| 
						 
						
						 Bakıdakı 
						158 nömrəli tam orta məktəbin  X "L" sinfində  
						Azərbaycan dili və ədəbiyyat fənn aylığı  çərçivəsində 
						Azərbaycan ədəbiyyatının  görkəmli nümayəndəsi  Mirzə 
						Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş  Məstəli şah" 
						komediyasının  təhlili üzrə "açıq dərs" keçirildi. 
						Dərsdə məqsəd  şagirdlərdə müstəqil təhliletmə, əqli 
						nəticə çıxarma və ümumiləşdirmə vərdişlərini 
						formalaşdırmaq idi.Tədris prosesini İKT-nin tətbiqi ilə 
						quran Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman 
						Əliyeva  dərsdə interaktiv təlim üsullarından cütlər və 
						qruplar, işgüzar səs-küy, söz assosiasiyası, rollar üzrə 
						oyunlar, əqli hücum və s. məharətlə istifadə etdi. 
						X.Əliyeva dərsdə iştirak edən 24 şagirdi "Azərbaycan", "Qarabağ", 
						"Xarı bülbül" və "Maarifçilər" adlı  qruplara  böldü. 
						Sonra qrupların liderləri təmsil olunduqları adları  
						xarakterizə edən məzmunlu  mətnlərlə  öz qruplarını 
						təqdim etdilər. Məsələn, "Azərbaycan" qrupunun lideri  
						Ülkər öz qrupunu belə təqdim etdi:  
						
						
						
						Azərbaycan! Mayası nur, qayəsi nur ki, 
						
						
						
						Hər daşından alov dilli ox ola bilər 
						
						
						
						"Azərbaycan" deyiləndə ayağa dur ki, 
						
						
						
						Ana yurdun ürəyinə toxuna bilər...  
						
						
						Qeyri-adi istedadı ilə fərqlənən Rəşad  M.F.Axundzadənin 
						həyat və yaradıcılığı, komediyaları  barədə ümumi 
						məlumat verdi.  Sonra  şagirdlər mərhələlər üzrə verilən 
						tapşırıqları yerinə yetirdilər.  Rəşad, Xədicə, Sahil, 
						Leyla və Arzunun ifasında  "Müsyö Jordan və dərviş 
						Məstəli şah" əsərinin  kulminasiya hissəsi olan Dərvişin 
						Parisi partlatması səhnəsindən bəzi fraqmentlər  nümayiş 
						olundu. Uşaqlar  əsərin ideyası barədə fikir və  
						mülahizələrini bildirdilər. Qeyd olundu ki, dramaturq bu 
						əsərdə  avamlığı, cəhaləti və cadugərliyi ifşa edib, 
						xalqı bu cür hiyləgərlərə, riyakarlara, hoqqabazlara 
						inanmamağa, qəflət yuxusundan ayılmağa çağırıb. 
						 
						
						
						Sonra  qruplara paylanmış kartoçkalardakı suallar 
						cavablandırıldı.  
						
						
						Dərsin yekununda müəllim meyar cədvəlinə uyğun olaraq 
						hər qrupu  verdiyi  cavab və fəallığına görə 
						qiymətləndirdi.  
						
						
						
						Sifai  SƏFƏROVA  |