| 
						 
						
						 Bu 
						il Azərbaycan ədəbiyyatının korifeylərindən biri, dünya 
						şöhrətli "Molla Nəsrəddin" ədəbi məktəbinin 
						təməlçilərindən olan millətsevər şair və pedaqoq Mirzə 
						Ələkbər Sabirin anadan olmasının 150 illiyi tamam olur. 
						
						
						Azərbaycan Respublikasının Prezidenti cənab İlham 
						Əliyevin böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 
						150 illik yubileyinin qeyd olunması haqqında sərəncamına 
						uyğun olaraq ölkəmizin hər yerində bu müqtədir sənətkara 
						həsr olunmuş tədbirlər keçirilir. 
						
						
						Belə tədbirlərdən biri də bu günlərdə işlədiyim Ucar 
						rayonundakı Qazyan kənd 1 nömrəli məktəbdə təşkil 
						olunmuşdu. 
						
						
						Dəryada duran qocaman dağ timsallı şairin yubileyinə 
						həsr etdiyimiz ədəbi-bədii tədbirdə məktəbin müəllim və 
						şagirdləri, sabirsevərlər, poeziya həvəskarları iştirak 
						edirdilər. 
						
						
						Yubiley tədbirini məktəbin direktoru Ramiz Zeynalov  
						açaraq ölkəmizdə təhsilə, elm və mədəniyyətə, maarifə, 
						ədəbiyyat və incəsənət xadimlərinə göstərilən dövlət 
						qayğısından, möhtərəm Prezidentimizin sərəncamları ilə 
						müxtəlif dövrlərdə yaşayıb yaratmış qüdrətli 
						sənətkarlarımızın yubileylərinin keçirilməsindən söz 
						açdı. Bildirdi ki, belə sənətkarlardan biri də satirik 
						şairimiz Mirzə Ələkbər Sabirdir. Onun 150 illik 
						yubileyinin qeyd olunması barədə möhtərəm 
						Prezidentimizin xüsusi sərəncam imzaladığını diqqətə 
						çatdıran direktor həmin sərəncamda M.Ə.Sabirin 
						şəxsiyyətinə, yaradıcılığına yüksək qiymət verildiyini, 
						onun çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə 
						yaratmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni 
						mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından 
						daha da zənginləşdirən söz ustası kimi  
						səciyyələndirildiyini söylədi. 
						
						
						R.Zeynalov "Sabir və Azərbaycan məktəbi" mövzusundakı 
						çıxışında ustad şairimizin müəllimlik fəaliyyətindən, 
						onun uşaq və gənclərimizin tərbiyəsilə bağlı dəyərli 
						fikirlərindən söz açaraq bildirdi ki, Sabirin cismanı 
						yoxluğundan yüz il ötsə də, tarixə qovuşmuş illər bu 
						vətən oğlunu bizlərə daha da yaxınlaşdırmış və 
						doğmalaşdırmışdır. Ustad müəllimimizin ən böyük amalı 
						gənc nəsildə nəcib insani sifətlər tərbiyə etmək, onları 
						elm öyrənməyə, maariflənməyə çağırmaq idi. Böyük Sabirin 
						bir çox misraları çoxdan xalq arasında atalar sözlərinə 
						çevrilmişdir. 
						
						
						Məktəbin tarix müəllimi Qəhrəman Əliyev şairin xalqı 
						ağır vəziyyətdən qurtarmaq üçün Cəlil Məmmədquluzadənin 
						dediyi kimi, özünü "Molla Nəsrəddin" meydanına ataraq 
						nərilti və gurultu" qoparmasından danışdı. O qeyd etdi 
						ki, Sabir "Molla Nəsrəddin" satirik jurnalında müxtəlif 
						imzalarla çıxış etsə də, ən çox "ağlar-güləyən" 
						imzasından istifadə etmişdir. Bu ad onun satirasının 
						əsas ruhunu təşkil edirdi: ağlaya-ağlaya güldürmək, 
						gülə-gülə ağlatmaq! 
						
						
						Azərbaycan dili və ədəbiyyat müəllimi Rühəngiz Əliyeva 
						isə öz çıxışında Sabirin geridə qalmış Azərbaycan 
						qadınının savadlanması, dünyagörüşünün genişlənməsi üçün 
						söz silahından nə cür istifadə etməsi barədə çoxlu 
						nümunələr gətirdi. 
						
						
						Sonra söz məktəbin şagirdlərinə verildi. Uşaqlar Sabirin 
						şeirləri əsasında hazırladıqları səhnəcikləri təqdim 
						etdilər. Onbirinci sinif şagirdi Nigar Nuri sevimli 
						şairimiz Zəlimxan Yaqubun ölməz sənətkara həsr etdiyi "Qeyrət 
						qalası" şeirini, doqquzuncu sinif şagirdi Aybəniz 
						Əliyeva şairin "Çatlayır, Xanbacı, qəmdən ürəyim" 
						satirasını, ibtidai sinif şagirdləri isə Sabirin uşaqlar 
						üçün yazdığı "Yaz günləri", "Cütcü", "Uşaq və buz", "Yalançı 
						çoban" və s. şeirlərini söylədilər. 
						
						
						  
						
						
						
						Yaqut ZEYNALOVA, 
						
						
						
						Ucar rayonu Qazyan kənd 1 nömrəli tam  orta 
						məktəbin  
						Azərbaycan dili və  ədəbiyyat müəllimi, əməkdar 
						müəllim  |