yazmağı  
						bacarmalıdır.  501-ci ədədə cavab karbon turşuları ilə 
						spirtlərin arasında gedən reaksiyanın tənliyini tərtib 
						etməyi tələb edir. Onu da bildirməyi məqsədəuyğun hesab 
						edirəm ki, hər bir suala eyni vaxtda 5-6 nəfər müxtəlif 
						səviyyələrdə  cavab verə bilir. Bütün sinifdə sorğu 
						keçirməkdə isə şagirdlərə müvafiq məzmunu əhatə edən 
						ədədlərdən istifadə etmək kifayətdir. Məsələn, variant - 
						I.58, 189, 302 və 547-ci ədədləri cavablandırın və s. 
						
						
						Kimyanı zəif bilən şagirdlərin vəsaitdən istifadə 
						etməklə bilik və bacarıqlarını inkişaf etdirilməsini 
						təmin etmək məqsədi ilə  cədvəlin ikinci hissəsində 
						qeyri-üzvi və üzvi maddələrin ən mühüm siniflərinin 
						nümunələri verilmişdir. Lazım olduqda şagirdlər həmin 
						materiallardan istifadə etməklə istənilən ədədlərin 
						cavablandırılmasına nail ola bilərlər. Bu metodik vəsait 
						şagirdlərin bilik və bacarıqlarının 
						qiymətləndirilməsində əhəmiyyətli olduğu kimi, onların 
						bilmədiklərinin yada salınmasında və inkişaf 
						etdirilməsində də böyük əhəmiyyətə malikdir. Cədvəldən 
						kimya müəllimlərinin və kimyanı öyrənmək istəyən hər bir 
						şagirdin istifadə etməsini məsləhət bilirik.    
						
						
						
						Aydın  ƏHMƏDZADƏ, 
						PKİYİ-nin təbiət elmləri  kafedrasının baş müəllimi  |