| 
						 
						
						(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları 
						əsasında)  
						
						
						4. Əfəndiyev Əbdülqədir Molla Şüayb oğlu 
						
						
						(12.9.1877, Axtı k./Samur dairəsi-?) 
						
						
						(SPb. MTA, f.14, s.3, iş 34649, 1897-ci il)  
						
						
						
						Axtılılar - dünənki qardaşlarımız  
						
						
						 Çar 
						dönəmində Samur dairəsində yerləşən Axtı kəndi bu gün 
						Dağıstanın Axtı rayonunun mərkəzidir. Əhalisi əsasən 
						ləzgilərdən oluşan bu kənd hətta sovet hakimiyyətinin 
						ilk onilliklərində də Azərbaycanla ən sıx ictimai-siyasi 
						və iqtisadi-mədəni ilişgilərdə bulunub. Bir vaxtlar 
						həmin kənddən birbaşa Şəkiyə at yolu vardı. Axtılıların 
						çoxu təhsil almaq üçün Bakıya gəlir, burada gimnaziya 
						bitirdikdən sonra Rusiya ali məktəblərinə oxumağa 
						gedirdi. Azərbaycan Cümhuriyyəti illərində (1918-1920) 
						Dağıstan Azərbaycana birləşmək məsələsini qaldırmış və 
						bu, axtılıların da lap ürəyindən olmuşdu. Yeri gəlmişkən, 
						Azərbaycan Cümhuriyyəti də Dağıstana (Dərbənd də daxil) 
						yaxın gələcəyin Azərbaycan ərazisi kimi baxır (bunun 
						gerçəkləşməsini Denikin əngəllədi), ölkənin daxili və 
						xarici siyasətində Dağıstan məsələsi önəmli yer tuturdu. 
						Cümhuriyyətimizin Dağıstana (Dağlılar Cümhuriyyətinə) 
						verdiyi milyonlarca manatlıq faizsiz borclar, Dağıstanı 
						Denikin hücumundan qorumaq üçün gerçəkləşdirdiyi 
						tədbirlər bir yana, Azərbaycan Parlamentində Axtı 
						kəndinin nümayəndəsi Xanbaba bəy (Qazıəhməd bəy) 
						Məhəmməd bəy oğlu Məhəmmədbəyov (1889-1937) deputat 
						kimi "İttihad" fraksiyasında təmsil olunurdu. 
						Cümhuriyyətimizin dövlət hesabına ali təhsil almaq üçün 
						Almaniyaya göndərdiyi tələbələrdən biri də Bakı Real 
						Məktəbini 1907-ci ildə bitirmiş Abdulla bəy Molla 
						İbrahimxəlil əfəndi oğlu Əfəndiyev (30.9.1897-?) idi. 
						Xatırladım ki, həmin Abdulla bəyin babası (Molla 
						İbrahimxəlil əfəndinin atası) Molla Şüay’dır. Bu 
						ad yadımda qaldığına görə Sankt-Peterburq arxivində 
						çalışarkən Piter universitetində oxumuş tələbələrin 
						siyahısında Əbdülqədir Molla Şüayb oğlu Əfəndiyev’in 
						adını oxuduqda onun da şəxsi işiylə tanış olmağı qərara 
						aldım. İşə baxarkən Əbdülqədir Əfəndiyevin də Axtıdan 
						olduğu aydınlaşdı. Deməli, Molla Şüay və Molla 
						Şüayb eyni adammış (adlarda belə yanlışlıq o dönəm 
						üçün adi haldı) və Peterburq tələbəsi Əbdülqədir 
						Cümhuriyyət tələbəsinin atası Molla İbrahimxəlil 
						əfəndinin qardaşıymış. Belə olduqda Cümhuriyyətimizin 
						axtılılara, o sıradan Abdulla bəyə göstərdiyi sevgini 
						mən niyə onun əmisi Əbdülqədir Əfəndiyevə göstərməyim - 
						azərbaycanlı tələbələr içərisində ondan da danışmayım?! 
						  
						
						
						
						1897-ci ilin tələbəsi  
						
						
						 Onun 
						tələbə şəxsi işi 22 sentyabr 1897-ci ildə açılıb. Deməli, 
						tələbəlik tarixi də bu zamandan başlayır. Bunu işin 5-ci 
						vərəqindəki arayış da təsdiqləyir. Orada göstərilib ki, 
						Ə.Əfəndiyev Stavropol gimnaziyasını bitirib və Sankt-Peterburq 
						İmperator Universitetinə 1897-ci ilin sentyabrında qəbul 
						olunub. Yeri gəlmişkən, sənədlərdən öyrənirik ki, 
						Əbdülqədir Əfəndiyev universitetin fizika-riyaziyyat 
						fakültəsinin riyaziyyat bölməsinə girib.  
						
						
						
						Doğum şəhadətnaməsi  
						
						
						1 noyabr 1889-cu ildə Axtı kəndinin sakini Əbdülqədir 
						Molla Şüayb oğluna verilmiş doğum şəhadətnaməsində 
						oxuyuruq ki, o, atası Molla Şüaybın qanuni arvadı 
						Pəri qazı Əbdülxalıq əfəndi qızı’ndan 12 sentyabr 
						1877-ci ildə doğulub. 
						
						
						Şəhadətnaməni Axtı kənd mollası Əbdülcəlil Rizaqov 
						verərək təsdiqləyib.  
						
						
						
						Yoxsul imiş  
						
						
						16 dekabr 1898-ci ildə Samur dairəsi idarəsindən Sankt-Peterburq 
						İmperator Universitetinin tələbəsi, həmin dairənin Axtı 
						kəndinin sakini Əbdülqədir Əfəndiyevə verilmiş arayışda 
						bildirilir ki, o, yoxsuldur, özünü universitetdə 
						dolandırmaq üçün heç bir vəsaiti yoxdur. Təəssüf ki, bu 
						arayışın onun universitetdən təqaüd almasına yardımçı 
						olub-olmadığını dəqiqləşdirə bilmədik.   
						
						
						
						Universitetdən Dağ İnstitutuna  
						
						
						Hansı səbəbdənsə Ə.Əfəndiyev 30 sentyabr 1899-cu ildə 
						(3-cü kursa keçərkən) rektora ərizə yazaraq xahiş edib 
						ki, məni universitetdən xaric edərək sənədlərimi II 
						Yekaterina adına Peterburq Dağ İnstitutuna göndərəsiniz. 
						Onun xahişinə əməl edilib və bundan sonra universitetlə 
						əlaqəsi kəsilib. Ancaq arxivdə saxlanılan Peterburq Dağ 
						İnstitutunun sənədləri içərisində Əbdülqədir Əfəndiyevə 
						1904-cü ildə həmin institutun verdiyi diplomun surəti 
						saxlanılır (SPb. MTA, f. 963, s. 1, iş 13955, v. 531). 
						Deməli, o, ali təhsilli mühəndis olmağı bacarıbmış. Nə 
						yazıq ki, Əbdülqədir Əfəndiyevin sonrakı taleyi haqqında 
						heç bir bilgi əldə edə bilmədik. 
						
						
						  
						
						
						5. Sultanov Zülfüqar bəy Nəzər(əli) bəy oğlu 
						
						
						(4.2.1894, Pirçivan k./Zəngəzur qəzası-?) 
						
						
						(SPb. MTA, f.14, s.3, iş 68517, 1915-ci il)  
						
						
						
						İstisnalardan biri  
						
						
						 Bu 
						silsilənin ilk yazısında bildirmişdim ki, Peterburqda 
						oxumuş tələbələr haqqında oçerklər onların oxuma 
						tarixinə görə ardıcıllıqla veriləcək. Ancaq indi görürəm 
						ki, bu, müəyyən problem yaradır, çünki yazılacaq 
						tələbələrin hamısı haqqında əldə geniş bəlgə və bilgi 
						yoxdur, o üzdən də istisna şəklində bəzən iki, hətta üç 
						tələbəni bir yazıda birləşdirməli olacağam. Bu yazı da 
						həmin istisnalardan biridir. Arxivdə çalışdığım son 
						gündə vaxt çatışmazlığına görə bütün sənədləriylə 
						yaxından tanış ola və yetərincə qeydlər götürə 
						bilmədiyim tələbələrdən biri də Zülfüqar bəy Sultanovdur, 
						buna görə də onu oxuculara Ə.Əfəndiyevlə birgə təqdim 
						etməyi uyğun saydım.  
						
						
						
						Hüquq fakültəsinin tələbəsi 
						
						
						 Əlimizdə Z.b.Sultanovla bağlı yalnız bir foto və iki 
						bəlgə var. Ancaq götürdüyüm ümumi qeydlərə söykənərək 
						deyə bilərəm ki, Zülfüqar bəy 1915-1916-cı dərs ilində 
						İmperator Petroqrad Universitetinin hüquq fakültəsində 
						oxuyub.  
						
						
						
						Kamal attestatı  
						
						
						Sənədləri arasındakı attestatda bildirilir ki, Zülfüqar 
						bəy Sultanov 14 sentyabr 1910-cu ildə əlahəzrət Böyük 
						Knyaz Mixail Nikolayeviç adına 2-ci Tiflis gimnaziyasına 
						girərək 6 iyun 1914-cü ilədək orada oxuyub və tam 8-illik 
						kursu orada bitirib. Qiymətləri elə də ürəkaçan deyil - 
						"4" aldığı alman dilindən başqa bütün fənlər "3"-dür. 
						
						
						
						Doğum şəhadətnaməsi  
						
						
						Zəngəzur qəzası Pirçivan kəndinin sakini Zülfüqar bəyə 
						ona görə verilib ki, o, atası Nəzər bəy Həsənəli bəy 
						oğlu’nun qanuni arvadı Qönçə xanım Əbdüləli bəy 
						qızı’ndan 4 fevral 1894-cü ildə doğulub.  
						
						
						
						Ənvər Çingizoğlu yazır...  
						
						
						 Görkəmli 
						araşdırıcı, özəlliklə Qarabağdakı əksər soyların 
						tarixini arxiv bəlgələrinə əsasən incəliklə öyrənərək 
						ortaya 40-dan artıq sanballı kitab qoymuş Ənvər 
						Çingizoğlu bu Sultanovların da kökünü öyrənərək 
						dəqiqləşdirib. Onun "Püsyan eli (tarixi-genealoji 
						tədqiqat)" adlı dəyərli yazısında Zülfüqar bəyin nəsli 
						haqqında geniş bilgi verilir və onun özündən də 
						danışılır. Ənvər bəy yazır ki, Sultanovlar soyunun ulu 
						babası XVII yüzilin sonlarında yaşamış, şahdan sultan 
						rütbəsi almış Hacı Məhəmməd bəy Püsyan’dır. 
						Hacı Məhəmməd sultanın törəmələri bəylərbəyilik və 
						xanlıq dönəmində Püsyan, rus üsul-idarəsi 
						dövründə Sultanov soyadı daşıyıb. Zülfüqar bəy 
						həmin Hacı Məhəmməd sultan’ın oğlu İbrahim 
						sultan’ın oğlu Pənah sultan’ın oğlu 
						Xanəmir sultan’ın oğlu İbrahim sultan’ın oğlu
						Həsən sultan’ın oğlu Nəsir sultan’ın oğlu
						Məhəmmədəli bəy’in oğlu Həsənəli bəy’in 
						oğlu Nəzər(əli) bəy’in oğludur. 
						
						
						Zülfüqar bəydən söz açan Ə.Çingizoğlu yazır: "Zülfüqar 
						bəy 1894-cü ildə Zəngəzur qəzasının  Pirçivan kəndində 
						doğulmuşdu. İkinci Tiflis kişi gimnaziyasını və 
						Petroqrad Hərbi Tibb Akademiyasını bitirmişdi. AR 
						ordusunda əvvəl poruçik, sonra isə ştabs-rotmistr kimi 
						xidmət etmişdi". 
						
						
						Göründüyü kimi, Ənvər bəyin yazdıqlarını Peterburq 
						arxivi də təsdiqləyir. Üstəlik, onun yazısından biz 
						Zülfüqar bəyin Petroqrad Hərbi Tibb Akademiyasında ali 
						təhsilini başa vurduğunu da öyrənirik.       
						
						
						
						(Silsilənin ardı var) 
						 
						
						
						 Əks-səda 
						
						
						Professor İbrahim Yıldırımdan ərməğan 
						
						  
						
						
						İstanbulda sevimli bir dostumuz yaşayır - Amasya doğumlu 
						Azərbaycan Türkü, Türkiyədə plastik cərrahlığın ən 
						məşhur ustalarından biri olan Prof. Dr. İbrahim 
						Yıldırım! O, qardaş ölkədə öz sahəsi üzrə şöhrət 
						qazanmış ən ünlü cərrahlardan biridir. Yeri gəlmişkən, 
						1980-ci illərin sonu-1990-cı illərin başlanğıcında o, 
						Azərbaycana gələrək Qarabağ müharibəsində burnunu, 
						qulağını, çənəsini... itirmiş onlarca igid döyüşçümüzü 
						yenidən ilkin görkəminə qaytarıb, o hərc-mərclik 
						illərində Azərbaycana Türkiyədən və başqa xarici 
						dövlətlərdən yardım edilməsi üçün əlindən gələn 
						fədakarlığı göstərib. Ancaq mən onu həkim, cərrah kimi 
						deyil, ...tarixçi kimi tanımışam. Doğrudur, o, ən qədim 
						çağlardan Türk plastik cərrahlığının tarixi haqqında çox 
						qiymətli bir monoqrafiya yazıb, ancaq İbrahim bəyi mənə 
						tanıdan onun təəssübkeş bir Azərbaycan Türkü olaraq, 
						orta əsrlərdən günümüzədək Türkiyəmizdə yurdlaşmış 
						soydaşlarımızın tarixini araşdırmasıdır. 2007-də 
						Amasyada keçirilən böyük bir simpoziumda o, "Azərbaycandan 
						Amasyaya daşınan Türk kültürü və şirvanlilar" adlı 
						çox geniş və olduqca dəyərli bir məruzə edib. İndi də 
						İstanbul Universitetində oxumuş azərbaycanlılar haqqında 
						ciddi araşdırma üzərində çalışır.  
						
						
						İbrahim bəy o qədər maraqlı şəxsiyyətdir ki, onun 
						haqqında geniş məqalələr yazılmasına ehtiyac var, ancaq 
						burada onun özündən deyil, bir neçə gün öncə mənə 
						göndərdiyi, Azərbaycanın təhsil tarixi üçün çox önəmli 
						olan bir fotodan söz açmaq istəyirəm. Yeri gəlmişkən, 
						İbrahim bəy mənim "Azərbaycan müəllimi"ndəki bütün 
						yazılarımı oxuyaraq xoş sözlərini bildirib və indi 
						gördüyünüz fotonu da həmin məqalələrlə tanışlıqdan sonra 
						göndərib. İlk dəfə olaraq "Azərbaycan müəllimi" qəzeti 
						oxucularının gördüyü həmin foto haqqında geniş bilgini 
						İbrahim bəyin özü əlavə məktubda yollayıb.  
						
						
						Fotoda 1930-cu illərin başlanğıcında İstanbul 
						Universitetində oxumuş azərbaycanlı tələbələr təsvir 
						olunub. Onlar gənc dosent Əhməd Cəfəroğlu 
						(1899-1975) ilə birgə İstanbulda indiki Professorlar 
						Evinin pilləkənində dayanıblar.  
						
						
						
						Öndə solda oturan tələbə 
						görkəmli şairəmiz Nigar Rəfibəyli’nin böyük 
						qardaşı, hörmətli yazıçımız Anar’ın dayısı 
						Kamil Arran’dır. Onun sağındakı soyadı 
						bilinməyən Hüseyn bəy’dir.   
						
						
						
						Onların arxasındakı sırada ayaq üstə duranlar: 
						sağda Gəncə’li Səlim Rəfiq Rəfioğlu, 
						yanındakı xanım sonradan fizika üzrə professor olan 
						Dilşad Yanar, onun yanında böyük bacısı 
						Sürəyya Yanar, onun yanındakı qaraşın gözəl 
						liseydə İbrahim Yıldırımın tarix müəllimi olmuş 
						Aliyə Aşurbəyli, onun yanındakı isə Əhməd 
						Cəfəroğlu’nun bacısı oğlu Saleh Gəncə’dir 
						(o, sonralar yüksək kimya mühəndisi olaraq uzun illər 
						Kabataş Kişi Liseyində kimya müəllimi işləyib). 
						
						
						
						Arxa sırada 
						Sürəyya Yanarın arxa tərəfindəki isə gənc Əhməd 
						Cəfəroğlu’dur. Başqaları tanınmır. Qəzetimizin 
						oxucularından kimsə kimisə tanısa, bizə bildirməsini 
						xahiş edirik. 
						
						
						Sonrakı günlərdə İbrahim bəylə sürəkli yazışmalarımız 
						fotodakı insanlar haqqında yeni bilgiləri ortaya qoydu.
						 
						
						
						Görkəmli professorun yazdıqlarından öyrəndik ki, 
						Dilşad Yanar və Sürəyya Yanar 
						bacıları özəlliklə Cümhuriyyət illərində Azərbaycan 
						tarixində şərəfli iz buraxmış, Parlamentdə 
						qanunvericilik şöbəsinin rəisi işləmiş, sonra Türkiyəyə 
						mühacirət etmiş Hüseyn bəy Mirzəcamalov’un 
						- Hüseyn Camal Yanar’ın (1884-1974) bacısı
						Xeyrənnisa xanım’ın qızlarıdır. 
						 
						
						
						Yaxın çevrəsinin "Hüsü dayı" dediyi Hüseyn Camal Yanar 
						1910-cu ildə Kiyev Universitetini bitirib. O, heç 
						evlənməyib. 
						
						
						Prof. Dr. Dilşad xanım’ın son iş yeri Ege 
						Universiteti idi. O, Prof.Dr. Kamil Sokullu ilə 
						ailə qurduğu üçün soyadı "Sokullu" olub. Çox sonra 
						ayrılıblar. Onun haqqında geniş bilgi əldə etmək 
						mümkündür.  
						
						
						İstanbulda yaşayan Sürəyya xanım İstanbul 
						Universitetinin ədəbiyyat fakültəsini bitirib. 
						Azərbaycanlı olan Prof. Dr. Məhəmməd Qarabağlı 
						ilə ailə qurub. Prof. Qarabağlı fizikdi. İkisi də 
						Amerikada vəfat edib. Oğullarının adı CemTdir, nə işlə 
						məşğul olduğu bilinmir.  
						
						
						Dilşad və Sürəyya xanımların Amerikada yaşayan böyük 
						bacıları da varmış; özü də, əri də professor imiş. Bu 
						xanım, deyəsən, tarix professoru olub. Bir zaman 
						Türkiyəyə tez-tez gəlib-gedirmiş, sonrakı taleyi 
						bilinmir.  
						
						
						İbrahim bəy yazır: "Bu üç bacının atalarının Quba 
						valisi və ya xanı olduğu söylənirdi. Kübar və əsil bir 
						ailə idi. Demək ki, ailə Qubadan Türkiyəyə köçmüş və 
						burada oxumuşlar". 
						
						
						İbrahim bəyin dediklərinə bir neçə əlavəm var. 
						 
						
						
						Sonralar dünya şöhrətli türkoloq kimi tanınmış Əhməd 
						Cəfəroğlu’nun şəxsiyyətiylə maraqlananlar prof. 
						Vilayət Quluyev’in onun haqqında yazdığı dəyərli 
						məqaləni ("Zerkalo" qəzeti, fevral-mart 2011) oxuya 
						bilərlər.  
						
						
						Hüseyn Camal Yanarın bacısı Xeyrənnisa xanım’ın 
						əri Talıbxan bəy Talıbxanbəyov olub. O, 
						Şamaxı və Quba qəzalarının polis rəisi işləyib, sonra 
						Türkiyəyə mühacirət edib. 
						
						
						
						Kamil Arran 
						haqqında bilgi almaq istəyənlərə prof. Rafael 
						Hüseynov’un "Rəfibəylilər" və "Yurdun adındakı can" 
						kitablarını oxumağı tövsiyə edirik.  
						
						
						
						Səlim Rəfiq Rəfioğlu 
						Gəncədəndir, Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü 
						və naziri Musa bəy Rəfiyev’in (1888-1938) 
						yaxın qohumudur, tanınmış ədəbiyyatşünasdır. 
						
						
						
						Aliyə Aşurbəyli 
						isə professor Sara xanım Aşurbəyli 
						(1906-2011) ailəsinə mənsubdur.  
						
						
						
						Ədalət TAHİRZADƏ, 
						Bakı Avrasiya Universitetinin professoru 
						
						adalet_tahirzade@yahoo.com  
						Tel.: +994-50-612-68-13  |